"Gözüm Tanrı taxtındadı..." - Qulu Ağsəsin şeirləri

"Gözüm Tanrı taxtındadı..." - Qulu Ağsəsin şeirləri
20 aprel 2026
# 15:00

Bu gün tanınmış şair Qulu Ağsəsin doğum günüdür.

Kulis.az müəllifi təbrik edir və şeirlərini təqdim edir.

Canım Vətən


səninlə
düz-əməlli kəlmə kəsməmişik
indiyətən,
kəssək, soruşardım:
yenəmi Arazla suvarılır
ədəbiyyat zəmin,
niyə süngülərin
yalın ayaqla qalxdığı
Ruh yüksəkliyinə
hazır maşınla çıxa bilmir
heç kəsin qələmi?!
Canım Vətən,
adamların başına darısı,
bircə bitkilər bilir fanidi həyat
diriykən torpağa basdırır yarısın...
Canım Vətən,
elə bilmə, görmədim,
şəhid evində
(bayraqdan başqa!)
hər şey köhnədi...
Canım Vətən,
and olsun ikinizin canına,
burdan başqa heç harda yoxdu
göz dəyməsin deyə
şikəst balasının
başına duz çevirən ana...
Səni necə qurmuşuq,
canım Vətən:
bir vətən daş altdan,
bir vətən daş üstdən!..
Hərdən aramız dəyir
"niyə"sini indi deyirəm:
sən
vətənpərvər şeir istəyirsən,
mən
şeirpərvər vətən istəyirəm,
canım Vətən...

***


Görsən ki, qaranlıq çökür aləmə,
Görsən ki, axşamdı…fikir eləmə.
Bir uçuq yuxudu gecənin boyu
Nə qədər imkan var rahatlan, uyu…

Qəflətən bir çağa salar hay-həşir
Səhər – körpəsidi doğan Günəşin.
Onu ovutmağa tələsər hamı,
Beləcə, salarlar yenə axşamı.

Təzədən qaramat basar dünyanı,
Hanı doğan Günəş? körpəsi hanı?
…Görsən hər tərəfdən əlin üzülür,
Görsən üşüyürsən…yandır özünü…


***


Canım-gözüm, şükür de ki,
Ölsən də başın üstdəki –
Pəmbə buluddu, daş deyil…

Sevməyi var, sancmağı var
Baxma hərdən uçmağı var –
Ürək yuvadı, quş deyil…

Neynəyərəm görən sənsiz?!
Ha istədim öləm sənsiz –
Baxdım ki, mənlik iş deyil…

Bu da mənim baxtımdandı,
Gözüm Tanrı taxtındadı –
Onun da yeri boş deyil…


***


Yığışıb qarama yüz söz deyərlər,
Bu boyda millətə nə cavab verim?
Bilsələr, qanıma yerikləyərlər –
Səni sevdiyimi… sevmədiklərim.

Bir qiz bir oğlana çoxuymuş, demə,
Sevdim təklənəsən… çoxaldın, gülüm.
Açdım ürəyimi yoldan ötənə,
Təki ordan səni çıxardım, gülüm…

Di gəl bacarmadım… düzünü desəm,
Özün tərpənmədin rahat yerindən.
Külli-ixtiyarsan, nə vaxt istəsən,
Oynat, ağlımı da oynat yerindən!

Bunu bir mən bilim, bir də sən ancaq,
Ölüncə bu gözəl sirr bəsimizdi.
Bizə nə yurd versin, nə yuva Allah,
Sənə ayırdığım yer bəsimizdi!.


***


Allaha baxmasaydım,
girməzdin yuxuma da!
Torpaq kimi soyuyur -
ən isti, yaxın adam...

Harda itib - batmısan,
hayına çağır gəlim.
Toyuna çağırmadın,
vayına çağır gəlim...

De, necə tapım səni,
nə mərdəm, nə ov iti.
Sənin izin, ünvanın
mənim axırım itib.

Bəlkə veriblər səni
Tanrının yaddaşına?
Mən sənə söz tapşırım,
sən də öz adaşına:

Nə olar, ayırmasın
de, ikimizdən məni!
Getdin?.. sənə yaxşı yol,
gəlməsən, gözlə məni..


***


Bu dünyada heç kəsə demədim...
O dünyada soruşsalar:
sən kimsən? –
gözümü yumub, ağzımı açacam!
Deyəcəm ki:
altındakı skamyada
bir yol özü oturmayan
yorğun ağacam...


***


Bəzi şeirlərin hekayəsi var,
Bəzi xoşbəxtliyin qafiyəsi var.
Buludlar yağış yox, toz ələyirlər
Ulduzlar yanmır ha...
his eləyirlər.
Beş-üç arzu etməz ömrün qalığı
Didir başımızı kəpək balığı.
Daş-daş oynanılan bir aynabəddi,
Aman umduqları amana bənddi.
Nə talant?
nə vergi?
nə sehr? -
Adam
Günü axşam edir bikarçılıqdan.
Yaxşı pəhrizi var iztirabların
Nə özüm kökəldim,
nə kitablarım...


***
Yorulub oturdum
varağın bir küncündə,
ürəyim it kimi ulayır
it kimi…
at gücündə.
Qışa bir taya şeir yığmışam
sözü misraya vura – vura.
Günəş – müqəvva görünsəydi
gecəni quş kimi qorxuzub uçura…
Düşünürəm:
Yaşamaq!
– dünyanın ən zor işi!
Yaşamaq!
– irəli qovaraq keçmişi!
Fəqət…
istəyirəm əcəl gələndə
qarşımda heç nə dayanmasın.
Məni elə çağırsın ki,
sevgilim yuxudan oyanmasın…


***


Dilimdən düşmür bir ad
nöqtələr
Tanrıdan gözəl cəllad
nöqtələr
Dərdidi dərmanımın
nöqtələr
Arasında qanımın
nöqtələr
Yel vurduqca tökülür
nöqtələr
"Göy" suala bükülü
nöqtələr
Qələm-varaqdı, bir də
nöqtələr
Göydə Allahdı, yerdə
nöqtələr


***


Yastıq qoyub başımıza
əcəb yatırdın bizi.
Aç gözünü, qaranlığın
Qırıb batırdı bizi.

Milyon illərdi yeyirik
Süfrənin qırağından.
Çörək bizi tutar deyin,
Dinmirik qabağından.

Nə boydasan görən heylə?
Bir ölçüyə gəlmirsən?
Baş çəkmirsən qullarına
Bizə niyə gəlmirsən?

…Özünü görməsək də,
Xofun yamandı, Allah!
Bizi qırıb qurtarmamış,
Ölmə, amandı, Allah!..

***


Nə olar, bir səhər durub görəsən,
Divarlar üstünə Allah yazdırıb.
Qış günü soyuqdan ölən ağacın
Yasına mart ayı yarpaq yazdırıb…

Başını yelləsən, odu közərir,
İşıq vermir, amma işıq söz verir.
Bircə eybi var ki, dünya gözəlin
Məni qucağına qonaq yazdırıb…

Şükür o göydəki ismin halına,
Şükür yağışına, şükür qarına.
Şükür adımızı öz jurnalına
Əcəl adqoydudan qabaq yazdırıb…


# 95 dəfə oxunub

Oxşar xəbərlər

Sənmi dolandırırsan söylə çərxi-fələyi? – Məmməd Rahimin şeirləri

Sənmi dolandırırsan söylə çərxi-fələyi? – Məmməd Rahimin şeirləri

10:14 20 aprel 2026
"Allahın ətəyinə boşaltdım çanta-çanta şifahi qarğışları…" - Fərqanə Səfərlinin şeirləri

"Allahın ətəyinə boşaltdım çanta-çanta şifahi qarğışları…" - Fərqanə Səfərlinin şeirləri

12:00 19 aprel 2026
"Minalanmış tarlada gəzirəmmiş kimi keçir günlər..."  - Seçil Oğuzdan şeir

"Minalanmış tarlada gəzirəmmiş kimi keçir günlər..." - Seçil Oğuzdan şeir

11:35 17 aprel 2026
"Eşidirsən? Sevinirsən? Ruhun şaddı?"  - Mintac Elsevərin şəhid qardaşına ithaf etdiyi şeir

"Eşidirsən? Sevinirsən? Ruhun şaddı?" - Mintac Elsevərin şəhid qardaşına ithaf etdiyi şeir

15:05 16 aprel 2026
"Maşenka, indi hanı şux səsin, şux bədənin?" - Günün şeiri

"Maşenka, indi hanı şux səsin, şux bədənin?" - Günün şeiri

13:30 15 aprel 2026
Səni özüm sanaram - Nəbi Xəzri

Səni özüm sanaram - Nəbi Xəzri

17:30 14 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər