Süni intellekt üzrə mütəxəssis: "Bunu öyrənib istifadə etməyənlər geri qala bilərlər" - Müsahibə

Süni intellekt üzrə mütəxəssis:  "Bunu öyrənib istifadə etməyənlər geri qala bilərlər" - Müsahibə
21 aprel 2026
# 10:00

Kulis.az Şahanə Müşfiqin süni intellekt üzrə mütəxəssis Azər Həsənovla müsahibəsini təqdim edir.

Sürətlə dəyişən dünyada texnologiyanın ən təsirli istiqamətlərindən biri süni intellektdir. Bu sahə artıq yalnız elmi laboratoriyaların və böyük şirkətlərin mövzusu deyil, gündəlik həyatımızın, yaradıcılığımızın və qərarlarımızın ayrılmaz hissəsinə çevrilib. Xüsusilə incəsənət, media və yaradıcılıq sahələrində süni intellektin rolu getdikcə daha çox müzakirə olunur: o, insanı əvəz edir, yoxsa ona yeni imkanlar açır?

Məhz bu suallar ətrafında daha dərindən düşünmək üçün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əməkdaşı, süni intellekt üzrə yerli və beynəlxalq sertifikatlı mütəxəssis Azər Həsənovla söhbətləşdik. Müsahibəmizdə texnologiyanın inkişaf istiqamətləri, onun incəsənətə təsiri, etik məsələlər və gələcək perspektivlər kimi mühüm mövzulara toxunduq. Bu söhbət yalnız texnoloji yenilikləri anlamaq üçün deyil, həm də insan yaradıcılığının gələcəyi haqqında düşünmək üçün maraqlı bir baxış təqdim edir.

- Azər bəy, süni intellektin incəsənətə daxil olması, sizcə, inqilabdır, yoxsa sadəcə yeni bir alət?

- Məncə, süni intellekt həm alət, həm də potensial inqilabdır. Bu gün o, yaradıcı insan üçün işi sürətləndirən güclü bir vasitədir. Amma əsas məsələ budur ki, istiqaməti yenə insan verir. Əsl dəyişiklik texnologiyada yox, düşüncə tərzimizdə baş verir.

- Bu gün Sİ tərəfindən yaradılan əsərləri “əsl sənət” hesab etmək olarmı?

- Bəli, hesab etmək olar, amma bir şərtlə ki, onun arxasında insan ideyası olsun. Sİ özü hiss etmir, qərar vermir, o, sadəcə alətdir. Əsərin ideyası və mesajı insana məxsusdursa, bu artıq sənətdir. Əvvəllər ideyanı həyata keçirmək üçün həm vaxt, həm də maddi imkan lazım idi. İndi isə Sİ bu prosesi xeyli sadələşdirir və sürətləndirir. Amma yenə də əsas olan texnologiya yox, ideyanın özüdür.


- Süni intellekt yaradıcılıq prosesində insanı əvəz edə bilərmi, yoxsa yalnız dəstəkləyici rol oynayacaq?

- Süni intellekt insanı tam əvəz etmir, o, daha çox dəstəkləyici rolda çıxış edir. Amma reallıq budur ki, bunu öyrənib istifadə etməyənlər müəyyən mənada geri qala bilərlər. Çünki bu alət işi sürətləndirir və imkanları genişləndirir. Bu gün üstünlük onu düzgün istifadə edən insanın tərəfindədir.

- Sİ ilə yaradılan musiqi, rəsm və ya şeirlərdə “ruh” və “emosiya” çatışmazlığı varmı?

- Deyirlər ki, Sİ ilə yaradılan işlərdə ruh çatışmır, amma mənim təcrübəm bir az fərqlidir. Mənim Zəfər Günü və Hərbi Hava Qüvvələri ilə bağlı hazırladığım videolarda həm vizual, həm də musiqi Sİ idi. Amma bununla belə insanlar, həqiqətən, təsirləndi, hətta kövrələnlər oldu. Bu da onu göstərir ki, emosiyanı yaradan təkcə alət deyil. Əsas olan ideya, quruluş və hansı hissi ötürmək istədiyindir. Sİ özü hiss etməsə də, insan onu düzgün yönləndirəndə ortaya çıxan nəticə insanlarda real emosiya yarada bilir.



- Sizcə, gələcəkdə məşhur rəssam və ya yazıçıların yerini alqoritmlər tuta bilər?

- Alqoritmlər rəssam və yazarı tam əvəz edə bilməz, amma onları dəyişəcəyini deyə bilərik. Onlar artıq məzmun yarada bilir, amma yaşamaq, hiss etmək və şəxsi baxış formalaşdırmaq insana xasdır. Gələcəkdə rəqabət insan və alqoritm arasında yox, alqoritmlə işləməyi bacaran insanla bacarmayan insan arasında olacaq.

- Süni intellektin incəsənətdə istifadəsi müəllif hüquqları baxımından hansı problemləri yaradır?

- Bu, əslində, bir az qarışıq məsələdir. Əgər hər hansı bir əsərə və ya musiqiyə istinad edib yeni bir şey yaradırsansa, müəllif hüquqları baxımından icazə məsələsi ortaya çıxır. Sİ də eyni prinsiplə işlədiyi üçün burada sərhədlər tam aydın deyil. Buna görə bu mövzu hələ də müzakirə olunur.

- Sİ modellərinin öyrədildiyi məlumat bazası (dataset) sənət etikası baxımından nə qədər şəffaf olmalıdır?

- Dataset mümkün qədər şəffaf olmalıdır. Çünki bu modellər hansı əsərlər üzərində öyrədilirsə, nəticə də ondan formalaşır. Əgər müəlliflərin işi istifadə olunursa, bu, açıq göstərilməli və razılıq məsələsi nəzərə alınmalıdır. Əks halda həm etik, həm də hüquqi suallar yaranır. Yəni etibarın əsası şəffaflıqdır.



- Azər bəy, biz süni intellektə hər hansı tapşırığı veririk və o bizim tapşırığımız əsasında bir əsər yaradır. Bəs maraqlıdır, bu əsərin müəllifi kim sayılmalıdır: alqoritmi yaradan, istifadəçi, yoxsa süni intellektin özü?

- Ən məntiqli yanaşma odur ki, müəllif istifadəçi sayılır, yəni ideyanı verən və prosesi yönləndirən insan. Alqoritmi yaradan tərəf bu prosesin alətini qurur. Sİ-nin özü isə müəllif hesab oluna bilməz, çünki hüquqi və yaradıcı məsuliyyət daşıya bilmir. Yəni müəlliflik ideya və qərar verən insana məxsusdur.

- Sizcə, süni intellekt yaradıcılığı demokratikləşdirir, yoxsa əksinə, sənətin dəyərini azaldır?

- Hazırda Sİ-yə maraq böyükdür və çox insan istifadə edir, amma hər yaranan işi sənət saymaq düzgün deyil. Çünki bəzi işlərdə ideya yoxdur, mövzu səthi qalır. Sİ ilə hazırlanıb deyə bu, onu avtomatik dəyərli etmir. Məncə, fərq buradadır. Axı yaradıcı insanın Sİ-dən istifadəsi tamam başqa nəticə verir. Sadə, 20–30 saniyəlik təsadüfi video ilə arxasında ssenari və ideya olan iş eyni deyil. Sənəti fərqləndirən məhz ideya və yanaşmadır.

- Gənc rəssam və yazıçılar Sİ-dən qorxmalıdır, yoxsa onu fürsət kimi görməlidir?

- Qorxmaq yox, onu düzgün istifadə etməyi öyrənmək lazımdır. Biz bunu qəbul etməliyik ki, Sİ rəqibdən çox, güclü bir köməkçidir. Amma onu sadəcə alət kimi görmək vacibdir, çünki istiqaməti yenə insan verir. Bir sözlə, onu dost kimi qəbul edənlər irəli gedəcək, uzaq duranlar isə geri qala bilər.



- Bəs Sİ ilə işləyən yaradıcı insanlar üçün yeni bacarıqlar hansılar olacaq?

- Sİ ilə işləyən yaradıcı insanlar üçün əsas yeni bacarıq ideyanı düzgün ifadə etməkdir. Yəni nə istədiyini dəqiq demək, yönləndirmək və nəticəni seçmək bacarığı olmalıdır. Buna əlavə olaraq, kurasiya — yəni çoxlu variant arasından ən yaxşısını seçmək və formalaşdırmaq da vacib olacaq. Bir də ssenari qurmaq, hekayə danışmaq və emosiyanı ötürmək klassik yaradıcı düşüncə dəyişmir. Yəni alət dəyişir, amma əsas bacarıq yenə düşünmək və yönləndirməkdir.

- Sizcə, incəsənətin gələcəyi daha çox texnologiya ilə iç-içə olacaq, yoxsa insan faktoru yenə əsas qalacaq?

- İncəsənətin gələcəyi texnologiya ilə iç-içə olacaq, amma əsas yenə insan faktorudur. Necə ki bu gün minlərlə insan sənətlə məşğuldur, amma yalnız müəyyən bir hissəsi seçilir. Çünki fərqi yaradan daxili baxış və yaradıcı ruhdur. Eyni şey Sİ üçün də keçərlidir. Hamı ondan bu və ya digər dərəcədə istifadə edə bilər, amma hər kəs eyni dərəcədə yaradıcılıq ortaya qoya bilməz. Alət nə qədər dəyişsə də, sənəti fərqləndirən yenə insandır.

- Süni intellekt vasitəsilə yaradılan əsərlərin sərgilənməsi və satışında bazar necə dəyişir?

- Bu sahədə artıq sistem dəyişməyə başlayıb. Sİ ilə yaradılan işlər sayəsində istehsal sürətlənir və ortaya çıxan məzmun kəskin artır. Bu isə iki nəticə yaradır: bir tərəfdən daha çox insan bu sahəyə daxil olur, digər tərəfdən isə keyfiyyətli və ideyası olan işlər daha çox seçilməli olur. Yəni bolluq artır, amma dəyər yenə fərqlənən işlərin üzərində qalır.



- Sİ-nin incəsənətdə istifadəsinə dair hansı etik çərçivələr formalaşmalıdır?

- Burada bir neçə əsas etik prinsip vacibdir. Birincisi, şəffaflıq — istifadə olunan materialların və prosesin açıq olması. İkincisi, razılıq — başqasının əsərindən istifadə olunursa, buna icazə verilməlidir. Üçüncüsü, müəlliflik və məsuliyyət — kim yaradırsa, nəticəyə də o cavabdeh olmalıdır. Bir də, orijinallıq olmalıdır. Yəni sadəcə təkrarlamaq yox, yeni fikir ortaya qoymağı bacarmalısan. Həmçinin bu sahə ilə bağlı dövlət səviyyəsində də qərarlar qəbul olunur və daim yenilənir. Qısacası, burada əsas məsələ hörmət, dürüstlük və məsuliyyətdir.

- Sonda, Mədəniyyət və İncəsənət Universiteti kimi yaradıcı bir ali təhsil ocağının əməkdaşı olan süni intellekt mütəxəssisi kimi siz özünüz Sİ-ni yaradıcı məqsədlərlə istifadə edirsinizmi?

- Bəli, istifadə edirəm və mənim üçün bu artıq gündəlik yaradıcı prosesin bir hissəsinə çevrilib. Məsələn, universitetimizin sosial şəbəkə hesablarında mən və həmkarımla birlikdə tez-tez özəl günlərə, dövlət əhəmiyyətli bayramlara, anım günlərinə, eləcə də universitetimizin tarixinə dair Sİ videoları hazırlayırıq. Bu, izləyicilər və universitet kollektivi tərəfindən də çox böyük maraqla qarşılanır. Sİ bizə ideyanı daha tez vizuallaşdırmağa, yeni yanaşmalar sınamağa imkan verir. Amma mən onu heç vaxt hazır nəticə kimi istifadə etmirəm, alət kimi görürəm. Son seçim, quruluş və emosiyanı yenə mən formalaşdırıram. Yəni Sİ mənim yaradıcılığımı əvəz etmir, onu genişləndirir.


Foto: Sabir Abbaszadə

# 133 dəfə oxunub

Oxşar xəbərlər

Zabit olan danimarkalı yazıçı necə Nobel Sülh Mükafatına layiq görüldü?

Zabit olan danimarkalı yazıçı necə Nobel Sülh Mükafatına layiq görüldü?

11:00 21 aprel 2026
Rafaelin sirli tablosunun altından nələr çıxdı? - Qadın idealının əsrlərlə dəyişən siması

Rafaelin sirli tablosunun altından nələr çıxdı? - Qadın idealının əsrlərlə dəyişən siması

10:57 21 aprel 2026
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

10:04 21 aprel 2026
Emi Uaynhausun atası məhkəməni uduzdu: "O, etibarsız şahiddir"

Emi Uaynhausun atası məhkəməni uduzdu: "O, etibarsız şahiddir"

18:10 20 aprel 2026
“Baharın rəngləri”  adlı sərgi açıldı

“Baharın rəngləri” adlı sərgi açıldı

17:31 20 aprel 2026
Alek Bolduin yenidən məhkəmə qarşısında: "Pas" filmindəki faciənin izləri silinmir

Alek Bolduin yenidən məhkəmə qarşısında: "Pas" filmindəki faciənin izləri silinmir

15:43 20 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər