Sərraf Balaxan
Bir gün Yaradıcılıq fakültəsində “götür ROMAN oxu, sabah qaytararsan” deyib mənə uzatdığı qəzet rulonunu sabah geri qaytaranda elə bilirdim 100 ildir ki, Etimad Başkeçidlə dostam. Məni belə düşünməyə vadar edən o rulonu açdıqda ətrafa yayılan “Parfümer”in rayihəsi deyildi, qəzetin boz səhifələrini oxuduqca qulağımda cingildəyən “ROMAN” sözünün qəribə tələffüzü idi.
...o gündən 10 il sonra Etimad Başkeçidin bir kitabın arxa üzündə 4 vergüllü bir ayəsini oxudum: “İnsan azadlığı haqqında saqadır, öz cinayətləri üzərində məbəd qurub, adamları sitayiş subyektinə çevirməyə çalışanlar barədə novelladır, insanların mürəkkəb həyat problemlərini, kədərini ehtiva və ifadə edən elegiyadır.”
“ROMAN” sözü yenidən cingildədi qulağımda.
Ruhən həmvətən olduqlarım da demək həmvətənimiş. And olsun “qərib quşların həyanı”, “azğın səhraların düşməni” olan İterüyə...
“Arzulardan sonrakı şəhər”in kitabını açırsan, kitab dönüb olur simurq quşu, alır səni qanadlarına İterünün boyundan “anamın məzarını qoynuna alan dağlara”can gəzdirir səni arzuların şəhərlərində. Çənəsi çöldən bağlı çəhrayı atların kişnərti yanğısında, çənəsi içdən çidarlı o bir atın udqunmaq təşnəsində alır, səni köləliyin cin ürkən dibindən azadlığın qibtə olunan ucalığınacan götürür. “Əlini alnına kölgəlik edib” baxırsan 12-nin gecəsinə də gündüzünə də! Nənənin inamına, da imanına da, Həsənin ay üzünə də, gün üzünə də, Namazın kir üzünə də, pir üzünə də...
Simurq (kitab) zülmətdən işığa deyil, zülmətlə işığın sərhədində uçur sanki. Bir tərəfində öz azadlığının əsiri Amanis, digər tərəfində öz taleyinin əsiri Həsən durmadan qaçır, uçur, üzür, sürünür...
İterü sahilində qanad çalan bir kəpənəyin qopardığı fırtınanın cızdığı “Moskviç” də, küləyin yuxulara gətirdiyi, təbiətin öz əliylə toxuduğu xalçaya həkk etdiyi çəhrayı atlar da, Amanisin atasından Həsənin atasına qədər uzanan lağımlar da bir sənət, ədəbiyyat burulğanıdır.
Zamanın və məkanın ötəsində bir sənət burulğanı...
Həm də Süleyman peyğəmbərin “Hər bir yeni yaxşı unudulmuş köhnədir” hikmətinin açarı...
Arzuların kitabı “gedək, özümüzü kanala ataq, toyuq dadlı olsun” məntiqilə oxucuya sanki belə deyir, “kitabı alıb oxuyub yandıraq, kitab yenidən çap edilsin, yenə alıb oxuyub yandıraq, yenə çap edilsin, yenə alıb oxuyub... yenə, yenə... müəllif zəhmətinin haqqını alsın.”
Simurq quşunun qanadlarından indi endiyimçün çox danışa bilmirəm. Siz də gecə ilə gündüzün sərhədində uçmaq, sizi içinə soran ədəbiyyat, sənət burulğanında boğulmaq, köləliklə azadlığın upuzun yolunda yanmaq və öz külünüzdən yenidən yaranmaq istəyirsinizsə, Şərif Ağayarın “Arzulardan sonrakı şəhər”inə qonaq gedin.
Gedin, gəzin, görün, tanıyın, öyrənin Şərifin şəhərini.