Filosofun dili ilə ədəbiyyat yaratmaq olarmı?

Filosofun dili ilə ədəbiyyat yaratmaq olarmı?
30 avqust 2017
# 10:40

Şərif Ağayar

Kulis.az Şərif Ağayarın “Ağalar Məmmədovun “Aşma”sı” yazısını təqdim edir.

Ağalar Məmmədovun “Aşma” kitabını oxuyuram…

Öhö-öhö! Boğazımı arıtlayım bir az.

Bilmirəm, nədənsə, çoxdan oxumaq istədiyim bu kitabın mütaliəsinə bu qədər yubanmışam. Xahiş edirəm “Ha-ha-ha! Onu indimi oxuyursan?” kimi küstah düşüncələrə qapılmayın. Ümumiyyətlə, bu tendensiyadan uzaq olun. Unutmayın, bir insan orta hesabla həftəyə bir kitab oxusa, yüz ilə 5 min kitab oxuya bilər. Halbuki dünyada milyonlarla dəyərli kitab var. Bu səbəbdən mütaliə ilə öyünmək, hava atmaq, nəyin gec, nəyin tez oxunduğunu xüsusilə vurğulamaq nadanlığını özünüzə yaxın buraxmayın. Əsas odur ki, oxuyaq. Gerisi təfərrüatdır.

Əslində, “Aşma” kitabında toplanan esse və yazıların çoxunu 2000-lərin ortalarında mətbuatda ara-sıra oxumuşam. Kitab şəklində isə bir başqa zövq yaşatdı.

Filosof Ağalar Məmmədovun dillə bağlı hökmlərini bir ara yüngülcə lağa da qoymuşdum. Demişdim, şair Salam Sarvan fəlsəfə ilə, Ağalar Məmmədovsa ədəbiyyatla məşğuldur. Necə deyərlər, səhv düşəndə yerimiz...

Ancaq “Aşma”da bir başqa həqiqət gördüm.

Kitab bir neçə bölmədən ibarətdir. Peşə icabı bu bölmələrin mənə ən maraqlı gələni “Fəlsəfə işığında dil” oldu.

Dünyada sinonim deyilən şey yoxdur. Söz sözü, ifadə ifadəni heç vaxt axıracan əvəz edə bilmir. Eyni zamanda sözlər başqa dillərə bütün effektləri ilə adekvat çevrilmir. Ağalar Məmmədovda fəlsəfi üfüqləri qapsayan fundamental istilahları azərbaycanlı oxucuya mümkün qədər çatdırmaq yanğısını hiss etdim.

Bölməyə verdiyi addan da göründüyü kimi, o, ədəbiyyatla məşğul deyilmiş. Açığını deyim, onun söz duyumu məni xeyli təsirləndirdi. Lakin bu duyum bədii yox, fəlsəfi duyumdur.

Aha, bax, indicə başqa bir mətləbə də gəldik: sözlərin nəinki sinonimi və tamamilə adekvat tərcüməsi yoxdur, eyni zamanda bir söz fəlsəfədə ayrı, dində ayrı, ədəbiyyatda ayrı çalarlarda və hətta mənalarda işlədilir.

Ağalar Məmmədovun özünəxas dil duyumu və dili, yeni yaratdığı söz və ifadələri ilə ədəbiyyatda işləmək olmaz. Bu baltayla ot biçməyə, dəryazla odun kəsməyə, yaxud, balerinanın futbol oynamasına, futbolçunun səhnəyə çıxmasına bənzəyir.

Necə ki, müəllifin kitabda yer alan “Kant və Hans” hekayəsi məna və ideya yükünə görə çox yaxşıdır, lakin bədii mətn kimi xeyli aşağı səviyyəlidir.

Qobustan qayalarına baxan müxtəlif sənət sahibləri düşünün. Tarixçi yazıların yaşını hesablamağa cəhd edəcək, memar quruluşuna baxacaq, yazıçı daşı yazan insanları, onların güzəranını, görünüşünü xəyal edəcək və s.

Söz də bu cürdür. O, yaddaşında dini, fəlsəfi, semantik yük, enerji daşıyır. Eyni zamanda bədii yükü var sözün. Yazıçı-şair məhz sözün canındakı bədii informasiyanı tutan insandır.

Hansı sənət sahibi oluruqsa olaq, yazılı düşünməkdən, yəni düşüncələrimizi yazmaqdan çəkinməməliyik. Bəzən köşə, esse deyəndə adamlar xeyli gücənirlər, dərin xəyallara dalırlar, əllərini çənələrinə qoyub müdrikləşirlər. Yanlışdır! Necə düşünürüksə, ürəyimizdən necə gəlirsə, o cür də yazmalı və paylaşmalıyıq. Böyüyüksə, böyük görünəcəyik, kiçiyiksə, kiçik. Kiçik ola-ola böyük görünmək istəsək, heç görünməyəcəyik. Gücənməklə, uzun-uzun və qəliz-qəliz kitab siyahıları sadalamaqla böyük olmayacağıq.

Varaqdan gizlənmək olmur. İlk cümlədəncə oxucu saqqalımızdan yapışır. Gizlənməyin yeganə yolu yazmamaq və danışmamaqdır. Amma bu, adamdan daha böyük hünər istəyir.

“Aşma” kitabında böyüklük gördüm...

# 2053 dəfə oxunub

Müəllifin son yazıları

# # #