"İndi yalnız bir cəbhə var!" - Əvvəlki ədəbi nəsillə əlaqə lazımdırmı?

"İndi yalnız bir cəbhə var!" - Əvvəlki ədəbi nəsillə əlaqə lazımdırmı?
3 dekabr 2025
# 15:00

Kulis.az Orxan Həsəninin "Ənənənin bərpası" yazısını təqdim edir.

“Heç bir şair, heç bir sənətkar öz-özlüyündə tam məna daşımır... Onun dəyəri və ədəbiyyata verdiyi töhfə ondan əvvəl yaşamış sənətkarlarla müqayisə içində ölçülür”.

Tomas Eliot, “Ənənə və fərdi istedad”

Son günlər Azərbaycan ədəbiyyatının ümumi mənzərəsi haqqında düşünür, bu barədə yazıram. “Ədəbiyyatımızın ən parlaq nəsli” və “Bədii redaktə bəlası” məqalələrimi bu təfəkkür prosesinin nəticələri hesab etmək olar. Yazıların məntiqi nəticəsi kimi daha bir vacib məsələni vurğulamaq yerinə düşərdi.

Müasir Azərbaycan ədəbiyyatında ənənə

Ümumiyyətlə, ədəbiyyatda ənənə nədir? Sadə şəkildə bunu belə ifadə edə bilərik; ənənə keçmiş nəsillərin yaratdığı ədəbi dəyərlərin, forma və mövzuların, estetik prinsiplərin sonrakı nəsillər tərəfindən qəbul edilməsi, inkişaf etdirilməsi və yenidən işlənməsidir. Yəni ənənə ədəbiyyatın yaddaşıdır. Ədəbiyyatın yaddaşı itəndə o başı kəsilmiş toyuq kimi o tərəf-bu tərəfə qaçır, konkret bir istiqaməti, müəllifləri birləşdirən estetik dəyərləri olmur.

Apokaliptik doxsanlardan sonra Azərbaycan ədəbiyyatının nəsillərarası əlaqəsi qırıldı.

Niyə?

Çünki “Səksənincilər” ədəbi nəsli ağır şərtlərlə üz-üzə qalıb, itdilər. Onlardan əvvəlki ədəbi nəsillərin bir çox nümayəndələri isə dövlət qurumlarında vəzifəyə getdilər. Necə deyərlər, hamı öz gününə ağladı, ədəbiyyat yiyəsiz qaldı.

Beləliklə, gənclərlə əlaqə ipi qırıldı, onların müəllif kimi bişəcəyi, ənənə bayrağını, estafeti alıb irəliləyəcəyi sağlam bir mühit formalaşmadı.

2000-ci illərin əvvəlində, əsasən, Azad Yazarlar Ocağının ətrafında yaranan, gəncləri öz çətiri altına yığan ədəbiyyat ənənədən kənar, Azərbaycan ədəbiyyatının məntiqi davamı kimi yox, əlahiddə xətt kimi formalaşdı. AYO-nun yaranmasının ictimasi-siyasi proseslərlə, çap olunmaq problemləri ilə birbaşa əlaqəsi var idi.

Buna baxmayaraq, doğrudan da, kifayət qədər maraqlı ədəbi nümunələr hasil oldu.

Ənənə qırılmasaydı, institutlar dağılmasaydı, ədəbiyyat siyasi proseslərin nəticəsində cəbhələrə bölünməsəydi, bəlkə də, daha uğurlu bədii əsərlərdən danışmaq olardı.

Niyə? Yəqin, bu suala cavab vermək üçün əvvəl ənənənin əhəmiyyətini başa düşməliyik.

Ənənə birinci növbədə sağlam tənqidi yanaşma tərbiyəsi verir. Burada söhbət tam inkarçılıqdan getmir. Yəni Rasim Qaracanın “inkar müqəddəsdir” tezisi keçmir.

Papağımızı qabağımıza qoyub düşünsək, başa düşəcəyik ki, bu, başdan-ayağa romantik bir təsəvvürdür, heç bir real qarşılığı yoxdur. Özündən əvvəlki müəllifləri tamamilə inkar etmək yazıçını ədəbi yaddaşdan qoparır, yaradıcılıq miqyasını daraldır. Hətta ən radikal yenilik belə keçmişin fonunda mənalandığı üçün ənənəni inkar etmək, əslində, özünü inkar etməkdir.

Ümumiyyətlə, əvvəlki nəslə münasibət, əvvəlki ədəbi nəsillə təmas təbii şəkildə tənqidi düşüncəni inkişaf etdirir. Yazıçı və ya şair əvvəlkilərin metodlarını, ideyalarını qiymətləndirərək onları təkmilləşdirə və ya onlardan fərqli istiqamət götürə bilirlər.

Eyni zamanda dialoq qorunur. Ədəbiyyat yalnız fərdi yaradıcılıq deyil, nəsillər arasında davam edən dialoqdur. Hər nəsil əvvəlki nəsillə romanlar, hekayələr, şeirlər vasitəsi ilə danışır. Sual verir, cavab alır.

Təsadüfi deyil ki, Sovet dövründə yaranan ədəbiyyatda güclü ənənə var idi. Müəlliflərin bir-birinə təsiri (bəziləri ata-oğul idilər) yazılan əsərlərin daha təkmil başa gəlməsinə səbəb olurdu.

Aradan otuz illik ağır bir dövr keçdi, bulanıq su duruldu. Doxsanlarda itən ədəbi ənənə, nəhayət, “İki min onuncular” və “İki min iyirmincilər” ədəbi nəsillərinin timsalında yenidən bərpa oldu.

Bu, müasir Azərbaycan ədəbiyyatının real mənzərəsidir.

Nasirlərdən Mirmehdi Ağaoğlu, Cavid Ramazanov, Rəşad Səfər, Əli Novruzov, Cavid Zeynallı, şairlərdən Şəhriyar del Gerani, Qismət Rüstəmov, Fərid Hüseyn kimi müəlliflər ədəbi istiqamət olaraq bir-birilərindən nə qədər fərqlənsələr də, ədəbiyyatımız üçün kifayət qədər maraqlı bədii nümunələri yaradıblar.

Xatırlamaq lazımdır ki, yuxarıda adını qeyd etdiyim müəlliflərin hamısı eyni cəbhədə yetişməmişdi. Söhbət iki mininci illərin əvvəlindən gedir və bu illərdə ədəbiyyatımız daha çox iki cəbhədə təmsil olunurdu - Azad Yazarlar Ocağı və Azərbaycan Yazıçılar Birliyi. Cavid Ramazanov, Rəşad Səfər, Əli Novruzov, Mirmehdi Ağaoğlu Azad Yazarlar Ocağının ətrafında, digər müəlliflər isə Azərbaycan Yazıçılar Birliyində və ya ona yaxın çevrələrdə formalaşmışdılar.

Bu gün o dövr üçün aktual olan ictimai-siyasi proseslər artıq öz əhəmiyyətini itirib. Cəbhələr aradan dağılıb. İndi yalnız bir cəbhə var; ədəbiyyat cəbhəsi.

Şəhriyar del Geraninin şeirlərini, Qismət Rüstəmovun şeirləri və esselərini, Fərid Hüseynin şeirlərini və esselərini, Cavid Ramazanovun “Yol” hekayələr kitabını, “Amanabənd” romanını, Rəşad Səfərin “Keçilərin nəğmələri” romanını, “Adalar və gəmilər” kitabındakı yazıları, Əli Novruzovun hekayələrini, Mirmehdi Ağaoğlunun “Görüş”, “Küləyi dişləyən”, “Bu gün səbr elə” romanlarını və hekayələrini və nəhayət, Cavid Zeynallının hekayələrini xüsusi vurğulamaq lazımdır.

Şəhriyar del Gerani şeirdə elə bir məqama yüksəldi ki, nə qədər pafoslu səslənsə də, bundan sonra heç nə yazmasa belə, onu bütün dövrlərin ən yaxşı Azərbaycan şairlərindən biri hesab edə bilərik.

Qismət Rüstəmovun gözəl şəhər şeirləri ilə bərabər, kifayət qədər maraqlı esseləri diqqəti cəlb edir. Azərbaycandilli oxucular bu esselər sayəsində dünya ədəbiyyatının uğurlu nümunələri ilə tanış olurlar. Onun fəaliyyətini təknəfərlik məktəbə bənzətmək olar.

Cavid Ramazanovun “Amanabənd” romanı son illərdə haqqında ən çox danışılan romanlardan biridir. Biz bu romanda saf bir qəhrəmanın timsalında sərt Azərbaycan reallığı ilə qarşılaşırıq.

Azərbaycan romançılığının inkişafında Rəşad Səfərin “Keçilərin nəğmələri” romanının adını mütləq çəkmək lazımdır. “Keçilərin nəğmələri” müasir ədəbiyyatımıza yeni çalar, yeni rəng verib.

Mirmehdi Ağaoğlunun hekayələri, xüsusilə, “Bu gün səbr elə” romanı yüksək sənətkarlıqla qələmə alınmışdır.

Əli Novruzovun “7 hekayə” kitabındakı, eləcə də sonradan çap olunan hekayələri ədəbi hadisə kimi yadda qalmışdır.

Fərid Hüseynin poeziyası minimalist və konseptual üslubu ilə oxucuda dərin emosional təsir yaradır.

Cavid Zeynallının hekayələrində gözəl dil, emosional dərinlik və lirizm diqqəti cəlb edir.

Doxsanlarda baş verən institusional və estetik qırılma, 2010–2020-ci illər ədəbi nəslinin fəaliyyəti sayəsində tədricən kompensasiya olunur.

Bugünkü mənzərə Azərbaycan ədəbiyyatında ardıcıllıq xəttinin yavaş-yavaş bərpa olunduğunu göstərir və artıq ədəbi nəsillər bir-birinin təcrübəsinə söykənərək irəliləyirlər.

Bu isə ədəbiyyatımızın sağlam inkişafının əsas şərtlərindən biridir.

# 158 dəfə oxunub

Oxşar xəbərlər

Atasının təcrübə obyekti - O, Freydlə seansdan sonra hansı qərarı vermişdi?

Atasının təcrübə obyekti - O, Freydlə seansdan sonra hansı qərarı vermişdi?

14:10 3 dekabr 2025
Ədəbi-musiqili proqram: "Səninlə dünyada bəxtiyaram mən"

Ədəbi-musiqili proqram: "Səninlə dünyada bəxtiyaram mən"

13:30 3 dekabr 2025
Şizofreniya, qadağalar və siyasi təqib - Allahı təhqir etdiyinə görə həbs olunan şair

Şizofreniya, qadağalar və siyasi təqib - Allahı təhqir etdiyinə görə həbs olunan şair

12:42 3 dekabr 2025
Mədəniyyət Nazirliyinin şöbə müdiri:  "Dövlət dəstək versə, bütün işsiz-gücsüzlər kitab yazacaq..."  - Müsahibə

Mədəniyyət Nazirliyinin şöbə müdiri: "Dövlət dəstək versə, bütün işsiz-gücsüzlər kitab yazacaq..." - Müsahibə

12:12 3 dekabr 2025
Beynəlxalq Əlillər Günü  ilə bağlı virtual sərgi hazırlandı

Beynəlxalq Əlillər Günü ilə bağlı virtual sərgi hazırlandı

12:10 3 dekabr 2025
Mən sadəcə bir xəyalpərəstəm... - Günün mahnısı

Mən sadəcə bir xəyalpərəstəm... - Günün mahnısı

12:00 3 dekabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər