Əli Kərimlə Hüseyn Arifin fərqi

Əli Kərimlə Hüseyn Arifin fərqi
23 avqust 2017
# 09:57

Kulis.az Şərif Ağayarın “Ora” essesini təqdim edir.

Dostum Xanəmir ədəbiyyat söhbətlərimizin birində maraqlı bir fikir söylədi. Dedi, yaxşı mətn mobil telefonun nömrəsini yığmağa bənzəyir; on rəqəm yığırsan, əgər biri düz gəlməsə ORA düşə bilmirsən.

Xanəmiri daha yaxşı anlamaq üçün əvvəlcə ORA-nın nə olduğunu aydınlaşdıraq.

ORA elə bir məcazi zonadır ki, bütün ölçüləri və konturları ilə təsvirini vermək mümkün deyil. Yüz illərdir yazılır və yüz illər də yazılacaq, ancaq yenə birmənalı izah yoxdur. Elə ORA-nın gözəlliyi də budur.

Əgər ORA-nı izah eləmək və tamamilə anlamaq mümkün olsaydı, istənilən anda Füzuli kimi şeir, Markes kimi nəsr yaza bilərdik. Hətta adını çəkdiyim və çəkmədiyim söz ustaları da həmişə ORDA ola bilmirlər. Təkcə qələm adamının yox, ümumilikdə sənət adamının gücü ORDA nə qədər çox qala bilməsindən asılıdır.

Bəs bir yazıçının ORA ulaşdığını necə bilmək olur? Dediyim kimi, bu məsələdə elmi izahlar yetərli deyil. Bu bir az da hissiyyat, bəsirət məsələsidir.

Başqa bir şair dostumuz Aqşin Yeniseyin misrası vardı, ilk oxuyanda məni heyran qoymuşdu. Çünki dördcə sözlə ORA düşə bilmişdi:

İçdiyi suların alnından öpər atlar...

Bu misranı məclislərin birində söyləyib, xeyli təriflədim, məclisdəkilərdən kimsə səsinin qaytaqlı yerinə salıb dedi ki, eşşəklər də içdiyi suların alınından öpür, nə olsun?!

Adam haqlı idi. Bəli, eşşəklər də eynən belə su içir. Ancaq məsələ budur ki, bu analogiya ayıq şüur məhsuludur və yaradıcılıq deyil. At sözünü eşşək sözü ilə əvəzləyəndə şeir nəinki gücdən düşür, hətta bayağı bir deyimə çevrilir.

Nədir bunun sirri? Onlarla səbəb göstərmək olar, ancaq əmin olun, bütün cavabların ən ağıllısı budur: at yazanda ORA düşür, eşşək yazanda yox.

İllər öncə gənc şairlədən biri mənə bir qoşma oxumuşdu, bir misrası belə idi:

Arif sevib çəkər fələk cəbrini...

Mən misranın ORA düşmədiyini əvvəlcə intonasiyadan hiss elədim. Amma həm də ORA düşmək üzrəydi elə bil, di gəl nəsə mane olurdu. Bir az diqqət edəndə arif sözünün yerində olmadığını gördüm və onu aşiq sözü ilə əvəz etdim. Şeir üzümə güldü, sözlər mirvari kimi bərq vurdu və əlimin altındakı beş sözün birini dəyişməklə ORA necə şıppıltyıyla düşdüyümü hiss edincə inanılmaz zövq yaşadım.

Nəyi demək istəyirəm; söz intonasiya baxımından yerində olmursa, məna baxımından da olmur və ya əksinə - məna baxımından yerinə oturursa intonasiya həllini də tapır. Çəkdiyimiz misalda oxşar hal var: əgər bir adam sevgiyə görə fələyin ona çəkdirdiklərini cəbr hesab edirsə, o mərifət məqamında deyil, çünki arif oldur bilməyə, dünyavü mafiha nədir. Sevgi üçün fələyin verdiyi yalnız aşiqə cəbr kimi görünə bilər... Yola yeni çıxmış binəvaya...

ORDAN xəbəri olan qələm adamları üçün yaradıcılıq ləzzətli bir savaşdır. Biz əslində sözlə döyüşürük. Bu döyüşdə sözə basılanlar da olur, onu ram edib istdəyi istiqamətə döndərənlər də. Hətta bəzən sözün canından adi halda onun heç vaxt ifadə etmədiyi mənaları çıxaran sənətkarlara da rast gəlirik.

Xanəmirin fikrini bir az inkişaf etdirib deyim ki, sözün ilk iki-üç “rəqəm”ini düz yığanda arxası öz-özünə gəlir. İki-üç məqam yerinə oturursa, qalanları da oturur və iki-üç məqam yerinə oturmursa qalanları heç oturmur.

Nazim Hikmətin “Ceviz ağacı” şeirindəki məşhur misraya baxaq:

Budaq-budaq, şerham-şerham ixtiyar bir çeviz...

İnanın, budaq-budaq, yarpaq-yarpaq hamının ağlına gələ bilər, şerham-şerham əsla... Bütün şeiri kənara qoysaq, bircə bu təyinlə Nazim Hikmətin asanlıqla ORA düşə bilir. Və bəlkə də bu dahiyanə şeiri ORA qaldıran elə bu bircə təyin olub. Şair bu dahiyanə ifadəyə yaraşan misralar yazmağa sadəcə təhkim olunub.

Şeir olur bir misrası ORA düşür, qalanı yox. O zaman hiss edirəsn ki, adam şeiri yaza bilməyib. Bəlkə, yazmaq imkanı olub, ancaq bacarmayıb. Bəlkə işləməyə ərinib, bəlkə təcrübəsi, istedadı çatmayıb. Odur ki, “Şair bir misradan tanınır” fikrinə elə-belə baxmaq olmaz.

Nasiri də bir cümlədən tanımaq olur. Ancaq nəsrdə vəziyyət bir az fərqlidir. Nəsr şeirin açılmış, dağılmış, dənələnmiş, detala varılmış variantıdır. İstedadlı nəsri tanımaq istedadlı şeiri tanımaqdan daha çətindir. Hər ikisinin ən ümumi cəhəti budur ki, müəyyən plankadan aşağıda yazılmamalıdır.

Bir usta düşünün, divarı suvamaqla məşğuldur. O, divarın ən yüksək yerlərinə palçıq vurmaq üçün ayağının altına nəsə qoyur. Lakin ayaqlatının üstündə də əli rahatlıqla ORA çatmır. Bir az dabanlarını qaldrır, bir az malanı uzadır, bir az da palçığı yuxarı atıb, hədəfinə ulaşır. O, istədiyi vaxt hədəfə ulaşmaq üçün daima ayaqlarının üstündə olmaldır. Əks halda heç nə alınmayacaq.

Minimum bədii-estetik tələbləri ustanın ayaqaltısına bənzətmək olar. Yəni istər nəsrdə, istər şeirdə boş buraxılan, ortalıq malı sayılan misralar, cümlələr, abzaslar ola bilər. Bunlar ORA ulaşmaq üçün zəmin hazırlayır və yazıçı ORA ulaşdığı an boş buraxılan, oxucuya ortalıq malı kimi görünən hissələr də məna kəsb edir və ORA qovuşmuş sayılır. Vay o gündən ki, kitabı bitirəsən, bir cümlənin də ORA varmadığını görəsən.

Sovet vaxtı ORA ulaşmayan mətnlər haqqında belə bir ifadə işlənirdi: “Bədii həllini tapmayıb!” Məncə, yeni ifadə tapmadığımız sürəcə bu, ən optimalıdır. Əsərin dəyəri onun hansı səviyyədə bədii həllini tapmasından asılıdır.

Burda balaca bir nüans da var. Məsələn, Hüseyn Arif də yazdığı şeirin bədii həllini verib, Əli Kərim də, bəs fərqləri nədir? Deyim: Əli Kərim daha dərin və daha orijinal mətləbləri ORA ulaşdıra bilib!

ORA ulaşdıra bilmədiyimiz mətləblər nə qədər yeni və nə qədər dərin olsa da ədəbiyyat deyildir. Bədii mətnin trakdatdan, essedən, publisitikadan fərqi də budur.

# 1573 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #