Bu gün məşhur Yadigarovlar nəslinin nümayəndəsi, hərbçi, polkovnik Vəli bəy Yadigarovun anım günüdür.
Kulis.az onun haqqında materialı təqdim edir.
Borçalının Təkəli kəndində bir vaxtlar qədim bir nəsil yaşayırdı. O nəsil ki, silahın səsinə, atların nal izinə yad deyildi. 1898-ci ildə həmin o nəsildən bir övlad dünyaya gəldi – Vəli bəy Sadıq bəy oğlu Yadigarov. Yadigarovların taleyinə müharibə yazılmışdı: 1918–1920-ci illərdə bu soyun səkkiz zabiti Milli Ordunun şərəfini daşıyırdı. Bütün ailə bir cəbhə kimi – poruçiklər, kornetlər, rotmistrlər, podpolkovniklər… Azərbaycan ordusunun sütunu olan bir tayfa.
***
Vəli bəyin gəncliyi Tiflis hərbi gimnaziyasının sərt intizamı ilə başladıqdan sonra I Dünya müharibəsinin qanlı səhnələrinə uzandı. Əlahiddə Qafqaz Korpusunun süvarisi kimi o, gənc yaşında Brusilov hücumunun içində, barıt qoxusunun kəsilmədiyi səngərlərdə böyüdü.
***
1918-ci ildə Cümhuriyyət bayrağı dalğalananda Vəli bəy korpus komandirinin yanında eskadron rəhbəri idi. XI Ordu Bakıya girəndə üçüncü Şəki süvari alayının pərakəndə dəstəsi ilə vuruşa-vuruşa geri çəkilən bu zabit təkcə bir alayın deyil, gənc dövlətin son nəfəsini qorumağa çalışırdı. 1921-ci ilin martına qədər davam edən mübarizə bitdikdən sonra Türkiyəyə, oradan Polşaya mühacirət etdi.
***
Polşada Vəli bəy yeni bir taleyə qədəm qoydu. “Armiya Krajova”da – xalq ordusunda – əvvəlcə süvari rəisi, sonra 10-cu süvari atıcılar diviziyasının komandiri oldu. Qruzdendə süvari məktəbini, Varşavada Ali Hərbi Məktəbi bitirdi. Polyak ordusunun yeddinci Ulan polkunda yüksəldi, mayor rütbəsi aldı. Polyak qızla ailə qurdu, dili, mədəniyyəti mənimsədi, amma bir şeyi heç vaxt dəyişmədi: Azərbaycanı.

***
Onu tanıyanlar yazırdılar: “Hədsiz tələbkar, yüksək mədəniyyətli, təmiz bir zabit. Qətiyyəti ilə bütün alayı idarə edirdi.”
Hitler ordusu Polşaya hücum edəndə Mazovetski süvari briqadasının qərargah rəisinin adı siyahını tamamlayırdı: Vəli bəy Yadigarov. O, 11 sentyabr müdafiə döyüşlərində ön xətdə idi. Polşa işğal edildikdən sonra gizli müqavimətə – Armiya Krajovaya qoşuldu, “Olen” polkunun komandiri kimi Varşava üsyanında iştirak etdi. Onun döyüş yolunu Polşa qəzetləri illər sonra belə xatırlayacaqdı:
“Azərbaycan knyazı, müsəlman zabiti, Polşanın albayı…”
***
Müharibədən sonra ömür onu bu dəfə Atlantikin o biri tayına aparır. Argentina… Buenos-Ayres… İstiqlalı əlindən alınmış bir xalqın təmsilçisi burada da boş dayanmadı. Azərbaycan Türkləri Milli Ocağını qurdu, sədri seçildi. Mühacirət mətbuatında – “Mücahid” jurnalında – onun xatirələri çap olundu: “40 illik köləlik nizamı”. Bu yazı təkcə bir zabitin deyil, bir millətin əsirlik xronikası idi.
***
1971-ci il dekabrın 13-də bu ömür Buenos-Ayresdə tamamlandı. Amma Vəli bəy öz vəsiyyəti ilə Polşada dəfn olundu. Varşava qəbiristanlığında müsəlman-tatar ayini ilə dəfn edildi. Şopenin dəfn marşı çalındı, yaylım atəşi açıldı. Varşava və Belastok imamı Aleksandr Əli Şaletski cənazə namazını qıldı. Qızı Züleyxa xanım atasını son mənzilə yola saldı.

***
Türkiyədə Nihal Atsızın “Ötükən” dərgisində çap olunan nekroloqunda belə yazıldı:
"Bütün ömrü boyunca vətəni Azərbaycanın istiqlalı uğrunda rus imperialistlərinə qarşı savaşmış albay Vəli bəy Yadigar 13.12.1971-də Argentinada, Buenos-Ayresdə Tanrının rəhmətinə qovuşmuşdur. Bu ölüm Argentinadakı bütün milliyyətçi və dost çevrələrdə böyük üzüntü yaratmışdır. Öz Vətəninin istiqlalı uğrunda qardaş Türk ordusu ilə birlikdə imperialist rus ordusuna qarşı vuruşduqdan sonra hər şeydən qiymətli hesab etdiyi Vətənini qeyb edərək Polşaya sığınmış, Polşa ordusunda albaylıq rütbəsinə qədər yüksəlmişdir. Bütün həyatı boyunca heç bir vaxt milli mücadiləsindən vaz keçməmişdir. İkinci Dünya müharibəsindən sonra Argentinaya gələn Vəli bəy Yadigar burada da ömrünü yurdu üçün fikir mücadiləsi ilə keçirmişdir. Tanrıdan rəhmət diləyirik".
![]()
***
2017-ci il sentyabrın 7-də Varşava şəhərində general-leytenant Süleyman bəy Sulkeviç və polkovnik Vəli bəy Yadigarovun xatirəsinə ucaldılmış abidənin açılışı olub.
Onun ömrü bir süvari yoludur. Borçalının tozlu yollarından başlayıb Polşanın daşlı küçələrinə, ordan Argentinanın sahillərinə uzanan bir yol. Və bu yolun hər dönəmində eyni söz dayanırdı:
İstiqlal.