Azad ədəbiyyat necə yarandı: Çayxanadan kitaba – Şərif Ağayar yazır...

Azad ədəbiyyat necə yarandı: Çayxanadan kitaba – <span style="color:red;">Şərif Ağayar yazır...
30 iyun 2017
# 12:16

Bizdə alternativ fikirlər həmişə çayxanalarda pərvəriş tapıb. Doğrular çayxanalarda və zirzəmilərdə qeybət şəklində qonuşulub. Eləcə də ədəbi mühitin gerçəkləri...

Ədəbi mühitin gerçəklərinin kitablara tökülməsi, kitablarda ehtiva olunması aşağı-yuxarı 20 ilə yaxın vaxtımızı aldı. Bu tədrici əzablı proses bir neçə mərhələdən ibarət oldu.

1. Qəzet səhifələri.

“525-ci qəzet” yeganə idi ki, 90-cı illərin ən qanlı-qadalı dövründə də ədəbiyyat səhifələrini dayandırmadı. Necə deyərlər, ədəbiyyatın ipinin mətbuatdan üzülməsinə imkan vermədi. Həm də bu səhifələrdə Azərbaycan Yazıçılar Birliyinin yarandığı gündən konyukturaya məruz qalmış qəzet və jurnallarında çap olunmaq şansını itirən nisbətən azad, nisbətən mütərəqqi düşüncəli insanlar çap olunmağa başladı. Daha sonra “Azadlıq”, “Yeni Azərbaycan”, “Mərkəz”, “Vətəndaş həmrəyliyi” qəzetləri ədəbiyyat səhifələri verməyə başladılar.

2. Qəzetlərdə ədəbiyyat əlavələri.

Bu təşəbbüsü, səhv eləmirəmsə, “Vətəndaş həmrəyliyi” qəzeti başladı. Artıq söhbət bir, ya iki səhifədən deyil, qəzet içində əlavə ədəbiyyat buraxılışından gedirdi. Və ilk dəfə idi ki, zamanın konyukturasının təmsilçisi olan ədəbi qurumlara, daha doğrusu yeganə quruma və onun ətrafındakı yalançı qurumlara etiraz edən, ədəbiyyatı daha azad müstəviyə çıxarmağa cəhd göstərən qələm adamları polemikalarda, dəyirmi masalarda görünməyə başladılar. Yaşlı nəsil bu azadlığı heç cür həzm edə bilmir, idarə olunan mətbuatın eyforiyasına uyaraq bütün yazılanları, çap olunanları cəfəngiyat, hətta avaraçılıq hesab edir, titul və şöhrətindən istifadə edərək hər yanda, hər cür təpkilərə, təzyiqlərə məruz qoyurdu.

Ancaq tarix öz işini görür, müstəqillik və azadlıq ab-havası bütün sahələr kimi ədəbiyyat buraxılışlarında da hiss olunurdu. Daha sonra “Yeni Azərbycan”, “Ədalət” qəzetləri xüsusi ədəbiyyat əlavələri yayımladırlar, sözün meydanı ağlagəlməz səviyyədə genişləndi. Titullu yazıçıların, ədəbiyyatı dövlətin yardımı ilə həmişə rahatca idarə edən yaşlıların kürkünə birə düşdü.

3. Jurnal mərhələsi

Təəssüf ki, jurnal layihəsi özünü o qədər də doğrultmadı. Ancaq “Alatoran” kimi dərgi yarandısa və uzun müddət çap olundusa, bədbin olmağa dəyməz. Yeri gəlmişkən, ədəbi azadlığa doğru gedən prosesin çayxanalardan, zirzəmilərdən mətbuata daşınmasında, qeybət səviyyəsindən ciddi polemika səviyyəsinə qalxmasında Rasim Qaracanın müstəsna xidmətləri oldu. Bunu danan varsa, ya prosesdən xəbərsizdir, ya da qərəzlidir.

Müstəqil dərgi kimi “Yazı”nın adını çəkmək olar. İmkansızlıq və müəllif kasadlığı baxımının qaneedici səviyyəəd olmasa da... Xüsusən internet dərgilərin populyar olduğu bir vaxtda...

4. Sayt dönəmi

Müstəqil ədəbiyyatın dövrün xarakterinə tam uyğunlaşması, yaşlıların “bimürvət zamana” ilə barışması mərhələsi idi. Sayt dönəmi qəzet və jurnal epoxasını qapadaraq həm də kameranı postmoderncəsinə ilkim dönəmə - çayxana və zirzəmi dönəminə qoymağı bacardı. Məşhur reklamda deyildiyi kimi üçü birində – çayxana, qəzetjurnal!

Ədəbiyyatın sayt mərhələsinə adlamasında iki nəfərin adını məxsusi olaraq çəkməliyik: Zahir ƏzəmətQan Turalı... Onlara qarşı zaman-zaman qısqanclıq da gördük, düşmənçilik də paxıllıq da! Amma həmişə olduğu kimi yenə tarixin çarxı dayanmadı, mütərəqqilik qələbə çaldı.

5. Kitab mərhələsi

Təbii ki, əsas missiya sayt mərhələsinə çatıb dayanmaq yox, kitaba ulaşmaq idi. Bütün çabalar gəlib ciddi kitablara çıxarmırsa, demək hər şey havayıdır. Yaradıcılığı futbola bənzətsək, kitab onun qol mərhələsidir. Qol yoxdursa, bütün oyun da, qovğa da heçdir. Təsadüfi deyil ki, AYO zəifləsə belə “Alatoran” nəşriyyatı məhz kitab mərhələsində öz aktivliyini saxlayır.

Azərbaycanda müasir kitab deyəndə ağlıma ilk gələn ad Qismət Rüstəmovdur. Ona məmnuniyyətlə “Kitab adam” deyərdim. Mən heç bir mübaliğəyə yol vermədən Qisməti Azərbaycan ədəbiyyatı üçün qənimət hesab edirəm. Bəzən onun məmurlaşmasından, konyukturaya uymasından narahat olan və bunu gizlətməyən adamlara da rast gəlinir. Sizi əmin edirəm, Qismət elə bir mərhələdədir ki, geriyə yolu yoxdur.

Bu yolun yalnız milli mentalitetimizə uyğun olaraq qocalıb zay olmaq qorxusu var ki, Qismət də hələ cavandır.

Və elə bu yazının yazılmasına, qısa dəfə-daraq açılmasına səbəb də Qismətdir.

Daha doğrusu onun son tərcümə kitabı... Nabokovun “Rus ədəbiyyatından mühazirələr”i...

Kitab haqqında heç nə demirəm.

Sadəcə, bundan əvvəl çap olunan və mənim də redaktoru olduğum “Gələcəyin tarixi” esselər kitabını da yada salaraq deyirəm: adam ciddi, çox ciddi işlərlə məşğuldur və bizi sevindirir!

Vicdanlı, ləyaqətli insanların bu 25 ildə, hətta sovetlər dönəmindən üzübəri çəkdiyi əziyyətlərin havayı getmədiyinə adamı inandıran ən ciddi müəlliflərdən biridir Qismət.

Və bizdən bircə istəyi var: o kitabları oxumaq.

Hər iki kitabda uzun illər yol gələn müstəqil Azərbaycan ədəbi mühitini dünya ədəbi mühitinin tərkib hissəsinə çevirmək kimi ali bir istək var

Tapın, oxuyun, peşman olsanız babalı mənmi boynuma.

# 1938 dəfə oxunub

Müəllifin son yazıları

# # #