Aşk uğrunda savaşan atlar

Aşk uğrunda savaşan atlar
7 yanvar 2014
# 12:26

At ilinə ithaf

At deyəndə təsəvvürümdə hüdudsuz bir dünya canlanır. Və bu dünya həm maddi, həm mənəvi sərhədləri ilə əsrarəngizdir. Əvvəla ona görə ki, yeniyetmə yaşlarımdan atam mənə yaxşı bir at almışdı və mən o atı minib kəndimizin cavanları ilə çox yarışa çıxmışdım! Adətən qələbə mənimlə olurdu. Sonradan atam xəyanət etdi: həmin atı 400 manata (sovet pulu) yekəpər bir meşəbəyiyə satdı. Bizdə ikən quş kimi səkən bu çal atın (göy də deyirdilər – göydəmir) sonralar qabaq qollarının alındığını eşitdim. Qaçağan atları dik yenişlərdə çox yükləməzlər... Onu qorumamışdılar və bu da mənim əziz göydəmirimin şikəstliyi ilə nəticələnmişdi. Belə atları adətən güllələyirlər...

Göydəmirin sonrakı taleyi haqda məlumatım olmadı. Açığı, bir az da ürək eləmədim maraqlanmağa. Çünki, “Güllələdilər” sözünü eşitmək istəmirdim.

Başqa bir atımızın adı “Vova” idi.

Kənd uşaqlarından biri qoymuşdu bu adı. Çox yaraşıqlı, sarı kəhər at idi. At haqqında “Qabusnamə” kitabındakı ən üstün göstəricilər vardı onda. Bircə ayağının səkili çatmırdı. Uzaqdan bonunu çöndərib qulaqlarını şəkləyərək adama baxanda elə bilirdin şəkildir – rəssam çəkib.

Amma nədənsə atam lap kiçik yaşlarından “Vova”nın da ürəyinə xal saldı: anasını satdı! Biz “Vova”nı anasından ayırmaq üçün tövləyə qatdıq. O, tövlədən elə kişnədi ki, səsi hələ də qulaqlarımdadır.

Bundan sonra “Vova” həmişə uzun-uzadı kişnəməyə başladı. O, ömrü boyu anasını axtardı. Böyüyüb “bığıburma” at olandan sonra da!

Atlar dəvələr qədər yaddaşlı deyil. Ancaq onlar ömür boyu analarını tanıyırlar və unutmurlar. At yeganə heyvandır ki, anası ilə heç vaxt cütləşmir. Sadəcə onu əmib qoxlayır və bir müddətdən sonra ayrılır. Bu təbii yolla olanda anasından ayrılmaq ata iztirab vermir. “Vova”da belə olmadı...

Atları yaxından tanıyıram.

Onların ruha sakitlik gətirən ilginc qoxusu hələ burnumun ucundan çəkilməyib. Bəzən kəndə gedəndə bu qoxu üçün darıxan ürəyimi ovutmağa vaxt tapıram.

At insana çox bənzəyir. Bu dünyada nə qədər at var, o qədər xasiyyət var. Yəni, istər fiziki imkanlarına, istər digər atlara və heyvanlara, eyni zamanda insanlara münasibətinə görə biri-birinin eyni olan iki ata rast gələ bilməzsən.

At həm də insanı yaxından tanıyan, onun ürəyindən keçənləri duyan heyvanlardandır. Məsələn, sən nə vaxtsa bir atın başına ağacla vurmusansa yaxınlaşanda o ehtiyatlanır. Əlini azca qaldırsan başını yayındırır. Bəli! Atları adətən belə döyürlər... Cilovundan tutub ağacla başına sinəsinə vururlar. Bəzən at fınxırıb arxa ayaqlarının üstünə qalxır, amma əsla və əsla insana hücum etmək barədə düşünmür. O qədər gücü olan heyvan insan əlində acizdir, ona bütün varlığıyla tabedir. Təbii ki, istisnalar var.

Adama durduğu yerdə hücum edən, hətta ona xəsarət yetirən atlar da görmüşəm. Mənim özümü bir dəfə bir at ağzı ilə tutub, qabaq ayaqları ilə döyəcləyib... Təbii ki, balaca olanda...

Bəlkə əlli dəfə atdan yıxılmışam, iyirmi dəfə at vurub məni, otuz dəfə dişləyib, amma onlara sevgim zərrə qədər azalmayıb. Mən bir at sevdalısı olmuşam!

Həmişə atamdan gizlin atlara ot və yem vermişəm. Belə vaxtlarda atlar “burnunun altında” razılıqla səsləniblər. Bu səsdəki gözəllik və iltifat sözlə ifadəyə gəlməz. Atın kişnəməsi isə... Bunu hamınız eşitmisiz. Amma yəqin çoxunuz bilmir ki, bu dünyada eyni cür kişnəyən iki at da tapmaq mümkün deyil. Bütün atların səsində bir nisgil, bir həsrət olsa belə...

Ata gec baxanda səsinin tonunu elə dəyişir ki, sanki adama söyür. “Hardasan, bilmirsən ki, məni burda ac və susuzam?” – demək istəyir.

At bu dünyaya yalnız qarnı və instinktiv qohumluq hissləri ilə bağlanmayan tək-tük heyvanlardandır. O öz sahibini sevə bilir, yaşadığı yurda bağlanır, yad adamları, xüsusən onun sahibini sevməyənləri tanıyır, təhlükəni hiss edir, məxsus olduğu evin digər heyvanlarını tanıyır. Məsələn, əgər bir dişi atın yiyəsinin həm də erkək atı varsa onlar bir ailə yaradırlar və demək olar ki, biri-birinə “xəyanət” etmirlər. Erkək at bütün ilxını başqa atlardan sədaqətlə qoruyur. Hətta gücü çatmayıb döyülsə belə geri çəkilmir.

Atların döyüşü qladiatorları xatırladır.

Ölümünə savaşırlar! Xüsusən “aşk” uğrunda!

Amma adi halda da döyüş mümkündür. Erkək atlar biri-birinin gücünü yoxlamağı sevirlər. Qalib atlardan digərləri qorxur. Ağzı ilə irəli cumdumu, qaçmağa başlayırlar.

Atların ən fağırı axtalanmış atlardır. Onlar bayaqdan sizə saydığım həssas xüsusiyyətlərini tədricən itirirlər. Köhlən atları heç vaxt axtalamırlar. Adətən yük atları axtalanır ki, onlara da yabı deyirlər.

İndi nə qədər gülməli görünür, deyə bilmərəm, amma faktdır ki, at insanın namusu sayılan yeganə heyvan olub.

Ata sevginin isə Şərqi-Qərbi yoxdur.

Kitablara inansaq, yaxşı at, tarixin bütün dövrlərində və dünyanın bütün yerlərində igidin qardaşı olub.

Don Kixotu xatırlayın və onu atsız təsəvvür edin.

Yaxud bizim Koroğlunu...

Atın ədəbiyyatımızda möhtəşəm obrazı yaradılıb.

Ancaq bu obraz nə qədər möhtəşəm olsa da, məncə tam deyil. Tariximizdəki və həyatımızdakı atlar daha çoxunu haqq edir.

Əvəzində bu mövzu zamanla unudulur... Bəlkə, belə də olmalıdır, bilmirəm!

Mənim özüm, etiraf edirəm, at ili olmasaydı bu yazını yazmayacaqdım.

Muradınıza çatasız...

# 5207 dəfə oxunub

Müəllifin son yazıları

# # #