Bill Qeytsin sirrini çözürəm

Bill Qeytsin sirrini çözürəm
4 fevral 2013
# 11:49

Yəqin kompüterlə gündəlik əlaqəsi olan insanların çoxuna bəlliymiş ki, “Con” adlı fayl və ya qovluq açmaq mümkün deyil. Mən bunu yaxınlarda öyrənmişəm və açığını deyim, xeyli marağıma səbəb olub. Nədən? İstifadəçisinə sonsuz azadlıq imkanı yaradan bu qeyri-adı cihaz niyə məhz bu sözə yasaq qoyur? Cavabların birincisi, səmimi deyim ki, bir balaca lağıma gəldi. Sən demə, uşaqlıqdan Bill Qeytsə “Con” ləqəbi veriblərmiş və onun bu addan zəhləsi gedirmiş. Adamlarda qəribəliklər olur, ancaq nədənsə bu söhbətə heç cür inana bilmədim.

Müxtəlif mənbələrdə bəhs etdiyim məsələyə müxtəlif yozumlar tapa bilərsiniz. Odur ki, bu barədə çox danışmayıb yalnız bircə - ən ağıllı variantı diqqətinizə çatdırıram: “Con” Configuracion (konfiqurasiya) sözündəndir və kompüterin bir çox spesifik əməliyyat sistemləri bu qısaltma altında saxlanılır. “Con” adlı istənilən fayl və qovluq sistemin işində qarışıqlıq yarada bilər. Həm istifadəçi, həm də kompüterin özü üçün...

Nə isə... Sözüm bunda deyil. Sözüm ondadır ki, bu məlumatı oxuyandan sonra bir alim dostumla zarafatlaşmaq istədim. Ona yazdım ki, “Con” adlı fayl və ya qovluq yarada bilsən sənə ürəyin istədiyin yerdə ürəyin istəyən qonaqlıq verəcəm!”

10 dəqiqə keçməmiş dostum “Con” adlı faylı mənim inboksuma atdı... Gözüm kəlləmə çıxdı...

Bu necə ola bilər? Yox yerdən özümü bu qədər xərcə salmağım bir yana, onun buna necə nail olması məni heyrətləndirdi. Biz kompüteri yaradıb inkişaf etdirənlərdən çoxmu bilirik? Belədirsə, bəs ondan daha ciddi bir kəşfimiz niyə yoxdur?

Təbii ki, ilk ağlıma gələn saxtakarlıq oldu. Özümüzü yaxşı tanıyıram axı! Xeyli baş işlədəndən sonra dostumun rusdilli olduğu yadıma düşdü. O, çox zaman fb-də Azərbaycan dilində yazışanda da rus əlifbasından istifadə edir. Məsələn, tutaq ki, belə: “Яхшыйам. Сэн неджэсэн?” Və anındaca başa düşdüm ki, mənə göndərilən faylın ilk iki hərfi ingilislərin “C” hərfi deyil, rusların “S” hərfidir. “O” hərfinin isə problemi yoxdur. Bütün əlifbalarda yumrulanıb durur, dünya vecinə deyil. Ancaq “N” hərfi xeyli mübahisəlidir. Çünki rus əlifbasında “P” kimi oxunan bu naqolay hərfin işarəsi ingilislərin “N” hərfinə bənzəmir. Deməli, bu iki hərfdən sonra dostum əlifbanı ingilisə çevirərək rahat bir “N” hərfi yazıb. Bir rus hərfi, bir naməlim “O” hərfi, bir dənə də ingilis hərfi yazmaqla dostum dünyanı şaşırdacaq bir yeniliyə imza atdı və faktiki olaraq “Con” kimi oxunan fayl yarada bildi.

Açığı, bu həftəbecər “Con” kəlməsi məni xeyli düşündürdü. Nədənsə hərədən bir hərf və ortada naməlum bir “O” hərfi vətənimizin və xalqımızın unikal təşbehi kimi gəldi mənə. Bunu əldə etmək üçün düşünülmüş fırıldaq isə artıq xarakter məsələsidir. Dərvişin Parisi partlatmasını xatırlayın...

Biz hamını asanlıqla aldada bilirik, amma açdığımız fayllar heç vaxt gerçək fayllar olmur. Bundan isə yalnız kim ziyan çəkir? Əlbəttə ki, özümüz!

# 4749 dəfə oxunub

Müəllifin son yazıları

# # #