“İki” alanlara niyə təəccüblənmədim?

“İki” alanlara niyə təəccüblənmədim?
10 iyun 2015
# 10:42

Baxıram, buraxılış imtahanlarının nəticələri indi də mətbuatın müzakirə mövzusudur.

Səmimi deyirəm: nəticələr məni təəccübləndirmir. Əksinə, nəticələrə təəccüblənən qələm əhlinə təəccüblənirəm. Bəlkə də bu hiss ondan əmələ gəlir ki, mən irihəcmli bir əsər üzərində işləyirəm, əsərin qəhrəmanı müəllimdir və bu məqsədlə təhsilimizdəki vəziyyətlə bağlı çox faktlar araşdırmışam. O bir yandan da özüm ixtisasca müəlliməməm, bir il işləmişəm və üstəlik yaxın ətrafımda xeyli müəllim var. Qısa desək, işdən halıyam. Vəziyyət, “Mənə belə gəlir ki..”, “Hesab edirəm ki...” tipli ağıllı açıqlamalarla izah oluna bilməz. Bizim təhsil haqqında bircə kəlmə işlətmək olar: dəhşət!

Ötən ay Türkiyədə idim. Tərs kimi orda bir orta məktəb müəllimi ilə özləri demiş muhatab oldum. Azərbaycandakı təhsillə bağlı mənə xeyli suallar verdi. Nəsə eşitmişdi deyəsən. İstədim bir bəhanə ilə tutaşım onunla, məni dindirməsin. Çünki danışsam biabır olacaqdım. Gördüyümün, mində birini ona desəm, inanın mənə, bütün məmləkətə nifrət edə bilərdi. Və çox yəqin ki, inanmazdı. Necə yəni, uşaqdan süpürgəpulu yığırlar? Necə yəni yoxlamalar üçün müəllimlərin maaşından kəsib rüşvət verirlər ki, gördüyü biabırçılıqları sənədləşdirməsin? Necə yəni uşağı qəsdən öyrətmirlər ki, müəllimlərin repetitor fəaliyyətindən yararlanmağa məcbur olsunlar? Necə yəni, hər il rayon məktəblərində şəbəkələri təsdiq eləmək üçün külli miqdarda pul verirlər? Necə yəni, 12 saat dərs müqabilində müəllimlərdən ən şərəfsiz işlərdə maşa kimi istifadə edirlər? Ağıl alarmı bunları?

İnansa bir dərd, inanmasa başqa bir dərd!

Amma eyni dərs saatı üçün Azərbaycandakı maaşın miqdarını gizlətmədim və Türkiyə ilə müqayisədə on dəfə az olduğunu biləndə adam elə “Oooo” elədi ki, avtobusda hamı dönüb arxaya baxdı.

Hələ onu demədim ki, bizim Milli Məclisin Sosial siyasət komitəsinin sədri deyir, müəllim maaşla dolana bilmirsə, dərsdən sonra gedib başqa işlərlə məşğul olsun. Onu demədim ki, şəxsən mənim tanıdığım beş-altı saxta diplomlu məktəb direktoru var. Pulu pul, hörməti hörmət. Qalstuk taxıb elə hərlənirlər, havası adam yıxır. Təhsilin elə fırıldaqlarını mənimsəyiblər ki, dünyanın heç bir eksperti onların “tyomnı” gedişlərindən baş aça bilməz. Məsələn, dostumuz Etibar Əliyevi bircə həftə göndər yanlarına, gəlib deyəcək ki, təhsilimiz elə belə də olmalıdır və Nobel mükafatı-filan boş şeydir.

Hələ onu demədim ki...

Nəyi deyə bildim ki?

Deməklə bitərmi bu dərdlər?

Yenə səmimi deyim: mən Azərbaycan təhsilinin bu məşəqqətli vəziyyətdən çıxış yolunu heç cür təsəvvür eləmirəm. Vəziyyət gün kimi aydındır. Dərd odur ki, təhsilimiz məktəb-məktəb, müəllim-müəllim, şagird-şagird zibilin içindədir. Problemi yerli-diblə həll eləməyin yeganə yolu məktəbləri bağlamaqdır.

Bir dəfə tarixi filmlər mövzusunda bir telekanala dəvət olunmuşdum. Auditoriya əsasən dil-ədəbiyyat və tarix müəllimələri idi. Bahalı şuba geyinən, üst-başı zərgər dükanının vitrinini xatırladan, kök, qızıldiş “xalalara” baxanda az qaldım havalanam. Şadlıq evinəmi gəlmişdilər? Bu nə makyaj idi? Bu nə geyim idi? Və bu nə danışıq idi? Nəfəsləri ölüm, kəsafət və dəhşət qoxurdu. Beyinlərindən kanalizasiya qoxusu gəlirdi. İnanın mənə, belə müəllimləri olan məktəbə uşaq göndərmək böyük qəhrəmanlıqdır.

Heç nə...

Çıxış yolu yoxdur.

Birdəfəlik anlayaq və rahatlayaq.

Və ümidimizi bütün tarix boyu olduğu kimi xırda istisnalara bağlayaq.

Bu istisnalar nəticəni dəyişməsə də!

# 2140 dəfə oxunub

Müəllifin son yazıları

# # #