Məhəmmədin özü var, səsi yoxdur – Peyğəmbərdən bəhs edən film

<b>Məhəmmədin özü var, səsi yoxdur – <span style="color:red;">Peyğəmbərdən bəhs edən film </b>
29 iyun 2018
# 21:00

Məşhur iranlı rejissor Məcid Məcidinin Məhəmməd peyğəmbərdən bəhs edən “Məhəmməd – Allahın elçisi” filmi təkcə İslam peyğəmbərindən bəhs etdiyi üçün deyil, həm də öz dəsti-xətti olan bir rejissorun ekran işi olduğu üçün maraqlı idi. “Cənnətin uşaqları”, “Cənnətin rəngi”, “Sərçələrin rəqsi”, “Baran” kimi filmləri ilə böyük uğur qazanan iranlı rejissorun budəfəki işini də kinosevərlər intizarla gözləyirdilər.

2015-ci ildə çəkilişləri bitən film ilk dəfə Monreal Film Festivalında nümayiş olundu. Bundan sonra müxtəlif İslam ölkələrində filmə qarşı etirazlar səsləndi. Ən əsası ona görə ki, filmdə peyğəmbərn obrazı göstərilmişdi. Bu da dindarları hiddətləndirirdi.

Film haqqında danışmazdan əvvəl bir məsələni qeyd edək: “Məhəmməd - Allahın elçisi” filmi çəkildiyi gündən indiyə kimi təkcə müsəlman dünyasında deyil, eləcə də Qərb ölkələrində marağa səbəb olub. Bircə Türkiyədə vizyona girdiyi üç gün ərzində 183 min 524 nəfər adam filmə baxıb. Bizim kinoteatrlar isə nəyə görəsə bu filmi göstərmək istəməyiblər. "Məhəmməd - Allahın elçisi" bizdə də nümayiş olunsaydı yaxşı olmazdımı? Axı nə üçün tamaşaçılar oturub hansısa Türkiyə kanalının onu verməyini gözləməlidirlər. Necə ki, gözləyirdilər və necə ki, dünən türk kanallarından biri bu filmi təqdim etdi.

Nəsə, filmə qayıdaq.

İslam peyğəmbəri haqqında bundan əvvəl Suriya əsilli Amerika rejissoru Mustafa Akkad “Çağırış” filmini çəkmişdi. 1976-cı ildə çəkilən filmdə dünya şöhrətli aktyor Entoni Kuin də oynayırdı. Filmin əsas özəlliyi bundan ibarət idi ki, orada peyğəmbərin üzü göstərilmirdi. Akkadın filmində əsasən İslamın ilk illəri və ondan sonra baş verən hadisələr göstərilir.

Məcidinin filmində isə hadisələr peyğəmbərin doğuluşundan bir qədər əvvəl baş vermiş Fil hadisəsindən başlayıb yeniyetməlik illəri ilə bitir. Məcidinin filmoqrafiyasının əsas özəlliyi bundan ibarətdir ki, onun filmlərinin baş qəhrəmanları adətən uşaqlar (“Cənnətin uşaqları”, “Cənnətin rəngi”) olur. Rejissor peyğəmbərdən film çəkərkən də öz üslubuna sadiq qalıb. Biz ekranda uşaq Məhəmmədi görürük.

Əgər Məcidinin digər filmlərində uşaqlar cənnət məqamına qaldırılırsa, bu filmdə tam tərsi olur, “cənnət” özü uşaqların məqamına enir. Filmlərində uşaqları, onların dünyasını göstərən Məcidi bu dəfə bizə tamam başqa bir uşağı - Məhəmməd peyğəmbəri göstərir. Bununla da “uşaq” sözü ilə “peyğəmbər” sözü qarşısında bərabərlik işarəsi qoyur. Beləliklə, biz ekranda nə Məhəmmədi görürük, nə də peyğəmbəri, biz içindən nə vaxtsa peyğəmbərlik məqamına yüksələcək bir insanı doğuracaq uşağı görürük; universal uşağı. O uşaq hamımızıq, hamımızın uşaqlığıdır. Bəlkə son kadrda suya əlini salan müxtəlif millətlərə, irqlərə məxsus insanların göstərilməsi həm də bu universallığa işarədir?

Məcidi sələfi Akkaddan fərqli olaraq faktlara daha yaradıcı yanaşıb, peotik üslubla, vizual detallarla filmi quru tarixilikdən çıxarıb, Məhəmməd, Əbu Talib kimi obrazları göstərməkdən çəkinməyib. Düzdür, tamaşaçı birbaşa Məhəmmədin üzünü görmür, amma bunun özü də inqilabi gedişdir. Çünki İslamda peyğəmbərinin üzünün görünməsinin yasaq olduğunu nəzərə alsaq, deyə bilərik ki, Məcidi bu hərəkəti ilə böyük cəsarət nümayiş etdirib.

Peyğəmbərin səsi verilməsə də onun sözləri subtitirlərdə göstərilir. Ola bilsin, Məcidi bunu fanatik dindarların tənqidləri ilə üzləşməmək üçün edib, lakin peyğəmbərin sözlərinin titrlərlə verilməsi filmə əsrarəngiz ovqat bəxş edir.

“Məhəmməd - Allahın elçisi” təkcə peyğəmbərin uşaqlığı haqqında tarixi film deyil. Filmin ayrıca kriminal xətti də var ki, bu xətt son ana kimi tamaşaçını gərginlikdə saxlayır.

Məhəmmədin doğuluşundan xəbər tutan yəhudi din xadimləri (hahamlar) onu axtarır, tapıb öldürmək istəyirlər. Buna görə də Məhəmmədin babası Əbdülmütəllib onu qoruyur, gizlətməyə, dəfələrlə yerini dəyişməyə məcbur olur. Məcidi açıq şəkildə bildirməsə də “yəhudi” xəttini inkişaf etdirərək onları dünyanı idarə edən gizli güclər kimi təqdim edir. Hər yerə nüfuz edə bilən bu insanlar nəyin bahasına olursa-olsun Məhəmmədi ələ keçirib məhv etmək istəyirlər. Buna görə hətta bir neçə dəfə Məhəmmədi qoruyanlar ilə yəhudi İsmaelin adamları arasında toqquşma yaranır.

Tarixdə belə bir faktın olub-olmamasını deyə bilməyəcəm. Ən azı mənə rast gəlməyib. Məcidinin “Məhəmmədin təqib olunması” hissəsini niyə qabartmasının səbəbi görəsən nədir? Ola bilsin, filmi dinamik etmək, tamaşaçını gərgin saxlamaq məqsədi daşısın. Başqa bir tərəfdən isə İranın İsrailə qarşı düşmənçiliyinin filmə təsiri olsun.

Yəhudilərdən fərqli olaraq xristian din xadimləri yeni peyğəmbərin doğuluşunu sevinclə qarşılayırlar. Keşiş dəvə karvanının üstündən ayrılmayan buludu görəndə ordakıların arasında gələcək peyğəmbərin də olduğunu anlayır. Karvanla gələnlərə ziyafət verir, Əbu Talibi kilsəyə dəvət edir və müqəddəs kitabı açaraq İsanın sonuncu qurtarıcı haqqında dediklərini ucadan oxuyur. Bu vaxt kilsənin qapısı taybatay açılır və Məhəmməd bu sözlərin fonunda kilsəyə daxil olur. Filmin ən təsirli yerlərindən biri də bu səhnədir.

Məncə Məcidi Həmzə rolunu bu qədər qabartmamalı idi. Xüsusən onun filmin əvvəlində göstərilməsi tamaşaçıya “Çağırış” filmindəki Həmzəni, daha dəqiqi məşhur aktyor Entoni Kuinin yaratdığı obrazı xatırladır. Kuin Həmzə obrazına elə bir möhür vurub ki, heç zaman unudulmayacaq. Məhz buna görə də filmin əvvəlindəncə Həmzəni göstərməmək (özü də qara geyimdə) gərəkdi.

Filmin heç bəyənmədiyim yeri “Fil döyüşü” hissəsi oldu. Bildiyimiz kimi Fil döyüşü zamanı əbabil quşları göydən Əbrahanın qoşununun üstünə yanar daş atırlar. Adətən bu səhnələr qrafik üsulla həll edilir və çox baha başa gəlir. Yəqin büdcəsi 40 milyon dollar təşkil edən filmdə (İran kinosunun ən bahalı filmi!) bu səhnəyə daha çox vəsait xərcləmək mümkün olmayıb. Ona görə də quşların göydən daş yağdırması səhnəsi süni təsir bağışlayır. Vizual poetikaya önəm verən filmdə qrafik həll o saat nəzərə çarpır.

Məcidi “Məhəmməd - Allahın elçisi”ni çəkərkən tarixçi və arxeoloqlardan ibarət qrupla birgə fəaliyyət göstərib, tarixi faktlara mümkün qədər sədaqətli qalmağa çalışıb, o dövrü olduğu kimi təqdim etməyə səy edib. Bütün bu cəhdlərlə birlikdə “Məhmməd-Allahın elçisi”nə yalnız tarixi və ya dini film demək olmaz. Ola bilsin başqa bir rejissorun kamerasında bu ancaq tarixi film olardı, Məcidi isə filmi tarixilikdən çıxarıb ona öz dəsti-xəttini əlavə edib və nəticədən ortaya nağıl kimi bir film çıxıb.

Böyüyəndə peyğəmbər olacaq uşaq haqqında film.

07.06.2017

# 4029 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
# # #