Əsərləri diplomatik hədiyyə kimi verilən xalçaçı-rəssam

Əsərləri diplomatik hədiyyə kimi verilən xalçaçı-rəssam
22 oktyabr 2025
# 13:30

22 oktyabr Xalq rəssamı Kamil Əliyevin doğum günüdür.

Kulis.az bu münasibətlə xalçaçı-rəssamın həyat və yaradıcılığı haqqında maraqlı faktları təqdim edir.

Kamil Əliyev 1921-ci il oktyabrın 22-də Qərbi Azərbaycanda, Ermənistan SSR-in mərkəzi İrəvan şəhərində anadan olub. Anası Xanım, atası Müseyib kişi olub.

Əldə olan məlumatlara görə, K.Əliyev görkəmli ictimai və elm xadimi Əziz Əliyevin bibisi Gülsüm xanımın nəvəsidir.

İrəvanda 1905-ci il qırğını dövründə taleyinə qaçqınlıq düşən Müseyib kişi ailəlikcə əvvəlcə Gəncəyə köçüb, sonra bir il Türkiyədə Qarsda yaşayıb.

Vəziyyət nisbətən sakitləşəndən sonra onlar yenidən doğma İrəvana qayıdıblar. Ağrılı-acılı illər gələcək rəssamın uşaqlıq yaddaşına xüsusi iz salıb.

1930-cu illərdə K.Əliyevin ailəsi Bakıya köçüb və şəhərin Çəmbərəkənd məhəlləsində yaşayıb.

1936-cı ilin sentyabr ayında anası onu Bakı Rəssamlıq Məktəbinə, tanınmış rəssam Əzim Əzimzadənin yanına aparıb.

Məktəbə qəbul edilən Kamil Əliyev 3 il burada dekorasiya şöbəsində təhsil alıb və müəllimlərinin məsləhəti ilə oxuya-oxuya "Azərxalça" Birliyində eksperimental laboratoriyada köçürücü rəssam kimi işləməyə başlayıb.

Kamil Əliyev Böyük Vətən müharibəsində iştirak edib, 22 orden və medalla təltif edilib.

Texnikumu bitirdikdən bir il sonra İkinci Dünya müharibəsi başlayıb. Gürcüstanda 3 aylıq hərbi hazırlıq məktəbi keçdikdən sonra o, ön cəbhəyə, birinci Belarus cəbhəsinə göndərilib.

Polşanın azad olunmasında iştirak edib və Berlinə qədər odlu-alovlu cəbhə yollarından keçib.

Bir neçə dəfə yaralanmasına baxmayaraq, cəbhəni tərk etməyib. 1945 - 1946-cı illərdə Almaniyada keçmiş Sovet ordusunun tərkibində hərbi xidmətdə olub və 1946-cı ildə ordudan tərxis olunaraq vətənə qayıdıb.

Rəvayət olunur ki, rəssam rəng tonlarını heç vaxt yazmaz, yaddaşında saxlayarmış. Deyirlər ki, o, bir dəfə altı ay fasilədən sonra başladığı xalçanın eyni tonlarını dəqiqliklə davam etdirib.

O, Bakı Bədii Rəssamlıq Fondunda çalışarkən fil sümüyündən, qızıldan, gümüşdən onlarla orijinal əntiq əşyanın, gümüş dolça, çaydan, armudu stəkan dəstlərinin bədii tərtibatçısı, rəssam müəllifi kimi özünü təsdiqləyib.

Rəssam dostları onu “xalçanın poeziyasını yazan adam” adlandırıb.

İlk portret-xalçasını 1958-ci ildə böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyinə həsr edib.

Daha sonra həmin tablo çox uğurlu olub və bu, rəssamı İmadəddin Nəsimi və Nizami Gəncəviyə həsr edilmiş tablolar yaratmağa həvəsləndirib.

Bir müsahibəsində deyib: "Xalça mənim üçün torpaq kimi müqəddəsdir. Hər ilməsində bir insan nəfəsi, bir tarix yatır.”

İmadəddin Nəsiminin 1973-cü ildə UNESCO-nun xətti ilə qeyd edilmiş yubileyindən yadigar qalan, diqqəti cəlb edən işlərdən biri də məhz onun xalça üzərinə nəqş etdiyi “Nəsimi” əsəri olub.

Kamil Əliyevin türk xalqının böyük oğlu Atatürkə həsr etdiyi portret-xalısı tam başqa ovqatlı bədii üsluba malikdir. Bu əsər Kamil Əliyevin ən böyük sənət uğurlarından sayılır.

Turqut Özal, Süleyman Dəmirəl, eləcə də, neçə-neçə başqa dövlət, elm və mədəniyyət xadimləri bu xalçanı çox yüksək qiymətləndirib, Kamil Əliyev sənətinə böyük hörmətlərini, ehtiramlarını bildiriblər.

Onun əsərləri diplomatik hədiyyə kimi də istifadə olunub - Sovet dönəmində xarici qonaqlara onun rəsmləri təqdim edilib.

Rəssam incəsənətimizi yüksəklərə qaldıran, onu öz əsərləri ilə daha da zənginləşdirən görkəmli şəxslərdən biridir. Onun əsərləri Paris, London, Tokio, Dehli, Ankara, İstanbul, Tehran, Moskva, Kiyev və başqa şəhərlərin nüfuzlu muzey və qalereyalarda saxlanılır.

K.Əliyev 1985-ci ildə Hindistanda yaradıcılıq səfərində olub, “Hindistan”, “İndira Qandi”, “Rabindranat Taqor” əsərlərini yaradıb.

Onun əsərləri Misirdə (1975), İtaliyada (1982), Hindistanda (1985–1987), İranda (1992), Türkiyədə (1992), Səudiyyə Ərəbistanında (1995), İsveçrədə (1988), Amerika Birləşmiş Ştatlarında (1998), Almaniyada beynəlxalq və fərdi sərgilərdə nümayiş etdirilib.

Kamil Əliyev 1996-cı ildə “Azərxalça” İstehsalat Birliyinin müdiri vəzifəsində çalışıb. 1998-ci il sənətkar üçün əlamətdar hadisələrlə zəngin olub.

Həmin ilin martında Cenevrə şəhərində 136 ölkənin iştirakı ilə keçirilən beynəlxalq sərgidə Azərbaycan xalçasına “Ən keyfiyyətli ticarət markası” verilib. Həmin ilin iyul ayında K.Əliyev “Qızıl Amerika” mükafatına layiq görülüb.

Görkəmli xalçaçı-rəssam Kamil Əliyev 2005-ci il martın 1-də dünyasını dəyişib.

# 112 dəfə oxunub

Oxşar xəbərlər

İmpressionizmlə kubizm arasında... - Pikasso niyə  “Biz Sezanın uşaqlarıyıq” deyirdi?

İmpressionizmlə kubizm arasında... - Pikasso niyə “Biz Sezanın uşaqlarıyıq” deyirdi?

16:22 22 oktyabr 2025
"Yazıçı özünün instituta çevrilməsinə yol verməməlidir..." - Sartr  Nobel mükafatından niyə imtina edib?

"Yazıçı özünün instituta çevrilməsinə yol verməməlidir..." - Sartr Nobel mükafatından niyə imtina edib?

11:30 22 oktyabr 2025
Ağaclarla danışan dahi - Onu niyə İslamı müdafiə etməkdə günahlandırırdılar?

Ağaclarla danışan dahi - Onu niyə İslamı müdafiə etməkdə günahlandırırdılar?

15:30 21 oktyabr 2025
"Yazmaq mənim üçün dua etməyin bir formasıdır" - Frans Kafka haqqında maraqlı faktlar

"Yazmaq mənim üçün dua etməyin bir formasıdır" - Frans Kafka haqqında maraqlı faktlar

17:00 20 oktyabr 2025
Artür Rembo nə üçün Tanrı ilə bağlı şeirləri “şər” adlandırırdı?

Artür Rembo nə üçün Tanrı ilə bağlı şeirləri “şər” adlandırırdı?

15:50 20 oktyabr 2025
Şərq intibahı: Doğrular və Yalanlar  - Aydın Talıbzadədən yeni ARAŞDIRMA

Şərq intibahı: Doğrular və Yalanlar - Aydın Talıbzadədən yeni ARAŞDIRMA

12:00 19 oktyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər