Mənə ismarış gəldi: artıq adam arasına çıxa bilərəm! - Bircə yazır...

Mənə ismarış gəldi: artıq adam arasına çıxa bilərəm! - Bircə yazır...
23 iyul 2021
# 09:01

Kulis.az Bircənin “Türk dostuma rəngli məktublar” silsiləsini təqdim edir.

Boz məktub

əvvəli burda

Boz dağların arasına sığınmış boz buludlu, boz üzlü şəhərimdən tarixlərin ağırlığını çəkən hüznlü İstanbula salamlar olsun!

Bozaran dan yeri gecəylə gündüzün arasından boylanır. Ana Xəzər bozarmış sularını soyuq bir qəzəblə boz qayalı sahillərinə, qumlu yatağına çırpır, milyon il yırğalandığı beşiyindən çıxıb, qoynunda bəslədiyi övladların qalasına, səngərinə çevrilmiş dağlara sarı sürünmək istəyir.

Bir ay olar dünyaya boz pəncərə arxasından baxıram, əllərim payıza uzanıqlı qalıb. Payız mənim ana bətnimdi, mən payızdan doğulmuşam. Yer üzünə payız yağışıyla enmişəm, payızın boz dumanı bələyim olub.

Evimin mərtəbəsindən boz-bulanıq günlərdə ora-bura vurnuxan, sağa-sola çovuyan boz sifətli, boz baxışlı adamları seyrə dalıram. Elə bil hamısı həyata bağlandığı zənciri qırıb harasa qaçmaq istəyir. Fəqət dartıldıqca uzansa da, zəncir qırılmır, axır hər kəs hərlənib-fırlanıb yenə boz ömrün girdabına, yatabına qayıdır.

Bir yanda xəstəlik, ölüm qorxusu, bir yanda güc-qüdrət, qələbə təşnəliyi. Bir yanda taclı virus, bir yanda Qarabağın tacı Şuşa. İkisinin arasında bomboz neytral zona. O zonadan kimin hankı səmtə göndəriləcəyi, kimin bəxtinə hankı rəngin düşəcəyi bəlli deyil...

Ablam, mənim ömrüm rənglər monastırına çox tez çəkildi, al-əlvan rənglərlə tez vidalaşdım. Ömrümün gözəl çağlarını o monastırda rahibəlik eləməklə çürütdüm. Həyatım neçə kərə tarmar olub dağıldı, yurdum-yuvam xaraba qaldı, ellərim eldən-elə, yurddan-yurda sürüldü.

Xocalı yasına batdıq. Ondan əvvəl də, sonra da matəm matəmə qarışdı. Bu ölkədə aylarla bir kimsənin üzünün gülmədiyi, gülüşün, təbəssümün haram bilindiyi dönəmlər oldu...

Heç yadımdan çıxmaz – rəfiqəm olan iş yoldaşımla geyim-kecim almağa getmişdik. Dükanda portağal rəngli bir palto gördüm. Geyinib yoxladım, elə bil əynimə biçilmişdi. Pulumu çıxarıb alım deyəndə rəfiqəm üzümə sözlü-sözlü baxdı. Gözlərinin dediyini dərhal anladım – üç gün əvvəl düşmən atıcısı Zəhra adlı körpəmizi nənəsinin qucağında qanına boyamışdı. Ölkə, millət hələ sarsıntıdan ayılmamışdı.

Üzümə gülən paltoya qayıdıb bir də baxanda utandım, elə bildim o körpənin qanı sıçradı üstümə. Narıncı paltonu boz paltoya, qırmızı qoftanı boz qoftaya dəyişib dükandan çıxdım.

Rənglərin rahibəsi oldum – qorxdum, utandım, çəkindim parlaq rənglərə bürünməkdən...

Nənəm deyərdi, kainat bərqərar olanda yer üzü bomboz imiş. Boz dağlar, boz çöllər, boz səhralar... Dünya hələ rənglənib boyanmayıbmış. Bombolomboz toz dumanı yeri-göyü bürüyübmüş.

Cənnət çayı deyilən bir suyun qırağında boz daşlar bir-birinə söykənib dincəlirmiş. Bu zaman yeddi rəngli qurşaq bağlayan Fatma anamız göy üzündə saçlarını tumarlayırmış. Saçından ayrılan tellər suyun qırağında yatışan boz daşların üstünə düşürmüş. Düşdükcə daşın biri yaşıl, biri qırmızı, biri sarı... boyanırmış. Beləcə-beləcə sevib-sevmədiyimiz rənglər yaranırmış.

Günün birində bütün rənglər adını, rəngini qapıb insan övladının üstünə qaçır. Yorulub yuxuya getmiş boz ayılanda görür ki, ətrafında min bir çalar, min bir boyaq oynaşır. Boz ağlayır, asi düşür, Fatma anaya yalvarır:

- Nolar, məni belə boynuburuq qoyma, mənim də üstümə saçından bir tel qopar at.

Rənglər anası bozu kiridib deyir:

- Qorxma, sən də gözəl, möhkəm, yenilməz olacaqsan. Sənə bozqurdun qeyrətini, çaqıl daşların sərtliyini verəcəm.

Boz yenə üsyan eləyir:

- Mən bir gülün, çiçəyin ləçəyinə qona bilməyəcəm, rəngimdə meyvə olmayacaq, insan oğlu məndən qaçacaq.

Fatma ana yenə ona təskinlik verir:

- Bozatdan, bir də bozqurddan muradını alacaqsan. Adın dillərə, dastanlara düşəcək. Bütün rənglər sənə həsəd aparacaq...

Boz rənglə bağlı nənəmdən eşitdiyim bir əfsanəni də danışım.

Quşlar hamısı bir yerə yığışıb özlərinə padşah seçmək istəyirlər. Özünə gözəl rənglərdən don biçdirmiş tutuquşu deyir:

- Qalxıb göyün üzündə uçacağıq. Hamıdan yüksəkdə uçan quş bizim şahımız olacaq.

Quşlar ayağını yerdən üzür, ən yuxarı qartal qalxır. Bu zaman onun qanadları arasında gizlənmiş xırdaca boz cırt-cırt quşu gizləndiyi yerdən çıxıb qartaldan yüksəkdə uçmağa başlayır. Quşlar əlacsız qalıb cırcıramadan bir az böyük cırt-cırt quşunu padşah elan eləyirlər.

Yerə encək kolluqda gizlənmiş bozqurd xırdaca qanadlarını açıb şeşələnə-şeşələnə yeriyən düymə boyda quşu happ eləyib dişinin altına atır:

- Sənin o boyda qartala xain çıxmağına razı ola bilmərəm, - deyir. - Bir tikə boyunla bozun adını batıra bilməzsən.

Bozqurd cırt-cırt quşunu yeyib, qartalın adını özünə qaytarır. Odu ki, daha yer üzündə bu adda quş yaşamır...

...Boz məktubu bitirər-bitirməz karantin mərkəzindən mənə ismarış gəldi: artıq adam arasına çıxa bilərəm!

Bu xoş xəbərin ardınca Şuşanın azad olunduğu müjdəsini də aldıq. Bamsı Beyrəyin Boz ayğırının, Koroğlunun Qır-boz atının, Nəbinin Boz köhləninin kişnərtisi qulaqlarımı batırdı. Ergenekondakı Dəmir dağın üstündən üzü Qarabağa boylanan Bozqurdun ulartısı qanımın bütün hüceyrələrini oyatdı.

Bütün xalqlara, bütün yerlərə, bütün rənglərə azadlıq! Millətimiz bir də heç vaxt əyilməsin, sınmasın! Fatma ananın şahpəri qiyamət gününə qədər şəhidlərimin üstündə olsun! Ocağımız bir də heç vaxt sönməsin!

08.11.2020

# 3775 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
# # #