Gəlin köçdüyüm evin qaranlıq küncündə... -  Bircə yazır

Gəlin köçdüyüm evin qaranlıq küncündə... -  Bircə yazır
9 iyul 2021
# 09:01

Kulis.az Bircənin “Türk dostuma rəngli məktublar” silsiləsini təqdim edir.

Mor məktub

Əvvəli burda

Sağ əlimlə sol biləyimdən asdığım sistemin altındaca mor qanadlı xəyallarım uçuşur. Dərman damarlarıma yayıldıqca gözümə şirin yuxu dolur. Ancaq yuxumu qovub başımı ayazıdıram, yatmaq istəmirəm. Yatıb yuxuda ölməkdən qorxuram.

Yenə xudru-təkəm, xudru-tənhayam. Hər gün yaxından-uzaqdan tanıdıqlarımın ölüm xəbərini alıram. Əcəb burulğana düşmüşük. İnsan oğlu əcəliylə meydanda təkbətək qalıb. Nə bir yuyub təmizləyəni, nə oxşayıb əzizləyəni var. Əzizinlə ölümün arasına girə bilmirsən, doğmalarının son nəfəsinə çata bilmirsən, ölənlərini torpağa urvatlı tapşıra bilmirsən. Modern silahın aldığı canları yasaq mal kimi büküb-bürmələyib oğrun-oğrun qara yerə gömürlər.

Belə ölməkdən qorxuram. Ayrı vaxt udmağa ərindiyim dərmanları ovuc-ovuc atıram. Qanıma qarışan dərmanların təsiri azalanda atlı mor qarışqalar cəmdəyimi kəpənək ölüsü kimi sürüyüb harasa aparırlar. Əlimi-qolumu dəbərtməyə heyim-hərdəmim olmur. Qarışqa sürüsünün məni sürüməsindən bir az da zövq alıram – virusa can verməkdənsə qoy canımı qarışqalar daşıyıb didsin.

Durub üzümü-gözümü buz kimi suya çəkirəm, köhnə əyyamdan qalma bənövşəyi yaylığımı sandıqdan çıxarıb, iynələrin şadaraya döndərdiyi yaralı qoluma dolayıram. Kim bilir, bəlkə bu məktub son məktubumdu, bəlkə bu naməni yazıb bitirməmiş ciyərimə lağım atıb özünə yuva qurmuş əjdaha nəfəs arxımın suyunu qurudacaq?

Ancaq Allah istədiyi dananı qurd yeməz, deyiblər. Bu umudla gözümü biləyimə sarıdığım yaylığa zilləyib, mor dünyaya səyahətə çıxıram...

Sovetin dəmir pərdəsi yeni yırtılmışdı. Türk filmləriylə, mahnılarıyla dolu mor lentli videokasetlər şəhərdən-kəndə hər yerə yayılmışdı. Türkan Şoray, Şaban, İbrahim, Hülya, Zəki Müren, Orxan Gəncəbay, Müşərrəf Akay, Sibel Can... sevinc, dərd ortağımıza, evimizin doğma sakinlərinə çevrilmişdi. Dillər, ləhcələr, ölkələr arasında doğmalığı yaxından izlədikcə itkin əzizlərimizi, qohumlarımızı tapmış kimi sevinirdik, özümüzü arxalı, qollu-budaqlı sanırdıq.

Sizin dilinizdən mor sözünü də elə o vaxtlar eşitdim. Sovet vaxtı Azərbaycan ədəbi dilində bu rəng bənövşəyi kimi qeydə alınmışdı. Ancaq bizim eldə-obada bənöyüş kəlməsiylə yanaşı mor da gen-bol işlənərdi. Elə bu gün də işlənir.

İnəklərimizin hər birinin ayrıca adı olardı. Qarnı bozumtul, boynu bənövşəyi inəyin adını nənəm Morgül qoymuşdu. Maraqlıdı, inəyə-danaya deyilsə də, qoyun-quzu bu sözlə nişanələnməzdi – bənöyüş qoyun, bənöyüş quzu, bənöyüş qoç deyərdilər. Qara-qırmızı rəngdə bar verən tuta bizlərdə mor tut deyilir. Elə moruq sözü də həmin kök üstə bitib...

Bizdə mor deyiləndə ağıla ilk bənövşə gəlir. Qarabağda bənövşə lap erkən açır, Novruz payının yanına qoyulur.

Mor rəng mənim ruhumun boyağıdı. Ən sevimli geyimlərim, ən istəkli əşyalarım mor rəngdə olub. Özümə bu rəngdən kiçik bir planet qurmuşam. Otağımın divar kağızlarından tutmuş pərdələrinə, çarpayımın örtüyünə, abajuruma qədər hamısı mor boyanıb.

Züleyxa nənə dediyimiz qonşumuz vardı, bağçasında mürəbbəlik güllər pıtraq kimi bitərdi. Yel vurduqca o güllərin ətri dalğalanıb qonşu həyətlərə yayılardı. Biz Züleyxa nənənin qapısına su daşıyardıq, ocağını qalayardıq, o da yaylığımızın arasını mürəbbə gülləriylə doldurardı. Nənəm o güllərdən gülab çəkərdi, gülqənd bişirərdi, ləçəklərini qurudub qulaq yastıqçalarının içinə döşəyərdi.

Yaz ağzı düzlərdən, su qırağından, kol dibindən topladığımız bənövşədən dəstə tutardıq. Dəstələri torbalara yığıb bevaris, yəni övladı olmayan qoca-qarıların qapısına atardıq. Nübara çatan qocalar torbalarımızı qoz-fındıqla, kişmişlə, nanəli konfetlə doldurub özümüzə qaytarardılar.

Nənəmiz bənövşəni də qurudub bapbalaca qulaq yastıqlarının içinə doldurardı. Gecələr o yastıqçaları üzünün altına qoyub yatan biz nəvələr bənövşə qoxulu mor yuxular görərdik. Sevdalı cavanlar sevgi məktublarına bənövşə bükərdilər. Bənövşənin ətriylə rəngi sevgilinin ürəyinə yol tapmaq üçün yarışa girərdi.

İndi bənövşə qoxulu kolların dibi səngərə çevrilib, silahların şaqqıltısı qış yuxusuna getmiş ürkək bənövşələri səksəndirir. Əsgər dabanlarında göyə sovrulan torpağın hər zərrəsində bir bənövşə toxumu gizlənib. İnşallah bənövşələrimiz ölüm yuxusuna getməz, yaz başı yenə ayılıb utancaq-utancaq üzümüzə gülümsəyər. Əsgərimin ayaqları altından yenə mor çiçəklər göyərər. Onda mən sizə Qarabağın dağlarından bənövşə payı tutaram...

Ablam, gəlin köçdüyüm evin uzaq, qaranlıq küncündə köhnə bir sandıq vardı, qaynatamın anasından qalmışdı. O sandığın ağzı hər açılanda pişik kimi marığa yatırdım. Bir sandığa nələr sığarmış – Xorasan şalı, Təbriz ipəyi, İsfahan qumaşı, Buxara xarası, qızıl, gümüş kəmərlər, boyunbağılar, bilərziklər, üzüklər, daha nələr, nələr...

Sandıqdan neçə yüz illik tarixin qoxusu gəlirdi. Evdə ikimiz olanda, açarı alıb oradakı əşyalarla uşaq kimi oynardım. Kəmərlər belimdən düşərdi – arıq idim, hələ ətə-qana dolmamışdım. Üzüklər barmağımda laxlardı, bilərziklər biləyimdə durmazdı, şəvələr yaxama ağırlıq elərdi.

Kişi təkcə sandığın dibindəki bənövşəyi bükülüyə əl vurmağa qoymazdı. O bükülünü özü açardı – bu da ola bir canamaz. Üzü mor qirbişindən, astarı yaşıl qumaşdan tikilmiş dördkünc canamaz, arasında da iri bir möhür. Mahmud əmi o dəsmalı öpüb alnına qoyardı, ciyəri dolusu qoxulayıb gözlərini yumar, uzaqlara gedərdi. Sonra yenə canamazı büküb sandığın dibinə qoyub qapağını bağlardı.

Bir gün qaynatam getdiyi yerdən çox pərişan qayıtdı. Dinməz-söyləməz özünü sandıq olan otağa verdi. Mən həmin otağa girəndə başı dəmir xonçalı qədimi çarpayının üstündə kişinin əzizlədiyi mor yaylığı cüt sərili gördüm. İrəli dürtülüb canamazları əlimə aldım:

- Axı bundan bir dənəydi, - soruşdum, - o biri haradan çıxdı?

Oğlumun babası gözünün yaşını saxlaya bilmədi:

- Türkiyədən qonaq gəlmişdi, getmişdim ziyarətinə. Bu dəsmalı da o verdi mənə.

Sevincdən atılıb-düşdüm:

- Ay Mahmud əmi, belə çıxır dayınız sağdı?

- Yox, ay Bircə, yaylıq mənə çatıbsa, demək, dayım artıq bu dünyada deyil.

- Nədən bilirsiz?

- Bu canamazdan anam üçünü tikmişdi. Birini özünə saxlamışdı, ikisini də qürbətə gedən cavan qardaşlarının cibinə qoymuşdu. Onlara tapşırmışdı ki, başınız bir dərdə düşsə, bu dəsmalı quş qanadında mənə yollarsız. Sağ qalsanız, cibinizdə gələcək, yaylıq üstümə göndərilsə, biləcəm ki, artıq başınız əldə deyil... Anam dayılarımdan sonrakı ömrünü dördgöz yaşadı. Qapıya gələn hər yad qonağın əlinə baxdı, gətirdiyi payı eşələdi. Mor yaylığı görmədikcə sevindi, qol götürüb oynadı.

Sinəsi fələyin hər boyaqlı oxundan dadmış qaynatam bir cüt mor yaylığı bir-birinə qatdı, yaylıqları bir cüt gözünə sıxıb ağladı, qoxuladı. Üç gün otağından eşiyə çıxmadı. Dördüncü gün pilləkənin başında durub dedi:

- Aparıram yaylıqları anamın yanında basdıram. Mən gəlincə Kalvayı Sadıq oğlu Səmədin adına bir halva çal. Allah eləsin mən ölənə qədər üçüncü yaylıq üstümə gəlməsin...

Görürsüzmü, ablam, mor da ömrümüzə həm şadlıq, həm hüzn rəngi kimi yaxılıb. Demək, hər bir rəng həyatın bütün hikmətlərini, bütün sifətlərini özündə cəmləşdirən bir güzgüdü. Allah sizləri rənglərin tərs üzündən qorusun!

O güzgüdə sizi daim xoşbəxt görmək arzusuyla...

04.11.2020

# 4507 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
#
#
# # #