Cavan ölsəm, ellər məni ağlasa... - Ülvi Bünyadzadənin şeirləri

Cavan ölsəm, ellər məni ağlasa... - Ülvi Bünyadzadənin şeirləri
20 yanvar 2026
# 15:00

Kulis.az şair, publisist, 20 Yanvar şəhidi Ülvi Bünyadzadənin şeirlərini təqdim edir.

VƏTƏN ÜÇÜN ÖLMƏLİYİK


(sinif yoldaşlarıma)

Biz öz ömür sazımızda
“Dilqəmi”ni bilməliyik.
Leylimizin ürəyini
Məcnun kimi sevməliyik.

Bisütunu biz də yaraq,
Çənsiz Çənlibellər quraq.
Sazımızda ağlayaraq,
Biz həyatda gülməliyik.

Döyüşlərdə yoğrulmuşuq,
Gələcəyə qaranquşuq.
Həyat üçün doğulmuşuq,
Vətən üçün ölməliyik!

MƏN QORXMURAM UZAQ YOLA ÇIXMAQDAN

Mən qorxmuram uzaq yola çıxmaqdan,
Bu yolun,
şaxtasından, soyuğundan mən qorxmuram.
Mən qorxmuram uzaq yola çıxmaqdan,
Bu yolun,
acısından, ağrısından,
«Ölüm» adlı yuxusundan mən qorxmuram.
Yollar saysız,
Yollar sonsuz,
Yollar ötür,
Dünənimdən,
bu günümdən, sabahımdan
ötür keçir.
Mən qorxmuram uzaq yola çıxmaqdan,
Çünki,
dünyadakı bütün yollar,
Anamın təndir evinin qabağından
ötür keçir.
1989

***


Sən
mənim adıma
rast gəlməyibsən.
Adsız uyuyuram bu qərib yerdə.
Sənə deməyəcəyəm
heç adımı da.
Məni diri bilib,
Gözləyir anam.
Demə!
Qoy gözləsin,
dözməz bu dərdə.
Görürəm
qəbrimin içi yaş olur.
Deyəsən, ağlayır anam xəlvətcə.
Girmir heç olmasa yuxuma –
deyəm, ağlama, ay ana,
mən çox yaxşıyam.
Səndən narahatam,
Niyə hər gecə çıxıb
qaranlıqda yola baxırsan?!
Niyə vaxtsız yatıb,
vaxtsız qalxırsan?!


***


Qardaş da yoxdur ki, ona tapşırım.
Bəlkə ... sən olasan ...
Mənim qardaşım.
İndi ki,
Razısan,
Onda get bizə
Ovut anamızı, sən mənim başım.


QOCALMAZ, SEVGİ QOCALMAZ

Sevgi dolu, kədər dolu,
Aylar, illər ötür keçir.
Özümüz də heç bilmədən,
Ömrümüzdən ömür keçir.

Cavanlaşır balacalar,
Qocalansa cavanlardı.
Bu dünyada qocalmayan,
Eşq yolunda yananlardı.

Qocalmaz, sevgi qocalmaz,
Ürək, ümid qocalmasa.
Qocalmaz, sevgi qocalmaz,
Onu qocaldan olmasa.

HEYİF Kİ...

Ürəyim sevməyir, sevməyir səni,
Günahı gözümdə görürəm yalnız.
Hər dəfə qarşıma çıxanda, məni
İzinsiz özümdən alırsan, ay qız.

Ürəyim deməyir gözüm deyəni,
Baxma ki, eşqini gözündən alıb.
Bəlkə də sevərdim, ay gözəl, səni,
Heyf ki, ürəyim erkən ovlanıb...

***

Ürəyim dərdlidir, halım pərişan,
Dayanmır gözümün yaşı bu axşam.
Pəncərəm önündə titrəyən ay şam,
De, məni anırmı heç o vəfasız?

Yol çəkir gözlərim, kimi gözləyir,
Yolları qaranlıq gecə gizləyir,
Bu dərdə, sitəmə ürək dözməyir,
O yoxdur, o gedib, qalmışam yalqız...
De, məni anırmı heç o vəfasız?

İndi özgəsinin sığal yeridir,
Mənim oxşadığım o qulac saçlar...
İndi özgəsinin öpüş yeridir,
Sevdiyim o gözlər, o çatma qaşlar.

Pəncərəm önündə titrəyən ay şam,
Keçmiş günahlar tək, keçmiş səhvlər tək,
De, məni anırmı heç o vəfasız?
Yadına salırmı heç o vəfasız?..

Yox, yox, yox, aldatma mənim sevgimi ,
Daha xatırlamaz bir də o məni...
O məni sevmədi, sevsin özgəni,
Bilim ki, sevdiyim sevmək bacarır.


16. 04. 1987-ci il

***

Qolum sınsa, gözüm çıxsa yolunda,
Həkim olsan, bağlamazsan, eləmi?
Cavan ölsəm, ellər məni ağlasa,
Sən yas tutub ağlamazsan, eləmi?..

İyul, 1986-cı il


# 1980 dəfə oxunub

Oxşar xəbərlər

Həyat yoldaşına tablolar həsr edən sənətkar  - Çarlz Blekmanın məşhur əsərləri

Həyat yoldaşına tablolar həsr edən sənətkar - Çarlz Blekmanın məşhur əsərləri

16:50 12 avqust 2026
Pabın qaranlığından səhnənin zirvəsinə... - Məşhur "Sultans of Swing" necə yarandı?

Pabın qaranlığından səhnənin zirvəsinə... - Məşhur "Sultans of Swing" necə yarandı?

14:25 12 avqust 2026
"Bu möhtəşəm günlərin qanlı köpükdən başqa bir şey olmadığını  bilirdim..." - Tomas Mannın "Almaniyaya məktub"u

"Bu möhtəşəm günlərin qanlı köpükdən başqa bir şey olmadığını bilirdim..." - Tomas Mannın "Almaniyaya məktub"u

12:00 12 avqust 2026
Damcıların xaosu, abstrakt inqilab... - Cekson Pollokun  məşhur əsərləri

Damcıların xaosu, abstrakt inqilab... - Cekson Pollokun məşhur əsərləri

14:00 11 avqust 2026
Raxmaninov melodiyası ilə insan tənhalığının vəhdəti   - Məşhur "All by myself"in tarixçəsi

Raxmaninov melodiyası ilə insan tənhalığının vəhdəti - Məşhur "All by myself"in tarixçəsi

13:30 11 avqust 2026
Cüzamlı uşaqlar,  rahiblərin nəzarətində çimənlər...  - "İşıq rəssamı"nın 3 məşhur əsəri

Cüzamlı uşaqlar, rahiblərin nəzarətində çimənlər... - "İşıq rəssamı"nın 3 məşhur əsəri

15:50 10 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər