Ağ fatayla girdiyin evdən ağ kəfənlə çıxacaqsan – Bircə yazır...

Ağ fatayla girdiyin evdən ağ kəfənlə çıxacaqsan – Bircə yazır...
16 iyul 2021
# 09:00

Kulis.az Bircənin “Türk dostuma rəngli məktublar” silsiləsini təqdim edir.

Ağ məktub

Əvvəli burda

Xəyalımın ağ qanadlı atını minib dənizdən dənizə adlayıram, insanlığın beşiyinə, qədim əcdadlarımızın qurduğu ağ çadırlara doğru çapıram. Burnundan qara tüstü çıxan bəyaz xəyal yelkənim Koroğlunun Qır-boz atından geri qalmaz. Nalından qığılcım qopan ağ qaşqalı, ağ səkilli Qarabağ atım məni bir anda Mesopotamiya çöllərinə çatdırır.

İnsanlığın beşiyi sayılan iki çay arasından on min il yaşı olan bir qucaq çobanyastığı – papatya yığıram. Sivilizasiyanı sağdan-soldan suvarıb toxumlarını dünyaya yaymış Dəclə-Fərat çayları məni eyninə almır. Sahillərində min illər ağ yüyrük qurub qundaqlayan, doğduğu ağ saqqallı müdrikləri dünyanın dörd bucağına göndərən ağ çalmalı Bəşər Anasına belə məhəl qoymur. Çayların işi geriyə baxmadan axıb getməkdi. Min illərdi bu çaylar öz yataqlarında nazlı gəlin kimi yırğalana-yırğalana döşündən dövlətlərə, sivilizasiyalara ağ süd əmizdirir.

Çobanyastığının bəyaz ləçəklərini yolub sağımdakı qədim çayın ağ köpüklü sularına axıdıram. Ağ ləçəklər suyun üzündə burula-burula axının səmtini bulduqca olan-qalan canımı da o ləçəklərin burulğanına qatıram. Çiçək gölündə üzə-üzə ömrümün ağ günlərinə nərdivan atıram...

Sısqa, zəifcə bir qızam. Atamın böyük qardaşıyla bir həyətdə yaşayırıq. Hələ aramızdan arx da axmayıb. İki qardaşın ailəsində doğulan ilk qız uşağıyam. Böyük əmimin səkkiz oğlu, mənimsə özümdən böyük dörd qardaşım var. Nənəm məni bu oğlan fabrikindən pambığı oddan qoruyan kimi qoruyur.

Arvadın başı cəhrəsinə, hanasına qarışanda özümü çölə atıram. Əmim aldığı ağ donu əynimə geyindirir, ağ bantları saçıma bağlayır. Qardaşlarım, əmim oğlanları fürsət düşən kimi məni çoxlu-çoxlu öpür, atıb-tuturlar. Yediyimi qusdurandan sonra ətəyimə şirni töküb qaçırlar. Dünya malına tamarzı nənəm (ölüncə sovet istehsalı olan bir neməti dilinə vurmadı) damağındakı qəlyandan bir qullab alıb məni qanlı-qanlı süzür. Hər işini yarımçıq qoyub ləyəni evin ortasına atır, əynimdəkiləri sıyırıb başımdan çıxarır. Kişilərin tikanlı saqqallarından qızarmış üzümü qart paltar sabunuyla sürtür, sabunun göynətdiyi balaca gözlərimdən axan yaşa məhəl qoymur. Başımdan su əndərdikcə deyinir:

- Deməmişəm qoyma səni öpsünlər?

- Ay nənə, axı mənə don alıblar, bant alıblar.

- Nolsun, nəsə alıblar deyə səni mütləq öpməlidilər?

- Axı onlar mənim qardaşlarımdı.

- Yenə də olmaz! Bunu birdəfəlik bil, - deyib qollarımı yüngülcə sıxır...

Bundan sonra bir müddət məni dindirməzdi. Nağıl gecəsindən qabaq lampa işığında bunları söylərdi:

- Qız, qadın namusunu gözünün ağı kimi qorumalıdı. O namus dediyin də sənin bantların kimi ağappaqdı. Ona bircə yol ləkə salsan, qırx dərədən su daşısan da o kiri yuya bilməzsən. Saçındakı bantları qoruduğun kimi iffətini də qoruyacaqsan. Böyüyəndə namusuna ağ gəlinlikdən don biçəcəksən. Ağ fatayla girdiyin evdən ağ kəfənlə çıxacaqsan...

Gün gəldi, mən ağ gəlinlik geyinməyə macal tapmamış fələk əzizlərimə ağ kəfən biçməyə başladı. İlk dəfə nənəm dünyadan köçəndə ölümlə aramdan tül pərdə götürüldü, ilk dəfə onda həyatın zarafat olmadığını, Əzrayılın da ağ elədiyini anladım.

Bir gün də gəldi, nənəm əvəzi, anam əvəzi bibim də həyata yenildi. Onda artıq ölüm məni çox sınağa çəkmişdi. Bibimə öz əlimlə ağ kəfən biçdim.

Abla, bibim mənim bu dünyada sülh göyərçinim idi. Həyatla savaşmaqdan yorulub-usananda, anam, ya qardaşlarımla sözləşəndə ağ bayrağımı qaldırıb özümü o göyərçinə yetirir, onun ağ qanadları altında dinclik tapırdım. Damarlarımın, sinirlərimin bütün ağrılarını bibim sümürüb canına çəkirdi. Onun sinəsindən qopanda dünyaya yenicə gəlmiş uşaqtək saf, çəkisiz olurdum.

Sinəsi bala, qardaş, ər dağlı bibimin ağ əndamını son kərə yuyatda gördüm. Bir-birimizə o qədər bənzəyirdik, bir anlıq elə bildim ölən özüməm. Əmim qızını geri itələyib bağırdım:

- Ay Allah, mən nə vaxt öldüm?

Yuyatdakılar məni havalanmış sandılar. Bibimin bacılığı hövüllənmiş canımı toxtatmağa çalışdı:

- Ay Bircə, ölən Tellidi, niyə çaşmısan?

Çaşmamışdım. Demək ki, bir canım da bibimdəymiş. Bəlkə də onun canı məndəydi, nə bilim?

Bibimin islaq bədənini qucaqlayıb nalə çəkdim:

Bu dağlar, uca dağlar,
Qar belin quca dağlar.
Ovçusu cavan ölmüş,
Maralı qoca dağlar...

Telli mamanın öldüyü birinci dəfə deyildi, ona qədər dönə-dönə ölmüşdü – övladlarının sünnəti günü dünyadan köçən əriylə, gülburnu ölən oğluyla, Orta Asiyada gorqərib olan qardaşıyla, nəhayət, atam oğlu Səməndərlə birgə ölmüşdü, axıra quru qəfəsi qalmışdı. Artıq o qəfəs bibimin iki dünya arasında sərgərdan dolaşan ruhunu gəzdirməkdən yorulmuşdu. Ruhu da, ulu Nəsimi demiş, o qəfəsi sındırıb, tazə gülüstan axtarışına çıxmışdı.

Yuyatda bibimin özümə oxşar cəsədini nə qədər qucaqladımsa canımdakı tonqalın bir qığılcımı sönmədi. Ağladım, yalvardım, saçlarını daradım... Qəsdən rituallara arxayın əməl eləyirdim, bir görməli olduğum işi beş dəfə görürdüm. Ağ kölgəli dinclik mələyimi ağ kəfənə bükməyə tələsmirdim.

Elə bilirdim səsimin yanğısı bibimi ayıldacaq. Yas evinin həyətində gözləyən qardaşlarım tələsdirməsəydilər, uşaq kuklasıyla oynadığı kimi bibimin cansız bədəninə hələ çox sığal çəkəcəkdim.

Əmimin Səhər qızı ağ kəfəni Telli mamanın üstünə atanda özümdən getdim. Bir müddət yerdən yüksəkdə, ağappaq dinc buludların arasında sərxoş-sərxoş dolaşdım. Ayılanda gördüm ki, məni yerə qaytaran qayığın ağ yelkəni cırıq-cırıq, şiltə-şiltə olub döyülmüş itin qulaqları kimi sallanır.

Bibimdən sonra illərin yığılıb qalmış ağrı-acısı canımda yuva qurub kök atdı, gün-gündən artıb törədi. Ağ bayrağım əlimə tikili qaldı, onu sancmağa bir dost-doğma yüksəklik, altına sığınmağa bir ağ qanad tapmadım...

Telefonumun zingiltisi məni ağ papatyalara qarışıb üzdüyüm Fərat çayının sularından, Mesopotamiyanın bəşər tarixinin əlifba kitabı kimi oxunan çöllərindən qoparıb yenidən dar qəfəsimə qaytarır. Olumla ölümün, ağla qaranın kəsişib rəngləri doğduğu yerdə avarsız, yelkənsiz qayıq kimiyəm. Pəncərəmdən dənizin bir qolca görünən parçası üzərində ağ qağayılar havaya ağ cığırlar salır. Dənizə göylərdən baxan qağayı olmaq istəyirəm.

Gəlin getdiyim evin həyətində yel vurduqca yarpaqları ağaran gümüş kölgəli qocaman qovaq ağacı vardı. Gecə yatmağa gedəndə budağının üstünə ağ yaylıqmı, ağ qoftamı, hər nəsə özümdən bir ağaran nişanə atıb gedərdim. Yerimi Tanrıya nişan vermək istəyirdim!

Əziyyətim boşa çıxmadı, illər boyu yellədiyim ağ bayraqlar bir gün Onun uca diqqətini çəkdi. Tanrı məni gördü, bir dəstə ağ qızılgüllə görüşümə gəldi. Başıma ağ çadır çəkib mənə yerimi göstərdi:

- Artıq yanındayam, - dedi, - heç nədən qorxma. Danış görüm indiyəcən haralardaydın?

O gündən mən danışıram. Danışdıqca yaralarım bitişir. Ömrümü üstümə tutulmuş ağ çətirin altında danışa-danışa başa vurmaq istəyirəm. Ülyahəzrət Həyat xanımdan bundan artıq umacağım yoxdu daha...

Görürsüzmü, neçə gündü sizlə danışa-danışa taclı virusun da başını qatmışam. O da tacını başından götürüb məni dinləyir. Artıq gülmək, sevinmək, atılıb-düşmək istəyirəm. Deyəsən yavaş-yavaş sağalıram.

Uzaqdan ağ günlər üzümə gülümsəyir. Bir qanadlı ağ at pişvazıma gəlir. Belə görürəm yeni həyat, yeni macəra, yeni nağıl başlanacaq.

Mən artıq hazıram, Tanrım!

Mən burdayam, İlahi!

06.11.2020

# 4254 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
#
#
# # #