25 ilini yerin altında keçirən Baba Pünhan

Baba Pünhan, qəzəlxan

Baba Pünhan, qəzəlxan

5 noyabr 2021
# 16:20

Bu gün mərhum qəzəlxan Baba Pünhanın doğum günüdür. Bu münasibətlə Kulis.az Mehdi Dostəlizadənin “Baba Pünhan – 73” yazısını təqdim edir.

Zarafat anlayışım olmasaydı, çoxdan intihar etmişdim.

Mahatma Qandi

Həyatının 25 ili metroda, yerin altında keçmişdi. Özü bunu xatırlayarkən, belə deyirdi: “yerin altını da bilirəm, üstünü də”. Onun Bakı metrosunda işlədiyi 25 il ərzində, hər gün eskalatorla yerin altına enib, daha sonra işini bitirib yerin üstünə çıxmasını, təxminən buna bənzədirəm: dəfinə ovçusu mədənin ən dərin qatlarına enir, ləl-cəvahiratla, qiymətli daşlarla yerin üstünə qayıdır. Bəlkə də, biz yerin altında nələrin yatdığından xəbərsizik, amma o buna yaxşı bələd idi; “yerin altını da bilirəm, üstünü də”.

Baba Pünhan, təkcə Bakı metrosunun tunellərindən xəbərdar deyildi, həm də cəmiyyətin ən alt qatlarına, xalq təfəkkürünün dərinliklərinə gedən yollara vaqif idi.

Azərbaycanlılar öz dərdlərini, problemlərini başqaları ilə bölüşməyi sevmirlər. Bizim süfrəmizdə ancaq qonaq gələndən-gələnə şirniyyat olur, biz video-zənglərə qoşulmaq üçün evimizin ancaq bir divarını təmir edirik, ən gözəl paltarlarımızı ancaq toya gedəndə geyinirik, xülasə, biz hər şeyi ancaq hər kəs olanda edirik ki, təklikdə necə dərdli olduğumuzu gizlədək, heç kəs bizə dərdlərimizə görə yuxarıdan aşağı baxmasın. Baba Pünhan isə bu kompleksdən azad idi. O öz dərdini bütün Azərbaycana göstərirdi, həm də göstərirdi ki, onun dərdi bütün Azərbaycandır.

Yaradıcılığında kədər göz yaşları ilə gülməkdən axan göz yaşları bir-birinə qarışmışdı. Bəlkə də, bizi dərdlərimizdən bir qədər uzaqlaşdırıb, azca da olsa güldürmək istəyirdi, bəlkə də, yox, dərdimizin necə gülməli olduğunu sifətimizə çırpırdı.

Həyatımız Baba Pünhanın şeirləri kimidir, nəyə güldüyümüz və nəyə ağladığımız bəlli deyil. Bu gün dişimiz ağrıyır, gecəni səhərə qədər yatmayıb zarıyırıq, səhəri gün yadımıza düşür, zarıyanda necə göründüyümüzü yadımıza salıb gülürük. Həkimə getmirik, müalicə axtarmırıq, qətiyyən düşünmürük ki, bu gün ağrıyan diş, sabah çəkilməyə məhkumdur.

Mənim fikrimcə, Baba Pünhan Azərbaycan qəzəlinin kulminasiya nöqtəsidir. Əsrlər boyu öz oxucusuna simvollarla, ay üzlü Leylilərlə, ay üzlü Leylilərin dərdindən divanə olan Məcnunlarla müraciət edən qəzəl, onun qələmi vasitəsilə bizə avtobuslarla, bazarlarla, şirvanlarla (pul vahidi), toylarla, yaslarla müraciət etdi.

Azərbaycan xalqı məhz onun yaradıcılığı sayəsində ərəb rəvayətlərindəki xəyali obrazlara, yan-yörəsi şirnikləndirici yalanlarla bəzədilmiş eşq macəralarına aid olmadığını, əslində, reallığa, acı həqiqətlərə, özü və xoşbəxtlik arasında sınıq-salxaq ayrılıqlara məxsus olduğunu gördü. Baba Pünhan qəzəli cavanlaşırdı, gənc Azərbaycana yeni üslub bəxş etdi, bu gəncləşdirmə əməliyyatını həyata keçirdiyi qısa müddətdə də qocaldı.

Baba Pünhan 55 yaşında öz sonuncu stansiyasına çatdı, qatarı tərk etdi, amma qatardan düşərkən əşyalarını götürməyi unutdu. Azərbaycan qatarı tarix relsinin üzərində çarx fırlatdıqca, onun satirası da bu qatarla birlikdə hərəkət edəcək. O getdi, həm Bakı torpağının altına, həm də Azərbaycan xalqının təhtəlşüuruna.

“Bir qonaq var, hər yerə pünhan gələr, aşkar gedər,
Gəlsə, Pünhan, salma hay küy, bu əcəldir, susginən!”

# 13576 dəfə oxunub

Oxşar xəbərlər

Ölən qızının robotunu düzəldib özüylə yatıran dahi - Fəlsəfənin "ata"sını kim zəhərlədi?

Ölən qızının robotunu düzəldib özüylə yatıran dahi - Fəlsəfənin "ata"sını kim zəhərlədi?

12:00 11 fevral 2026
Kefli İskəndərin gizli siması: xilaskar yoxsa qatil? - Cəfər Cabbarlı Mirzə Cəlilin əsəri haqqında

Kefli İskəndərin gizli siması: xilaskar yoxsa qatil? - Cəfər Cabbarlı Mirzə Cəlilin əsəri haqqında

10:00 10 fevral 2026
Dedi: Könlümdə o, gizlicə candır!  - Əlişir Nəvainin “Xəmsə”sindən Xosrovla Fərhadın deyişməsi

Dedi: Könlümdə o, gizlicə candır! - Əlişir Nəvainin “Xəmsə”sindən Xosrovla Fərhadın deyişməsi

17:00 9 fevral 2026
"Dəlisi ağıllı kimi, ağıllısı dəli kimi millətim heeey!"- “Səksənincilər" layihəsindən Əlisəmid Kürün  şeirləri

"Dəlisi ağıllı kimi, ağıllısı dəli kimi millətim heeey!"- “Səksənincilər" layihəsindən Əlisəmid Kürün şeirləri

12:00 8 fevral 2026
Sevgilisi ilə səyahətə çıxdığı qatar çaya düşdü, anasını bağışlamadı... - Arvadı niyə onun məktublarını muzeyə təhvil vermişdi?

Sevgilisi ilə səyahətə çıxdığı qatar çaya düşdü, anasını bağışlamadı... - Arvadı niyə onun məktublarını muzeyə təhvil vermişdi?

15:00 7 fevral 2026
“Misir Mərdanovun qohumuyam” deyəndən sonra universitetdə yaşadıqlarım - Bəhruz Tağızadə

“Misir Mərdanovun qohumuyam” deyəndən sonra universitetdə yaşadıqlarım - Bəhruz Tağızadə

10:00 7 fevral 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər