“Bura əvvəl cızbızxana idi” - FOTO

“Bura əvvəl cızbızxana idi” - FOTO
22 iyun 2011
# 10:00
Yəqin kitabı tanıyan onu da tanıyır. Sakit, pəsdən danışan, hər zaman özünəxas səliqə ilə geyinən Elman Mustafayev, ömrünün 44 ilini kitaba, kitabxanaya həsr edib. 1980-ci ildə açılan Bakı Kitab evinin ilk direktoru olub. Daha sonra Qız Qalasının yanında yerləşən kitab dükanın müdiri olub. 26 ildir həmin mağazada kitab satır. Deyir ki, mənim üçün kitabı oxucusuna çatdırmaq ən böyük zövqdür.

Evi “Təzə bazar”ın yanındadır. Hər gün piyada gəlir işə. Deyir, 25 dəqiqəlik yoldur...

- 1978-ci ilə qədər bu kitab mağazasının yerində cızbızxana olub. Sonra gecə burda yanğın baş verib (binanın ikinci mərtəbəsində də II Dünya müharibəsi veteranı olan bir xanım yaşayırdı), həmin dövrdə ideologiya üzrə MK-nın birinci katibi Həsən Həsənov böyük nümayəndə heyəti ilə gəlir, böyük qalmaqal qopur, çək-çevirdən sonra qərara gəlirlər ki, bu binada artıq cızbızxana işlətmək olmaz: bura ya gül dükanı olmalıdır, ya da kitab mağazası. Kitab mağazası fikrinin üzərində dayanırlar. 1978-ci ildən burada kitab mağazası fəaliyyət göstərir. İkinci mərtəbədəki xanım bir az şuluq xanım idi: hərdən cinləri oynayanda gəlirdi ki, sizin bu əlavə otaqlarda özümə vanna düzəldəcəyəm. Deyirdim, axı bu ərazi kitab mağazasınındır, sənin evin də ikinci mərtəbədədir...

Mən də 1985-ci ildən burda işləyirəm, burda işləmək mənə xoşdur. Çünki bura “İçəri Şəhər”də olan ən möhtəşəm abidələrin qovşağında yerləşir – Qız Qalası, sağında karvansaray, bir az yuxarıda Şirvanşahlar sarayı, Cümə məscidi. Həm də burda işlədiyimə görə müxtəlif ölkələrdən gələr qonaqlarla təmasda oluram, bu da mənim üçün çox maraqlıdır. Bu mağazanı alıcılar, oxucular çox sevirlər. Birincisi, mən Bakıda ən ucuz kitab satan kimi məşhuram. Mənim aləmimdə iki şey çox ucuz olmalıdır ki, adamlar onu əldə edə bilsinlər – bir çörək, bir də kitab. Yəni fiziki və mənəvi qida. Oxucular da bilir ki, bu mənim aforizmimdir.

Çox təəssüf ki, bu günlərdə bazar iqtisadiyyatı ilə əlaqədar yeni çapdan çıxan kitabların qiyməti çox bahadır, bu da müəyyən çətinliklər törədir. Amma kitabların keyfiyyəti də yaxşılaşıb, çox nəfis kitablar çap olunur. Məsələn, bu yaxınlarda Şəhriyarın miniatürlərlə bəzədilmiş gözəl albomu buraxılıb.

İndi oxucular da dəyişib, sovet dönəmində təmiz başqa cür idi. Sovet dönəmində sovet ideologiyasına xidmət edən kitablar buraxılırdı, hətta xarici ədəbiyyatdan tərcümələr də seçilirdi, həmin ideologiyaya məxsus olanları tərcümə olunurdu. İndi amma belə deyil, geniş imkanlar yaranıb. Ədəbiyyatın bütün sahələri üzrə kitablar buraxılır, keyfiyyət artıb. Ola bilsin ki, kitab oxuyanlar azalıb, bu da səbəbsiz deyil. Artıq kompüter var, internet var, elektron kitablar var. Bütün bunlar kitab satışına təsirini göstərir. Amma bunların heç biri kitabın yerini verə bilməz, verməyəcək də. Kitab minilliklərdən keçib gəlib, sabah-birisi gün interneti də, kompüteri də nəsə başqa bir şey əvəz edəcək, amma kitab əhəmiyyətini qoruyub saxlayacaq.

- Sizə heç kitab hədiyyə verən olub?

- Çox olub, hazırda 200-dən çox avtoqraflı kitabım var. Onların içində rus, Ukrayna, Azərbaycan, alman və başqa millətlərdən olan müəlliflər var. Onları mən evdə ən əziz bir şey kimi qoruyub saxlayıram.

- Bizim yazıçılardan kimlər gəlib-gedir?

- Demək olar ki, hamısı. Anar, Əkrəm Əylisli, Aqil Abbas, İlyas Tapdıq... Əkrəmlə dostuq, tez-tez gəlir-gedir. Demək olar ki, Azərbaycan ziyalılarının böyük əksəriyyəti mənimlə tanışdır. Ömrümün 44 ilini bu sahəyə həsr etmişəm... Şəhər sakinlərinin də böyük əksəriyyəti də məni tanıyır, hörmətlə yanaşır. Bura gələndə elə bil müqəddəs məkana ayaq basırlar. Mənə böyük minnətdarlıq bildirirlər ki, elə gözəl yerdə ucuz kitab ala bilirik.

- Anar hansı kitabları alır?

- Öz kitablarını da alır, başqa kitabları da alır. O çox intellektual yazıçıdır...

- Deyəsən, həm də qonşuluğunuz da olub Anarla...

- Bəli, 13 il qonşu olmuşuq. Rəhmətlik atası Rəsul Rza ilə çox üz-üzə gəlmişəm, görüşlərimiz olub. Çox gözəl insan idi. Qonşu kimi də gözəl qonşu idilər.

- Həqiqətən çox maraqlıdır, həm şəhərin ən bahalı yeri, hə də ən ucuz kitabxanası, bunun bir sirri olmalıdır...

- Çox şey insan iradəsindən asılıdır, mən heç vaxt pul hərisi olmamışam. Düzdür, yaşamaq üçün insana pul lazıdır, amma həyatını təmin edəcək qədər. Pula həmişə yaşamaq üçün vasitə kimi baxmışam, səcdə eləməmişəm. Ona görə də kitabları ucuz satıram.

- Heç kitab oğrusuna rast gəlmisinizmi?

- Olub, atalar demişkən, meşə çaqqalsız olmaz, – elələri də olub.

- Görəndə neyləmisiniz?

- Başa salmağa çalışmışam ki, kitab almaq olar, oxumaq da olar, amma oğurlamaq yox. Bəzilərində belə fikir formalaşıb ki, kitab oğurlamaq oğurluq sayılmır...

- Deyəsən, Leninin sözüdür...

- Elə deyirlər. Mən o fikirlə qəti razı deyiləm, oğurluq elə oğurluqdur. Çünki hansı dükandan, hansı yerdən nə isə oğurlayırsansa, deməli, o yerin sahibinə ziyan vurursan. Bəzən də elə olur ki, kitab oxumaq istəyən olur, amma pulu olmur, ya da pulu az olur. Özü deyən də olur ki, qiyməti ucuz edim, onu da edirəm, pulu olmayanlara on dəfələrlə kitab da bağışlamışam, amma oğurluq düz deyil.

Belə bir əhvalat danışım: rəhmətlik Bəxtiyar Vahabzadə bura tez-tez gələrdi, onunla 60-cı illərdə tanış olmuşuq. Bir dəfə o da sual verdi ki, ay Elman, heç kitab oğurlayan olur? Dedim, olur, hələ sənin də kitabını oğurlayıblar. Dedi, incitmə, yəqin pulu yoxdur...

- Ən çox oxuduğunuz yazıçı kimdir?

- Maraq dairəm çox genişdir, ancaq bədii ədəbiyyat oxumuram, fəlsəfi, siyasi ədəbiyyat da oxuyuram, mətbuatı mütəmadi izləyirəm. Bədii ədəbiyyatda ən çox klassikaya üstünlük verirəm. İnsan klassik ədəbiyyatdan aldığını heç nədən ala bilmir. Avropada deyərdim ki, ən güclü fransız ədəbiyyatıdır. Alman, ingilis ədəbiyyatı da çox güclüdür. Şərq müəlliflərini də oxuyuram, yəni mənim üçün sərhəd yoxdur.

- Təkrar-təkrar oxuduğunuz kitab olubmu?

- Adətən bir kitabı bir dəfə oxuyuram, amma Voyniçin “Ovod” romanının müxtəlif yaşlarımda iki dəfə oxumuşam. Hər iki dəfə özümdən asılı olmayaraq gözlərimdən yaş gəlib. Ədəbiyyatın, rəssamlığın, klassik musiqinin təsir imkanı böyükdür...

- Deyəsən, ixtisasınız təkcə kitabxanaçılıq deyil...

- Bəli, ixtisas sarıdan da kasad deyiləm – 7 ixtisasım var. Kitabşünaslıqdan başqa, cavan vaxtlarımda Xalq Çalğı Alətləri orkestrində tar çalmışam, hətta mənə solonu etibar edirdilər, Universitetə qədər ikiillik ticarət-kulinarlıq məktəbini bitirmişəm, hətta restoran direktoru da işləmişəm. Bundan başqa, elektrikəm və həm də 3 inşaatçı ixtisasım da var, onları da çox gözəl bilirəm. Hamısını oxumuşam, sənədlərim də var. Amma uşaqlıqdan kitaba olan marağım bütün bu ixtisaslardan məni uzaqlaşdırıb, bu sahədə mütəxəssis etdi. İnanın ki, peşman da deyiləm. Mənə ən çox ləzzət verən, ədəbiyyatı, kitabı oxucusuna, sahibinə çatdırmaqdır. Bu özü də bir elmdir, məsələn, Avropada, Rusiyada buna çox yüksək qiymət verirlər.

Sizə bir misal deyim, qədim Babilistanda ən hörmətli adam kitablarının üzünü köçürüb yayan mirzələr hesab olunurdular. Onlara həm ölkə əhalisi böyük hörmətlə yanaşırdı, həm də dövlət müəyyən güzəştlər edirdi.

- Deyəsən, bizdə bir elə də deyil...

- Təəssüf ki, yox.

- Heç buranı kafe, restoran, ya da dükan etmək istəyi ilə qapınızı döyən olubmu?

- Çox olub. Müxtəlif səviyyəli adamlar, müxtəlif yönlü təkliflərlə gəliblər. Bir nəfər vardı, o lap çox gəlib-gedirdi ki, buranı mənə sat. Əslində, adam incidən xasiyyətim yoxdur, buna çalışdım bir neçə dəfə başa salım ki, burada məhz kitab mağazası olmalıdır. Amma maraq güc gəldi, dedim, soruşum görüm nə edəcək? Əvvəlcə dedim ki, kişi işlədiyi yeri satmaz, amma tutaq ki, satdım, nə edəcəksiniz? Dedi ki, burda iki maşın qarajı düzəldəcəyəm, birini özüm, o birini də oğlum üçün. Siz bir təfəkkürə baxın, kitab mağazasının yerinə qaraj açmaq! Ona necə başa salasan ki, bu kitablar mənə çox əzizdir, bəzən onları balam kimi görürəm.

- Nə qədər pul təklif edirdi ki?

- Nominal qiymətindən 10 dəfədən də aşağı...

- Olubmu ki, bir kitabı oxuyub peşman olubsunuz?

- Elə hallar da olub. Gərək insan kitab oxuyanda alışsın ki, zövqünü korlamasın – hər şeyi oxumaq lazım deyil. Mən hər zaman oxucu soruşanda düzünü demişəm, yaxşıdırsa, - “yaxşı”, pisdirsə, - “pis” demişəm. Bəzi alverçilər kimi öz malını tərifləmək məndə yoxdur...

- Bəs kitabları hardan alırsınız?

- Müxtəlif mənbələrdən, mağazanın öz fondunda var, nəşriyyatlardan, müəlliflərdən alırıq. Köhnə kitabları da adamlar müxtəlif səbəblərdən satmağa qərar verirlər, onlar gətirirlər. Amma hər kitabı almıram, oxucu tələbatını nəzərə alıram.

- Neçə faiz vergi ödəyirsiniz?

- Avropada kitabxanalardan vergi tutulmur, əslində, tutulmamalıdır da. Amma bizdə aylıq mal dövriyyəsinin 4 faizini vergiyə ödəyirik. Sosial Müdafiə Fonduna da pul köçürdürük, baxmayaraq ki, mən özüm təqaüdçüyəm. Dolanışığa da minimal pul qalır...

- Bu illər ərzində yadınızda qalan ən xoş xatirə hansıdır?

- Təxminən 2-3 il bundan əvvəl Nobel mükafatı laureatı Orxan Pamuk bu mağazaya gəlmişdi. Mənimlə yarım saata yaxın danışdı. 10 dəqiqə söhbət edəndən sonra yanındakı adama dedi ki, bu kitab satıcısı deyil, alimdir. Saatına baxıb dedi ki, yarım saatdır səninlə söhbət edirəm, çox da məmnum oldum. Ədəbiyyatdan, oxucuların ədəbiyyata münasibətdən danışdıq, kitablarına münasibəti soruşdu, bir-ikisinin adını çəkdim. “Mənim kitablarım Amerikada, Avropada 40-50 dollara satılır”, - dedi.

- Hansı kitabları aldı?

- Çox kitab aldı, Azərbaycan ədəbiyyatı, ədəbiyyatşünaslıq kitabları idi. Abbas Səhhəti aldı, Sabirin ikicildlik “Hophopnamə”sini aldı...


Vüqar Qurdqanlı
# 1786 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
# # #