"Qadınların əksəriyyəti qarşılarına çıxan ən pis "yanlış adam"la kifayətlənir..." - Elfrida Yelinekdən sitatlar

"Qadınların əksəriyyəti qarşılarına çıxan ən pis "yanlış adam"la kifayətlənir..." - Elfrida Yelinekdən sitatlar
20 oktyabr 2026
# 15:00

Bu gün Avstriya yazıçısı, dramaturq, şair və ədəbi tənqidçi, ədəbiyyat üzrə Nobel mükafatçısı Elfrida Yelinekin doğum günüdür.

Kulis.az onun əsərlərindən sitatları təqdim edir.

Axtar, gizlicə tapmağa ümid etdiyin o iyrənc şeyləri mütləq tapacaqsan.

***

Sevgi yol göstərir; ehtiras isə onun cahil məsləhətçisidir.

***

Hər gün bir musiqi parçası, bir hekayə və ya bir şeir ölür; çünki zəmanəmizdə onların varlığına artıq haqq qazandırılmır. Bir vaxtlar ölməz sayılan şeylər yenidən faniləşib, onları artıq heç kim tanımır. Halbuki yaşamağa layiqdirlər.

***
Mən kişilərə qarşı deyil, cinsiyyətçi sistemə qarşı mübarizə aparıram.


Çox az qadın "doğru adam"ı gözləyir; qadınların əksəriyyəti qarşılarına çıxan ilk və ən pis "yanlış adam"la kifayətlənir.

***

Yalnız təmənnasız, məhz özünə görə sevən və sevilən insan xoşbəxt ola bilər. Bu xoşbəxtliyi yaradan da cinsi birlik hissi deyil, iki insanın bir yerdə olmasıdır... Bütövlükdə cinsi akt, ehtimal ki, adi bir öpüşün və ya sevdiyindən eşitdiyin bircə sadə kəlmənin bəxş etdiyi səadətin yanından belə keçmir.

***
Axı gəzintiyə çıxanda insan tənhalıq axtarır; əgər tənhalıq sənə tərəf gəlmirsə, sən ona doğru getməlisən.

***

Sevgi qapını döyəndə özünü düşüncəsizcəsinə onun ixtiyarına buraxmaq kifayət deyil; həm də sonrakı həyatı hesaba qatmaq lazımdır - axı o həyat bəzən doğrudan da gəlib çatır.

***

Qadınlar tez qocalır; onların səhvi arxada qalan bütün o zamanı heç kimin görməməsi üçün hara gizlədəcəklərini bilməmələridir. Bəs nə etsinlər, uşaqlarının göbəkbağı kimi onu da udsunlarmı? Lənət şeytana!

***
Qüsur və əyri yollar, əslində, uğursuzluğa bəslənən sevgidən başqa bir şey deyil.



Səhnədəki obrazlar dəb nümayişindəki geyimlər kimi yastı, dərinliksiz olmalıdır: gördüyündən artığını axtarmamalısan. Psixoloji realizm ikrah doğurur; çünki o, şəxsiyyətin "dəbdəbəsinə" sığınaraq, fərdi xarakterin dərinliklərində itib-batmaqla qeyri-məqbul həqiqətdən qaçmağımıza şərait yaradır. Yazıçının vəzifəsi bu hiylənin qarşısını almaq, bizi dəhşəti soyuqqanlı bir baxışla seyr edə biləcəyimiz nöqtəyə qədər qovub çıxarmaqdır.

***
Əksər yazıçılar haqqında deyilən kimi: bir tərəfdən uşaqlıqdan bəri tək gördüyüm iş mütaliə etmək idi, digər tərəfdən isə tənha biri idim və valideynlərimlə aldığım tərbiyə bunu daha da dərinləşdirdi.

***
Əmək bəşəriyyəti və onun bütün xüsusiyyətlərini vəhşi heyvan halına - yəni onun əzəldən nəzərdə tutulmuş ilkin durumuna qaytarır.

***
Sürü instinkti ümumiyyətlə, orta səviyyəni yüksək qiymətləndirir, onu dəyərli sayır. Çoxluq təşkil etdikləri üçün güclü olduqlarına inanırlar. Orta təbəqədə nə dəhşət var, nə də qorxu. Yalnız hərarət xülyası xatirinə bir-birlərinə qısılırlar. Orta səviyyədə heç nə ilə tək qalmırsan, hətta özünlə belə.

***

Ən bahalı orijinalların ucuz təqlidləri olar.

***
Təhlükəsizlik hissi qeyri-müəyyənliyə qarşı qorxu doğurur.

***

Yazmaq zövq deyil. O, bir əzabdır. Qusmaq kimi bir şeydir: əslində istəməsən də, etməyə məcbursan.


Bəzən doğrudan da uğursuzluğa düçar oluruq və mənə elə gəlir ki, bu köklü məğlubiyyət bizim son məqsədimizdir.

***

Yazmaq reallıqla birgə içinə qapanmaq, büzüşüb qalmaq bacarığıdırmı? İnsan, əlbəttə, içinə qapanmağı çox istərdi, bəs onda mənim halım necə olacaq? Reallığı heç tanımayanların aqibəti necə olacaq?

***

Mən yalnız görə bildiyim şeylərdən zövq alıram, çünki heç nə hiss etmirəm. Məsələn, sənin bu yeni divar kağızın. Xoşuma gəlir və qala bilər; ən azından sakitdir və səsini çıxarmır. Xoşbəxtlikdən, onu hiss etməli deyiləm, sadəcə görməyim kifayətdir.

***

Qabaqcadan tədbir görmək peşmançılıq çəkməkdən daha yaxşıdır.

Rus dilindən tərcümə etdi: Aydan Ağayeva

# 148 dəfə oxunub

Oxşar xəbərlər

Tüpürcək qabı - Racu Şıxlının hekayəsi

Tüpürcək qabı - Racu Şıxlının hekayəsi

16:00 20 oktyabr 2026
Koşay (ikinci möcüzəm) - Aliyə Kərimzadənin essesi

Koşay (ikinci möcüzəm) - Aliyə Kərimzadənin essesi

14:30 20 oktyabr 2026
"Həqiqi dahini bu əlamətdən tanıya bilərsiniz..."  - Conatan Svift

"Həqiqi dahini bu əlamətdən tanıya bilərsiniz..." - Conatan Svift

17:00 19 oktyabr 2026
"Evin kişisi" povestindən bir hissə - İsi Məlikzadə

"Evin kişisi" povestindən bir hissə - İsi Məlikzadə

11:00 18 oktyabr 2026
"Sol biləyimdə Auşvits nömrəsini daşıyıram..." - Jan Ameri

"Sol biləyimdə Auşvits nömrəsini daşıyıram..." - Jan Ameri

15:30 17 oktyabr 2026
"Həyat və qadın Tanrının ən qiymətli hədiyyəsidir..." - Artur Millerdən sitatlar

"Həyat və qadın Tanrının ən qiymətli hədiyyəsidir..." - Artur Millerdən sitatlar

14:00 17 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər