Tüpürcək qabı - Racu Şıxlının hekayəsi

Tüpürcək qabı - Racu Şıxlının hekayəsi
20 oktyabr 2026
# 16:00

Kulis.az Racu Şıxlının "Tüpürcək qabı" adlı hekayəsini təqdim edir.

…əksər hallarda aktyorlar teatrı məişət çirkinlikləri ilə, çəkişmələrlə, dedi-qodularla, paxıllıqla, böhtanla, xırda xudpəsəndliklə doldururlar. Nəticədə teatr incəsənət məbədinə deyil, zibilliyə, tüpürcək qabına çevrilir.

K.S.Stanislavski.

Teatrın səhnə qapısının arxasında, illərdir heç kimin yerini dəyişmədiyi köhnə bir əşya vardı: misdən olduğu halda zamanın bozluğu ilə qaralmış, gövdəsinə saysız-hesabsız barmaq izləri hopmuş, ayağının biri əyri olduğu üçün hər toxunuşda sakitcə sağa-sola yırğalanan balaca bir qab. Onu heç kim sevmirdi. Və o qabı heç kim sevmədiyini etiraf da etmirdi. Sadəcə hamı onun yanından keçəndə üzünü yana çevirir, ayağını bir az aralı qoyur, sanki yerə səpələnmiş hansısa görünməz çirkdən ehtiyat edirmiş kimi addımını sürətləndirirdi. Amma maraqlısı bu idi ki, hər kəs ona tüpürürdü. Səhnə işçiləri yorulanda, aktyorlar siqaret çəkəndən sonra, qonaqlar boğazını təmizləyəndə, əsəbiləşənlər söyüşdən qabaq, özündənrazılar isə heç bir səbəb olmadan belə həmin qaba yaxınlaşıb içərisinə dəvə kimi tüpürürdülər.

Sabit həftənin adi bir günü gənc aktyor Nihat yaşlı səhnə işçisi – texniki Ataşın yanına gəlib soruşdu:
— Bağışlayın, bunun adı doğrudan da tüpürcək qabıdır?
Ataş mismar kimi sərt barmaqları ilə səhnənin köhnə kulis pərdələrini səliqəyə salaraq cavab verdi:
— Hə, adı odur.
— Bəs niyə teatrın içində saxlanılır?
Ataş əlindəki işi saxlayıb bir müddət səhnənin dibinə - boşluğuna baxdıqdan sonra:
— Çünki bəzən insanın tüpürcəyini hara axıtması onun harada dayandığını göstərir.
Teatrın gənc aktyoru Nihat bu fəlsəfəni anlamadığı üçün, qısıq səslə yenə sual verdi:
— Üzür istəyirəm, yəni?
— Yəni insanın ağzından çıxan hər şey söz deyil – Ataş çiyinlərini çəkdi.

Elə həmin günü qəribə bir dəyişiklik başladı. Teatrın köhnə yaradıcı heyətinə yeni adamlar gəlmişdi. Onlar özlərini aktyor adlandırırdılar. Bəziləri illərlə səhnədə işlədiyini deyirdi, bəziləri özlərini “sistemə sığmayan sənətkar” adlandırırdı, bəziləri isə sadəcə öz adlarının qarşısına “səhnə ustası”, “səhnə fədaisi”, “əfsanəvi artist” sözlərini yazırdı. Onların heç biri digərinin istedadına inanmırdı və əsas gülünc vəziyyət də burası idi ki, yalnız öz istedadlarının danılmaz olduğuna inanırdılar. Onlar səhnəyə çıxanda teatrın divarları belə utanırdı. Çünki onlar personajlara can verərək onların taleyini yaşayıb, yeni xarakterli obrazlar yaratmırdılar sadəcə özlərini göstərirdilər. Öz eqolarını tamaşaçının üstünə yükləyirdilər. Və ən maraqlısı da bu idi ki, onları tənqid edən hər kəsə əzbərlədikləri bir cümlə ilə cavab verirdilər:
— Bu, mənim sənətimin əlçatmazlığıdır…
Elə bil sənət anlayışı şəxsi mülkiyyət, səhnə onların atasından qalmış torpaq sahəsi idi.
Həftəsonu məşqdən sonra teatrın kiçik foyesində Valid, Məlahət, Rövşən, Tusi və Cəmil yumuşaq divanlarda yayılaraq qarşılarında mətnlər, heç biri də həmin mətnləri oxumurdular. Çünki artıq hamısı bilirdi: teatrda mətndən daha yüksək səviyyədə bir nəsnə vardı — özləri haqqında düşündükləri fikir. Valid ayağını ayağının üstünə atıb sentimental vəziyyət alıb dedi:
— Məncə, bu teatr çox köhnə düşünür.
Məlahət dərhal həmkarının düşüncəsilə razılaşdı:
— Eynən. Mən də bunu neçə vaxtdır düşünürəm.
Tusi başını yelləyərək pafosla dedi:
— Bilirsiniz kolleqalar, bu teatrda aktyor üçün azadlıq yoxdur!
Cəmil elə güldü ki, onu tanımayan olsaydı elə bilərdi hində toyuq qaqqıldayır:
— Azadlıq nədir ki? Sənətkar özünü ifadə edə bilməlidir.
Rövşən masanın üstündəki mətni götürüb əvvəlcə şəhadət barmağını boydan-boya yaladı sonra vərəqlədi:
— Heç dramaturgiyanın da bu qədər sərhədi olmamalıdır.
Valid gözlərini qıyaraq ona baxdı:
— Əzizim, dramaturgiya özü sərhəddir, sənət isə o sərhədi dağıtmaqdır.
Foyenin o biri başında oturan Ataş Validin bu sözünə başını qaldırmadan cavab verdi:
— Sərhədi dağıtmaq asandır. Çətin olan, dağıtdığın yerdə yeni bir yol çəkə bilməkdir.
Valid Ataş kişinin sözünə istehza ilə gülümsədi:
— Dağılasan dünya! Səhnə fəhləsi də fəlsəfədən danışır.
Ataş sakitcə ayağa qalxıb təmkinlə Validə cavab verdi:
— Mən fəlsəfə danışmıram. Qırx üç ildir burada eyni taxtanın üstünə mismar vururam. Bilirəm ki, taxtanı sökmək ustalıq deyil.
Tusi gülərək:
— Bax, Ataş kişi, elə problem də budur. Köhnə düşüncə.
— Köhnə düşüncə ilə köhnə təcrübə eyni şey deyil, oğlum – Ataş qaibanə səs tonu ilə dərhal cavab verdi. Foyenin bu biri başında oturan kolleqaların cınqırığı da çıxmadı. Elə bil qurbağa gölünə daş atdın…bəzi həqiqətlərin qarşısında susmaq insanın tərbiyəsindən yox, məntiqli dəlilin olmamasından doğur.
Balıq kimi əldən sürüşən həftələrin ötən günlərində məşqlər daha da qarışmağa başladı. Rejissor aktyordan obraz istəyirdi, aktyor isə özünü göstərirdi. Rejissor ritm istəyirdi, aktyor qışqırırdı. Rejissor pauza tələb edirdi, aktyor susmağı “oynamamağın zəifliyi” hesab edirdi. Rejissor mətnin mənasını axtarırdı, aktyor isə özünə baxırdı. Nəhayət bu amansız vəhşiliyə dözməyən teatrın rejissoru Təbriz öz hisslərini cilovlaya bilməyib, Validə dedi:
— Valid, sən bu monoloqu yaşamırsan! Sən monoloqun üstünə yalnız özünü qoyursan!
Valid qaşlarını çatdı.
— Bunun nəyi pisdir?
— Pis tərəfi odur ki, tamaşaçı personajı yox, səni görür.
— Aaaa, nə bilirsiniz, bəlkə elə tamaşaçı məhz məni görmək istəyir?
Təbriz sağ əlini yumruq edib dişlərinin arasına salıb dişlədi, sol əli ilə də saçını qarışdırdı. Ordlarını hava balonu kimi şişirdib boşaltdı. Dedi:
— Onda aktyor olmağa ehtiyac yoxdur!
Valid boğazını irəli uzadaraq.
— Müəllim, nə demək istəyirsiniz?
— Sadəcə səhnəyə çıx, özün ol.
— Narahat olmayın, mən onsuz da özüməm.
— Bax, problem də budur.
Bu ara səhnənin arxasında kimsə gülüşünü boğdu. Valid gözlərini kulisə tərəf bərəldib, hörüldədi:
— Kim idi? Kim idi yersiz gülən? Sualıma cavab verin!
Lakin kulisdən nə kimsə göründü, nə də Validin kin dolu sualına cavab verdi. O, qəfildən dəli kimi səhnənin o biri tərəfinə keçdi və əlini sıxaraq dedi:
— Bunu hamı bilməlidir! Bilməyən də bilsin! Mənim sənət anlayışımı heç kim müzakirə edə bilməz! Heç kim!
Təbriz mülayim səslə:
— Valid, sənin sənət anlayışını müzakirə edən yoxdur. Biz sadəcə anlamadığımız şeyi oynamağa məcbur qalmaq istəmirik, bütün məsələ bu!
— Deməli, siz mənim səviyyəmi başa düşmürsünüz.
— Bəlkə də.
— Onda mən sizin səviyyənizə düşməliyəm?
Bu dəfəki cavabı Ataş kişi verdi:
— Xeyir! Siz səhnənin səviyyəsinə qalxmalısınız…
Bir müddət sonra teatrın kollektivi iki hissəyə bölündü. Bu mənzərə daha dəhşətli idi… İndi bir tərəfdə işi sənət hesab edənlər vardı, digər tərəfdə isə sənətini iş hesab edənlər. Acı gülməli də olsa birinci tərəfdəkilər səhvlərindən utanırdı. İkinci tərəfdəkilər isə səhvlərinə “yaradıcılıq” adı verirdi. Beləcə teatrın içində görünməz bir savaş başladı. Bu savaşda nə qılınc vardı, nə qan. Yalnız teatrın hər küncündə bir az ruh ölürdü.
Axşam şəhərin üstünə elə asta enirdi ki, adam onun gəldiyini gözlə yox, yalnız içində yaranan qəribə bir yorğunluqla hiss edirdi; küçələrin səsi azalır, pəncərələrdən tək-tük yanan işıqlar görünməyə başlayır, gündüzün tələsik addımları gecənin səssiz nəfəsinə qarışırdı… Həmin axşam da Məlahət teatrın giriş qapısa söykənib fikirə qərq olan Ataşa yaxınlaşdı. Bu məqamda gözləri qapının kəndarındakı əyri qılça tüpürcək qabına sataşdı.
— Fuuu, bu nə qədər iyrənc əşyadır.
Ataş astaca başını yelləyib, gülümsədi:
— Bəli, elədir.
— Yenisini alın da, bu ki, artıq istehsal tarixini başa vurub.
Məlahət əlini ağzına tutub pıqqıldadı. Ataş bir qədər susdu. Barmaqları arasında fırlatdığı mismarı ovcuna şürüştürüb havada atıb-tutmağa başladı.
— Onda nə dəyişəcək?
Məlahət əllərini havada açdı.
— Heç olmasa təmiz görünər.
Ataşın dodaqlarına qəribə təbəssüm qondu. Həlim səs tonunda dedi:
— Həəə, bu okeanda iri buz parçasının görünən və görünməyən tərəflərinə bənzəyir: məsələnin görünən və görünməyən tərəfləri var. Təmiz görünmək başqa şeydir, təmiz olmaq başqa.
Məlahət bir anlıq susdu. Sonra dırnaqlarına yapışdırdığı, caynağa oxşayan uzun dırnaqlarını qabın kənarına vurdu.
— Nəysə… Mən aktyoram! Mənə yaraşmır ey belə söhbətlər.
Ataş gözlərini qıyıb, düz Məlahətin gözlərinin işinə baxdı.
— Aktyor olduğunuzu sizə kim deyib?
— Başa düşmədim? Bu nə deməkdir? Təbii ki, mən özüm bilirəm. Axı sənin nə ixtiyarın var ki, mənim sənətimə də şübhə edəsən?
— Düz deyirsiniz, mənim heç bir ixtiyarım yoxdur.
Ataş ağır addımlarla bir neçə addım Məlahətə sarı atıb dayandı. Qollarını bir-birinə dolayıb ombasının üstünə atdı. Çöhrəsində elə bir məna özünü biruzə verdi ki, Məlahət iki addım geri çəkildi. Ataş boğazını arıtdayıb qaibanə səslə.
— Fəqət teatrın ixtiyarı var!
— Ha, ha, ha! Teatr danışmır!
Ataş barmaqlarını teatrın taybatay açılmış qapılarının üzərində ehtiyatla gəzdirərək.
— Danışır…
Məlahət Ataşla məzənləməyə başlayır.
— Doğurdan? Sən mənim canım nə deyir?
Ataş heç keyfini pozmadan cavab verir.
— Kimin həqiqətən aktyor olduğunu.
— Kişi, sən özünü həkimə göstər, mütləq!..
Əda ilə Ataşın yanından ötüb getdi. Teatrın ən gənc aktyoru Nihat hələ də zalda idi. O səhnədə məşq edirdi. Ataş həvəslə teatrın zalına tərəf addımlarını itiləmişdi ki, işıqlar söndü. İndi teatrın çölü bədirlənmiş ayın hesabına işıqlansa da, içi zülmətə qərq olmuşdu. Nihat cəld telefonunun işığını yandırdı. Zalın giriş qapısının ğazında Ataşı görüb təəccübləndi. Ona yaxınlaşaraq dedi:
— Siz evə getməmisiniz?
Ataş ağır hərəkətlərlə tamaşaçı oturacaqlarından lap axırdakı cərgədə oturdu
— Məşqinizə baxmaq istəyirdim, buna da barmek imkan vermədi.
Hər ikisi də güldü. İndi salonda onlar bir-birilərinin üzlərini ala-toran güclə seçirdilər. Uzun sükut çöksə də Nihat bu sükutun bağrını yarmağı bacardı.
— Siz bu teatrda hər şeyi – cansız əşyaları belə niyə adamlarla bağlayırsınız? Yalnız onlara bənzədirsiniz?
— Çünki teatrda hər şey insandan başlayır.
Yenə ortaya sükut çökdü. Bu dəfə də sükutu Nihat qovmağı bacardı.
— Bəs teatrı kim qoruyur?
Ataşın səsi qaranlığın içində ağır eşidilirdi.
— Vicdan!
— Vicdan?
— Bəli.
— Bəs peşəkarlıq?
— Peşəkarlıq vicdanın əməyə çevrilmiş formasıdır.
Nihat telefon işığını Ataşın üzünə tutdu.
— Bəs istedad?
Ataş adəti üzrə dodağını azacıq yana qaçıraraq üzündə telefonun işığında belə görünəcək dərəcədə gülümsədi.
— İstedad vicdansız qalanda çox təhlükəli olur.
Yenə sükut. Bu dəfə sükutun ömrü bir neçə saniyəlik oldu. Ataş sözünə əlavə etdi:
— Bilirsiniz, Nihat oğlum, təhlükəli olan savadsız adam deyil ha.
— Bəs kimdir, Ataş müəllim?
— Öz savadsızlığını istedad hesab edən adam…

…Səhəri gün teatr zalında böyük mübahisə düşdü. Valid dedi:
— Bizə yaradıcılıq azadlığı lazımdır!
Rövşən səliqəsiz nitqlə:
— Bəli, bəli. Rejissor sənətkarın qarşısını almamalıdır!
Məlahət əlavə etdi:
— Mən hiss etdiyimi oynamalıyam!
Tusi xırıltılı səs tonunda:
— Tamaşaçı məni səhnədə də olduğum kimi qəbul etməlidir!
Başını əlləri arasında gizlədən rejissor Təbrizin səbri tükəndi. Səsi titrədi.
— Aydındır!
Teatr zalına sükut çökdü. İndi bayaqdan dil qəfəsə qoymayanlar susaraq gözlərini Təbrizə bərəldim hərəkətsiz qalmışdılar.
— Hamınız azadsınız.
Valid təəccüblə soruşdu:
— Nə?
— Azadsınız.
— Yəni?
— Nə istəyirsiniz oynayın.
Məlahət sevindi:
— Əla!
Tusi gülümsədi.
— Çox yaxşı.
Təbriz əsəbdən titrəyən əllərini üz-gözünə sürtərək, səsi titrəsə də aramla sözünə davam etdi:
— Sənət azadlıqdır…amma azadlıq məsuliyyətsizlik deyil! Siz səhnədə istədiyinizi edə bilərsiniz, amma o səhnədən görünən ən xırda zərrəcik belə tamaşaçının ruhuna toxunursa, artıq təkcə “mənim seçimimdir” deyib məsuliyyətdən qaça bilməzsiniz!
Valid etiraz etdi:
— Cənab rejissor, sənət hesabat vermir!
Təbriz acıqlı-acıqlı ona baxdı.
— Amma sənətkar verir!
Bu dəfə heç kim cavab vermədi. Rejissor yeni qurulacaq tamaşanın səhnə həlli haqqında artistlərə məlumat verdi. Mövzu “insanın özünə xəyanət” idi. Səhnə tərtibatının olduqca sadə - minimalist olacağını elan edən rejissorun göstərişilə texnik Ataş kişi səhnəyə bir qara rənglə boyanmış kətil qoydu. Təbriz şəhadət barmağını səhnənin tən ortasına qoyulan kətilə tuşlayıb, yüksək səslə dedi:
— Burada, bir adam özünü gözləyir.
Valid ironik tərzdə irişdi.
— Bu nədir?
— Tamaşa!
— Bir stulla?
— Bəzən bir stul insanın bütün həyatından çox şey danışır.
Məlahət ağzını marçıldadıb, Təbrizin üzünə baxmadan mızıldandı.
— Tamaşaçı darıxar.
Təbriz salonda ön cərgənin birinci stulunda oturub, ayağını ayağının üstünə aşırıb, rejissorsayağı Məlahətə cavab verdi:
— Məlahət xanım! Tamaşaçıdan əvvəl aktyorun darıxması daha dəhşətlidir!
İndi teatrda həqiqətlə üzləşmək çətin olduğundan, bəziləri həqiqəti dəyişdirməyi seçmişdilər. Növbəti həftənin ilk günü Valid və digərləri direktorun kabinetinə doluşdular.
— Muradxan müəllim, biz bir məsələni sizinlə müzakirə etmək istəyirik!
Muradxan ağır təbiətli, sakit səs tonunda danışan, həddən ziyadə səbrli teatr ziyalısı idi. Eynəyinin üstündən otağına doluşan artistlərin üzünə diqqətlə baxıb, təmkinlə dedi:
— Buyurun! Mən sizi dinləyirəm.
Qıpqırmızı qızarmış ordlarını şişirdərək, danışdıqca ağzından ətrafa tüpürcəyi sıçrayan Valid cəld sözə başladı:
— Sizinlə açıq danışacayıq. Rejissor. Bu teatrın rejissoru bizi sıxır!
Məlahət:
— O, bizim yaradıcılıq imkanlarımızı məhdudlaşdırır!
Tusi:
— Hələ bu azmış kimi, bizim sənətimizə də hörmət etmir!
Cəmil:
— Cənab rejissorumuz Təbriz müəllim öz fikrini yeganə doğru fikir hesab edir!
Bayaqdan bütün dedi-qoduları əlini çənəsinə dayayaraq səbrlə dinləyən direktor soruşdu:
— Bəs teatr üçün nə istəyirsiniz?
Ortalığa sükut çökdü. Az öncə direktoru az qala diri-diri udmağa çalışan bu qrup indi şübhəli insanlar kimi bir-birilərinin üzlərinə baxdılar. Direktor yenidən soruşdu:
— Mən sizdən cavab gözləyirəm, hörmətli artistlər, sizin təklifiniz nədir?
Dil pərgarı Valid donquldandı:
— Muradxan müəllim, biz daha sərbəst olmaq istəyirik.
Validin ilk dillənməsindən ürəklənən Cəmil anlaşılmayan səs tonunda dedi:
— Özümüzü ifadə etmək istəyirik!
Muradxan qollarını qoynunda bir-birinə dolayıb, kreslosunda yerini rahatladı. Mənalı nəzərlərlə dedi:
— Maraqlıdır, özünüzü necə ifadə etmək istəyirsiniz?

Yenə hamısı bir-birinin üzünə baxdı. Yerlərində qurcalanmağa başladılar. Validlə Rövşən cəld Məlahəti önə itələdilər. Məlahət əzilib-büzülməyə başladı. Direktorun bu pozlardan həzz almadığını hiss edən Məlahət dərhal da özünə çəki-düzən verib, boğazını arıtdadı:
— Müəllim, öz bildiyimiz kimi.
Muradxan başını aşağı saldı və sakit səslə dedi:
— Siz teatr istəyirsiniz, yoxsa teatrın içində özünüzə yer?
Rövşən tülkünün şirin müqabilində hiyləsini həyata keçirmək üçün yaltaqlanmasını andıran tərzdə irişdi.
— Ay Muradxan müəllim, bunlar eyni şey deyilmi?
Direktor gözlərini qaldırdı. Olduqca sakit tərzdə:
— Xeyr!

Bu söz çox sakit deyilmişdi. Ona görə də daha ağır eşidildi. Direktor səliqəli formada ayağa qalxdı və əli ilə qapıya işarə etdi. Bu “çıxa bilərsiniz” jesti idi. Az öncə az qala top-tüfənglə yaraqlanıb teatrın direktoru Muradxan Eyvazlının kabinetinə hücum çəkən bir qrup artist indi başlarını aşağı dikib, əlləri ətəklərindən uzun kabineti bir-bir, iki-bir tərk edirdilər. Valid isə durduğu yerdən tərpənmədən bir müddət dərin fikirə batdı. Muradxan bunu hiss etdi. Sakit addımlarla Validə yaxınlaşıb, nəvazişlə əlini onun çiyninə toxundurdu. Valid diksinərək birdən fikirdən ayılıb, cəld kabineti tərk etdi. Muraxdan onun arxasınca baxıb, başını yellədi… Həmin gecə Valid təkbaşına teatrda qaldı. O, gözlərini teatrın giriş qapısını işqlandıran zəyif lampanın işğında kölgəli görünən qapının kəndarındakı tüpürcək qabına zillədi. Sonra ayaqlarını sürüyə-sürüyə qaba yaxınlaşdı. Bir müddət hərəkətsiz baxdı. Birdən gülümsədi.
— Sən də burada qalmısan? Heç kim səni sevmir?
Sükut…
— Amma hamı səndən istifadə edir.
Yenə sükut…
— Maraqlıdır. Bəlkə mən də beləyəm?
Bu dəfə sükut onun içindən boylanırdı. Bir neçə saniyədən sonra dilləndi:
— Mən bu qocaman teatrdan nə alıram?
Səsi titrədi.
— Ad… Alqış… Görünmək… Başqalarının qarşısında özümü böyük hiss etmək.
O, tüpürcək qabına diqqətlə baxırdı. Sanki qabla danışırdı.
— Bəs mən teatra nə verirəm?
Bir addım geri çəkildi. Bu, onun həyatında ilk dəfə cavab ala bilmədiyi sual idi. Və ilk dəfə idi ki, öz səsinin gücü ona kömək etmirdi. İndi onun teatrda ən böyük düşməni həqiqətin susması idi… Ertəsi gün Valid məşqə gəlmədi. Məlahət onun yoxluğunu “kapriz” adlandırdı.

Nəhayət gün gəlib vədəsinə çatdı. Tamaşanın ilk premyerası idi. Artistlər qrim otaqlarında, güzgünün qarşısında dayanmışdılar. Hamı öz üzünü tanıyırdı. Amma heç biri öz içini tanımırdı. Teatra yenicə gəlmiş ən gənc aktyor Nihat kənarda dayanıb həsrətlə qapısı aralı qalan qrim otaqlarında güzgü önündə üz-gözlərinə həşir gələn artistləri seyr edirdi. Bu məqamda teatrın ən yaşlı işçisi texnik – səhnə fəhləsi Ataş da sakit addımlarla Nihata yaxınlaşıb, əlini-əlinin üstünə qoyaraq, dinməz-söyləməz Nihatın həsədlə tamaşa etdiyi mənzərəyə baxdı. Ağır-ağır qalxıb yenən sinədən çıxan xışıltılı nəfəsin səsini duyan Nihat cəld başını yana çevirib Ataşı yanında gördü. Təkrar qrim otaqlarında qrimlənən artislərə tərəf çevrildi. Qısa sükutdan sonra Ataşa baxmadan ona sual verdi:
— Ataş müəllim, sənətkar olmaq üçün nə etmək lazımdır?
— Bilmirəm.
Nihat başını yana əyib, təəccüb dolu nəzərlərlə Ataşa baxdı.
— Axı siz qırx üç ildir bu teatrda işləyirsiniz…
— Sənətkar olduğunu düşünməyə başladığın gün sənətindən qorx.
— Səbəb?
— Çünki insan ucalacağı zirvəni özü təyin edirsə, artıq yuxarı qalxmaq üçün səbəbi qalmır.
Sonra geniş foyeyə açılan tamaşa zalının giriş qapılarından səhnəyə baxaraq köks ötürdü. Premyera başladı. Tünd sarı məxmər parçadan tikilən səhnənin pərdələri açıldı. İlk alqış. İlk epizod başladı və hər şey öz qaydasında idi. İndi səhnədə Validin yeri idi. Valid ağır addımlarla kulisdən çıxıb, səhnənin dibində hərəkətsiz qaldı. Əslində öz replikasını deməli idi, amma susdu. Beləcə səhnədə bir neçə saniyə sükut yarandı. Valid bir neçə saniyə özünü boşluqda hiss etdi. Nəhayət çətin də olsa avansəhnəyə gəlib asta səslə dedi:
— Mən... bilmirəm… Mən bura niyə gəldiyimi çoxdan unutmuşam.
Kulisdə Validin tərəf müqabilləri şoka düşmüşdülər. Validin dediyi sözlər mətndə yox idi.
— Mən özümü sənətkar hesab etdim, çünki alqışlandım.
Bir neçə saniyə susdu. Səsi titrədi:
— Sonra başa düşdüm ki, insanı alqışlamaq həmişə onun doğru olduğunu təsdiq etmir.
Tamaşaçı zalında qəribə bir sükut vardı. Valid gözlərini yerə dikdi.
— Bəzən alqış... sadəcə səsdir. Mən öz səsimi sənət sandım.
Sonra başını qaldırdı.
— Amma səsimin içində heç bir insan yox idi.
Valid bu dəfə sükutu çox uzatmadı. Kulisə gedib, dərhalda geri döndü. Onun əlində qıçının biri əyilmiş, köhnə mis qab var idi. Kulisdəkilərin heyrətdən gözləri böyümüşdü. Nihatla Ataş bir-birilərinə baxıb, başlarını yellədilər. Təbriz rejissor pultundan qalxıb, lojaya keçdi. Çox çəkmədi ki, Muradxan Eyvazlı da lorjada göründü. Zalda sükut hökm sürməkdə idi. Tamaşaçılar heyrətlə Validə, onun əlindəki əcaib qaba baxırdılar. O, əlindəki mis qabı səhnənin tən ortasına qoydu, əli ilə işıqçıya işarə edərək səhnənin bütün işıqlarının sönməsini birtək qabın üstündə gurlaşmasını xahiş etdi. Valid əlini qaba tərəf uzadaraq üzünü zala tutudu.
— Bu nədir, bilirsiniz?.. Tüpürcək qabıdır… Bu qabı niyə səhnəyə gətirdim, bəs onu necə, bilirsiniz?
İndi nəyinki tamaşaçı zalına teatrın özünə belə ağır bir sükut sahib idi. Qatı dumalar içində preslənmiş sükutu birtək səhnəni, oradan tamaşaçı zalını lərzəyə salan Validin titrək səsi pozmağı bacarırdı.
— Ona görə gətirdim ki, bu axşam hamınız bizim nə etdiyimizin canlı və real şahidi olasınız!
Təbriz artıq dözə bilməyib, zala düşmək istəyirdi ki, Muradxan onun qolundan yapışaraq Validə mane olmamasını bədən dili ilə hiss etdirdi. Təbriz donub yerindəcə hərəkətsiz qaldı. Valid isə tez-tez əli ilə səhnənin otrasındakı mis qaba işarə edərək səsi zalın nəhəng çilçıraqlarında cingildəyirdi.
— Biz teatra tüpürmüşük! Bəli düz eşitdiniz! Birimiz sözümüzlə, birimiz davranışımızla, birimiz eqomuzla, birimiz savadsızlığımızla, birimiz də məsuliyyətsizliyimizlə...
Sonra sakitcə əlavə etdi:
— Amma ən çox da özümüz özümüzü sənətkar elan etməklə!
Valid gözünü tamaşaçılardan yayındırıb, başını aşağı saldı. Sonra mis qaba baxdı.
— Bu qab illərdir dolur. Bəs niyə bu qapı boşaltmırıq?!
Sükut…
— Çünki bəzi şeylər təmizlənmək üçün əvvəlcə görünməlidir.
Bu sözlərdən sonra səhnədə uzun bir sükut yarandı. Sonra Valid diz çöküb qabı əlinə aldı. Bir neçə saniyə onun içərisinə baxdı. İçəridə öz üzünün bulanıq əksi görünürdü. O, pıçıltıyla dedi:
— Mən özümü burada gördüm…
Anidən qalxaraq, avansəhnəyə şahin kimi şığıdı.
— Hörmətli tamaşaçılar! Bilirsiniz, bəzən insanın həqiqi üzü güzgüdə yox, tüpürdüyü yerdə görünür!
Valid gözlərini yumdu. Başını yuxarı – tavana qaldırıb, qollarını geniş yanlara açdı. Sanki səhnədən bir qağayı qanadlanıb, göyün ənginliklərinə pərvazlanmağa hazırlaşırdı. Salonda insan nəfəsini kəsən sükutü aramsız alqış sədaları pozdu. Tamaşaçılar ayaqda aramsız alqışlarla Validi alqışlamağa davam etdilər. Lojada donub qalmış Təbriz əlinin dalı ilə yanaqlarında donub qalmış göz yaşlarını sildi. Muradxan gözündəki eynəniyi çıxarıb, əvvəlcə gözlükləri cib dəsmalı ilə sildi, sonra eynəyi pencəyinin döş cibinə qoyub, hələ də donu açılmayan Təbrizin əlini nəvazişlə sıxdı. Ataşla Nihat bir-birilərinə sevinc dolu baxışıb qucaqlaşdılar. Kulisdəki Məlahət, Cəmil, Tusi və Rövşən məhəbbət dolu hisslərlə səhnəyə axışıb, həmkarları Validi qucaqlayıb, onu öpüşə qərq etdilər…

…Həmin günü - tamaşanın ilk premyerasında Validin öz monoloqunu səhnədən cəsarətlə tamaşaçı salonuna ötürməsindən sonra teatrdan bəzi adamlar öz ərizələrilə teatrdan – sənətdən uzaqlaşdılar, bəziləri özlərini dəyişməyə çalışdı, bəziləri isə yalnız adını dəyişib yenə əvvəlki kimi yaşamağa davam etdi… Çünki hər insanın həqiqətlə qarşılaşmağa gücü çatmır. Bəziləri həqiqəti görəndə susur. Bəziləri qaçır. Bəziləri isə həqiqətin üzərinə “yaradıcılıq” yazıb yoluna davam edir…
Teatr öz işini davam etdirdi. Yeni tamaşanın məşqlərinə start verildi. İnsanlar yenidən səhv etdilər. Teatrda yenə mübahisələr oldu. Yenə eqo səhnənin qabağına keçdi. Yenə biri “mən sənətkaram” dedi. İllər keçdi… Tüpürcək qabı yenə teatrın giriş qapısının kəndarında qaldı. Amma artıq heç bir işçi həmin mis qaba əvvəlki kimi baxmırdı.
— Teatrı qurmaq illər çəkir. Dağıtmaq isə bir günə hasil olur. Amma onu içəridən çirkləndirmək üçün bəzən bircə cümlə kifayətdir!
Nihat susdu. Ataş tüpürcək qabının kənarındakı tozu əli ilə silərək.
— Sənət məbədində baş verən bütün təhlükəli xaoslara baxmayaraq, ən təhlükəlisi teatrı sevdiyini deyib, teatrın ruhuna heç nə verə bilməyən artisdir!
Teatrın zalından gecənin səsi gəlirdi. Şəhər yatmağa başlayırdı. Səhnədəki son işıq da söndü. Ataş teatr zalının qapısını bağlamağa hazırlaşırdı ki Nihat qəfil səsləndi:
— Müəllim!
— Buyurun
— Sabah yenə gələcəyik?
Ataş gülümsədi.
— Teatrı olan adamın “sabah gələcəyikmi?” sualı olmaz.
— Niyə?
— Çünki teatr heç vaxt bitmir.

Qoca texnik qapını örtsə də tam bağlamadı. Balaca bir yarıq saxladı. Sanki teatrın içində nəfəs alan bir şeyin boğulmaması üçün. Teatrın giriş qapısının kəndarında isə köhnə tüpürcək qabı yenə əvvəlki yerində dayanmışdı. İçində heç nə yox idi. Amma gecənin zəif işığında onun dibində qəribə bir parıltı görünürdü. Bu, su deyildi, heç tüpürcək də deyildi… İllərlə oraya tökülən bütün yalanların son damlası idi. Və o gecə ilk dəfə qabın içi boş olsa da, teatrın özü dolu idi: sözlə, səssizliklə, zəhmətlə, vicdanla və sənətə xəyanət etməmək qərarı ilə. “Bir aktyorun səhnəyə çıxması üçün birtək frontal işıq kifayət edirdi. Amma səhnəyə layiq olmaq üçün o işıq aktyorun içində yanmalı idi”…

Teatrında bunu artıq hamı bilirdi: Teatrın ən böyük düşməni zəyif aktyor deyil. Ən böyük düşməni özünü “böyük” aktyor hesab edərək, sənətin qarşısında kiçilməyi bacarmayandır! Tüpürcək qabı isə yenə qapının kəndarında dayanırdı. Mis əlvan metaldan olan o köhnə qab heç nə demirdi. Heç vaxt deməmişdi də. Amma onu görən hər kəs artıq Validin dillər əzbəri olan monoloqundan sonra bilirdi ki, bəzən ən ağır ittihamı insanın üzünə söyləyən dil deyil — susaraq onu gözləyən bir qabdır.


# 81 dəfə oxunub

Oxşar xəbərlər

"Qadınların əksəriyyəti qarşılarına çıxan ən pis "yanlış adam"la kifayətlənir..." - Elfrida Yelinekdən sitatlar

"Qadınların əksəriyyəti qarşılarına çıxan ən pis "yanlış adam"la kifayətlənir..." - Elfrida Yelinekdən sitatlar

15:00 20 oktyabr 2026
Koşay (ikinci möcüzəm) - Aliyə Kərimzadənin essesi

Koşay (ikinci möcüzəm) - Aliyə Kərimzadənin essesi

14:30 20 oktyabr 2026
"Həqiqi dahini bu əlamətdən tanıya bilərsiniz..."  - Conatan Svift

"Həqiqi dahini bu əlamətdən tanıya bilərsiniz..." - Conatan Svift

17:00 19 oktyabr 2026
"Evin kişisi" povestindən bir hissə - İsi Məlikzadə

"Evin kişisi" povestindən bir hissə - İsi Məlikzadə

11:00 18 oktyabr 2026
"Sol biləyimdə Auşvits nömrəsini daşıyıram..." - Jan Ameri

"Sol biləyimdə Auşvits nömrəsini daşıyıram..." - Jan Ameri

15:30 17 oktyabr 2026
"Həyat və qadın Tanrının ən qiymətli hədiyyəsidir..." - Artur Millerdən sitatlar

"Həyat və qadın Tanrının ən qiymətli hədiyyəsidir..." - Artur Millerdən sitatlar

14:00 17 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər