Reket jurnalistikasının sirləri - ARAŞDIRMA

Reket jurnalistikasının sirləri - ARAŞDIRMA
23 sentyabr 2011
# 05:00
“Dəryaz”, “Jurnalist və qanun”, “İdeal Azərbaycan”, “Xüsusi Təhqiqat”, “Taran”, “Aydın Azərbaycan”, “Avrotayms”, “Kadr və tərəqqi”, “Azadlıq və zaman”, “Fakt+fakt”, “Xalq vəkili” “Regionun səsi”, “Mayak”, “Jurnalist P.S.”, “İstintaq”, “Müfəttiş”, “Xalq nəzarəti+”, “Güzgü”, “Zərbə”…

Bunlar qəzetlərdir. Daha doğrusu, qəzet adlarıdır. Və bu qəzetlər reket elan olunublar. Reket qəzet, reket jurnalistika ifadəsini ilk dəfə mətbuata kim gətirib bəlli deyil. Bəlkə də ifadənin özü qüsurludur.
Çünki SSRİ-nin dağılmasından sonra leksikonumuza düşən “reket” ifadəsinin arxasında ondan-bundan bac alan, rəsmi hakimiyyəti saymayan, bir sözlə, “besprizornik”in biri dururdu. İndi təsəvvür edirsinizmi ki, tutaq ki, hansısa “Dəryaz” və ya “Zərbə” qəzeti tutaq ki, kimdənsə bac alsın və ya hakimiyyətə meydan oxusun? Bu, qeyri-mümkündür.


“Bizim çiçəklənmə dövrümüz arxada qaldı”


Bəs nədən qaynaqlanır, bizim söhbət açdığımız reketizm. Sadəcə, bir məqamdan: cəmiyyətdə yerini tuta bilməyən nə qədər ünsür varsa, indi hamı özünü mətbuata verib. Asan qazanc yolu kimi. Biz bu qazanc yoluna qayıdacağıq. Hələliksə, reket jurnalistikasının yaranma və çiçəklənmə dövrünə qayıdaq.

Bir dəfə reket baş redaktorların biri il söhbətdə ona bir sual verdim. Özü də tam ciddi şəkildə:

- Sizin ən pik dövrunüz, ən çox qazandığınız illər nə vaxta təsadüf edir?

Bir az fikrə dalıb dedi:

- Doxsanların axırı, iki minlərin əvvəli… Bizim ən yaxşı dövrümüz arxada qaldı…

Əslində, düz deyirdi. 1998-ci ilin avqustunda senzuranın ləğvindən sonra onlar talada göbələk kimi peyda oldular. Və elə bir sürətlə inkişaf etdirlər ki, bir də gördük… məmləkətdə 3 mindən çox qəzet qeydiyyatdan keçirilibmiş.


Reketlər kimdirlər və necə qazanırlar?

Onlar qazanmırlar, dilənirlər. Yox, hörmətli oxucu, belə də demək olmaz. Əgər bu dilənçilikdirsə, tutaq ki, mən Səbuhi Məmmədlinin, 92-ci ildən mətbuatda və kifayət qədər ciddi qəzetlərdə işləmiş birisinin adi bir velosipedi yoxdursa, bəs bunlar bahalı maşınlarda necə gəzirlər? Əslində, dilənməklə. Və özü də adi dilənçilərdən daha peşəkar səviyyədə. Elə bahalı maşın da onlara buna görə lazımdır. Hansısa müdirin yanında “Mersedes”dən düşmək daha effekt verər, sizcə, yoxsa avtobusdan?

Reket jurnalistlərin çoxu, bir daha deyirəm, nə vaxtsa işlədikləri yerdə iflasa uğramış natamam adamlardır. Biri aqronom olub, biri baytar, hətta birini tanıyıram vaxtı ilə diş həkimi imiş.

Rəhmətlik Süleyman Osmanoğlu danışırdı ki, bir dəfə onun yanına Qazaxdan olan briqadir yerlisi gəlibmiş. Həmin briqadir Süleymana deyib ki, bir qəzet təsis edib və ilk nömrəsini də buraxıb. Mərhumun kefi bir az saz imiş. Qəzetin birinci səhifsinə baxan kimi deyib ki, qaç, səni tutacaqlar. Sən demə, o, ölkənin rəhbərliyində duran şəxslərdən biri haqda şit tərif yazıbmış. Özü də şeirlə…

-Sən durma, heç dayanma,
Xalqımızdan pazı çıxart.
Həmin pazı xəncər kimi,
Erməninin ürəyinə tax…


Rəhmətlik deyir ki, həmin adam o gedən gedib.

Deməyim odur ki, bu tip adamlardan reket jurnalistikasında “n” qədərdir.

İndi keçək onların qazanc mexanizminə. Bu da sadədir. Sizə bir məqamı deyim, reket jurnalistlər peşakar jurnalistlərdən fərqli daha mütəşəkkil və həmrəydirlər. Onlar əllərində olan hansısa orta və kiçik məmur haqda məlumatı dərhal bir-birinə ötürür… və hərəsi öz faktından öz reket həmkarından hətta faizini də alır. Xırda bir “ÇP”-si olan məmur onlardan qorxur. Çünki həmin reket jurnalist onlarla peşəkar jurnalist kimi sakit, təmkinlə yox, aqressiv danışır. Məsələn, “İdarəni dağıtmısan? Bəs bilmirdin ki, bu pulu tək yeyə bilməzsən?!” Bu cür aqresiyanın qarşısında həmin idarə müdiri muma dönür.

Və səxavət kisəsini açır…

Hə, bir də qadın amili. Reket jurnalistlərin çoxunun yanında bir sürü, - ifadəmə görə üzr istəmirəm, - ərindən, ata və anasından bezmiş qadınlar var. Əsas “desant”lar da elə onlardır. Məsələn, özünü hacıxanım kimi təqdim edən bir qadın baş redaktorun əlinin altında otuza yaxın belə qadın var. Onlar obyektə təkcə fakt araşdırmaq üçün getmirlər, həm də…

Daha ardını özünüz bildiniz. Amma bir qəzetin adını çəkmək məcburiyyətindəyik.

Dostlardan biri deyir ki, Gəncədə bir “Ağsaqqal” qəzeti çıxırmış. Ayda bir dəfə çıxan bu qəzetin bilirsinizmi ki, nə qədər müxbiri varmış? Hə, düz 120 nəfər. Əla biznes imiş. Baş redaktor hər müxbirə çox yox, aya 10 manat haqq qoyubmuş. Bu isə ayda 1200 manat edir. Vəssəlam! Şərhə ehtiyac varmı?


Şantaj, şantaj…bəs niyə şantaj?


“Kaspi”dən olan həmkarımız yazır: “Bəs bu qəzetlərin gəliri hardandır? Sirr deyil ki, qəzetlərin əsas maliyyəsi satış və abunə yolu ilə formalaşa bilər. Amma diqqət yetirsək, əksər “reket qəzetlər”in düz-əməlli tirajları yoxdur. Onların çap olunduqları tirajın satış pulu ilə heç yerləşdikləri redaksiyaların ən adi xərclərini belə ödəmək mümkün deyil. Son vaxtlar “reket qəzetlər” o qədər az tirajla çap olunurlar ki, onları qəzet köşklərindən çətinliklə tapmaq olur. Bəzən qəzetlərin nüsxələri şantaj edilən şəxsin evinə və ya işlədiyi müəssisəyə paketlənib göndərilir”.

Haqlıdır. Və bir misal. Bu qəzetlərin tiajı 300 nüxsəni belə keçmir. Və təbii ki, qəzetdə “tənqid” hədəfi olan adamların evlərinə, iş yerlərinə, bəzən isə qohumlarına göndərilir.

Və indi dayan bu biabırçılığın qarşısında. Özü də mühafizəkar Azərbaycan ailəsi ola?

Həmkarımız bir məqamda da haqlıdır ki, “reket qəzetlər”in əksəriyyəti vaxtilə müxtəlif vəzifələrdə çalışmış, sonradan işinin öhdəsindən gələ bilmədiyinə görə istirahətə göndərilmiş sabiq məmurların ianələri hesabına yaşayırlar. Elə adı “qara siyahı”da keçən, ya da bu siyahıya düşməyə ən real namizəd olan qəzetlərin aylarla çək-çevir etdikləri mövzuları, hədəfə aldıqları rəsmi şəxslərin fəaliyyət sferalarını təhlil edib uzlaşdırsaq sifarişin hansı dairələrdən gəldiyini yəqin etmək üçün əsaslar yaranır.

Vaxtı ilə yarıtmaz əmllərinə görə vəzifədən qovulmuş şəxslər rüşvət yolu ilə topladıqları sərvətdən «reket»lərin qabağına “tula payı” atmaqla qisas aldıqlarını və ya özlərinin hansısa məqamda kiməsə xatırlatmaq istədiklərini düşünürlər. Söz azadlığından sui-istifadə edib tənqidi təhqir kimi başa düşən reket mediasının ona sifariş olmadan kiminsə bostanına daş atması ağlabatan səslənmir.


Və reket jurnalistlərlə bağlı ruslar demiş “bayka”lar


Bunu dizayner Teymur Rəhimov danışır:

- İşlədiyim qəzetlərdən birin baş redaktoru məni yanına çağırıb “Azadlıq” qəzetini göstərdi. Dedi ki, bundan sonra mənim qəzetim belə çıxsın. Mən ona dedim ki, bu, radikal müxalifət qəzetidir, mən isə dizayner, axı mən səhifələməklə məşğulam. Dedi ki, qəzetin materialları ilə işin olmasın, dizaynı “Azadlıq” kimi olsun. Həmin vaxt bir dostum qonaq gəlmişdi. Ona qonaqlıq verməliydim. Gəldim həmin reket redaktorun yanına, yalandan dedim ki, bəs “Azadlıq”ın şriftləri məndə yoxdur. Onu almaq lazımdır. “Azadlıq”ın dizayneri ilə danışmalıyam. Dedi, al bu 50 manatı, get şriftləri al. 50 manatı alıb dostumla vurmağa getdim. Səhəri mənə dedi ki, şriftləri aldın? Qaytdım ki, 50 manata ancaq samitləri verdi, saitlərə görə, daha 20 manat istəiiyr. Təsəvvür edirsinizmi, çıxarıb mənə daha 20 manat verdi.

“Savaş” qəzetinin baş redaktoru Zülfüqar Hüseynli danışır:

- Bir dəfə bir reketçi-xanımın qəzetini çıxarırdım. Qəzet deyəndə ki, cızma-qara bir şey idi. Mən sonuncu yazını işləyəndə gəlib başımın üstündə durdu. Səhv etmirəmsə, Ziya Məmmədovla bağlı tərif dolu bir yazı idi. Mən başlığa belə bir cümlə çıxartmışdım: “Nəqliyyatçılarımızın uğurlu nailliyyəti”. Bu adam başım üstündə durub deydi ki, nailiyyət sözünü çıxart. Dedim, yəqin, başqa təklifi var. Nə yazmaq lazımdır, soruşanda isə qayıtdı ki, “nəqliyyat” yaz. Dedim, xanım, elə beləcə də yazım ki, “Nəqliyyatçılarmızın uğurlu nəqliyyatı?”. Dedi, hə! Ürəyimdə dedim ki, heyvanına şükür.

Adını çəkilməsini istəmyən başqa bir dostumuz danışır. Deyir, bir nəfər mənə Ucar rayonunun xəstəxanasından tənqidi yazı tapşırmışdı. Yarım səhifə yazıya görə, 20 manat pul da vermişdi. Mənim də Ucar xəstəxanaasından heç bir faktım yox idi. Əlimdə Neftçala xəstxanasından yazı vardı. Həmin yazıda Neftçalanın adını Ucar, baş həkimin adını da dəyişib verdim. Səhər qəzet çıxdı. Nəşriyyatın çayxanasında oturmuşdum, reketşi baş redaktor əsəbi şəkilədə özünü yetirdi. Elə bağırıdı ki? Dedim, nə olub, səhv gedib. Yazını az qala gözümə soxurdu. Qayıtdı ki, ə, bu nədi yazmısan ki, rayon dəniz sahilində yerləşsə də… Sən demə, rayonların, baş həkimlərin adlarını dəyişsəm də, bu məqama diqqət yetirməmişəm...

“Bu hadisəni isə heç vaxt unutmaram. Reket qəzetlərin birini baş redaktoruna zarafatla, amma tam ciddi şəkildə dedik ki, sənin qəzetində yazıdan BBC-də sitat gətiriblər. O, hansı yazını xəbər aldı. Biz unutduğumuzu dedik. O, sonuncu sayı bizə uzadıb dedi ki, baxın hansıdır, yadınıza salın. Hansısa rayonun təhsil idarəsi ilə bağlı yazı idi. Barmağımızı həmin yazıya uzadıb dedik ki, bax budur. O, bilirsinizmi nə etdi? Tez həmin müdirə zəng edib dedi ki, BBS-idən gəliblər, səninlə maraqlanırlar. O, zavallı da nə desə yaxşıdır? Sən Allah elə et ki, rayona gəlməsinlər. Nə hörməti var edəcəm?..

Hörmət demişkən, reketçi baş redaktorlar əlbəəl pul almazlar. Onlar faktı yazmamaq üçün pulun nəşriyyatdakı poçta köçürülməsini tələb edirlər. Yəni heç bir iz qalmasın deyə. Sonra isə həmin faktı başqa reket həmkarlarına ötürülər. O da poçtda müvafiq pulu alır…Və…

Beləcə həyat davam edir…


Səbuhi MƏMMƏDLI
# 2060 dəfə oxunub

Oxşar xəbərlər

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

15:00 24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Mirzə Cəlil Sabirin heykəlinin açılışını niyə tənqid etmişdi? - TARİX

Mirzə Cəlil Sabirin heykəlinin açılışını niyə tənqid etmişdi? - TARİX

11:51 21 noyabr 2024
Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
#
#
# # #