Xəyyam Mirzəzadə haqda

Xəyyam Mirzəzadə haqda
30 iyul 2011
# 13:05
Bu yaxınlarda əlimə müəllimim, professor Xəyyam Mirzəzadənin məqalələrindən və onunla müsahibələrdən ibarət “Xəyyam Mirzəzadə: Fikirlər, düşüncələr, məqalələr” kitabı düşdü.

Elə bəri başdan bir haşiyə çıxım ki, XIX əsrin ilk yarısından etibarən akademik musiqi bəstəkarlığı (buna kompozitorluq demək daha doğru olardı) və publisistika bir-birinə çox yaxın olub.

Beethoven öz dövründə klassisizm kanonlarını sındırandan sonra musiqidə yavaş-yavaş proqramlılıq (süjetlilik də demək olar) yarandı və macar əsilli məşhur bəstəkar Liszt`dən sonra sonra bəstəkarlar öz əsərləri barədə danışmağa, yazmağa başladılar. Beethovendən sonra həm də bəstəkarların ictimai həyatdakı funksiyası da dəyişdi.

Əvvəllər ən uğurlu halda saraylarda musiqiçilərin rəhbəri (kapellmeister) olan bəstəkarlar artıq ictimai-siyasi proseslər barədə ortaya mövqe qoymağa başladılar. Azərbaycanda buna ən uğurlu misal Üzeyir Hacıbəyovdur ki, adı bəstəkarlardan başqa məşhur publisistlərin də sırasında (özü də ön cərgələrdə) çəkilir.

Üzeyir bəydən sonra bu bir ənənəyə çevrilmiş olmalı ki, indiyə qədər Azərbaycan bəstəkarlıq məktəbinin nümayəndələri sırasında siyasi-ictimai həyatda aktiv iştirak edənlər, həmçinin publisistika ilə məşğul olanlar var. Bunların arasında Qara Qarayevin, Cavanşir Quliyevin və başqalarının adını çəkə bilərik.

***

Qayıdaq Xəyyam müəllimin kitabına. Kitab əlimə düşəndən sonra onu bir neçə günə oxudum və istədim ki, bu barədə bir yazı yazam. Hətta bunun üçün bir xeyli qeydlər də götürdüm, yazacağım yazının formasını düşündüm və s.

Sonra bir az da götür-qoydan sonra ehtiyat etdim ki, bu cür yazı yorucu çıxa bilər – nə çox belə yazı. Amma nəsə yazmaq da istəyirəm axı. Və nəhayət, qərara gəldim ki, arada kitabdan da sitatlar gətirmək şərti ilə, Xəyyam Mirzəzadənin özü barədə yazı yazım.

Dörd ildən uzun müddətdə onun sinfində təhsil almışam, nə qədər onun söhbətlərini və onun barədə söhbətlər eşitmişəm. Əlqərəz, başlayaq.

***

1999-cu ildə Asəf Zeynallı adlı Musiqi Texnikumunun sonuncu kursunu bitirirdim. Məqsəd Konservatoriyaya daxil olmaq, kompozisiya kafedrasında təhsil almaq idi.

Müəllim seçimi ilə bağlı ağıllı saydığım adamlarla məsləhətləşdim. Əksəriyyət Xəyyam Mirzəzadə və Fərəc Qarayevi tövsiyə edirdi. Amma bir şey vardı ki, Fərəc Qarayev o vaxt həm də Moskva və Kazanda dərs dediyindən Bakıda az-az görünürdü.

Xəyyam Mirzəzadə isə sonralar özümün də şahid olduğum kimi hər həftənin ikinci-beşinci günləri, səhər 10-da, ruslar demişkən, “jelezno” sinfə daxil olurdu. Asəf Zeynallıdakı fakültativ kompozisiya müəllimimdən rica etdim ki, məni Xəyyam müəllimlə tanış etsin, əsərlərimi göstərim.

Gözəl günlərin birində, onunla birlikdə Konservatoriyanın 309-cu sinfinin qapısını döydük, girdik içəri. Əvvəlcədən randevous almışdıq, kişi bizi gözləyirdi.

Bu arada onu da deyim ki, Konservatoriyanın bəstəkarlıq fakültəsindəki tələbələr öz müəllimlərini əsasan “kişi” adlandırırlar. Lap övladların ataları barədə işlətdiyi kimi. Səhər gələndə bir-birimizdən soruşurduq: “Kişi gəlib?” ya da “kişi harada qaldı?” və s.

Nəsə, girdik sinfə, salam-əleyk. Oturdum iki-üç dənə prelüdümü çaldım, uşaq vaxtı yazdığım (öz aləmimdə simfonik adlandırdığım) partituraları göstərdim və s. Dinlədi, baxdı və hansı bəstəkarları sevdiyimi soruşdu. Hamısını sevdiyimi dedim. Qayıtdı ki, ədabazlıq eləmə, bütün bəstəkarları necə bəyənmək olar...

Nəsə, iki-üç ən çox sevdiyim bəstəkarın adını çəkdim. Elə ilk dərsdəcə gözümün odunu aldı. Mənə düz yolda olmadığımı, Konservatoriyaya girsəm, yazdığım bu “simfonik” əsərlərin heç bir işə yaramayacağını, sıfırdan başlamalı olduğumuzu dedi.

Dediklərini dinlədim, “bəli” dedim və təşəkkür edərək sinifdən çıxdım. Yayda Konservatoriyaya qəbul oldum, ərizə yazaraq onun sinfinə girdim və təhsilə başladıq.

***

Xəyyam müəllimin kitabında bir maraqlı cəhət də var ki, bu da onun dürüstlüyü barədə oxucuda fikir yaradır.

İndiki əksər yaşlılarımız – yazıçılarımız da, siyasətçilərimiz də Sovet zamanı o sistemin ritorikası ilə yazdıqları əsərləri gizlətməyə çalışırlar, Xəyyam müəllimin kitabında isə o ritorika olduğu kimi saxlanılıb, əl dəyilməyib.

O zaman nə deyib, nə yazıbsa eyni əminliklə indi də çap edib.

***

Bəzən bu dürüst danışığına görə də insanlar onunla rahat deyil. Çox söz danışırlar onun barədə. Bir dəfə, deyəsən 2000-ci ildə, Zuğulbada gənc bəstəkarların simpoziumu idi.

Xeyli bəstəkar yığışıb getmişdi ora, mən də siyahıya düşmüşdüm. Bir dəfə növbəti şam yeməyindən sonrakı söhbətlər zamanı bir bəstəkar Xəyyam müəllimin arxasınca danışdı.

Simpoziumda bizə rəhbərlik edən (digər müəllimim) Cavanşir Quliyev o adamın sözünü kəsdi və dedi: “Mən otuz ildir bu musiqi camiəsindəyəm, elə hey eşidirəm ki, Xəyyam belə dedi, Xəyyam elə dedi... Hələ bir nəfər deməyib ki, Xəyyam pislik etdi. Sadəcə dili bir az acı ola bilər, o da düzünü deməkdəndi.”

***

“Bizim bəzi televiziya filmlərimizə hətta qohumbazlıqla musiqi yazırlar. Soruşanda bəstəkarı kimdi, deyirlər bir nəfər yaxşı oğlandı. Adama deyərlər, yaxşı oğlanı evə qonaq çağır, daha filmi niyə korlayırsan?”

(“Xəyyam Mirzəzadə: Fikirlər, düşüncələr, məqalələr”
Səh. 42)

***

Sinifdə bizə deyirdi ki, çalışın həm dostlarınız olsun, həm də düşmənləriniz. Amma illah ki, düşmənləriniz olsun deyə gedib camaatın başını daşla yarmayın.

Elə çalışın, ortalığa elə keyfiyyətli iş və mövqe qoyun ki, başqaları bundan qıcıqlansınlar, həsəd aparsınlar.

***

Mən o qədər də çalışqan tələbə sayılmazdım. Təhsil zamanı pul qazanmaq üçün başqa işlər də görürdüm. TV kanallarda “şapka” yazır, mahnı arranje edir, KVN komandaları ilə işləyirdim və s. Bir dəfə bu KVN komandalarından biri ilə Ukraynanın Donetsk şəhərinə, çempionatda iştiraka getdim.

Mənim xahişimlə qrafik elə quruldu ki, bu ikinci gün axşam buradan çıxaq, o biri ikinci gün səhər isə burada olaq. Beləliklə “ikinci-beşinci günlər” olan ixtisas dərslərindən təkcə birini – cümə günü olanı buraxacaqdım.

Əslində günah məndə oldu ki, ədabazlığıma salaraq cib telefonu ilə professora zəng edib “Ukraynaya gedirəm, gələn dərsi buraxmalı olacam” dedim. O da əsəbiləşdi, gedirəmsə elə orada da qalmağımı, geri qayıtmamağımı tövsiyə etdi. Getdim. Gələn ikinci gün alaqaranlıqda Bakıya çatdım, evdə 2-3 saat işləyib, getdim dərsə.

Xəyyam müəllim mənə dekanlığa, sonra prorektorun yanına getmək lazım olduğunu dedi. Getdim, orada məni babat danladılar, icazəsiz dərs buraxdığıma görə Bakı Musiqi Akademiyasından xaric oluna biləcəyimi dedilər.

(Mən də arada gedib barəmdə rektora edilmiş təşəkkür məktubu gətirdim, özü də möhürlü-zadlı. Beləliklə işin rəsmi tərəfini həll etdim.)

Nəsə, ilin axırı gəldi. Violin və piano üçün sonatanın ikinci hissəsinin sonunu yazırdıq. Semestrin son dərslərindən biri idi. Xəyyam müəllim gətirdiyim parçaya baxdı, “gələn dərsə qədər buranı belə, oranı belə etməli olduğumu” və əsəri bitirəcəyimizi dedi. Mən də əsəri çatdırdığıma sevindim.

Amma qapıdan çıxar-çıxmaz yadıma düşdü ki, gələn dərs 15 İyun tarixinə düşür. Həmin gün isə iş günü deyil.

Ondan sonra isə imtahan. Geri qayıtdım, bunu dedim. Xəyyam müəllim “nə olsun, bayramdı, imtahana yarımçıq əsərlə girərsən” – dedi.

Cəmi bir dərsə ehtiyacım olduğunu dedim. Müdrik professor xatırlatdı: “Bax bu bir dərs – Ukraynaya gedəndə buraxdığın həmin o dərs idi.” Qanım dondu, tüküm biz-biz oldu... Bu əsl şərq hikməti idi.

***

Kitabın 45-ci səhifəsində belə bir maraqlı məlumat var: “Yeddi oğul istərəm” filminə gəlincə, onu Səməd Vurğunun adına yazırlar. Onun ssenarisini Yusif Səmədoğlu yazıb. Onu da Osman Sarıvəllinin Səməd Vurğunun şeirləri əsasında yazdığı poema əsasında işləyiblər. Burada Səməd Vurğundan bir neçə şeir var”.

Bildiyim qədəri ilə bu qeyri-populyar informasiya indiyədək geniş ictimaiyyətə məlum deyildi.

***

Kitabın 91-ci səhifəsindəki “Uzun musiqi – hələ simfoniya deyil” adlı yazısını ümumiyyətlə, son illərdə Azərbaycan musiqisindəki problemlərlə bağlı ən ciddi yazılardan biri adlandırmaq olar.

Oradakı fikirlərdən bəziləri ilə tanış olaq:

“Bu gün Konservatoriyada bir təhsil ocağı üçün lazım olan əsas xüsusiyyət – yaradıcı atmosfer çatmır.”

“Azərbaycanın demək olar bütün musiqi texnikumlarına tarçalanlar rəhbərlik edir, onlar öz dövrlərində solfecio, harmoniya, musiqi ədəbiyyatı, fortepiano kimi dərsləri asanlaşdırılmış səviyyədə keçiblər.”

“Mərhum Nazim Əliverdibəyov qeyd edirdi ki, öz zamanında Ü.Hacıbəyov milli alətlərdə ifa tədrisini Konservatoriyanın reyestrinə daxil etməmişdi. Hacıbəyov bunun üçün texnikumların bəs etməsini düşünürdü.”

***

Bir dəfə tələbələrdən birinin, bir qızın yazdığı əsərdə kulminasiya alınmırdı. Artıq neçə dərs idi ki, qızın dərsə gətirdiyi kulminasiya Xəyyam müəllimin xoşuna gəlmirdi.

Növbəti dərslərdən birində professor qıza dedi ki, balası, get evə, yaxşı, yekə, bəzəkli vazalardan birini vur yerə sındır, başa düşəcəksən ki, kulminasiya necə olmalıdı. Növbəti dərsdə qız gəldi, əsəri çaldı, babat kulminasiya alınmışdı. Xəyyam müəllim dedi ki, hə, deyəsən sındırmısan.

***

“Xəyyam Mirzəzadə: Fikirlər, düşüncələr, məqalələr” kitabında söhbətlər əsasən musiqi ətrafında olsa da başqa məsələlərdən də söz açılır – bütövlükdə mədəniyyətdən, incəsənətin ayrı-ayrı sahələrindən, ədəbiyyatdan, ictimai həyatdan və s. Kitabda müəllimimin Bakı şəhəri barədə bir məqaləsindəki fikirlərlə isə razı deyiləm.

108-ci səhifədə Sovet hökumətinin özündən əvvəlki quruluşda yaşayan milyonçulardan daha az ictimai hamam tikməsi qeyd olunur. Burada Xəyyam müəllim onu da nəzərə almalıdır ki, Sovet dövründə içi hamamlı şəxsi evlərin çoxalması ilə ictimai hamamlara tələbat çox azalmışdı.

***

Bu kitabdan ən çox fayda incəsənətlə məşğul olan, ya da maraqlanan insanlara dəyə bilər. Özü də aşağıda kitabın 166-cı səhifəsindən bura köçürdüyüm fikirlər sübut edir ki, bu kitabı oxumaq təkcə gənclər üçün deyil, yaşlılar üçün də pis olmaz:
“Biz mübarizə aparır, inkişafa nail oluruq.

Bu inkişaf nəticəsində müəyyən zirvələrə çatırıq və orada dayanırıq. Ondan irəliyə isə heç kimi buraxmırıq. Əgər kimsə daha da irəliyə getmək istəyirsə, deyirik ki, olmaz. Biz inkişafın düşmənlərinə çevrilirik. Ağıllı adam buna yol verməz”.

Məncə elə bu fikirlərlə yazını bitirim və müəllimim Xəyyam Mirzəzadəyə salam və sayğılarımı göndərim. Xəyyam müəllim, canınız sağ, kefiniz çağ olsun!

(525-ci qəzet)
# 1670 dəfə oxunub

Oxşar xəbərlər

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

15:00 24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
# # #