Sevinməyə heç nə tapmayanda zamana sevinmək olar, məsələn, bir durğun yay günündə saat üçə beş dəqiqə qalmasına sevinmək, saat üç tamamdan gözləntiləri sevmək, qorxuları əzizləyib, ümidsizlik sindromundan belə zövq almaq.
Aqressiyanı söndürmək, emosiyaların sürətini azaltmaq , şübhələri susdurub, önyarğıları qovmaq, mümkündü axı, hakim çəkicini yerə qoyub müttəhim kürsüsündə oturmaq bir anlığa, keşiş geyimini soyunub, içindəki günahkarı axtarmaq azacıq .
Səliqəsiz bir arxivi təmizləyirmiş kimi təmizləmək olar ürəyi, duyğuları bir daha saf-çürük etmək, əziz qonaq gözləyən ev kimi üzə gülən bir könül gəzdirmək köksündə.
O qəzəbin vaxtı keçib, məsələn, bu qürur xoşbəxtliyə ziyandı, o nəticə düz deyildi, bəlkə də. Batmaq üzrə olan gəmidən artıq əşyaları atırmış kimi atmaq olar yaşamağa mane olan hər şeyi, ikinci şans tələb etmək taledən, məntiqi bircə dəfə də istəyə tabe etdirmək, bəxti bir daha sınamaq.
Bəlkə, bu dəfə iki üstəgəl iki dörd yox, beş edəcək?! Etməyəcəksə, belə bir daha aldanıb, bir daha haqlı çıxmaqdan qorxmamaq olmazmı, lovğa qaliblikdən imtina edib, uduzanlara empati quraraq.
Heç nəyə sevinə bilməyəndə olduğun məkana sevinmək olar, məsələn, parkdakı ağaclara, səmadakı sonsuzluğa, qulaqcıqdakı mahnıya.
Mövcudluğa sevinmək olar, sadəcə, həyatı sevmək çabasına, yaşamaq eşqinə.
Yaşaya bilən adamların yanından keçib yaşaya bilməyən adamların yanına getmək mümkündür, məsələn, məhz yaşaya bilməməsini sevmək o adamların, ayaqları torpağa dəyməyən kəslərin “uclarda” gəzməsini sevmək, eyforiyada necə yüksəkdə, depressiyada necə dərində olduğunu hiss edərək, “yaxşıyam” yalanındakı yorğunluğu, “yorğunam etirafındakı çarəsizliyi anlayaraq.
Özünü sevə bilməyən adamlar var bu dünyada. Özünün əvəzində də sevmək olar onları, özünün əvəzinə də qorumaq, özünün yerinə də bağışlamaq, nə istədiyini bilməyən adamlar üçün gözəlliklər arzulamaq, diləklər diləmək...
Qarşıdakı insanın güzgüsündə baxmaq gərək özünə, onun da əvəzinə haqlı çıxaraq, onun da əvəzinə səmimi olaraq, onun da yerinə gülərək... Təki gülməyi xatırlasınlar, təki gizləndikləri yerdən çıxsınlar, təki yaşamağı bacarsınlar axır ki.
Anlaya bildikcə anlamaq lazım insanları, oxuya bildikcə oxumaq, sözlərin leksik mənasını bir kənara qoyub səsdəki titrəyişi, ruh halının üzdəki inikasını sevmək bütün jestlərini əzbər bildiyin kəslərin...
“Siz” dediyin adamlarla “sən” dediyin adamların fərqini sevmək, məsələn, uzaqlığın cazibəsini, yaxınlığın qüsurlarını, “sən”dən “siz”ə çevrilmiş adamları “siz”dən “sən”ə dönmüş adamlardan çox sevmək hətta.
Heç nə tapmayanda sevməyə əşyaları sevmək, məsələn, əşyalara bağışlamaq adamları; bir dəm çaynikinə, tutaq ki, tanış bir siqaret qutusuna.
Təkcə sevincin yox, əzabın da dadını çıxarmaq mümkündü bu dünyada, təkcə gəlişlərin gözəlliyini yox, gedişlərin möhtəşəmliyinin belə, xəyal qırıqlığının ipdən dağılan təsbeh dənələri kimi ayaq altına səpələnməsini sevmək...
...Zamanı sevmək, məsələn, bir durğun yay günündə saat üçə beş dəqiqə qalmasını...