Balaca-balaca şairlər

 Balaca-balaca şairlər
28 yanvar 2013
# 11:47

Universitetdə bir ədəbiyyat müəllimimiz vardı. Ədəbiyyat tariximizin mərhələlərini həmin dövrün məşhur şairləri ilə adlandırardı. Qalanlara da “aradakı balaca-balaca şairlər “ deyərdi. Həmin şairləri kiçiltmək üçün əcaib bir jest edərdi Mürsəl müəllim. Uğunub gedərdik.

İndi bir dövrdəyik ki, yox, “nəzm olub xar” deməyəcəyəm, nəzm elə bütün dövrlərdə xar olub. İndi bir dövrdəyik ki, balaca-balaca şairlər daha yekə-yekə danışırlar, adlarını daha böyük hərflərlə yazdırırlar, daha iri kitablar nəsr elətdirirlər.

Bir cümləsinə, bir sözünə həsrət qaldığımız qələm dostlarımızı illərlə görmürük, hərənin başı bir tərəfdə taleyin oyununa qarışıb. Bir kəlməsini həzm edə bilmədiklərimiz isə ətrafımızda az qala sürü ilə dolaşırlar.

Jurnal-qəzetləri örtdük, televizoru unutduq, qapı-pəncərəmizi bağlayıb oturduq evimizdə, indi də internetlə evimizin içinə girdilər, palaz-palaz yazılar göndərib başladılar rəy soruşmağa. Bəzən özləri kimilərin də bol-bol tərif döşədiyi bu müəlliflərə “sən xəstəsən” deməkdən adam özünü güclə saxlayır. Desən, nə dəyişəcək, bir deyil, beş deyil.

İndi bir dövrdəyik ki, kiminsə özünü şair, yazıçı, bəstəkar elan etməsi üçün heç bir meyar yoxdu. Dərindən düşünəndə heç insanların yazıçı və oxucu deyə bölgüsü də düz deyil. Bu dünyada insanlar bircə təsnifatla ikicə yerə bölünürlər: İstedadlı və istedadsız adamlar. Bəzən bir misra yazmayan adam belə cild-cild kitabları çıxmış birindən istedadlı ola bilər.

Beş-altı ayın söhbətidi, bir toy məclisində qadın şairlərlə bir masada oturmuşduq. Məlahət Yusifqızının mənə təqdim etdiyi bu xanımların nə üzünü görmüş, nə imzasını eşitmişdim. Özləri ilə kitab gətirib elə toyun ortasındaca avtoqraf yazıb kitab paylayan bu ortayaşlı şairlərə elə maraqla baxırdım ki, sözün həqiqi mənasında ağzım açıq qalmışdı. Mənə göz ağardan Məlahət xanıma dönüb:

“Abla, mən bunların heç birini niyə tanımıram? “-deyə soruşdum.

Məlahət xanım çox bir ciddi tövrlə:

“Günah səndədi, dünya ədəbiyyatını oxumamısan, mən ona neyləyim?”- dedi.

O bu sözləri söylərkən yumşaq bir təbəssümlə bizim söhbətimizdən xəbərsiz olan“ dünya ədəbiyyatı nümayəndələrinə” gülümsünürdü. Amma gözlərinin dərinliyində cinlər oynayırdı. Əlimi üzümə tutub xeyli güldüm. Ürəyimdə Məlahət xanımın cinlərinə minnətdardım, onlar da olmasa mən bu masada özümü yalqız hiss edəcəkdim.

# 3180 dəfə oxunub

Müəllifin son yazıları

# # #