Ayətullahları Allahdan və peyğəmbərindən çox sevənlər

Ayətullahları Allahdan və peyğəmbərindən çox sevənlər
14 oktyabr 2022
# 17:49

Kulis.az Rəvan Cavidin “Qara donlu kafirlər” yazısını təqdim edir.

Azərbaycanlılar iki cür dindar olur: ya özləri də bilmədən yaşadıqları coğrafiya, doğulduqları ailənin inanclarını mənimsəyir (təklif edirəm ki, buna genetik dindarlıq deyək), ya da müəyyən yaşdan sonra kimlərinsə təsirinə düşüb sürü psixologiyası ilə müəyyən şeylər qarşılığında dindar olurlar (bu adamlara da casus dindarlar deyək).

Birinci tip adamları Allah özü ağıl verməməklə cəzalandırıb. İkinci tip adamları isə tarix cəzalandırır. Mən ikincilərdən danışmaq istəyirəm. Məhz İranın radikala çevirdiyi, yetişdirdiyi potensial terrorçu dəstələrdən. Bu adamların allahlarına söy, peyğəmbərlərinə söy, din haqqında necə gəldi danış, sinirəcəklər, hansısa yolla sakitləşəcəklər, amma İranı söy, ayətullahlarını söy, siyirib başını kəsərlər. Müxtəlif yollarla maliyyələşən bu dəstələr cihad sevdalısı, özlərinə asanlıqla düşmən düzəldib onun üzərinə gedə bilən robotlardır.

İslamın sünnə-şiə döngəsində Allahı itirən “müsəlmanlar” bu gün Əlini özlərinə rəhbər seçib edəcəkləri bütün günahları, tökdükləri bütün qanları onun adına yazmaqla məşğuldurlar. Sığındıqları İran İslam dini üçün qara yara oldu, indi o yara qaşınır, çıxan qan da bu sürünün üstünə sıçrayır. İslamı gözdən salan, bəşəri dəyərlərə çadra geyindirib evdə dustaq etməklə məşğul olan İranın maliyyələşdirdiyi həmin dəstələr üçün Azərbaycan, milli kimlik yox, məhz pul alıb beyinlərini yudurtduqları ayətullahlar daha əzizdir.

İrandakı son hadisələr bir daha sübut edir ki, İranda iqtidarda olan rejim insanları xoşbəxt edə bilmir, onların azadlıqlarını əlindən alır. Bu rejim isə şəriət qanunlarını əsas tutan “dinçi kapitalistlərin” iqtidarından qidalanır.

İran ölkəsindən, müsəlman qəlblərindən qara donlu kafirləri qovub özünün yaratdığı qara donlu kafir və kafirələri gətirir. İmamların, Allahın adı ilə qəlbləri zəbt etməklə məşğul olub istənilən vaxt həmin adamları öz ölkəsinə, öz millətinə qarşı çevirməyi bacarır. Gücdürmü bu? Gücdür! Həm də elə bir güc ki, məhz insanların heysiyyatı ilə, mənəviyyatı, dini kimlikləri ilə idarə oluna bilir.

İndi İranda haqqını tələb edənlər insanlar da, mollaların qadağalarına qarşı çıxıb yaylıqlarını oda atan xanımlar da bizim ölkəmizdəki ayətullahsevənlərin gözündə düşmən qiyafəsindədir. Onlar İranda etiraz edənlərə haqqını tələb etməyi Bakıdan irad tutacaq qədər cahildirlər.

İran hakimiyyəti ölkəsində adi insan haqlarını təmin etmir, onları dinin müqəddəsliyinə inandıra bilmir, hazırda İranda xalq məhz dini hakimiyyətə üsyan edir, İran isə insanların haqlı tələbinə qulaq verib, daxildəki problemlərlə məşğul olmaqdansa, milyonlar xərcləyib Azərbaycanda mollabaşlar yetişdirir.

İranın illərdir Azərbaycanda təşkil etdiyi pulsuz Kərbəla, Məşəd ziyarətləri də bu din siyasətinin bir hissəsidir. Məscidlərdə təşkil olunan mərsiyə tədbirləri də İranın qul düzəltmək siyasətidir. Allah qulu olmaqdan bezib ayətullah iti olmağı seçənlər (özlərinin təbiri ilə desək) millətinin şəhidinə Hüseyn ağısı deyəndə vəziyyətin nə qədər ağır olduğunu da gördük. İrandakı Təbrizin yox, qara parçanın dərdini çəkəndə də bu din sevdası bizi məyus etdi.

İslamı Azərbaycanda milli din şəklinə salmaqdansa, İranın təbəəliyini qəbul edib onunla yol yoldaşı olan din xadimlərimiz ölkəsinin gələcəyi üçün nə qədər ciddi problem yaratdığının fərqində deyil. Ya da onlara, hər axşam kürsüyə çıxıb moizə oxuyanlara bu daha çox sərf edir. Bilmirəm. Amma ümid edirəm yaşlı-başlı kişiləri asan aldatmayıblar. Heç olmasa milli xəyanətləri qarşılığında onlara cənnət və hurilər vəd ediblər.

“Nardaran hadisələri”ndə İran üçün öz ordusuna qarşı döyüşə biləcək nə qədər adamı gördük. Həmin hadisələr dövründə həbs olunan dindarların yerinə moizə deyib İran eşqi ilə adamların beynini yuyan, Bakının mərkəzində “terrorçu” yetişdirən axundlar gəldi.

İran üçün şəriətə öz ölkəsinin mənafeyini satan adamlar sabah eyni rejmin bu ölkədə də bərqərar olması üçün canlarını verər.

Siyasi səhnədə Qərb qaradonluları ilə İran qaraçadralıları arasında gedən iqtidar davasında azərbaycanlı gənclərin qoyun sürüsündən betər vəziyyətə düşməsini heç kim istəməz və istəməməlidir.

# 4581 dəfə oxunub

Müəllifin son yazıları

# # #