Azərbaycanda qaraçılar niyə sevilmir?

Azərbaycanda qaraçılar niyə sevilmir?
19 noyabr 2022
# 13:00

Kulis.az Rəvan Cavidin “Dilənmək mədəniyyəti” adlı yazısını təqdim edir.

Qarğalar yandırılmaq üçündürsə, itlər də təpiklənmək üçündür.
Qaraçı atalar sözü

Qaraçı deyəndə yadımıza dilənmək düşür. Başqa bir istisna yoxdur. Bir adam dilənçidirsə, o, qaraçıdır. Qaraçılar dünyanın hər yerində eyni “milli funksiyanı” daşıyır. Azərbaycanda ən məşhur qaraçı “kateqoriyası” Yevlax qaraçılarıdır.

Hətta Yevlaxda qaraçıların elə məhəllələri var ki, onlardan olmayan adam həmin məhəllələrə girə bilmir. Orada fırlanan adam ya soyulur, ya da ayağı, qolu deşik-deşik olur. Bir sözlə, qaraçı adının qarşısında həmişə ya dilənçi, ya oğru, ya falabaxan “peşələri” olub.

Qaraçı nəslindən olan məşhurları araşdıranda qarşıma məni təəccübləndirən adlar çıxdı. Mustafa Aksunun “Türkiyədə qaraçı olmaq” kitabını Tekirdağda bir sahhafçıdan (kitabçı) aldım. Sahhafçı özü də qaraçı idi. Kitabı mənə əzbər danışdı.

– Yəqin, sizin ölkənizdə də qaraçılar dilənir, rəqs edir... – dedi.

Bakının küçələrində rəqs edən, hansısa musiqi alətində ifa edən qaraçı yadıma düşmədi. Mən həmişə dilənən qaraçı görmüşəm. Elə sahhafçıya da belə dedim. Gülümsədi. Kitabı mənə hədiyyə etdi ki, Türkiyədə yaşayan məşhur, istedadlı qaraçıların adlarını ilə mən də tanış oldum. Həmin adlardan ən məşhurlarını bura yazıram:

Türkan Şoray, Orhan Gencebay, Sibel Can, Kibariye, Ebru Gündeş, Nihat Erim (Türkiyənin 12-ci Baş Naziri), Lale Aytaman (Türkiyənin ilk qadın valisi) və s.

Kitabın internetdə PDF formatı da var, oxumaq istəyənlər tapa bilər.

Hindistanın şimalından bütün dünyaya yayılan bu millətin hazırda ən çox yaşadığı ölkə Braziliyadır. Dövlət statistikasına görə, hazırda Braziliyada bir milyon qaraçı var. Amma bu rəqəmlər təbii ki, sadəcə qeydiyyata alınan qaraçıların sayıdır. Bir o qədər də “dövlətin gözündən qaçan” romanlar var, əlbəttə.

Türkiyədə qaraçılar dilənçilikdən çox rəqqaslıqla məşhurluq qazanıblar. Məsələn, burda çingənə və ya roman deyəndə hər kəs onların necə əla rəqs etməyindən danışır. Azərbaycanda qaraçı deyən kimi dilənçilik yada düşür. Belə başa düşürəm ki, Allahın qaraçısının da ən urvatsızı bizim payımıza düşüb. Latın Amerikasında qaraçılar kriminal şəbəkələr yaradıb, Hindistandakı qaraçılar lobbiçiliklə məşğuldur, Avropada, Balkan ölkələrində vəTürkiyədə isə musiqi və rəqs sənəti ilə məşhurluq tapıblar. Bizim qaraçılar da ancaq dilənməklə məşğuldur.

Əslində, türklərin (Türkiyə vətəndaşlarının) niyə qaraçılar haqqında müsbət fikirlərinin olması da aydındır. Çünki burda hətta dilənən qaraçılar belə özlərini çox mədəni aparır. Adamın pencəyindən sallanmır, pul verməyəndə üstünə tüpürmür, söyüş söymür, bir sözlə, harada dilənmək olar, harada olmaz, başa düşür.

Küçələrin kənarı ilə düzülən kafelərə, çayxanalara girən dilənçilərə hamı yaxşı davranır. Hətta onları görəndə yarım saatdır fikir çəkən adamlar da gülümsəyir. Bir neçə dəfə şahidi olmuşam ki, qaraçıları masasına dəvət edib naharını onlarla birgə edən adamlar var. Soruşanda da deyir ki, mən bilirəm ki, o ehtiyac üzündən dilənir, acdır, ona verməyə pulum yoxdur, yeməyimi bölürəm. Dilənçilər də buna etiraz etmir.

Bir dəfə İslam Səfərli küçəsində bir dilənçi yaxınlaşıb ac olduğunu dedi. Dedim, xırda pulum yoxdur. Qayıtdı ki, nəsə al da, burada market var. Bulka alıb verəndən sonra at kimi üzümə dirəndi ki, pulunu xırdaladın, indi verə bilərsən. Yəni, qəribə səslənsə də, bizim dilənçilərimiz çox acgözdür. Nə istədiklərini bilmirlər. Əslində, bilirlər, sadəcə səmimi deyillər. O boyda Türkan Şoray yetişdirən xalqın bir hissəsi gəlib çıxır Yevlaxa, onlar da belə.

Dilənçiyə münasibətimiz də, dilənçilərin bizə münasibəti də çox kobud və əxlaqsız olduğu üçün şəhərdə onları görəndə iyrənirik, qaçırıq, qorxuruq, bezirik.

İndi fikirləşirəm ki, Bakıda qaraçılara olan münasibət azca dəyişsə, bu millət paytaxtı nə qədər rəngli edər. Çalıb-oynayan qaraçılar, rəsm çəkənlər, mahnı oxuyanlar və qırıq petlə kimi adamı səbirdən çıxarmayan dilənçilər olsa, bizim onlara, onların da şəhərə münasibəti dəyişər.

Bütün məsələnin kökü isə şəxsiyyətə hörmətə dayanır. Kimliyindən asılı olmayaraq bir insan varsa, mövcuddursa, ona hörmət etməyi bacarmaqdan başlayır mədəniyyət. Xüsusən də, böyük şəhərlərin mədəniyyəti bu cür multikultural, polietnik dəyərlərə söykənməlidir. Dilənçilərin dalından təpik vurub obyektdən çıxarmaqla, ya şəhərdə yaxınlaşan dilənçiyə itin sözünü deyib qovmaqdansa, ən primitiv etik davranışlarla onları yola salsaq, Yevlaxdakı hansısa küçədən də qorxa-qorxa keçmərik, Bakıdakı hansı kafedə də dilxor oturmarıq. Biz onlara kömək elədikcə, onlar da bomboz şəhəri rəngli eləyər (bu cür səliqəli və qeyri-səmimi məsləhətlər verdiyimə görə üzr istəyirəm).

Sözümün canı o idi ki, sənət və sənətə verilən azadlıq dilənçiliyi də gözəl edir. İstanbulda küçələrdə mahnı oxuyan, klarnet çalan qaraçılarla Bakıda dilənən qaraçılar arasında heç bir fərq yoxdur. Eyni dildə danışırlar, eyni həyat tərzi keçirirlər, eyni şeyləri geyinirlər, eyni şeylərə inanmırlar. Bircə fərq odur ki, İstanbulda kimlərsə onlara qulaq asmağı seçir və sevir.

# 4779 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #