Kərbəla içdimi Hüseynin qanın? - Rəvan Cavidin yeni şeirləri

Kərbəla içdimi Hüseynin qanın? - Rəvan Cavidin yeni şeirləri
30 iyun 2023
# 10:39

Kulis.az Rəvan Cavidin yeni şeirlərini təqdim edir.


Ney üfürmədən...

Salam Sarvana Şərq sualları


Soruşun, neçə il axtarıb aşiq
quyudan qeyb olan yaşsız qocanı?
Biz hansı dənizin ləpədöyəni,
hansı çöldə yanan közsüz ocağıq?

Soruşun, Şəmsini tapdımı Rumi?
Kərbəla içdimi Hüseynin qanın?
İsa qovuşdumu bəs atasına?
Musa tapmadımı qutsal olanı?

Məcnuna Leylini vəd edən yolun
sonunda nə vardı, bilinmədimi?
Min ildir axtarıb tapammadılar
Kərəmi yandıran o sarı simi.

Hansı bomba idi, yaxıb kül etdi
şərqin uzağında sakuraları?
Neçə əli kəsib Xəzərə atdı
Yoldaş Stalinin dil şuraları?

Soruşun, kim idi edam günündə
öz xalqına baxıb köksü odlanan?
Otuz yaşlı məğrur, əyilməz əzmi
edam səhbasında dəyərsiz qılan.

Kim idi göylərə yol çəkən adam,
niyə yandırmışdı yazdıqlarını?
O hansı dəliydi, baxıb gülürdü
sırayla məftildən asdıqlarına?

Kim idi sübh vaxtı minarədəki,
niyə kəsilmişdi billur avazı?
Hansı uşaqlıqdı, mərmi altında
hələ də gözləyir ətirli yazı?

N dairəsi

Sən də mənim kimi yadına salma,
hansı küçə idi bizi ayıran?!
neçə il təqvimə baxa bilmədim,
neçə ildi həmin günü sayıram,
neçə ildi güllər fidan qalıbdır,

neçə ildir açmır yaz bənövşəsi,
bu necə kədərdi, rüsvay elədi
içdiyim qəhərin sərxoş nəşəsi.

Bu necə yol idi, tozu-torpağı
hələ də üstümə sinmiş kimidir,
hansı xəyanətin yıxmışdı məni,
qürurum təzəcə dinmiş kimidir,
hansı acizliyin köləsi idim,
kim idi başımın üstündə cəllad.
Mən niyə inandım, hələ bilmirəm,
mən ki tanıyırdım,
günahları adbaad,
çox da fikirləşmə, gözümün nuru,
mənim sahilimdə mirvari çoxdur,
qaç qurtar özünü qəmin əlindən,
neçə gözəl gördüm, qəmə yoluxdu:
saçları tiftikləndi, üzləri soldu,
gözləri qəm çanağı, səsləri bərbad.


Nə badə, yadına salma ayrılığı!

Ölüm üçün

Ölümdü də
gələr ömrün bir cığalbaz yazında
yaşıl otlar üstündə
burnumuzda yonca qoxusu
gözlərimizdə günorta yuxusu.
Ölümdü də
gələr yayın ortasında
qorabişirən istidə.
sahil, dəniz, soyuq pivə...
ölüm də bunlar kimi bir meyxoş hissdi də.

Gələr ən səmimi payızda,
təzədən aşiq olub

bir qızın ətrinə aldandığımız noyabrda,
ayaqlarımız xəzəlləri əzdikcə
ömrümüz əzə bilməyəndə əcəli
bir şeir də yadigar qoyarıq kağızda,
içində ölüm sözü keçən bütün surələr
yarımçıq qalar ağzımızda.

Ölümdü də
gələr bir qış gecəsi
sobabımızın buxarı təzəcə səngiyəndə,
belimiz torpağa əyiləndə -
insan nə gözəl sualdır qocalanda
"Bu hansı yoldur" cümləsinə.

Ölümdü də
ya iyirmi beşdə, ya əllidə
guya fərqi nə?
Ya yaşıl otlar üstündə,
ya da isti yorğan-döşəkdə
guya fərqi nə?

yollardı da, hərəsi bir səmtdən gəlir,
eyni səmtə çıxmaq üçün,
soyuq dodaqlarımız hərəkətsiz,
gözlərimiz dolu hüzün.

Qalata

Yenə bir ulduz uçdu
sənin məmləkətindən mənim məmləkətimə,
yenə birinin ovuclarında yetim qaldı arzusu,
yenə ömür dediyin yalnızlığa məhkumdur

Sənin yolunu sevdim,
nə qədərmiş yolçusu...
ən böyük yalanımı da sənə söylədim,
mən saf sevgilərin qədər ovçusu.

Mərmərəyə axıtdım bütün göz yaşlarını,
yumruğum havada ağlaya bilmərəm,
amma içimdə sancı, içimdə bir ağrı var,
bizim davamızın neçə ildir bağrı qan.

dostlarımı itirdim yalan pərvazlarında,
gözlərində dinməyən həqiqətin məşəli
Söndü Promoteyin əlində.
Rum qızı,
hardan tapdın bu yıxılmaz əzmini?
Mənə də öyrət,
neçə güllə öldürər bu üsyankar ruhunu?

Güllə səsləri, qırılan şüşələr, polis siqnalı...
mən Qalataya baxıram qolların arasından,
şəhər səma edir,
şəhər sanki səmazən.

Yanvar-iyun, 2023.
İstanbul-Tekirdağ

# 2253 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #