“Ana Kür” mahnısının pianino dillərində Reyhan Şıxlinskayanın barmaqlarından canlı ifası ilə başladı məclis. Bayaqdan Libraff kitab mağazasının rəflərində kitablara baxmağa dağılmış insanlar yavaş-yavaş ortaya, pianinonun sədaları gələn yerə cəmləşdilər. “Ana Kür” mahnısı “Dəli Kür” filmi ilə həmahəng olduğundan, həmin film də təbii ki, əsərin və senarinin müəllifi, xalq yazıçısı İsmayıl Şıxlını xatırladır.
Bu gün insanları bu kitab mağazasına toplayan da odur, İsmayıl Şıxlı və onun “Məni itirməyin” kitabı. Yazıçının əfsanələr, hekayələr və cəbhə xatirələrindən ibarət toplusunun təqdimatıdır.
Pianino susan kimi aparıcı Aysel Zahidqızının səsi eşidilir, hamını salamlayıb, tədbirin məramından və məqsədindən söhbət açır. Sonra İsmayıl Şıxlının həyat və yaradıcılığından bəhs edən kiçik videoçarx nümayiş etdirildi. Ardınca xalq yazıçısının oğlu, jurnalist Elçin Şıxlı qonaqları salamlayıb, atasının adını deyib gələn hər kəsə minnətdarlığını bildirdi. Dedi ki, İsmayıl Şıxlının 100 illiyinin qeyd olunması ilə bağlı Prezident sərəncamı ilə onun “Məni itirməyin” kitabının çapının eyni vaxta düşməsi xoş bir təsadüfdür. “Sərəncamdan sonra atamla bağlı tədbirlər, ssenarilər mütəmadi xarakter alıb”.
İsmayıl Şıxlının ikinci oğlu Fərrux Şıxlı da tədbirə gələn hər kəsə minnətdarlığını izhar edib, atası ilə bağlı xoş xatirələrini bölüşdü.
Aparıcı xanım məclisdə iştirak edən tanınmış jurnalist, professor Qulu Məhərrəmlini İsmayıl Şıxlının tədqiqatçısı kimi təqdim edib, sözü ona həvalə etdi. Qulu Məhərrəmli dedi ki, İsmayıl Şıxlı barədə bilmək, öyrənmək, onu oxumaq hər birimizin borcudur.
“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev İsmayıl Şıxlını çoxdan oxuduğu və öyrəndiyi üçün artıq onun haqqında bir kitab yazmağa başladığını söylədi. Məlum oldu ki, tezliklə Arif Əliyevin senarisi ilə İsmayıl Şıxlı barədə bədii-sənədli filmin çəkilişləri də başlayır.
Aysel Zahidqızı “Dəli Kür” filminin çəkilişləri ilə bağlı, orda İsmayıl Şıxlının özünün necə iştirak etməsi barədə məqamlara toxundu. Yanlışlıq olmasın deyə, Elçin Şıxlı “o barədə mən danışaram” - dedi: “Kürün üzərindən helikopterlə olan çəkilişlərdə Hüseyn Seyidzadə xəstələndiyi üçün iştirak etməyib, operator Yuri Varnovski ilə atam çəkilişdə olublar. Helikopterin pəri özündən ağırdır, ona görə də orda paraşüt olmur, mənasızdır, nasazlıq yaranan kimi helikopter başı aşağı çönür və qəza qaçılmaz olur, ordan xilas mümkün deyil. Çəkiliş vaxtı kameranın əsməməsi üçün 20 saniyəlik mühərriki söndürmək lazım gəlib. Orda yalnız operatorun və pilotun peşəkarlığı əsas rol oynayır, çəkiblər və çox uğurlu da kadr alınıb”.
Sonra İsmayıl Şıxlı ilə bir vaxtlar Pedaqoji İnstitutda çiyin-çiyinə müəllim işləmiş uşaq yazıçısı Zahid Xəlilin xatirələri dil açdı.
Uşaq yazarı Sevinc Nuruqızı İsmayıl Şıxlıya həsr etdiyi və sözügedən kitaba salınmış şeirini oxuduqdan sonra Azərbaycan Avropa Məktəbinin, Zərifə Əliyeva liseyinin şagirdləri İsmayıl Şıxlının hekayələrini oxudular.
Böyük yazıçının “Məni itirməyin” adlı kitabının təqdimatı necə canlı musiqi ilə başlamışdısa, o musiqinin ahəngi altında da başa çatdı. Bu, hələ başlanğıcdır, Prezidentin sərəncamı ilə İsmayıl Şıxlının 100 illiyi ilə bağlı tədbirlərin başlanğıcı.
Təbirlər öz yerində, amma məndən sizə bir oxucu məsləhəti – yazıçını əsərləri ilə tanıyaq, İsmayıl Şıxlının əsərlərinin hamısını demirəm, təkcə ölümündən sonra övladlarının çap etdirdiyi “Ölən dünyam”ı oxuyun, orda özü də var, məni də.
Oxuyun ki, “Məni(mizi) itirmə(yək)yin”.