Şampanları çertyojların üstünə töküb dedi ki...

Şampanları çertyojların üstünə töküb dedi ki...
9 yanvar 2013
# 08:15

Teatr və kino aktyoru, mahnılar müəllifi və ifaçısı, bütün bunlara görə yalnız ölümündən sonra Dövlət Mükafatı Laureatı olmaq şərəfi qazanmış Vladimir Vısotskidən danışacağam.

Uşaqlığı

1938-ci ilin yanvarında Moskvada anadan olub. Beş yaşı olanda atası ilə anası ayrılıblar. Ana başqa ərə gedib, ata başqa qadınla izdivaca girib.

Müharibə vaxtı Vladimir Uralda-evakuasiyada olub. Doqquz yaşında ikən müharibədən sonrakı, işğal olunmuş Almaniyada atası ilə birgə yaşayıb-atası orda işinə görə yaşamalı olub. Onun Almaniyadakı həyatı Moskvada yaşayan həmyaşıdlarınınkından tamam fərqli idi.

Vladimir atası ilə yaxşı yola getmirdi, tutmurdu onlarınkı. Analığı onu daha yaxşı başa düşürdü. Ona görə də Volodya analığı ilə Moskvaya qayıtmağa üstünlük verir. 50-ci illər idi. Gəncliyi Moskvada keçdi. Gənclik romantikası Stalinin repressiyası ilə bir araya sığmırdı. Həyətdə, əlində gitara ürəklərindəki nisgili simlərdə dilləndirən gənclərə də belə qoşuldu Volodya.

Onuncu sinifdə oxuyanda dram dərnəklərinə gedirdi. Amma aktyor olmağa qərar verməmişdi, sadəcə bir gənclik marağı ilə səhnədə olmağı xoşlayırdı. Məktəbdən sonra isə İnşaat-Tikinti İnstitutuna daxil olur, yarım il sonra onu atır. Aktyor olmaq qərarını 1955-ci ildən 1956-cı ilə keçən gecə, yeni il axşamı verir. Qrup yoldaşı ilə yeni ili səhərə qədər çertyoj çəkməli idilər, çünki onsuz imtahana buraxılmayacaqdılar. Səhər saat dörddə işi başa çatdıran Volodya bir bakal şampanı öz çertyojlarının üstünə səpələyib deyir: “Bu iş deyil, mən bunu oxumaq istəmirəm, aktyor olacağam”.

Səhər gedib Nemiroviç –Dançenkonun teatr kursuna yazılır.

İlk nikah, ilk rol, ilk mahnı

Birinci kursda tanış olduğu tələbə yoldaşı İza Jukova onun birinci həyat yoldaşı olur. Üçüncü kursda ilk dəfə filmə çəkilir. Çəkiliş prosesində Bulat Okudjavanın yaradıcılığı ilə tanışlığı onda mahnı yazmağa istək yaradır. Ona görə də Bulatı özünün müəllimi hesab edirdi. İlk mahnılarından birini - “Yalan və həqiqət haqda mahnı”nı müəlliminə həsr edir. İlk mahnılarını 60-cı illərin əvvəllərində yazıb, 1965-ci ildə yazıb özünün də ifa etdiyi “Sualtı qayıq” onun yaradıcılığının ciddiliyindən xəbər verdi.

Теаtr

Teatrda da 60-cı illərdən çalışmağa başlayıb. Əvvəl A.S. Puşkin adına teatrın, sonra Miniatür teatrlarının səhnəsində oynayır, amma yalnız kütləvi səhnələrdə çıxdığı üçün teatrdan zövq ala bilmirdi.

Yalnız 1964-cü ildə Taqanka teatrına gəlişi ilə anladı ki, bura onun teatrıdır. Elə belə də deyirdi: “Bura mənim teatrımdır”.

Teatrın rəhbəri Yuri Lyubimov beş dəqiqəlik görüş almış oğlanın mahnılarına saat yarım qulaq asıb, diqqətini ayırmadan dinləyib. “Taqanka”da Hamlet, Qaliley, Puqaçov kimi rəngarəng obrazlar yaradıb. Bu tamaşaların hamısını Lyubimov özü qoyub. Teatr rəhbərinin Volodyaya oğlu kimi isti münasibəti bəzən həmkarları arasında qısqanclıq da yaradırdı.

Lyubimov Vısotskinin son rolunu – tamaşaçısı ilə vida səhnəsinin də quruluşunu verməli olub.

Kino və ikinci nikah

Teatrda işləyə-işləyə Vısotski artıq kinoya çəkilirdi. 1961-ci ildə çəkildiyi “Dima Qorinanın karyerası” uğur qazana bildi. Həmin filmdən sonra xanımı ilə aralarında soyuqluq yaranır. Niyə, bilinmir. Övladları da olmurdu. Ayrılırlar. Volodya vaxt itirmədən növbəti filmin çəkilişlərində tanış olduğu Ludmila Abramova ilə evlənir. Bu nikahdan Vısotskinin iki oğlu olur-Arkadi və Nikita.

Həmin dövrlər artıq Vısotskinin mahnıları bütün Sovet məkanında dillərdə əzbər idi. Bir az Sovet rejiminin əleyhinə, azadlıqsevər mahnılar onun öz imzası ilə deyil Sergey Kuleşev adı ilə yayılırdı. Eyni vaxtda filmlərə çəkilir, öz sözləri ilə desək

darıxdırıcı obrazlara.

Uşaqlığı Almaniya və Moskvada keçən, eyni vaxtda, hələ uşaqkən dünyanın əks tərəflərindəki həyatın dadını çıxaran adamın gənc yaşlarında depressiyaya düşməsi təbiidir. O, başqa Sovet gəncləri kimi yalnız SSRİ-dəki həyatı görməmişdi ki, elə yəqin bütün dünya burdakı kimidir deyə düşünüb yaşasın. O bilirdi ki, başqa yerlərdə başqa həyatlar var, amma sən burda yaşamağa məhkumsan, belə yaşamağa. İçkiyə qurşanır, bundan sonra ailəsində də, işində də problemlər yaranır.

Kinoda ilk uğur

Bununla belə 1967-ci ildə çəkildiyi “Vertikal” filmi həm obrazına, həm də mahnılarına görə Vısotskiyə böyük uğur gətirir. Dağlar, alpinistlər haqda yazdığı mahnılar filmdə səsləndikcə adama elə gəlirdi ki, Vısotski dağlarda böyüyüb, amma əslində o, dağları həmin filmə çəkilməzdən cəmi iki ay öncə gəzib görmüşdü.

Marina Vladi

Üçüncü xanımı Marina Vladi (əsil soyadı Katrindir, Polyakova, Baydarova da olub) onun həyatına 1967-ci ildə daxil olur. Vısotski onu “Koldunya” filmində sevib. Uzun illər Marina ilə görüş haqda düşünüb. Bir gün tamaşadan sonrakı ziyafətdə onu restoranda görür. Sonrasını Marina Vladi danışır: “Hiss etdim ki, kimsə mənə diqqətlə baxır. Kənarda işıqlı və boz gözləri gördüm. Baxdıq bir-birimizə, gülümsədik. Sonra o, yaxınlaşıb əllərimi tutdu və yanımda əyləşdi. Hərdən qaldırıb əllərimdən öpür, gözlərimiz isə heç bir-birindən ayrılmırdı, nə isə maqnit kimi bizi çəkirdi”.

Bu evlilik 12 il davam edib, yəni Volodyanın ömrünün sonuna qədər. Bu illər ərzində Marina həmişə Vısotskinin həyatının dəli, dinamik ritmini dəyişməyə çalışıb, alınmayıb. Elə bil onun həyatı sürət qatarının vaqonlarında irəliləyirdi.

Marina onu Avropaya çıxartdı. Qərbdə Vısotskinin albomları çıxdı, yayıldı, sevildi. SSRİ-də inqilabi ruhlu bir müğənninin olmasından Qərb də xəbər tutdu.

60-cı illərdə Vısotski yaxşı filmlərə çəkilib, amma qəribədir ki, onun çəkildiyi bütün filmlərin çətin taleyi olub, aktyorun öz taleyi kimi. 4.4 milyon tamaşaçının baxdığı “Qısa görüşlər” toplayan, 725 nüsxə çıxan bir film prokatdan çıxarılır. Bir də ekranlara yalnız 1987-ci ildə çıxır. “İntervansiya” filmi ümumiyyətlə prokata buraxılmır.

“Təhlükəli qastrollar” o qədər tənqidlərə məruz qalır ki, az qala prokatdan çıxarılana qədər “Səhranın bəyaz günəşi” filmindən daha çox populyar olur.

Onun mahnıları o vaxt bütün ölkəyə yayılmışdı, Vısotski dəhşətli dərəcədə populyar idi və hamı onu sevirdi, həm də ona görə ki, hamının ürəyindən keçənləri o, mahnılarında ifa edirdi. Dərdi, nisgili, həqiqəti musiqi dili ilə söyləyirdi. Bu senzuradan uzaq mahnılar və onların populyarlığı Sovet hökumətini qıcıqlandırırdı. Vısotskini dəvət olunduğu filmə “nədənsə” təsdiq etmir, mahnıları radio və televizorda səsləndirilmirdi, amma ölkə onu dinləyirdi.

70-ci illər

Bu illər çox az filmə çəkilib. “Taqanko”da ona rol vermir, bəzən içkili olduğuna görə teatrdan qovurdular. Tez-tez ürək çatışmazlığından, həddən artıq içkidən istifadə etdiyinə görə reanimasiyaya düşürdü. O vaxtlar müsahibələrindən birində çox hüznlə belə bir fikir deyib: “Mənim üçün ən böyük faciə səsimi itirməyim olardı”.

Qleb Jeqlov

1979-cu ildə özünün ən məşhur obrazını oynayanda Vısotskinin ürəyi xəstə idi. İçki düşkünlüyü yüksək səviyyəyə çatmışdı.

“Görüş yerini dəyişmək olmaz”dakı Qleb Jeqlov onu daha çox sevdirən obrazı oldu.

Bu obraz olmaya da bilərdi. Çünki Marina Qoivorixinin əllərindən tutub göz yaşları içində yalvarmışdı ki, onu çəkmə, ömrü çox az qalıb, qoy vaxtını kinoyla yox, bizimlə olsun ”.

Qovoruxin isə “elə ona görə də çəkilməlidir”,-deyib. Sonralar rejissor bildirirmiş ki, əgər həmin axşam mən təslim olsaydım, tamaşaçı itirərdi.

Filmin çəkilişləri vaxtı Qovoruxin festivala getməli olub, Vısotskiyə öz işini də həvalə edib, o, qayıdınca film artıq hazır olub. Ürəyinin ağrısından bir saatdan bir dərman içən Vısotski pavilyona çıxan kimi hər şeyi unudub yalnız filmə köklənə bilirdi. Həm də yalnız öz rolunu yox, çəkilən digər aktyorları da istiqamətləndirirdi.

Filmin ilk nümayişində isə DİN etiraz edir- Jeqlov bir dəfə də Sovet milisinin formasını geyinməyib. Vısotskini isə buna sadəcə məcbur etmək mümkün deyildi. Onun üçün Stalin dövrünün mundir geyinənləri yalnız cəllad gözündə görünürdülər. Rejissor çox çətinliklə yalnız bir dəfə həmin mundirin onun əynində görünməsi üçün yalnız geyinib-soyunmağa-guya əyninə olub olmadığını yoxlamaq üçün-məcbur edə bilir.

Bu filmdə rejissor onu mahnı ifa etməyə də qoymur, “oxusan, sənin obrazın Sovet milisinin obrazını üstələyəcək”,-deyir.

Filmin uğurlu nümayişindən sonra uzun illər Daxili İşlər Nazirliyinə “kapitan Jeqlovun adına” məktublar gəlirmiş.

Çəkilmədiyi rollar

Bu siyahıya Tarkovskinin “Andrey Rublev” filmində eyniadlı obraz da daxildir. Dövlət bu filmə onun dəvət olunmasına əngəl törədib. Rejissor yalnız onu çəkmək istəyirmiş. “Annuşka”, “Günahkar”, filmlərinə də onun təsdiqinə icazə verilməyib.

Hətta Eldar Ryazanov etiraf edib ki, Vısotskini baş rola çəkməyə qoymayıblar.

Rejissorlar Dövlət Kino İdarəsinə xahişə gediblər onu çəkmək üçün. Amma çinovniklər onun adı gələndə oddan qorxurmuş kimi qorxurdular. Birdən icazə verərlər və başları bəla çəkər, kimə lazımdır bu?

Faciə

Vladimir Vısotskinin həyatına 1980-ci ilin 25 iyulunda gözlənilmədən son qoyuldu, gizlin, sakitcə. Heç kim onun ölümünün əsl səbəbini bilmədi. Həmin vaxt ölkədə olimpiada keçirilirdi. Bütün Moskva onun ölümü barədə eşitmişdi, amma heç yerdə rəsmi məlumat yox idi, ancaq hamı onun çalışdığı teatra axışmışdı. Bunu nəzərə alan teatr rəhbərliyi kassanın qabağına balaca bir elanın vurulması haqqında göstəriş verdi. Elanda sadəcə aktyorun vəfat etdiyi yazılmışdı. Heç kim həmin axşamkı tamaşaya aldığı bileti qaytarmadı. Təxirə salınmış tamaşanın biletini onun yadigarı kimi saxladılar.

Dəfn mərasimində Vısotskinin hökumət əleyhinə mahnıları kütləvi şəkildə ifa edildi.

Uşaqları

Oğlu Arkadi MDU-ni bitirib, Moskvada yaşayır, evlidir. Nikita aktyordur, atasının muzeyinə rəhbərlik edir, iki oğlu var.

# 4042 dəfə oxunub

Müəllifin son yazıları

# # #