“Erməni zabiti öz küçüklərini əsir qadına əmizdirirdi"

“Erməni zabiti öz küçüklərini əsir qadına əmizdirirdi"
3 dekabr 2012
# 08:15

Meyxoş Abdullahı bir əsəri ilə tanıdım – “Əsir qadın”. Sonra müəllifin başqa əsərləri ilə maraqlandım. Əsərləri ilə tanışlığım müəllifin özünə, düşüncəsinə maraq yaratdı. Və Meyxoş Abdullah Kulis.az-ın qonağı oldu.

1962-ci ildə Cəlilabad rayonunun Xəlilabad kəndində anadan olub. İxtisasca iqtisadçıdır.

- İlk dəfə harda, nə vaxt çap olunmusunuz?

- Mənə elə gəlir ki, ədəbiyyata doğru yüz illərdir ki, yol gəlirəm. Bəzi əsərlərimdə elə məqamlar, elə hadisələr var ki, mənim yaşımdan çox-çox qabaqkı illəri əhatə edir. Sevdiyim yazıçı - publisist Sabir Rüstəmxanlının “Qan yaddaşı” kitabında belə bir fikir var: “Dünyaya gələn hər bir insan nə vaxtsa həyatdan köçmüş əcdadının yarımçıq qalmış ömrünün davamını yaşayır”. Mən bu fikirlə tam razıyam. Uşaq vaxtları bir az hazırcavab olmuşam. Hər şeyə bir məna verər, başım çıxdı-çıxmadı hadisələrə öz münasibətimi bildirərdim. Evdə deyərdilər ki, bu uşaq yaşından qabağı danışır.

1974-cü ildən yazıram, onda mən orta məktəbin 6-cı sinfində oxuyurdum, may ayı idi, “Qələbə” adlı bir şeir yazmışdım. Amma heç kəs inanmırdı ki, bu şeiri mən yazmışam. 1979-cu ildə isə “Üçkünc məktublar” şeirim rayonun “Yeni gün” qəzetində çap olunanda, artıq mənə yaxın dostlarım “şair” deyə müraciət edirdilər.

Allah rəhmət eləsin, həmyerlim şair Abbasağa Azərbaycanda tanınmış şairlərdən idi. Mənim şeirlərimi oxuyandan sonra, üzünü turşudub dedi ki, sənin şeirlərin “kəndçifasondu e...” Onun sözlərindən sonra bir daha şeir yazmadım. Əslində, o kişi düz deyirdi, şeir yazmaq mənlik deyildi. Ondan sonra keçdim məqalə, oçerklər yazmağa. Sonra isə nəsr sahəsində qələmimi sınadım və bu günə kimi də yazıram.

- Qarabağ mövzusunda iki əsərinizi oxumuşam. Bu mövzu sizə bu qədərmi yaxındır?

- Qarabağ mənim yaralı yerimdir. Orada yüzlərlə, minlərlə vətən oğlu şəhid olub. Onların şəhid ruhları bir anlıq da olsun məni rahat buraxmır. Arada mənə elə gəlir ki, ürəyimdə ucu-bucağı görünməyən bir “Şəhidlər Xiyabanı” salınıb və Qarabağ döyüşlərində həlak olan soydaşlarımızı burada dəfn edir və hər birinə də öz doğmam kimi yas saxlayıram.

Qarabağ mövzusunda yazdığım “Əsir qadın” romanından öncə, “Alagöz”, “Oğul”, “Nişan üzüyü”, “Didərgin ruhlar” “Papaq”, “Nəğmə müəllimi”, “Sonuncu qumbara”, “Ölməsəm qayıdacağam”, “Mininci qadın” və s. qələmə aldığım əsərlər bu ruhda yazılmış nəsr əsərlərimdəndir.

Amma ailə - məişət, dedektiv, sevgi, sosial problemləri özündə əks etdirən nəsr əsərlərim var ki, bunlar da oxucular tərəfindən pis qarşılanmayıb. Bu günə kimi 7 kitabım işıq üzü görüb.

- Niyə rayonda yaşayırsınız, əyalətdə yazıçı üçün çətin deyilmi?

- Belə bir deyim var, deyir ki, balıq dəryada böyüyər. Mənim də özümə təskinlik vermək üçün belə bir fikrim var: “Çömçəquyruğunu aparıb okeana buraxsan da, o elə çömçəquyruğu boyda da qalacaq”.

Təbii ki, yazıçı üçün mətbuat və informasiya bolluğundan, ziyalı elitasından uzaq düşmək, ən azından təbliğatın zəif olduğu bir mühitdə yaşamaq olduqca çətindir. Çoxları deyir ki, guya əyalət sakitlikdir, orada yazıb-yaratmaq asandır, dəyib-dolaşan olmur.

Mən bununla qətiyyən razı deyiləm. Mərkəzin mərkəz boyda, əyalətin də əyalət boyda problemi, dərdi-səri var. Əgər, mərkəzdə yaşayan yazı-pozu adamlarının üstündən ağırtonajlı maşınlar keçirsə, əyalətdə də bizim üzərimizdən arabalar, tır-tıllar keçir.

- Əyalət yaşayaraq reklam olunmaq asan deyil. Bəlkə bu səbəbdən əsərlərinizin reklamını, yayımını təşkil edə bilmirsiniz?

- Bəli, əyalətdə yaşayıb özünü təbliğ etmək, tanınmaq çox çətindir. Səni ətrafın, yaxınların, uzaqbaşı ziyalı təbəqəsi tanıyır. Televiziyadan, radiodan, tədbirlərdən uzaq qalırsan.

Əsərlərimin reklamını, yayımını təşkil etmək məsələsinə gəlincə onu deyə bilərəm ki, mən yazıçıyam. Mənim borcum, vəzifəm əsər yazmaqdır. Mən kitablarımı qoltuğuma vurub qapı-qapı gəzməyi, onun-bunun bığının altından keçməyi bacarmıram. Vallah, bacarmıram, bacarsaydım edərdim. Bu eyində yadıma bir lətifə düşdü.

Bir gün qaz toyuğa deyir ki, ay toyuq, mənim yumurtam sənin yumurtandan 4-5 dəfə böyükdür. Nədəndir, mənim yumurtamı heç kəs yemir, amma sən yumurtlayan kimi adamlar o dəqiqə götürürlər.

Toyuq qaza gülüb deyir:

- A bədbəxt, sənin yumurtan böyük olsa da səssiz-səmirsiz oturursan yuvanın üstə, fısıldamaqdan savayı əlindən bir iş də gəlmir. Amma mən hələ yumurtlamamışdan qabaq başlayıram qaqqıldamağa, yuvanın içində də səsimi kəsmirəm, yumurtlayıb qurtarandan sonra da qalxıram hinin üstünə, başlayıram qışqırıb yumurtamı reklam eləməyə. Ondandır ki, mənim yumurtam beləcə mazata minib.

İndi belədir də, Ramilə xanım, reklam hökmən lazımdır. Birdə ki, mən əsərlərimin təbliğatını həmişə dostlarımdan, oxucularımdan, dəyərli ziyalı təbəqəsindən gözləmişəm. Müəyyən qədər təbliğ olunuram, amma sizin də sözünüzdə həqiqət var, imzam geniş oxucu kütləsinə o qədər də tanış deyil. Nə edim, bacardığım budur da. Mərkəzdə yaşamağı həmişə arzulamışam. Bu gün də eyni fikirdəyəm. Ailəmlə söhbətlərimizdə də demişəm ki, nə vaxtsa bir gün şələ-şüləmi yığışdırıb, köçəcəyəm Bakıya.

Sizə bir sirr açım, bəlkə də, elə bu sirdir bu vaxtacan məni əyalətdə yaşamağa məcbur edən. Bəzən mənə elə gəlir ki, kimsə lap uzaqlarda mənim burada, əyalətdə susmağımın səsini eşidir.

Və mənə elə gəlir ki, kimlərsə hər gün, hər an məndən, yazılarımdan danışırlar. Bax, elə götürək sizi, mənə zəng edib kitabımı oxuduğunuzu və müsahibə götürmək istəyinizi bildirəndə təəccüblənmədim. Halbuki, biz bir-birimizi nə görmüşük, nə də tanıyırıq. Yəqin ki, siz də mənim susmağımın səsini eşitdiniz, elə deyilmi?

- Elə inanırsınızsa, yəqin elədir. “Əsir qadın” əsəri barədə danışaq. Necə oldu ki, belə bir əsər yazmağa qərar verdiniz? O, qadın barədə hardan, necə məlumat aldınız və onu necə tapdınız?

- “Əsir qadın” əsərim, mənim Qarabağ mövzusunda yazdığım irili-xırdalı hekayə və povestlərimdən sonra yazılan iri həcmli romanımdır. Müharibə davam edir, bunun nə ilə qurtaracağı hələ heç kəsə bəlli deyil. Görün, nə qədər şəhidimiz, yaralımız, əsirlikdə qalanımız və köçkün düşənlərimiz var.

Bizim millətin gözəl xüsusiyyətləriylə yanaşı unutqanlıq deyilən bir “azarı da var içində. Yaxşılığı heç vaxt unutmuruq, amma bizə edilən pisliyi tez unuduruq. Əsrlərlə başımıza gələn müsibətlərin kökü də buradan doğur. Ona görə də bu romanı yazmaqda məqsədim, soydaşlarımızın korşalmaqda olan yaddaşına bülöv daşı çəkmək olub. Ona görə də, əsərin epiqrafında yazmışam:

“... Ey soydaşım!.. Ey, Həmvətənim!.. Nə qədər çətin də olsa etiraf etməliyik ki, biz savaşda təkcə torpaq deyil, bir çox mənəvi dəyərlərimizi də itirmişik. Düşmən əsirliyində neçə-neçə qız-gəlinlərimiz, ana və bacılarımız olmazın işgəncələr çəkirlər. Onların acı fəryadları vətən oğullarını intiqama səsləyir. Bizi qarşıda ağır, ağır olduğu qədər də şərəfli bir döyüş gözləyir... Yalnız bu döyüş alnımıza vurulan damğanı, vicdanımızın ləkəsini silib təmizləyə bilər!.. Öldürsək namusumuzu, öləriksə özümüzü gələcək nəsillərin qınağından, xəcalətindən xilas edə bilərik!..”

Qaldı ki, əsərin qəhrəmanı Səidəni-şərti addır- mənə Xırdalanda yaşayan bir qadın nişan vermişdi. O qadın özü də erməni əsirliyində olmuşdu. Səidəni də ordan tanıyırmış. Mən özüm əsgəri xidmətimi Stavropolda keçirmişəm və o tərəfləri də yaxşı tanıyıram. Ona görə əsir qadını orda tapmaq çətin olmadı. Qalanını da əsərdən oxumusunuz.

- Əsərdə yazıçı təxəyyülünün məhsulu olan hissələr də var. Sanki bəzi yerləri arzu etdiyiniz kimi vermisiniz. Məsələn, qadının küçükləri yedirtməməyi, onu divara çırpması, erməni zabiti öldürüb basdırması bir qadının edə biləcəyi iş deyil məncə.

- Təbii ki, hər bir əsər yazıçı təxəyyülünün, yazıçı müşahidəsinin məhsuludur. Görkəmli rus yazıçısı Kuprinin belə bir fikri var: “Təsvirsiz və təxəyyülsüz yazılan bədii əsər, suda bişirilmiş köhnə balığa bənzəyir. Balığın əti tökülür, yerində lazımsız sümükləri qalır”.

“Əsir qadın” romanımda mən hadisələrin görünməyən tərəflərini bədii obrazlarla verməyə çalışmışam. Amma erməni zabitinin öz küçüklərini əsir qadına əmizdirməsi faktı doğrudur. Belə bir şəkil erməni qəzetlərinin birində verilmişdi. Şəkilin altında da ermənicə “İt anası” sözləri yazılmışdı. Doğrudur, mən ermənicə bilmirəm, amma bunu təsdiq edənlər oldu. Qaldı ki, əsərdə sizin inanmadığınız məqamlara, mən buna görə sizi qınamıram. Çünki, bu müharibədən biz hələlik məğlub çıxmışıq. “Qaliblər mühakimə olunmurlar ” deyirlər. Biz bu müharibəni udsaydıq, Səidənin bir yox, on erməni zabiti öldürməsinə də inanardıq. Necə ki, Amerikanın “boevik” filmlərindəki kimi, bir qadın yüz düşmən öldürür. Necə də, inanmayasan buna, inanırıq da... Çünki Amerika hegemon dövlətdir axı.

- Kitabın ilk adı başqa olub, deyəsən. Kitabını niyə dəyişdiniz?

- Bəli, ilk variantda kitabın adı “İt anası” olub. Hələ kitab çıxmamışdan qabaq müsahibələrimin birində bu əsər barədə danışmışdım. 2006-cı ildə məni çağırdılar, bu məsələylə bağlı sorğu-sual etdilər. Mən onlara bu əsəri əlimdə olan bəzi faktlar əsasında yazdığımı söylədim. Onlar da mənə erməni əsirliyində soydaşlarımızın başına gətirilən müsibətləri əks etdirən bəzi fotolar göstərdilər, faktlar danışdılar. Beləsini heç vaxt görməmişdim və eşitməmişdim, sizə də arzulamıram. Doğurdan da, o şəkillərə baxmaq dəhşətliydi mənim üçün. Bundan sonra ümumi razılıq əldə etdik və mən əsərin adını və əsərdə gedən bəzi faktları çıxarmalı oldum. Bu da hardasa 30 səhifəyə yaxın bir material demək idi.

- Bu kitabı bitirəndən sonra yazdıqlarınızdan təsirlənib xəstələnmisiniz, indi necəsiniz?

- Kitabı yazanda, təbii ki, bir vətəndaş olaraq ağrılarım olub, amma xəstələnməmişəm. Xəstəliyim, tamam başqa vaxt, Cəlilabad Müəllimlər İnstitutunda bu kitabın təqdimat mərasimi keçiriləndə olub. Tələbələr əsərdən bir parçanı səhnələşdirmişdilər. Səidə rolunu gənc bir tələbə qız oynayırdı.

Səhv etmirəmsə, o qız özü Ağdam köçkünlərindən idi. Qız rolu oynayarkən onu ağlamaq tutdu, o elə hönkür-hönkür ağladı ki, zaldakılar onun səsindən dəhşətə gəldilər. Bir azdan huşunu itirdi.

Yazıçı olduğum üçün onun keçirtdiyi psixoloji gərginliyi, iztirabları hamıdan gözəl başa düşürdüm. Və birdən elə bil ürəyimə nə isə iti bir şey sancıldı. Bu, qəlb evimə dəvətsiz-filansız daxil olan çağırılmamış qonağın adı infarkt idi. Qəribə də olsa, o əzabın içində pıçıldamağa macal da tapa bildim və qonağıma “xoş gəldin” dedim. Yazıçı üçün bundan böyük mükafat ola bilərdi?!

- Belə bir kəskin, psixoloji bir əsər yazmaq fikriniz olmaz yəqin ki...

- “Əsir qadın” romanımdan sonra özümə söz vermişdim ki, Qarabağ mövzusunda bir daha əsər yazmayacağam. Amma yazdım. 2009-cu ildən sonra “Ömürdən baha” romanını, “Dəlixanadan gələn sevgi məktubları” povestimi və bir çox hekayələr yazdım. Amma bu əsərlərin heç birini bu günə kimi kitab halında çap etdirməmişəm. Ona görə ki, bu tip əsərlər “Əsir qadın” əsərimin yanında çox gücsüz görünüblər. Bunu özüm də hiss etdiyimə görə onların çapına səy göstərməmişəm.

İnşallah, bu yaxınlarda yazıb başa çatdıracağım “Komutan” adlı sənədli bir roman yəqin ki, öz sözünü deyəcək. Bu roman xalqımızın qeyrətli qızı, Qarabağ döyüşlərində iştirak etmiş, Bərdə batalyonunun komandir müavini olmuş, hal-hazırda polis mayoru vəzifəsində çalışan Aidə Şirinovanın həyatından və rəşadətli döyüş yolundan bəhs edir.

- Sizə bu əsərlə bağlı film çəkmək barədə bir təklif verən olmayıb?

- Mənim “Alagöz” povestim müsabiqədə qalib gələndən sonra bir neçə dəfə film çəkmək fikrinə düşənlər olub. Hətta bu barədə müqavilə də imzalamışıq. Amma müəyyən dairələr razılıq verməyib. Bu, “Əsir qadın” qədər güclü əsərdir. Fərq odur ki, “Alagöz” əsərinin qəhrəmanı Alagöz adlı bir atdır. O da bir müddət erməni əsirliyində qalıb. Hörmətli tənqidçimiz Nizaməddin Şəmsizadənin kitaba yazdığı ön sözdə deyildiyi kimi, ayrılığa dözə bilməyən şüursuz heyvan çərləyib ölür, amma ev-eşiyindən, dədə-baba yurdundan ayrılan biz insanlar bu dərdlərə dözürük. Nəinki dözürük, hətta... “Əsir qadın” romanıma da yaxşı kino süjetidir deyənlər olub, amma ortaya çıxıb bir iş görən olmayıb.

Çox istərdim, xalqını, Vətənini və torpaqlarımız uğrunda şəhid olanların ruhuna hörmət əlaməti olaraq “Əsir qadın”a film çəkilsin. Bunu çox arzulayıram.

# 9264 dəfə oxunub

Müəllifin son yazıları

# # #