Xəlil Rzanın xanımı: “Qarabağı alsaq, Təbrizin dərdini çəkmərəm”

Xəlil Rzanın xanımı: “Qarabağı alsaq, Təbrizin dərdini çəkmərəm”
16 dekabr 2013
# 09:00

O, istiqlal şairidir. İstiqlal şairi ifadəsi elə-belə söz xətrinə deyilmir onun haqqında, həqiqi, canı ilə, qanı ilə istiqlal mücahidi idi Xəlil Rza Ulutürk.

Yeganə oğlunu da torpağa-əqidəsinə qurban verdi, amma dönmədi yolundan. Şəhid oğlu Təbrizin dəfnində son sözünü demək, oğlu ilə vidalaşma anında Xəlil Rza – “Firəngizi təbrik edirəm, oğlu şəhidliyi ucaldı, vətən uğrunda getdi, bu hər anaya qismət olmur”-dedi.

Özünü, həyat yolunu, fəaliyyətini, yaradıcılığını canlı-canlı öz gözlərimizlə görüb izlədiyimiz şairin özü qədər xanımı da mətindir, sədaqətlidir. Firəngiz xanımla söhbətimiz yalnız Xəlil Rza, oğlu Təbriz barədə olmadı, bizdən asılı olmayaraq onların timsalında Azərbaycanın müəyyən bir dövrünün tarixi barədə oldu.

Onlar belə seviblər

Sədaqətli olmaq insanın genindən gəlir. Nəslimizdə ikinci nikaha girən olmayıb. Xəlil də mənə sədaqətli idi. Bu vəfa, etibar bir-birimizdən o birinə keçib xarakterimizə hopmuşdu. Tanışlığımız universitet auditoriyasından başlamışdı. Xəlil filologiyada oxuyurdu, mən tarix fakültəsində. Yoluma qığılcım kimi çaxdı, alov kimi püskürdü. Gözlərimin ondan başqasını görməyə də ixtiyarı olmadı. Keçdi şantaj yoluna, əvvəl qorxumdan görüşünə razılıq verirdim ki, təki küçəmizə gəlməsin, yan-yörəmdə görünməsin. Kitab verirdi oxumağa, sonra onu alıb başqasını vermək üçün yenidən məni çağırırdı universitetin başqa fakültəsinə. Onun hər addımımda yoluma çıxmasına o qədər alışdım, bir gün hiss etdim ki, görməsəm darıxaram. Başladı mənim də gözlərim onu axtarmağa. Bilmirdim sevgi idi, yoxsa nə, axır ki, ondan başqasını görmək istəmədim. Qovuşmağımıza maneələr çox idi, anam məni rayona vermək istəmirdi, qohum-əqrəba razı deyildi. Bir varlı qohumumuz vardı, məni ona vermək istəyirdilər, anam deyirdi lütün birini neyniyirsən, gərək əlimiz üstündə olsun, amma bu birinə getsən gəlinlik xalatın neft buruqları olacaq. Atam dedi kimi istəsən, ona gedəcəksən.

Evliliyimizin ilk illəri çox ağır oldu, evsiz-eşiksiz, kirayə qalırdıq. Moskvaya Nəriman Həsənzadə ilə təhsil almağa gedəndə isə onun xanımı ilə sözü bir yerə qoyub onlar çağırmamış biz getdik arxalarınca. İçimdə qorxu vardı ki, Xəlilin acığı tutacaq, əksinə dedi ki, siz bizdən qəhrəmansız, biz fikirləşincə siz özünüz gəldiniz. Sonra da 7 il övladımız olmadı. Qaynanam söz atırdı, deyirdi buzovumuz bu illərdə inək olub balaladı. .. Bircə Xəlil arxa idi mənə, deyirdi mənim övladlarım əsərlərimdir, darıxma. Deyirdi bizi birləşdirən tellər var.

7 il yol gələn səadət

60-cı illərdə azadlıq şerlərinə görə incitdilər bizi. O qədər gərginlik yaranırdı ki, ailəyə də sirayət edirdi. Sonrakı illərdə isə dalbadal zərbələr aldıq taledən, 90-cı ildə o, həbsə düşdü, 92-də Təbriz şəhid oldu, 94-də Xəlil özü. Ömür boyu Xəlil mənə səsini qaldırmadı... Bəzən evdə xörək bişirməyə vaxtım çatmırdı, mühazirəm olurdu. Təbriz balam deyirdi ki, ata, belə arvadı bir gün də saxlamaram. Məni ayağa vermirdi, deyirdi ananız adi qadın deyil, cəmiyyətin övladlarını yetişdirir, sabahımızın, gələcəyimizin xətrinə biz bir şey tapıb yeyərik. Hərdən Marksın, Engelsin üstündə dalaşardıq. Onları əzbərləyirdim ki, auditoriyaya girəndə tələbənin gözünün içinə dik baxım.

Tanrı dözümümüzə görə 7 ildən sonra Təbrizi verdi bizə. Qurban olduğum verdi, amma axıra qədər yox. Müharibənin qızğın vaxtlarında Təbriz dedi ki, könüllü cəbhəyə gedirəm, artıq məsələni həll edib evə bizimlə vidalaşmağa gəlmişdi. Nə mən, nə də Xəlil ona getmə deyə bilmədik, onu artıq elə yetişdirmişdik, desək də xeyri olmayacaqdı. Deməyə də dilimiz gəlməzdi, çünki ömür boyu təlqin etdiyimiz qarşımıza çıxmışdı. Xəlil dedi, uğur olsun, oğul. Onsuz da 88-dən olmayan rahatlığımız tamam pozuldu. Bir gün səhər qəzetləri köşkdən alıb gətirib Xəlilə verdim, özüm keçdim mətbəxə. Bir də eşitdim Xəlil fəryad qoparır: “Can bala, sən mənim əqidəmin, yolumun qurbanı odun.” Gördüm ki, Təbrizi itirmişik, dedim heç olmasa Xəlili itirməyim. Tez dedim, Xəlil, noolsun oğul böyütmüşük ki, vətən yolunda getsin də. Bu yandan da gəlin başladı hayqırmağa, qaldım ikisinin arasında, amma təsəvvür edin ki, öz bağrım necə parçalanırdı.

9 aylıq ayrılıqda 18 görüş

20 yanvar şəhidlərinin yeddisində Xəlil meydanda çıxış edib qurtarandan sonra tutmuşdular, ordan da düz Moskvaya Lefortovaya aparmışdılar. 9 ayda düz 18 dəfə görüşünə getdim. Deyirdi, gəlmə, əziyyət olur sənə, yolda erməniyə rast gələrsən. Deyirdim, nə danışırsan bir görüşdən gedib o biri görüşə qədər ancaq yaşayıram. İlk vaxtlar görüşə əlləri qandallı çıxırdı, ən dəhşətli günlərim idi o günlər. Onu hər əlləri qandallı görəndə o dünyanı görüb qayıdırdım. Apardığım yeməkləri elə acgözlüklə yeyirdi ki, ürəyim parçalanırdı, amma mənə deyirdi elə bil yaradıcılıq ezamiyyətindəyəm, Puşkini, Lermantovu tərcümə edirəm. Orda yazmışdı:

And olsun vətənimin qarsalanmış daşına

Yüz-yüz general dəyməz sənin bir göz yaşına.

Bahar kimi gəlmişəm, günəş kimi qarşıla

Camalından utansın ruhu keçəl, beyni daz,

Canavarlar önündə gülüm, ağlamaq olmaz.

Burda qəzetlər onun azadlığı üçün materiallar çap etdirir, məqalələr yazırdılar. Görüşəndə bilmirdim otaqda qurulan kameraların gözündən yayındırıb o qəzetləri ona necə verim. Bir dəfə apardığım yeməkləri həmin qəzetlərə bükdüm, orda da qəzeti açıb xörəkləri üstündə qoydum. İndi söhbət edə-edə barmaqlarımı materialın üstünə döyəcləyirəm. Xəlil də ikranı görüb unudub hər şeyi, nəhayət material gözünə sataşdı, çox kövrəldi. Bildi ki, onu burda dəstəkləyirlər, tələb edir, gözləyirlər.

Sağlığında 28, özündən sonra 40 kitabı çıxıb

Yarımçıq qalan əsərlərini, tərcümələrini tamamlamışam. 5 arvad lazımdır ki, onun arxivini bir tərəfə çıxara bilsin. Özü 28 kitabını çap etdirmişdi, mən 40-nı çap etdirmişəm, hələ tale imkan versə yenə çap etdirəcəm. Onun yolu, əməlləri gələcək nəsillərə çatdırılmalıdır, çünki gözəl örnəkdir. Ayrı-ayrı adamlar bunu başa düşdüyündən mənə maliyyə köməyi edirlər. Yaxşı ki, Heydər Əliyev sağlığında mənə maşın, sürücü təyin etmişdi, yoxsa bu işləri görə bilməzdim, ayaqlarım yaxşı işləmir. İndi görmək istədiyim işlər üçün pul ehtiyacı çəkəndə düşünürəm ki, kaş, maşını özüm sürə biləydim, sürücüyə verilən əmək haqqını yığıb filan kitabı çap etdirəydim. Ömür boyu abır-həya ilə yaşamışıq, indi imkanlı adamlar pulu belə şeylərə yox, göbəyi açıq qızlara xərcləyirlər. Sağlıq olsun, təki uğurunda Təbrizimi, Xəlilimi itirdiyim amala, məqsədə qovuşaq. Bundan sonra başqa rəng geyinə bilmərəm, oturub baxırlar mənə (gözlərinin işarəsi ilə Xəlil Rza ilə oğlu Təbrizin divarları bəzəyən əkslərini göstərir-R.Q.), deyir görüm anam neynəyir. Bir də ki, başqa rəngdə paltar almağa əlim də gəlmir. Nə qədər Təbrizin qurban getdiyi amal yarımçıq qalıb, Qarabağ yad əllərdədir, mən onun itkisi ilə barışa bilmərəm. Bəlkə Qarabağı geri alaq, onda Təbrizin dərdini çəkmərəm. Hələ ki, bu dərd çox ağırdır.

Şəkillər modern.az saytından götürülüb.

# 4660 dəfə oxunub

Müəllifin son yazıları

# # #