Yasamal uşağı

Yasamal uşağı
14 dekabr 2017
# 13:37

...Əvvəl fikirləşdim yəqin bu gün iştahsızdır, sonra gördüm İstanbulun da xeyri yoxdur, Şəhriyar demək olar ki, yemək yemir, eləcə əruz vəznində siqaret tüstülədir. Əruzu elə-belə demirəm, bir siqaretin ki, embleması dəvə şəkli ola!

Əlqərəz, hər dəfə ofisianta deyirdi ki, arkadaş, qalan yeməyi paket elə, guya gecə iştaha gələcək, oteldə nuş edəcək. Ay-hay! Hər səhər oteldən çıxanda həmin paketi (bir gün balıq, bir tavuk və s.) yolumuzun üstündəki dilənçi uşağa verirdi. Üçüncü gün də həmin uşağa paketdə yemək verəndə, nəsə fələkzədə bizə birtəhər baxdı, üz-gözünü turşutdu. Şair qayıtdı ki, elə narazı-narazı baxır, elə bil, ayran istəyib, yadımdan çıxıb gətirməmişəm. Tez bu fikri göydə layk eləyib, smayl işarəsi qoydum.

...İstanbuldakı son gecəmizdə otelin yaxınlığındakı bir pabda oturduq. Söhbət təzə-təzə isinirdi ki, ofisiant həm pivələri gətirdi, həm də masanın ortasına qrammatikanı aciz qoyan bir cümlə tulladı: Bakıdansız? Mən də Yasamal uşağıyam. Şəhriyarla baxışdıq, ikimiz də gözümüzün qırağıyla bir-birimizi bu əfsanəvi söhbətə tag elədik.

Yasamal uşağının adı Səməd idi, Gəncəli Səməd. Özünə yüngül bir şillə vurub qayıtdı ki, bu ölsün, buralar mənlikdir, bir dəqiqə dayan bu xariciləri oynatmaq üçün bir mahnı qoyum gəlləm. Şəhriyar bir mahnı təklif elədi, Gəncəli Səməd qayıtdı ki, qaqa, Üzeyirimizə nə gəlif ki? Birdən otağa Üzeyirin musiqisinin sədaları doldu, Mehdizadənin. Heç udqunmağa fürsət olmadı, qəfildən bütün xaricilər o yığcam otaqda oynamağa başladılar. Musiqi bitdi, birtəhər özümüzə gəlib udqunduq. Sonra yavaş-yavaş yenidən söhbətimizə davam elədik, sən demə, yasamal uşağının bir qulağı bizdəymiş, yenə nəsə gətirəndə, gözlərini eynəyimin parıltısına zilləyib soruşdu: qaqa, paradiqma nə deməkdir, bayaq deyirdiz? Ürəyimdə dedim, paho, nə pis ilişdik, indi gəl gecənin bir yarısı, İstanbulda, Sirkecidə, bir az da kefliykən Gəncəli Səmədə paradiqmanın nə olduğunu başa sal da. Yenə Bakıdakı "Yanardağ" kafesi olsa, dərd yarıdır, orda başa salmaq olar, burda heç cür mümkün deyil. Şəhriyar imdadıma yetişdi: Səməd, qaqa, bilirsən, paradiqma elə sənin gördüyün işdir də, bayaqdan bütün stolları canlandırırsan, hamını rəqs elətdirirsən, buna elmi dildə paradiqma deyirlər, loru dildə desək, diribaşlıq.

Səmədin gözlərindəki bütün işıqları yandırdılar, sevincək dilləndi: Belə deyin də, elə məndə varıymış ki paradiqma!

Səməd bunu deyib işıq sürətilə "paradiqma" sözünü təkrarlaya-təkrarlaya o biri masalardan birinə cumdu. Bu dəm biz gələndən yerləri silən qarayanız, bəstəboy oğlan bizəmi, özünəmi dediyi bəlli olmayan bir tonda qayıtdı ki, mən də Bakıdanam, adım Alimdir, əslimiz Şəmkirdəndi.

Şair bir dənə də "dəvə şəkli" yandırıb gülməyə başladı...

Şəhriyar, dünya səviyyəli təbriklər! Mənə sənə çoxlu qırağı bükülmüş şəkərbura, ellipsvari paxlava, kürə formasında qoğal arzulayıram.

İmza: Yasamal uşağı.

# 1843 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #