Kulis.az Qismət Rüstəmovun çağdaş Koreya rejissoru Pon Cun Honun geniş rezonans doğuran "Parazit" filmi haqqında yazısını təqdim edir.
Çağdaş Koreya rejissoru Pon Cun Honun geniş rezonans doğuran "Parazit" filmi haqqında qeydlərə keçməmişdən qabaq onun sənətə gəlişiylə bağlı bir neçə fakta baxmaqda fayda var. Çünki bu faktlardan bəziləri "Parazit" filminin şərhində bizə bələdçilik edəcək.
Pon Cun Ho 1992-ci ildə, əsgərlikdən qayıdan kimi, kinoman dostlarıyla birlikdə "Sarı qapı" adlı bir film qrupu yaradır. Həmin illərdə dalbadal bir neçə qısa film çəkir: "Ağ adam", "Ətrafımdakı xatirələr" və "Ziddiyyət". Bunların içində "Ziddiyyət" filmi mövzu və struktur baxımından rejissorun sonrakı işlərinin rüşeymini öz canında daşıyır.
"Ziddiyət" üç hissədən və bir epiloqdan ibarətdir, adından da göründüyü kimi, insan əməllərindəki ziddiyyətlər, paradokslar barəsindədir. Bu, eyni zamanda, rejissorun Koreya Film Akademiyasındakı diplom işidir. Filmdəki ilk üç hissədə öz əxlaqsızlıqlarını ört-basdır etmək istəyən müxtəlif adamları "Son söz" adlanan yekun hissədə bir yerdə görürük. Onlar bir televiziya verilişindəki debatda əxlaqdan, namusdan, Koreyanın mənəvi gələcəyindən dəm vururlar...
Pon Cun Ho rejissor kimi 2003-cü ildə çəkdiyi "Cinayət gündəlikləri" adlı filmlə daha geniş tanınıb. Bu filmdə rejissor silsilə qətllər törədən qatilin üstü açılmayan cinayətlərini hərbi diktatura dövrünün atmosferiylə həmahəng şəkildə təqdim edir. İlk baxışdan ənənəvi detektiv sujeti olan bu filmdə rejissor əvvəllər Koreya kinosunda olmayan riskli gedişlərə əl atıb. Belə ki, filmin sonunda qatil tapılmır və ənənəvi xoşbəxt sonluq baş vermir, üstəlik, film boyunca cinayətkarları baxışlarından tanıdığını deyən müstəntiq finalda üzünü kameraya çevirib tamaşaçılara baxır...
Rejissor 2013-cü ildə ötən əsrin 80-ci illərində yazılmış bir fransız komiksini "Qarkürüyən" adıyla ekranlaşdırdı. Bu, post-apokaliptik (qiyamət sonrası) bir dünyada baş verən qəribə əhvalatdır. Bu filmdə rejissor sinfi münasibətləri arxadakılar-irəlidəkilər qarşıdurması üstündə qurub, ancaq ona dünya şöhrəti və mükafatlar gətirən "Parazit" filmində bu problem yuxarıdakılar-aşağıdakılar ikiliyi üstündə ifadə edilib.
"Parazit" filmi proloqda, birinci kadrdaca öz mövzusunu, motivlərini tamaşaçıya açır: yaxın planda qəfəsə oxşar bir nəsnədən qurumaq üçün asılmış corablar, arxa planda isə yarımzirzəmi evin pəncəsərindən görünən yarımçıq, arada qalmış bir dünya mənzərəsi. Bu, nə tam aşağıdır, nə də tam yuxarı: aralıq vəziyyətdir. Bir neçə saniyə sonra kamera yuxarıdan aşağı enməyə başlayır (filmin davamında sujetin vektoru əksinə, aşağıdan yuxarı doğru olacaq) və biz cavan bir oğlanı internetə qoşulmaq üçün qonşunun vay-fayını tutmaq istəyərkən görürük. Ailənin oğlundan sonra kadra qız da daxil olur, qardaş bacısına gileylənir ki, üst mərtəbədəki qonşu modemə şifrə qoyub! Sonrakı səhnədə ata və ananı da görürük, qadın kişini dümsükləyir ki, özünü yatmışlığa vurma, dur, telefon kəsilmişdi, indi internet getdi. Beləliklə, proloqdaca məlum olur ki, necə ki, bir vaxtlar sədaqətin əldən getməsinə görə Oblonskilərin evində hər şey baş-ayaq olmuşdu, XXI əsrdə vay-fayın itməsinə görə Kim ailəsinin evində hər şey alt-üst olub. Bütün zəhmətkeşlər bir-birinə bənzəyirlər, parazitlərin isə hərəsi bir cür parazitdir.
Parazitin çalarları çoxdur: bioloji mənada bit, birə, gənə, başqa orqanizmdə yaşayan hər cür bakteriya; antropoloji mənada müftəxor, ortada yeyib qıraqda gəzən, havayı məclis axtaran, tüfeyli. Qəribədir, bir çox dildə arxa planda narahatlıq yaradan küyə, sükutu pozan səsə də parazit deyirlər. Sözün bütün mənalarında parazitin varlığı həmişə başqalarına bağlıdır: öz evi, məkanı, müstəvisi olmur - başqasının mühitinə çökür, öz cibi olmur - başqasının cibindən dolanır. Parazit yaşamaq üçün hər gün özünü aldatmalıdır, özünə bəraət qazandırmalıdır, tez-tez "burada nə var ki?" deməlidir.
Klassik ədəbiyyat, Krılovun məşhur təmsilini yada salsaq, qarışqanı zəhmətkeş, cırcıramanı müftəxor, parazit kimi işarələyir. Eynilə, Məmməd Arazın unudulmaz misralarındakı kimi:
"...Bir ağılın budağından sallanıb,
Neçə-neçə ağlı dayaz yaşayır..."
"Parazit" filminin mərkəzində yoxsul Kim ailəsi (dörd nəfər) ilə varlı Park ailəsi (simmetrik olaraq dörd nəfər) durur. Film aşağıdan yuxarı, yəni yoxsulların min bir fırıldaqla varlıların evinə sızmasından bəhs edir. Filmin əvvəlindəki dilsiz kadrlardan birində yoxsul Kim ailəsinin evində bir foto görürük: ana cavanlığında çəkicatma üzrə medal alıb. Bu kadrın simmetrik qarşılığı varlı Park ailəsinin evində olacaq: orada evin kişisinin çoxsaylı diplomları, sertifikatları, təltifləri var.
Filmi şərti olaraq iki hissəyə bölmək olar: birincisi, yarımzirzəmidə yaşayan Kim ailəsinin yaşayışı haqqında müəyyən mənada komik planda çəkilmiş hissələrdir; ikincisi, Kim ailəsi tam heyətlə özlərini varlı Park ailəsinə dürtüşdürəndən sonrakı get-gedə tragikləşən səhnələr.
Birinci hissədə yoxsul ailənin oğlu Ki-Vunun dostu Min onlara qonaq gəlir. Bu səhnə özlüyündə çox xarakterikdir: yarımzirzəmi evindən pəncərəsindən çöldə bir sərxoş adam görünür, burada kameranın rakursu deyir ki, bu ailə küçə əyyaşlarından da aşağıdadır. Çöldəki əyyaşa söz deməyə cürətləri çatmayan ailənin imdadına oğlanın dostu Min gəlir. Gözlənilməz qonaq Kim-Vuya filmin metaforik qatı üçün çox böyük əhəmiyyət olan bir hədiyyə verir: bu, "Qonqşi" adlı qaya parçasıdır. Əsrlərdir bu daş parçaları Çində, Koreyada şairlərə, rəssamlara ilham verib. Ancaq bu qaya parçalarının əsas mənası odur ki, inanca görə, onlar uğur, bərəkət gətirirlər. Bu daşla filmdə mifoloji bir mexanizm işə düşür: çiynindəki daşın aşağı düşəcəyini bilə-bilə yuxarı dırmaşan Sizif!
Kim ailəsinin çiyninə bir qaya parçası gətirən Min dostuna deyir ki, mən xaricə gedirəm, Park ailəsinin qızlarına ingilis dili dərsini məndən sonra istəyirəm, sən deyəsən, qızdan xoşum gəlir, başqa heç kimə etibar edə bilmərəm. Kim-Yu diplomsuz olduğunu xatırladır, dostu dillənir, demirdin, bacın, sənətçi ruhludur, saxta bir diplom düzəltsin! Sənətçi ruhlu bacı (Ki-Yunq) fotoşopda öz məharətini göstərir və bu andan sonra Kim-Yu bir növ Molyerin Tartüfü olur. Molyerin eyniadlı əsərindəki Tartüf kimi fırıldaqla özünü zənginlərə qəbul etdirir, onların qızlarıyla mazaqlaşır.
Rejissor filmdə sinfi fərqin vizual həllini aşağı enən, yuxarı çıxan pilləkənlər, pəncərədən görünən mənzərələr, işıq-qaranlıq vasitəsilə göstərir. Məsələn, Kim-yu Park ailəsinə ingilis müəllimi kimi gedərkən daim aşağıdan yuxarıdan çıxan yollardan keçir, qapılardan içəri keçdikdən sonra yenə bir pilləkən yuxarı qalxmalı olur, burada günəş onun gözünü qamaşdırır və nəhayət səliqəli, təmiz, yaşıl həyətə daxil olur. Bura kiçik cənnətdir. Park ailəsinin salonundan həyətə gözəl bir mənzərə açılır, elə bil evin böyük pəncərəsi plazma ekran televizordur. Kim ailəsinin evində bu tərsinəydi, onların yarımçıq pəncərəsindən ancaq sərxoşların ayaqları, küçənin çirkabı görünür. Film bu cür vizual simmetriyalar üstündə qurulub.
Beləliklə, Kim ailəsi oğlanlarının ingilis dili müəllimi kimi qəbul edilməsindən sonra sırayla, bir-birini tanımayan tamam başqa adlar altında Park ailəsinin evinə girirlər: bacı Kim-Yunq evdə tez-tez ruh gördüyünü deyən rəssamlığa meyli olan oğlan uşağının sənət terapisti, ata sürücü, ana qulluqçu kimi. Hamısı da fırıldaqla - qızın guya özünəməxsus sənət terapiyası metodu var, keçmiş sürücüyə torba tikirlər - guya maşında sekslə məşğul olub, qulluqçu qadının şaftalıya allergiyası olmağını öyrəndikdən sonra onu tüberküloz xəstəsi kimi göstərirlər.
Ancaq filmdə üçüncü ailədə peyda olur. Bir gün ev yiyəsi Park ailəsi şəhərdən kənarda olarkən başları lüks evdə başları kef-damağa qarışan Kim ailəsinin sevinci yarımçıq qalır. Qapı döyülür və işdən qovulan qulluqçu qadın evin zirzəmisində bir şey unutduğu üçün icazə istəyir. Məlum olur ki, evin altında Şimali Koreyanın hücumundan qorunmaq üçün tikilmiş böyük bir yeraltı ərazi var, keçmiş qulluqçu neçə illərdir sələmçilərə borcu olan ərini burada gizlədirmiş. Bu sirrin üstü açılanda, köhnə parazitlərlə təzə parazitlər arasında iqtidar mücadiləsi başlayır. Bu mücadiləni Kim ailəsi qazanır.
Filmdə sinfi fərqləri göstərən elementlərdən biri də məhrəmlik anlayışına edilən vurğudur. Park ailəsinin evi ətraf aləmdən təcrid edilmiş, qapalı, gözəl, steril bir qala kimidir; onların evində ayaqyolu gözə dəymir. Ancaq Kim ailəsinin evi əksinə, küçədən keçən hər kəs onların səkiylə adaş pəncərələrindən içərini görür, üstəlik, onların evində ayaqyolu ortalıqdadır, evin ən hündür yerindədir və bu, yeganə məkandır ki, internet orda yaxşı tutur.
Filmin metaforik də olsa, əsas personajlarından biri də yağışdır. Hər iki ailənin xarici aləmlə, ətraf mühitlə, dünya ilə münasibətləri yağışa münasibətdə göstərilib. Park ailəsinin salonundan çöldəki yağış ecazkar gözəllikdə bir hadisə, möhtəşəm bir tablodursa, Kim ailəsi üçün kanalizasiyanın daşması, hər yeri su basması, gecəni məktəbin idman zalında keçirmək deməkdir. Kim ailəsinin leysanda evlərinə tələsdiyi səhnədə onları daim aşağı düşən pilləkənlərdə görürük. Rejissor sanki belə deyir: kasıbın pilləkənləri də yağış kimi üzü aşağıdır.