Kulis.az Qismətin Culian Bransın dilimizdə yenicə nəşr olunan “Aqibət duyğusu” romanına yazdığı ön sözü təqdim edir.
İkinci Dünya Müharibəsindən sonra, gündəlik həyatdan elmin, sənətin əksər sahələrinə qədər, çox yerdə özünü göstərən postmodern düşüncə, bir çox anlayışa olduğu kimi, tarixə, yaddaşa da fərqli rakursdan baxmağı təklif etdi.
Yeni tarixçilik (New historism) adlanan bir istiqamət formalaşdı ki, bu yeni düşüncəyə görə, mütləq – absolyut tarix ideyası absurddur, qeyri-mümkündür. Tarixin tam mənada obyektiv təsviri mümkün deyil. Bəs onda nə var? Əvəzində əhvalatlar var, yəni tarix də əslində bədii mətn kimi fiksiyadır, subyektivdir. Əgər bizim beynimizi hansısa qeydetmə cihazına bənzətsək, onda deyə bilərik ki, illər ötəndən sonra keçmişə aid bir hadisəni (ən adisindən ən vacibinə qədər) yaddaşın küncündən tapıb çıxaran beynimiz həmin olayı sistemli şəkildə, dəqiq ardıcıllıqla, tam təfərrüatı ilə xatırlaya, üstəlik, onu obyektiv şəkildə şərh edə bilməz. Vaxtilə Dublində bir nəfərin bir gün ərzində xatırladıqlarını və başına gələnləri yazmaq kimi qeyri-mümkün işə girimiş Ceyms Coysun sonda anladığı da, gərək ki, elə bu idi – hər şeyi əhatə etməyin mümkünsüzlüyü.
Culian Barnsın tarixə öz münasibəti var. Onun əksər romanlarının əsas motivi yaddaşa, keçmişə, tarixə alternativ-subyektiv münasibətdir. Barnsa dünya şöhrəti gətirən “Floberin tutuquşusu” romanında müəllif bir yerdə Floberin həyatı ilə bağlı iki bioqrafik xronologiya təklif edir. Birinci xronologiya əksər kitablarda gördüyümüz rəsmi tarixçədir, ikinci isə Floberin gündəlikləri əsasında tərtib edilmiş yeni xronologiyadır. Barns bu iki xronologiyanı yan-yana qoymaqla tarixdə yer alan hər bir detalın ən azı ikibaşlı olduğunu göstərmək istəyir.
Çap olunduğu illərdə böyük səs-küyə səbəb olan “10 1/2 bölümdə Dünya Tarixi” romanında da Barns tarixə eyni yanaşmanı ortaya qoyur. Əslində təkcə romanın adına baxmaq kifayətdir ki, onun tarixin alternativ şərhini təklif etdiyini anlayasan. Bu romanın strukturu ənənəvi, vərdiş etdiyimiz tarix kitablarına bənzəyir, hər fəsil ayrı bir tarixi dönəmə və hadisəyə həsr olunub, süjetlərin arasında zahirən heç bir bağ yoxdur. Yeganə bağ odur ki, bu əhvalatlar ənənəvi tarixə parodiyadır və onun özünəməxsus şərhini təklif edir. Məsələn, bu roman hamıya yaxşı bəlli olan Nuh əhvalatının taxtabitinin dilindən nəql edilməsi ilə başlayır. Taxtabiti öz yoldaşları ilə birgə Nuhun gəmisinə gizlicə girib, hər şeyi izləyib və danışdığı əhvalatdan məlum olur ki, hadisə heç də bizim bildiyimiz kimi cərəyan etməyib. Romanda, tarixdən bizə məlum ən müxtəlif əhvalatların alternativ variantları öz əksini tapıb.
Culian Barnsın yaradıcılığı üçün xarakterik cəhət ironiklikdir. Adətən yığcam olan romanlarında Barns, ən qədim mətnlərdən gündəlik, cari proseslərə qədər, hər şeyi ironikləşdirir. Amma onun ironiyasının bir mühüm özəlliyi var ki, Barns bunu çığır-bağırsız, estetcəsinə realizə edir.
Culian Barnsa 2011-ci ildə Buker mükafatını qazandıran “Aqibət duyğusu” əsəri də, digər romanları kimi, həcmcə yığcamdır. Bu roman haqqında mütəxəssislərin yekdil rəyi belədir ki, “Aqibət duyğusu”nda postmodernizmə xas əksər cəhətlər parlaq bir şəkildə cəmlənib. Möcud rəydən ilk növbədə bu qənaətə gəlmək olar ki, “Aqibət duyğusu” romanı çağdaş postmodern nəsrin xarakterik nümunəsi, mükəmməl örnəyi sayılmağa layiqdir.
…Bir xəstəxananın kitab guşəsində könüllü olaraq işləyən, qaradinməz, sakit, təqaüdə çıxmış tarixçi Toni Uebster gənclik illərini xatırlamağa başlayır. İlk qəhrəmanın soyadı o dəqiqə yadımıza məşhur “Uebster lüğəti”ni salır. Qəhrəmanın təqaüdə çıxmış tarixçi olması, onun üçün Uebster soyadının seçilməsi çoxqatlı, çoxyozumlu bir mətnlə qarşılaşdığımızı dərhal xəbər verir. Personajın peşəsi (tarixçi) və soyadı (lüğət adı – Uebster) həm də onu eyhamlaşdırır ki, roman qəhrəmanı modernizm dövrünə xas olan, ensiklopedist, rasional təfəkkürün, tarixin universal, xətti inkişafının tərəfdarıdır. Romanın onurğasını da, əslində, elə Toni obrazı ilə, onun düşüncələri vasitəsilə tarixə, keçmişə münasibətin nisbiliyi ideyası təşkil edir. Baş qəhrəmanın (ona qəhrəman demək olarmı?!) xatirələrinin mərkəzində onun lisey yoldaşı olmuş, zəkası, fəlsəfi fikirləri ilə hamıdan fərqlənən Adrian dayanır. Qırx ildən sonra Uebsterin qəfildən keçmişi qurdalamağı boşuna deyil. Bu yaddaş odisseyasının səbəbi, ali məktəbdə oxuduğu illərdə sevdiyi (gəzdiyi!) Veronikanın anasından Toniyə qalan miras olur.
Cəmi-cümlətanı bircə dəfə gördüyü qadının ona mirasından bir pay ayırmasının səbəbini anlaya bilməyən Toniyə, intihar etmiş dostu Adrianın gündəliyi də vəsiyyət edilib, ancaq gündəlik ona yetişməyib. Qanuni yollarla həmin gündəliyi əldə edə bilməyən Uebster, illərdən bəri üzünü görmədiyi köhnə sevgilisi Veronikanı tapmalı olur. Hər şey elə bu məqamdan çözələnməyə başlayır. Məlum olur ki, keçmiş elə həmişəki yerindədir, amma həmin keçmiş Toninin xatirələrindəki kimi deyil. Culian Barns roman boyu Tarixi, Yaddaşı, Keçmişi suallar altında qoyur. Adi bir insanın həyatının, keçmişinin də elə ümumən tarix qədər qarmaqarışıq olduğuna işarə edən müəllif, ömür boyu üst-üstə yığılan günahların, səbəblərin sonucda insana dərin peşmanlıq yaşatdığı kimi, bütün bunların dünyadakı xaosda da az və ya çox dərəcədə rol oynadığına, dolayısı ilə, incə tərzdə işarə edir.
Romanda postmodernizmə xas, demək olar ki, bütün elementlər var: gözlənilməzlik, təsadüfün hadisələrə yön verməsi (qəfil miras hadisəsi), itmiş əlyazma, məktub, gündəliyin axtarışı, qəfildən peyda olması (Adriandan qalan gündəliyin kiçik bir hissəsi), tarixin xətti – absolyut dərkinin inkarı, bunun yerinə alternativ, subyektiv tarix ideyası (Toninin əsər boyu keçmişlə hesablaşması), geniş intertekstuallıq (tarixə, filmlərə, pop-kültürdən olan əhvalatlara, həm öz əsərlərinə, həm də ayrı-ayrı müəlliflərin yaradıcılığına çoxsaylı, açıq və üstüörtülü istinadlar)…
“Aqibət duyğusu”nda qoyulan əsas suallardan biri, təxminən, belədir: xatırladıqlarımızın nə qədəri gerçək, nə qədəri bizim uydurmamızdır? Ömrün sonlarına doğru birdən məlum olsa ki, onilliklər ərzində yaşadığınız həyat, xatırladığınız keçmiş əslində tamam fərqliymiş və hər şeyə dürüst yanaşanda büsbütün başqa adam olduğunuz üzə çıxsa, onda nə edərsiniz? Cavanlığın rəngbərəng xülyaları ilə qocalığın ağ-qara məyusluğu bir-birinə qarışanda, ömür sona yetərkən artıq nələrisə dəyişməyin mümkünsüz olduğu anlaşılanda neyləməli? Peşmanlıq içində son bir cəhdə də əl atmalımı, yoxsa zamanın ölçüb-biçdiyi, ancaq fərdi məsuliyyətin də şəkilləndirdiyi aqibətlə barışmalımı? Bu suallara Culian Barnsın “Aqibət duyğusu” romanı ilə cavab axtarmağa dəyər. Əlbəttə, tapa da bilərsiniz, tapmaya da…