Peşakar tərtib olunmuş antologiyalar həmişə çox effektiv olur. İstanbuldan aldığım Çağdaş Amerika nəsrindən hekayələr antologiyasını (gənclərin yazdıqlarıdır) oxuyarkən, bu fikri özüm üçün bir daha təsdiq etdim. Neçə gündür vaxtımı kitabdakı bir-birindən fərqli formada olan, bənzərsiz hekayələri oxumaqla keçirirəm. Mənə açığı daim maraqlı olub ki, dünyanın başqa-başqa nöqtəsində yazan həmyaşıdlarım nə düşünür, necə yazır? Bu aclığımı yaxşı tərtib edilmiş toplularla, o toplulara yazılmış icmal yazıları ilə doyuzdurur, adını ilk dəfə eşitdiyim neçə-neçə maraqlı yazıçını həmişə bu yolla kəşf edirəm.
İndi sizə təqdim etdiyim hekayənin müəllifi George Saundersin adına da ilk dəfə son günlər oxuduğum antologiyada rast gəldim. Antologiyaya yazdığı giriş sözündə mənə çoxdan tanış olan bənzərsiz yazıçı Zadie Smith həm Saunders, həm də onun hekayəsi haqqında belə yazır: “...Kollektiv komediyanın kralı olsa-olsa George Saundersdir. Bu adam tək başına öz qısa hekayələri ilə amerikalı həmvətənlərini (və mənimki kimi bir ingilisi) acı bir qısqanclıq, ifadəolunmaz qəzəb, özünü danlama, təkrarlanan depressiya, sidik kisəsini boşaltmaq kimi çox fərqli girdablara sürükləyib. “ARTIQ DANIŞIRAMTM” adlı hekayəsinin dilindəki kütləvi soyuqluq, quruluq və saxta sevinc, qrammatikada da özünü büruzə verir (nida işarələri, mötərizələr və cavabı gözlənməyən suallarla bu qədər çox şeyi ifadə edən ikinci bir adam tanımıram). Bu, davamlı olaraq “məqsədəuyğun” və “profesional” davranış fikrinə əsir düşmüş bir dildir.
(...) Saunders birinci hekayə kitabını ofisdə işləyərkən fasilələrdə yazıb, eynən Carverin camaşırxanada yazması kimi. Saundersin təsvir etdiyi həyat mənəvi cəhətdən irreal görünə bilər, amma bu irreal həyatın realist təsvirində böyük bir bütövlük var. Aşağıdakı sözləri Saunders bir müsahibəsində deyib: “Ofis işində qarnınız çıxar, çəkiniz çoxalar, çünki səkkiz saat boyunca yeganə gördüyünüz iş bir masada əyləşməkdir. İş vaxtı bitməyincə ailənizə ayıracaq vaxtınız olmur və dəhşətli dərəcədə stresli olursunuz. Və mənəviyyatı tamam unudursunuz, çünki çox streslisiniz. Terry Eagltonun kapitalizmin şəhvani zövqlərə düşkünlüyünü necə yağmaladığına dair dediyi çox vacib fikirləri var; mən səkkiz ildir həmin şeyləri yaşayırdım. İndi isə idman etmək üçün yetərincə zamanım var, uşaqlarıma bol-bol vaxt ayırıram və mənəvi həyatım var. Yeddi il əvvəlki ilə bu günüm arasındakı fərq çox böyükdür. Həyatımı əvvəlki kimi yaşamağa davam etsəydim, daha tez və daha qəzəli şəkildə ölərdim.”
Adam gözləyir ki, Saundersin hekayəsini daha hiddətli olsun, amma onunku qəzəb yazısı deyil, əksinə anlayış və qəhqəhələrlə doludur”.
Mənim fikrimə gəlincə, mən bəzən ürəyimdə yığılıb qalan, amma yazmağa vaxt tapmadığım şeyləri başqaları vasitəsilə - məsələn, bu dəfə olduğu kimi Saundersin vasitəsilə təqdim edirəm. Möhkəm olun!
Qismət
George Saunders – ARTIQ DANIŞIRAM!TM
Xanım Ruth Faniglia
210 Lester prospekti
Roçester, N.Y.14623
Hörmətli Xanım Faniglia,
Geri qaytarmağınızı böyük təəssüf hissi ilə qarşıladığımız ARTIQ DANIŞIRAM!TM adlı məhsulumuzun üstündə bizə ünvanladığınız 23 fevral tarixli məktubunuzu oxuyanda çox üzüldük. KidLuv işçiləri olaraq biz, ARTIQ DANIŞIRAMTM-nin yenilikçi və məcburi bir təhsil vasitəsi olduğuna, valideyn nəzarəti altında istifadə edildikdə, həm körpələr, həm də azyaşlı uşaqlar üçün bənzərsiz bir erkən inkişaf fürsəti təklif etdiyinə inanırıq. Bu səbəbdən də individual vaxtımın (yemək fasiləsindəyəm) bir qismini sizə ayırıb indi önümdə, (darmadağın!) masamın üstündə duran məktubunuzda ünvanladığınız sualları cavablandırmağa çalışacağam.
Əvvəla məyusluğunuzun fərdi və bəlkə də çox da münasib olmayan gözləntilərinizdən qaynaqlana biləcəyini söyləmək cürəti göstərə bilərəmmi? Çünki məktubunuzu oxuyarkən belə anladım ki, məhsulumuzun hansısa formada körpənizin ağlından keçənləri oxuya biləcəyini düşünmüşsünüz, ya da düşünürsünüz. Bizim məhsulumuz körpənizin düşüncələrini oxuya bilməz, Faniglia xanım.
Heç kim bir körpənin düşüncələrini oxuya bilməz, ən azından hələlik belədi... Ancaq inanın mənə, bir gün bunu da bacaracağıq! Eyni zamanda, ARTIQ DANIŞIRAMTM-in bacardığı şey yalnızca eşitmə şablonlarına reaksiya verərək körpənizi yaşından daha böyük göstərməkdir. Deyək ki, körpəniz bir şaftalı gördü. Deyək ki, siz, ya da əriniz (ümid edirəm ki, yanılmıram), yüksək səslə “Nə ləzzətli şaftalıdır!” kimi bir söz desəniz, sizin bu sözünüzü körpənizin boynuna açılmış balaca dəlikdən eşidən ARTIQ DANIŞIRAMTM “ŞAFTALINI SEVİRƏM” ya da “ŞAFTALI İSTƏYİRƏM” tipində sözlərlə cavab verəcək. Ya da əgər BAX2000-ini (siz BAX1900-ü seçmisiniz, o da yaxşı məhsullarımızdandı və körpəniz üçün idealdır) seçmisinizsə, ARTIQ DANIŞIRAMTM sizə “MEYVƏ TƏMƏL QİDALARDAN BİRİ DEYİLMİ?” tipində bir cavab da verə bilər. Bu da oğlunuz Derek kimi altı aylıq bir körpə üçün olduqca yaxşıdır; sizcə də elə deyil?
Fəqət burda təkrar etməliyəm: əslində, danışan Derek olmayacaq. Derek şaftalının bir meyvə olduğunu, ya da meyvənin təməl qidalardan olmasını bilə bilməz. Ancaq ARTIQ DANIŞIRAMTM bunu bilir və məhsulumuzu Derekin üzünə elə yerləşdirmişik ki, elə biləcəksiniz bunları Derek deyir. Çünki eyni vaxtda hərəkətə gələn İmitasiyaDodaqların yaratdığı effektlə Derekin danışdığı hissinə qapılacaqsınız. Vəssalam. Bütün iddiamız bundan ibarətdir.
Faniglia Xanım, məktubunuzda həm də ARTIQ DANIŞIRAMTM “maskası” (siz belə adlandırırsınız) haqqında deyirsiniz: “Danışanda mimikası gərgin olur və həqiqi bir körpə simasından daha çox orta yaşlı əsəbi bir qadın sifətinə oxşayır”. Olsun, bəlkə də elədir. Hörmətsizlik etmək istəmərəm, amma niyə bir dəfə də özünüz yoxlamırsınız? Lateks bir üzü, gerçək və canlı bir körpənin üzü kimi göstərib dilləndirməyə və hərəkətə gətirməyə çalışaq! İçərisində 5000-dən artıq ayrı-ayrı hissə və 390 dənə hərəkətli parça var. Orta yaşlı bir qadın kimi görünməsinə gəldikdə isə icazənizlə deməliyəm ki, sizinlə eyni fikirdə deyiləm: fikrimizcə orta yaşlı əsəbi bir qadının (1) saçsız qafası, (2) toppuş yanaqları və (3) üzündə heyva rəngi zərif tükləri olmur. BAX1900 modulu yüz faiz körpə sifətidir, Faniglia Xanım. Fərqli-fərqli uşaqların 2500-dən artıq fotosunu çəkmişik və bunları kompüterdə indi sizdə də olan variantı almaq üçün birləşdirmişik; bu üzə Erkək Kompozit 37 adını vermişik, ya da daha şirin formada desək, Balaca Roger. Fəqət sizi məmnun etməyən şey bəlkə də Balaca Rogerin üzünün Derekin üzü olmamasıdır. Açıqcası, Faniglia Xanım, müştərilərimizin çoxu ARTIQ DANIŞIRAMTM üzlərində taxılı olanda körpələrinin başqa cür görünməsindən narahat olurlar və bu reaksiya bizi heyrətləndirir. Bizə maraqlıdır, əcəba məhsul qutusunun üstünə heç baxmırsınız? Qutunun qapağında bir rəfin üstündə oturmuş BAX1900 açıq şəkildə görünür; sifəti eynən Balaca Roger-ə oxşayır, Balaca Roger-in üzündə qırışlar və alnında bir neçə xətt olsa da.
Zatən buna görə də BAX2100-ü istehsal etmişik. BAX2100 ilə körpəniz eynilə özü kimi görünür. Biz də heç kimdə məmnuniyyətsizlik təəssüratı buraxmamaq üçün sizə bir üst modelimiz olan BAX2100-ü hədiyyə etmək istəyirik! Lester prospektindəki evinizə gəlib Derekin üzünün ona özəl, gipsdən bir qəlibini düzəldəcəyik! Qısa müddətdən sonra, Derekin üzü FedEX vasitəsilə qutuda sizə çatdırılacaq və BAX2100-ü Derekin başından keçirib yapışqanla ona pərçim edəndə körpəniz eynilə özü kimi görünəcək! Bundan başqa ayrı bir sürprizimiz də olacaq; belə ki: evinizdə olanda Derekin həqiqi səsini yazacağıq və bunu səsi öz ifadələrimizi, yəni Derekin daha sonra dilə gətirəcəyi ifadələri yaratmaqda istifadə edəcəyik. Beləcə, sadəcə özü kimi görünməklə qalmayacaq, eyni zamanda evinizdə iməkləyib gəzərkən həm də öz səsindən istifadə edəcək; həqiqətən danışırmış kimi!
Bundan əlavə, başqa bir neçə personafikasiya variantı da əlavə edəcəyik. Deyək ki, Derek-ə “Sevdiciyim” deyə səslənirsiniz. (Bu misalı öz ailəmdən gətirirəm, arvadım Ann və mən, oğlumuz Billini “Sevdiciyim” deyə çağırırıq, çünki o çox şirindir.) BAX2100 ilə otağa iməkləyib girən Derek-ə, “BAXIN, SEVDİCİYİNİZ GƏLİR”, ya da “AÇIQ-SAÇIQ DANIŞMAYIN, SEVDİCİYİNİZ GƏLDİ!” dedirtməyi seçə bilərsiniz. Bunu necəmi edirsiniz; qulağının sırğalığından çıxan lazer şüalarının qapını təyin etməsi ilə. Beləcə, ARTIQ DANIŞIRAMTM Derekin başına yerləşdirildiyi üçün onun bir az əvvəl otağa girməsindən xəbər tutur! Eyni zamanda, Derekin fərdi xüsusiyyətlərini daha çox əks etdirə bilmək üçün sifətin üstündə ÜSTÜNLÜK VERİLƏN İFADƏLƏR funksiyasına da sahib olacaqsınız. Məsələn, doğum günündə onun sizə “ANA, ATA! ARUBADA MƏNİ PLANLAŞDIRDIĞINIZ GÜNÜ XATIRLAYIRSINIZ?” deməsini seçə bilərsiniz. Əslində, ola bilsin ki, Dereki Arubada planlaşdırmamısınız. Bu bizim işimiz deyil. (Araşdırmalarımız o qədər əhatəli deyil!). Ya da, deyək ki, körpəniz gəlib Dereki yaladı, onda Derekə (köpəyinizin adı Quinnidirsə) “Quinni, bəsdir yalama!” dedizdirə bilərsiniz. Bunu bilirdiniz?...
Bu, onu daha çox sevməyinizə kömək edəcək. Çünki o, birdən-birə artıq anlaşılır olacaq. Artıq eləcə oturan, baş barmağına yaxılmış kakasına baxan, “aqu-aqu” səsləri çıxaran körpə yoxa çıxacaq; keçən həftə oğlumuz Billini belə edərkən iş üstündə tutduq, bilirsinizmi? Zaman-zaman hiss etmişik ki, uşaqsız dostlarımız baş barmağındakı nəcisə diqqətlə baxan bir övladımız olduğu üçün bizim haqqımızda pis-pis şeylər düşünür. Fəqət artıq uşaqsız dostumuzun qalmadığı bu ərəfədə, mən və arvadım Ann gördük ki, əslində, bu cür hərəkətlər etməmişdən çox-çox əvvəl uşağınızın ağıllı sözlər deməsinə şərait yaratmaq əla şeydir. Nəticə etibarilə siz uşaqsız dostlarınızla kart oynayarkən, körpənizin (çox güman ki, gələcəkdəki ehtimal olunan öz səsiylə) qəfildən “BÖYÜK EHTİMALLA ENŞTEYNİN KƏŞFLƏRİNİN ÖNƏMİNİ HƏLƏ TAM OLARAQ DƏRK EDƏ BİLMİRİK!” deməsi çox əyləncəlidir.
Etiraf etməliyəm ki, bu məqamda uşaq sahibi olmaq istəməyən bir neçə dostumuzun üzündə razılıq işarəsi görmüşük, sanki qəfildən övlad sahibi olmaq qərarına gəlmişdilər.
Hər dəfə bədənindən çıxan səsləri eşidəndə körpənizin qorxmasına gəlincə; Derekin ağzının qırağındakı səsgücləndirici vızıldayanda hürkür, düzdürmü? İcazənizlə, bunun normal olduğunu söyləyə bilərəmmi? Təklifim necəmi olacaq? Əvvəlcə BAX-ı Derekə daha az-az taxmağı yoxlayın, gündə on dəqiqə, sonra get-gedə istifadə müddətini artırın. Biz belə etdik. İşə yaradı. Artıq Billi öz cihazını yatanda da çıxartmır. Hətta çiməndən sonra təzədən taxmaq yadımızdan çıxsa, qıyya çəkir. Yalvarır desəm daha doğru olar! “MAK! MAK!” deyə qışqırmağa başlayır. Düşünürük ki, maska yerinə mak deyir. Maskanı taxanda Billi, daha doğrusu maska belə deyir: “GUTEN MORGEN, PAPA!” Çünki ona almanca öyrətməyə çalışırıq və BAK2100-ə almanca öyrənmə modulu əlavə etmişik. Ya da məsələn, şalvarını hələ geyinməyibsə cihaz belə deyir: “KOMBİNEZONUMU GEYİNDİRİN Kİ, GÜNƏ BAŞLAYA BİLİM!” (Bunu mən yazmışam).
Demək istədiyim budur ki, BAX2100 ilə Billi BAX1900-də olduğundan çox-çox ağıllıdır. Məsələn, keçən səfər çənəsindən aşağı az-maz süd dağıdanda, İmitasiyaDodaqlarının MÖÖ səsi çıxaracağını öyrənib. Deyəsən bundan çox xoşu gəlib! Deyək ki, axşam qonaq otağında xırda-xuruş sənədlərlə məşğulam və mətbəxdən belə bir səs gəlir: “MÖÖ! MÖÖ! MÖÖ!”. O saat mətbəxə qaçıram, yerdə süd gölü görürəm. Billi də orda çənəsindən aşağı süd axıtmağa davam etməkdədir, ta ki, mən südü əlindən alana qədər. Bax bu yerdə o belə çığırır: “MƏNİ TÖVLƏYƏ SALMA”. (Bu da arvadımın əlavəsidir – uşağlığı Wyoming əyalətində keçib!)
Faniglia Xanım, mən qətiyyən heç bir körpənin bütün günü oturub “aqu-aqu” deyə səslər çıxartmaq istədiyinə inanmıram. Mənə elə gəlir ki, bezi bağlı oturan bir körpə, ibtidai və sözsüz bir yolla da olsa, dünyaya baxıb içindən belə düşünür: “Lənətə gəlsin, nolub mənə, bütün insanların hamısı bütöv və səlis cümlələrlə danışarkən, mən niyə sadəcə “aqu-aqu” deyə səslər çıxarıram?”. Bu uşaqlarda ömür boyu davam edəcək psixoloji zədəyə səbəb ola bilər. İndi mən Derekin körpəykən doğru-düzgün danışmağı bacarmadığı üçün həddi-buluğa çatanda özünü pis hiss etməsi riski ilə qarşı-qarşıya qaldığınımı deyirəm? Yox, bunu söyləmək mənə düşməz, Faniglia Xanım, mən sadəcə satışla məşğulam. Yenə də borcumdur deyim ki, əzizimiz Billi ilə bağlı heç nəyi şansa buraxmamışam. Mənim fikrimcə, Billi nə vaxt ağzının kənarından yetkin və ağıllı sözlər çıxdığını eşidirsə, özünü əla hiss edir. Mən də bunun əla olduğunu düşünürəm. Daha öncələri əla olmadığını düşündüyüm zənn edilməsin. Fəqət artıq həqiqətən söhbətləşə bilirik onunla! Bir də ki, – ən önəmlisi – o səs İmitasiyaDodaqlarından çıxanda, misilsiz şeylər öyrənir; yəni axırda həqiqətən danışmağa başlayanda, dolu-dolu danışmış olacaq.
Faniglia Xanım, indi siz, “Bir dəqiqə, bu adam əlbəttə ARTIQ DANIŞIRAMTM-ı sevər. Çox güman ki, özününkünü havayı əldə edib!” – deyə düşünmüş ola bilərsiniz. Fəqət vəziyyət qətiyyən belə deyil, Faniglia Xanım. Sizin kimi, mən də iki min dollar verib almışam. ARTIQ DANIŞIRAMTM-a o qədər çox tələbat var ki, hətta bizə belə endirim yoxdur. Həm də müdiriyyət daim bizi təşviq edir ki, öz məhsulumuzdan alıb evdə uşaqlarımızın üzərində istifadə edək. (Hətta bir dəfə qocalıb xərifləmiş bir qarının üstündə sınaqdan keçirildi! Elə bilirəm ki, bunu desəm yetərli olacaq: çəlimsiz vücudunda Balaca Roger-in başı ilə bir az gülməli görünsə də, dediyi ağıllı şeyləri eşitmək ailəsini sevindirirdi. Eynilə əvvəllər olduğu kimi!). İstifadə etməzdim demirəm. İnanın mənə, istifadə edərdim. Bir üst modelə - BAX2100-ə keçəndən bəri hər şey gözəldi. Billi az qala eynən özü kimi görünür və (açıqcası) çox bilinən şeylər söyləyən BAX1900 var ikən başa düşürsüz də, darıxdırıcı deyil. Düşünürəm ki, siz də qismən buna görə razı qalmamısınız, Faniglia Xanım; siz çox ağıllı qadına oxşayırsız. Evimizə qonaqlar gələndə bəzən Billinin ətrafına toplaşırıq və bir sonrakı zarafatı nə olacaq deyə gözləyirik. Keçən həftə sonu müdirim Ted Ames (mükəmməl insandır, mənə çox dəstək olub, bu məktubun sizə faydası olsa, lütfən ona bildirin) bizə gəlmişdi. Billi üzünü tez-tez xalçaya sürtməyə başlayanda, BAX2100-ün çığıraraq “SÜRTÜNMƏ GENİŞ YAYILMIŞ VƏ FAYDALI BİR İSTİLİK MƏNBƏYİDİR!” deməsinə səbəb oldu. Aman Allah, bizi tutmaq olar? O qədər güldük ki...
Faniglia Xanım, nahar fasiləsinin axırına yaxınlaşırıq, buna görə də ümumiləşdirməliyəm; ümid edirəm ki, sizə yardımçı ola bildim. Şəxsi bir qeydimi əlavə edib deməliyəm ki, burda işə başlayanda vəziyyətim çox da yaxşı deyildi, batmışdım, hətta reabilitasiyaya getmişdim; amma indi, inanılmazdır, pul mükafatları su kimi axır və ailəm üçün gözəl bir həyat qurmuşam. Mükafatımı itirmək təhlükəsinə görə sizinlə maraqlandığımı sanmayın. Xahiş edirəm, belə düşünməyin. Əlbəttə bu da var ki, bir üst modellə bağlı təklifi rədd etsəniz və BAX1900-ü geri qaytarmaq istəyinizdə israr etsəniz, mükafatımı şəxsən Cənab Amesə qaytarmalı olacağam. Olsun, problem deyil, əlbəttə müdirimə əvvəllər də mükafatımı qaytardığım olub, xüsusilə son vaxtlar. Harda səhv edirəm, bilmirəm. Fəqət bu sizi maraqlandırmır, Faniglia xanım. Sizi maraqlandıran Derekdi. Nahar fasiləsində bu məktubu yazmağımın əsl səbəbi budur ki, KidLuv-da sizin kimi ailələr üçün yenilikçi və təməl inkişafa kömək edən vasitələr hazırlamağa çalışarkən, Faniglia Xanım, məhsullarımızın yanlış dərk olunması həmişə bizi məyus edir. Lütfən, bir üst model olan BAX2100-ə keçmək təklifimizi qəbul edin. Biz KidLuv nümayəndələri olaraq uşaqları çox sevirik, buna görə onlar üçün hər şeyin tezliklə yaxşı olmasını istəyirik!
Uşaqların ilk illəri çox dəyərlidir və boşa keçməməlidir. Biz yeni şeylər kəşf etdikcə Billimiz böyüməyə davam edir və hər gün bacarıqlar əldə edir.
Hörmətlə,
Rick Sminks
Satış təmsilçisi
KidLuv, İnc.