Gözümə görünənlər

Gözümə görünənlər
13 dekabr 2012
# 08:45

I yazı

Universitetin bufetində oturub kitab vərəqləyirdim. Tələbələrdən biri tərəddüdlə masama yaxınlaşıb soruşdu: "Müəllim, bir məsələylə bağlı sizdən məsləhət almaq olarmı?" Razılıq verdim, o dəqiqə də beynimdə düşünməyə başladım ki, yenə nakam bir sevgi hekayətini dinləməli, təkrar şeylər deməli olacağam. Tələbə oturdu və köks ötürüb danışmağa başladı. Məlum oldu ki, onun qəribə fobiyası var, canını qurd kimi gəmirən bu qorxu ona rahatlıq vermir, yaxasından əl çəkmir, beynindən çıxmır. Sən demə bu cavan qızın təqibedilmə, izlənmə fobiyası varmış.

Doğrusu, belə bir şey gözləmirdim, çaşdım. Qız dili topuq vura-vura, əsəbi-əsəbi telefonunu, çantasını qurdalayır, sonra kəsik-kəsik, sözləri yeyə-yeyə danışırdı. Arada səsini azaldır, sağa-sola şübhəli-şübhəli baxır, gedib-getməmək arasında tərəddüd edir, sonra yenə qaldığı yerdən danışmağa davam edirdi. O qıza dediklərimin ona xeyri oldumu, bilmirəm, çünki mən nə psixoanalitik, nə də psixiatram. Hərçənd, o qızı həmin gün xeyli güldürdüm və deyəsən əhvalına azca da olsa təsir edə bildim, lakin onun danışdıqları neçə vaxtdır beynimdən çıxmır. Ona görə yox ki, mən çox təəssübkeş vətəndaş, altruist yazıçı və sairəm.

Mütəfəkkirlik iddiam yoxdu, sadəcə çoxdandı fikrimdə qaralamasını etdiyimi bir yazı vardı və o yazını yazmaq üçün xeyli zir-zibil oxumuşdum, amma çox qəribə şəkildə, həmin tələbə qızın gəlib mənə öz dərdini danışması, beynimdə çək-çevir etdiyim yazının vektorunu dəyişdi. Bəlkə də fikrimin coğrafiyasını böyütdü deməliyəm, dəqiq təyin tapmaq çətindi.

Get-gedə sabahından nagüman adamlar çoxalır və bu cəmiyyətin total paranoyaya sürüklənməsini sürətləndirir. Tv-lərdə atılıb-düşən, gülüb-oynayan, ərə gedən-boşanan uydurma talelərə mən şəxsən heç vaxt inanmamışam. İnsanlarımız günü-gündən ən xırda şeyin də arxasında nəsə bir müəmma, sirr axtarır, qorxur, xoflanır. Qorxu - özü çox uzaqlarda olsa da, ov iti kimi adamları qabağına qatıb; o hamını təngnəfəs, qan-tər içində saxlayır.

Dünyanın dağılması haqqında ssenarilər, mason söhbətləri, sion müdriklərinin protokolları, Den Braun romanları çağdaş dünyadakı insanın nəyə maraq göstərdiyini və onun daxilində nələrin baş verdiyini əla ifadə edir. Biz elə bir əsrin adamlarıyıq ki, artıq bir-birimizə toxunmaqdan da qorxuruq, bütün təmasları tərgitmişik, biz indi yalnız touch pad telefonların ekranlarına toxunmağı məhrəmlik sayırıq. Sözün qısası hamımız androidləşirik.

Şəhərdə öz-özünə danışan, hamıdan, hər şeydən şübhələnən adamlar çoxalıb. Mərdlikdən çox danışan bir tanışımın altşüurundakı qorxunu içki üzə çıxarmış və o çox metaforik dillə də olsa, öz qorxusunu belə dilə gətirmişdi : "Kölgəm elə bil başqasının kölgəsidir".

Kölgəsini özgəsinə bənzədən adamların şəhərində get-gedə yaşamaq çətinləşir. Çin malı mobil telefonlar, Pakistandan gələn second hand geyimlər, mənşəyi naməlum ərzaq malları həyatımızın ayrılmaz bir hissəsinə çevrilib və belə bir dünyada adamlar bunu nə qədər adi, sadə formada dilə gətirsələr də, əslində, mənə görə daim dəhşətli bir qorxunun, tərəddüdün içində qıvrılırlar. Artıq təkcə yediyi ərzağın, geyindiyi geyimin saxta olması qorxusu hakim deyil ürəklərə, indi insanlar qonşusunun, dostunun, hətta valideyninin belə orijinalmı, saxtamı olduğundan şübhələnməyə başlayıb.

Plagiat dvd-lər erasının insanları paranoikləşiblər və belə düşünər olublar : "Qapı qonşumuz, Qəni, əslində usta deyil, MTN-şikdi, məhləmizlə bağlı informasiyaları "içəri" ötürür. Küçənin tinindəki dönərsatan da polisə işləyir, dönər arabası da kamuflayjdı. Yan binadakı Əlini qızı müdiriynən gəzir. Rafiq xaricdən maliyyələşir, yoxsa özünü tuta bilməzdi. " Hamı bir-birinə "gerçək deyil, plagiatdı" etiketi yapışdırır. Başqasının "sirr"ini faş eləmək hissi yalançı da olsa özünəinam gətirir, həyatdan azacıq olsa yapışmağa yer tapıb, əks halda universitetləri, iş yerləri, avtobus dayanacaqları da kameralarla dolu olan bir cəmiyyətdə yaşamaq əzabdan başqa bir şey olmaz. Get-gedə bu şəhərin hər küncü Oruelin məşhur romanını yamsılayır.

***

Orxan Pamuk yeganə hekayəsi-"Pəncərədən baxmaq"da uşaqlıq illərini xatırlayır və yazır ki, televizorun olmadığı zamanlarda babamgil, anamgil saatlarla oturub pəncərədən çölə baxırdılar, elə ki, televizor evimizə qədəm qoydu, artıq babamgil televizor azarkeşi oldular və onlar bu "sehirli qutuya" pəncərədən baxdıqları kimi baxmağa başladılar.

Qəribədir, zaman keçdi və televizorun pəncərələri gözümüzü qaçırmalı, baxmamalı olduğumuz yerlərə də açıldı.

Mən obrazlı şəkildə həmişə XX əsrin beynimdə iki yerə bölmüşəm: radio dövrü - yəni səs çağı və televiziya dövrü - yəni görüntü çağı.

Birincinin mahiyyətində söhbət var, ünsiyyət var. Radio bizə bir-birimizi dinləməyi öyrədib. İkincinin mahiyyətində isə baxmaq, izləmək var, bəlkə də pusmaq deməliyik. Görəsən valideynlərimizin dilindən çox eşitdiyimiz "atanın sözünə bax! " ifadəsi hansı çağa aiddir ? Sözə baxmazlar axı, onu eşidirlər.

Qədimlərdə bayram günlərində "qulağına falına çıxmaq" deyilən bir adət olub. Məncə, bizim canımızdakı qorxu və o qorxunun bizi oyunçu, saxtakar etməsinin tarixi həmin adətdən başlayır. Qonşu qulaq falına çıxar qorxusu ilə əsəblərimizi cilovlamışıq, yalandan can deyib, can eşitmişik, səsimizi qaldırmamışıq. Qapıdakı hər hənirtidən şübhələnib, başqa adamı oynamağa başlamışıq. Qonşularımızın qulaqları bizi yalançı, qorxaq, xoflu eləyib. "Yürəklərin qulağının karlığı" ilə, qapıların arxasında gizlənən qulaqların ürək döyüntüsü eyni zibildi.

***

Məşhur bayatının dəhşətli dərəcədə gözəl misralarını xatırlayıram: "...Üzündə göz izi var, sənə kim baxdı, yarım?" İndi bu bayatı deyildiyi çağdakı anlamından daha dəhşətli mənaları öz canında gizlədir. Bu gün bu bayatı baş-ayaq çevrilib oxunmalıdır, özü də nəsrlə, facebook dilində : "Üzündə nə çox təmiz yer var, bu gün işə getməmisən ki ? Üzünü like eləyirəm ! "

# 2812 dəfə oxunub

Müəllifin son yazıları

# # #