Kulis.az şair Qismətin yeni şeirini təqdim edir.
Şoka düşmə,
saytların manşeti reklam bannerlərini yamsılayırsa qırmızı hərflərlə,
“Kirlənmək gözəldir”sə və qara pullar yuyulursa ağappaq zərflərlə,
İndi daha ucuzdursa diş məcunları, nissan və basmati düyüsü,
Çoxalırsa ümidsiz, gümansız və imansız insan sürüsü,
sən qonşudan geri qal.
Yalnız bizdə şok endirim varsa təraş dəstinə, qadın bezinə,
Adamlar məşq edib gülümsəyirsə bir-birinin üzünə,
Bu gün alsaq biri də hədiyyədirsə və məsləhətdirsə bu fürsəti qaçırmamaq,
Ölüvaylıq sayılırsa alicənablıq, kübarlıq, könül qırmamaq,
Koka-kola içmək bir az artıq danışıq deməkdirsə yeni iləcən,
Kin-küdurət qoymursa həqiqət gəlib çatsın ürəkdən diləcən,
Bilmirsənsə ciddidir deyilənlər, yoxsa zarafat,
Dəbə minirsə dekorativ kədər, əyalətçi qaramat,
Eyni həndəvərdə fırlanırsa arzular, mövzular, tostlar,
Kitab dükanları kimi azalırsa qiymətli dostlar,
Sən, hə sən, bu sətri oxuyan ehtimal olunan oxucu,
Boylan öz sağ-soluna, ötəri, gözucu,
Kimsə varmı-yoxmu dəqiqləşdir, yoxla,
hamamda suyu aç, doyunca ağla,
Təzələn, durulan, yenidən başla,
köhnə həqiqəti xatırla:
günəş hər gün doğur, günəşə oxşa...