Kafe “Arzular”

Kafe “Arzular”
23 oktyabr 2012
# 07:15

Həmin gün yağış biz tərəfə yağmamışdı. Facebook-da hamı yazırdı ki, dünyanı yenidən su basır və mən pərdələri aralayıb günəşli səmaya baxır, təəccüblənirdim. Bir statusluq canı olan, bu dekorativ kədər selinin içində üzüb-üzüb, maraqlı nəsə axtarırdım, həm də bir yandan təəccübümə cavab gəzirdim. Necə olur, bütün şəhərə yağış yağır, bircə bizim məhləyə yağmır?

Əslində, cavabını hamınız kimi mənim də bildiyim bu sual içimdə ona görə yaranmışdı ki, son günlər ovqatım bu cür anormallıqlara adekvat idi. Zərrə qədər şübhə etmədən, tərəddüdə qapılmadan inana bilərdim ki, yağış bircə bizim məhləyə yağmır və nə gizlədim, mən bu “yalançı” əhvalı sevirəm, çünki bu məndə başqa həyatların, başqa talelərin, başqa dünyaların olduğu duyğusunu yaradır, fantaziyam işə düşür.

Facebook-a yağış yağırdı və mən darıxırdım. Qan Turalıdan sms gəldi: “Həvəsin varsa, bir yer var, ora gedək. Deyilənə görə dəhşətli bir yerdi...”

...Yolda Turaldan öyrəndim ki, bu yerin varlığından onu Səbuhi Məmmədli xəbərdar edib. Hə, Səbuhi deyibsə, demək torbada pişik var. Üzümdəki məmnun, maraqlı dolu ifadəni görüb, dostumuz Fuad da ( kəndisi Turalın kardeşi oluyor ) başıyla demədiyim sözləri təsdiqlədi.

“Arzular” kafesinin qapısına çatanda, düz qapının ağzındakı sintezatoru və əlində mikrofonla mahnı oxuduğunu düşünən kişini görəndə, udqundum, bir anlıq düşündüm ki, əgər “bu kafedə arzular reallaşır”, - desələr, mən yəqin bütün arzularımdan imtina edərdim.

Bura kafe də demək doğru deyil, bura daha çox günəmuzd fəhlələrin, ustaların pivələndiyi, balaca zirzəmi “pivnoylar”dan biridir. İçəridə cəmi 6 stol var, hamı üzü qapıya tərəf oturub, çünki orda bir sintezatorçu və iki “sənətkar” var. Biz təzə pivəyə başlamışdıq ki, müğənnilər arasında atışma başladı, əvvəl elə bildim ki, dalaşırlar, kafenin daimi müştərisi olduqları hər halından bəlli adamlar əl çalmağa, gülməyə başlayanda, anladım ki, yox, “xanəndələr” dalaşmır, bu çox ciddi bir sənət mübahisəsidir. Bir az yaşlı olanı gənc olana deyirdi ki, düz oxumursan, əvvəlcə ayaq verməlisən, sonra zilə qalxmalısan.

Gənc nə edirdisə, qoca razılaşmırdı, götürüb özü oxuyurdu, bu dəfə də gənc razılaşmırdı. Bir-birini söyə-söyə hansısa mahnını oxuyurdular, kafedəkilər də onların atışmasına azarkeşlik edir, gülüşürdülər.

Bir azdan kimsə bir-iki manat verib türk mahnısı çaldırdı, sonra isə bir cavan oğlan sintezatorçunun yanına 3-4 manat tullayıb, “Ordubad oğlanları” mahnısını sifariş verdi (“Ordubad oğlanları” mahnısı heç vaxt bu qədər ucuz olmamışdı yəqin). Mahnı başlayan kimi, sifariş verən cavan oğlan kafenin ortasında oynamağa başladı, yan masadan bir kişi durub onun qabağında dayandı və əl çalmağa başladı. Sonra başqa adamlar başqa mahnılar sifariş verdilər və hər dəfə o kişi durub oynayanların qabağında həvəslə əl çaldı. Belə başa düşdüm ki, kişi bu kafedə əl çalan ştatındadır.

Dostlar pivə içə-içə zarafatlaşır, olan-bitənə diqqət edirdik. Birdən mənə elə gəldi ki, bütün bu adamları çox yaxşı tanıyıram, əzbər bilirəm.

İçindəki reallaşmamış şöhrət arzusunu zirzəmi bir “pivnoy”da mahnı oxuyaraq diri tutmağa çalışan o müğənni kişi...

Filmlərdə gördüyü dünyada, həftəsonunda nəsə içib, musiqi dinləyən insanlara həsəd aparan və o həsədi dəf etdiyinə özünü inandırmaq üçün, bu kafedə bir-iki manatlıq sifarişlər verən, ürəyində özünə “pulunu verdim, oynadım da, kim mənə deyə bilər, bu mənim haqqımdı” deyən və bu təsəlli ilə yaşayan, bu təsəllinin illüziyasına qul olub, hər gün axşam “Arzular” kafesinə lövbər atan, ağ-qara geyimli cavanlar...

Üzündə illərin yorğunluğu, ehtiyac yollarında xoş günlərini salıb itirən, amansız zamanın üzündəki qadın gözəlliyini bir makiyaj kimi silib atdığı o ofisiant qadın...

Bütün bu adamlar hamısı mənə tanış gəldi birdən.

“Arzular” kafesində axşam oldu və biz durası olduq. Qapıdan çıxanda, dönüb bir də baxdım adamlara, dəhşətli dərəcədə kədərləndim.

“Arzular” kafesində ən rəngli şey sarışın NZS pivəsiydi.

# 3415 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #