Qismət
Vaxt bəzən elə keçir ki, düşünməyə başlayırsan: elə bil dünyanın bütün saatlarındakı rəqəmlərin qabağında, gözəgörünməz hərflərlə eyni söz yazılıb - darıxmaq. Vaxt hərlənib-fırlanıb eyni həqiqəti - darıxmağı göstərir. Kim bilir, bəlkə yaşamaq heç bir kitabda yazılmayan bir tərifi kəşf etmək üçünmüş : Bir darıxmaqdan o biri darıxmağa qədər olan zaman qırığına ömür deyilir. Mən darıxmağın bütün rənglərini tanıyıram. Darıxmaq var, DARIXMAQ var, amma bu ümidimizdən balaca ölkədə ən dəhşətlisi, nə valideyn üçün, nə sevgili üçün, nə dost üçün darıxmaqdı ; ən dəhşətli darıxmaq - sual libasında olandı : niyə belə olur ? "Niyə?" - sualına verilən cavablar çox zaman yanlışdır, yarımçıqdı, çünki o yalnız sual deyil, o çox vaxt taledir.
Həmişə sevgi və hüznlə xatırladığım Mustafa Subhi küçəsindəki evimizdə yaşadığım illərdə, elə bil dünya başqa bir yer idi. Onda o küçə mənim üçün dünyanın ən böyük, ən təmiz ,ən işıqlı küçəsi idi. İndi yolum o küçədən keçəndə, həmin küçənin bu qədər balaca, bu qədər miskin, kirin-pasın içində olmasına heyrətlənirəm; mənə elə gəlir ki, kimsə mənim sevimli küçəmi götürüb aparıb, yerinə başqa - köhnə, işlənmiş, rəngsiz bir küçə qoyub. İlahi, yoxsa yaşa dolmaq bu deməkdi : dünən müqəddəs olanın bu gün işıqsız görünməsi ? Küçədəki it leşinin dişlərini mərcana bənzədən İsa Məsihin qəlbi əbədi uşaq qəlbiymiş sən demə...
***
Mustafa Subhi küçəsində Zəngilan qaçqını bir qonşumuz vardı - Ağabəyim xala. Bu qadın özünü həmişə təmkinli, vüqarlı aparırdı. Qəribədir, adında həm "ağa", həm də "bəy" sözləri olan bu qadın, elə bil övladları ilə birgə təkcə yurdundan, ev-eşiyindən yox, həm də adındakı sözlərdən qaçqın düşmüşdü, amma qaçqınçılığı, yoxsulluğu heç vaxt əlində bayraq eləməzdi. Elə bil inadla adına görə şax dayanmağa, dik yeriməyə çalışardı. Ağabəyim xalanın üç oğlu vardı : Hüseyn, Tural, Nicat. Əri Bakıda təzə açılan “Koka-kola” zavoduna fəhlə düzəlmişdi. Ortancılları Turalın dilində qüsur vardı, onu nağara kursuna qoymuşdular, gecələr Tural nağarasıyla məşq eləyəndə, əvvəl-əvvəl qonşular narazılıqla mızıldanırdılar, sonralar biləndə ki, uşaq toyda-nişanda nağara çalıb evə çörək pulu gətirir, hamı həmin damba-durum səsini dünyanın ən gözəl musiqisi dinləməyi öyrəndi. Mənə isə elə gəlirdi ki, bu nağara sevdasının arxasında təkcə çörək pulu dayanmır; düşünürdüm ki, müharibədə qorxudan pəltək olan Tural nağaranı döyəclədikcə, bu gözəl ailənin bütün üzvləri naməlum adamlardan acıq çıxır, gecələr yuxularına girən güllə vıyıltılarını bu nağara səsinin altında basdırmaq istəyirlər.
Son beşikləri Nicatı isə karateyə yazdırmışdılar...
Mənim söhbətim ən çox evin böyük oğlu Hüseynlə tuturdu, həm də onunla aramda gizli bir rəqabət vardı, çünki eyni qıza aşiq olmuşduq. Qonşuluqda rusdilli bir ailə vardı; Hüseyn və mən o ailənin qızı Nərminəyə vurulmuşduq. Tərs kimi qız yaşda ikimizdən də böyük idi.
Mənə o vaxtlar qəribə gələn Hüseynin harda işləməsi idi. Çünki Hüseyn həmişə bu söhbətin üstündən ustalıqla keçirdi və mən də bu barədə danışmaq istəmədiyi bilirdim deyə, çox dərinə getmirdim, amma bir yandan da ürəyimdə ondan inciyirdim, axı burda gizlətməli nə vardı ?
Bakıya uşaq gülüşü kimi bəmbəyaz qar yağmışdı və biz yuxarı məhəllənin avaraları ilə bulvarda qartopu oynamağa getmişdik. Çox atılıb-düşəndən, bir-birimizi qartopuyla əzişdirəndən sonra hərə bir yana dağılışdı, mən asta addımlarla evin yoluna tutanda, yolun qırağında oturmuş Hüseyni gördüm, elə bildim ona nəsə olub. Qaça-qaça ona tərəf getdim, yaxınlaşıb gördüm ki, Hüseynin qabağında, yerdə bir kisə və bir ləyən var. Hüseyn günəbaxan tumu satırdı. Məni görüb utandı, başını aşağı saldı. Bilmədim nə deyim, demək buna görə gizlədirmiş hər şeyi, utanırmış işindən. Handan-hana üzümə baxmadan dilləndi : Heç kimə demə...
Mən o günə evə qayıdıb hönkür-hönkür ağladım. Ona görə yox ki, müharibənin mənasını dərk etmişdim, ya da insanın tale qarşısındakı çarəsizliyinə yanırdım və s. Ona görə ağlamışdım ki, dostum, məndən utanmışdı, vəssalam.
Hüseynin "sirrini" biləndən bir neçə həftə sonra yolda sevgilimiz Nərminəylə rastlaşdım. Havadan-sudan danışdıq, birdən Nərminə nəsə xatırlamış kimi soruşdu :
- Deyirlər Hüseyn "semiçka" satır...
Başımı yelləyib cavab verdim : "Yalan deyirlər, Nərminə, Hüseyn günəşdoldurma məntəqəsində işləyir."
Nərminə şaqqanaq çəkib güldü, sonra soruşdu : "O necə olur elə?"
Çiyinlərimi çəkib, dilləndim : "Mən də bilmirəm".
Nərminə mənalı-mənalı üzümə baxıb gülümsədi, "Yəqin maraqlı işdir" -dedi, "mən də günəşdolduran olmaq istərdim."
Güldük, qərara gəldik ki, gedib Hüseyni qartopu oynamağa çağıraq.
... Qar gecikəndə, ən çox uşaqların əlcəkləri darıxır.