Niyə yazıların da filmlər kimi soundtrack-i olmasın ki? Mütləq olmalıdır, bu yazınınkı belədir: https://www.youtube.com/watch?v=qNCVc04REgs
***
Bakı səmasında həkim resepti kimi səliqəsiz buludların uçuşduğu günlərdən birində bulvarda gəzişirdim. Axşam şəhərin ovcuna yaralı bir quş kimi düşməkdəykən, bir qağayı çörək bilib dənizə atılmış fanta şüşəsinə tərəf şığıdı və bu mənim yadıma Oskar Uayldın neçə illərdi dilimizə çevirmək istədiyim bir şeirini saldı: “Hər kəs sevdiyini öldürə bilər”. Bu şeir Uayldın “Ridinq həbsxanasının balladası” poemasından bir hissədir. Hələlik tərcüməsi ürəyimə yatmasa da, şeirin dilimizə çevirdiyim variantlarından birini sizinlə bölüşmək istəyirəm:
...Sözlərimi yaxşı, yaxşı dinləyin,
Hər kəs sevdiyini öldürə bilər
Kimi baxışıyla əzrayıl olar,
Kimi sözləriylə qatilə dönər.
Qorxaqlar can alar öpüşləriylə,
Cəsurlar qılıncla vurub öldürər!
Biri sevdiyini gənckən öldürər,
O biri can alar ahıl çağında;
Şəhvətli əllərlə öldürər biri,
Biri də qızıldan barmaqlarıyla.
Bıçaqla öldürər mərhəmətlisi,
Çünki tez soyuyar bıçaqla ölən.
Bu uzun sevgilər, qısa sevgilər,
Kimi satar, kimi alar, belədi...
Biri öldürəndə göz yaşı tökər,
Birinin tükü də tərpənməz qəti;
Hər kəs sevdiyini öldürə bilər...
***
Oskar Uayldın bu təsirli poemanı yazmağının tarixçəsi də maraqlıdır. Uayld iki il həbsxanada yatıb və bu müddət ona dərindən təsir edən, sarsıntı verən bir hadisənin şahidi olub: kralın mühafizə alayında süvari olan Çarlz Vuldricin edam edilməsi. Çarlz Vuldricin 28 yaşında evləndiyi Laura Qlendeldən ayrılıqdan sonra uzun müddət eks-həyat yoldaşını unuda bilmir, onun başqası ilə münasibəti olmasını sindirməyi bacarmır. Bir gün əski həyat yoldaşı Lauranı görüşə çağıran Çarlz, aralarındakı bir münaqişədən sonra bıçaqla arvadının boğazını kəsib öldürür. Polis təslim olarkən Çarlz belə bir izahat verir: “Əgər bıçağı əlimdən almasaydılar, öz boğazımı da kəsəcəkdim”. Sonradan türmənin rahibinə, polislərə nə qədər yalvarıb-yaxarsa da, əzab və peşmanlıq keçirdiyini desə də, Çarlz edama məhkum edilir və bu hadisə estetizmin atası Oskar Uayldı dəhşətli dərəcədə sarsıdır.
Aytacın öldürülməsinin yaratdığı haqlı təlatümün fonunda bu poemanı xatırlayıb düşündüm ki, üstündən az qala iki əsrə yaxın zaman keçsə də, yenə cahilliyin, təhsilsizliyin, əyalətçi hiddətin özünü ifadə vasitəsi barbarlıq, aləti isə bıçaqdır.
***
Avtobusunun, taksisinin sürücüsü bir əlində siqaret, qulağının dibində telefon, qışqıra-qışqıra kimisə söyürsə və öz zövqsüzlüyünün şofer oturacağından bütün sərnişinləri banal meyxanalara qulaq asmağa vadar edirsə, yəni hamımızın gündəlik həyatının sountrack-i məcburi şəkildə bu cür şeylər olursa (youtube.com/watch?v=BNdGM30gyDc), onda hələlik bizim cəmiyyət olaraq mədəniyyətdən danışmağa qəti haqqımız yoxdur.
Get-gedə təkcə xarici görünüşü yox, düşüncəsinin də xarakteri mutantlaşıb yarı polad alemdar, yarı da meyxanaçı, avtoş olan adamlar çoxalır. Nə qədər ki, bu, yeni növ cəhalət “molodoy”dur, təcili bir şey düşünüb “davay, do svidaniya” demək lazımdır.
Mənim soundtrack-im Nazim Hikmətdəndi: www.youtube.com/watch?v=Ct2yRtCOmEs