Sən ki sirr saxlayandın... - “Səksənincilər" layihəsindən Məmməd Dəmirçioğlunun şeirləri

Sən ki sirr saxlayandın...   - “Səksənincilər" layihəsindən Məmməd Dəmirçioğlunun şeirləri
19 dekabr 2025
# 10:00

Kulis.az Nəriman Əbdülrəhmanlının təqdimatında “Səksənincilər” layihəsindən Məmməd Dəmirçioğlunun şeirlərini təqdim edir.

Şair, rəssam Məmməd Dəmirçioğlu (Bəşirov Məmməd Musa oğlu)1951-ci il iyulun 4-də Qazax rayonunun Qaymaqlı kəndində dünyaya gəlib. Orta təhsilini həmin kənddə bitirib (1968), Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbinin rəngkarlıq fakültəsində təhsil alıb. 1983-1990-cı ilərdə Özbəkistanın Namanqan, Əndican, Səmərqənd və digər şəhərlərində monumentalçı rəssam kimi fəaliyyət göstərib. 20 Yanvar faciəsindən sonra vətənə qayıdıb.

M.Dəmirçioğlu gənclik illərindən şeir yazsa da, uzun müddət dərc etdirməyib, imzası yalnız 80-ci illərdən mətbuat səhifələrində görünüb. Şeirlərində qüdrətli klassik poeziyamızın zəngin ənənələrinə söykənir, ənənəvi formalara yeni nəfəs verməyi bacarır. 2009-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub.

"Dəmirçioğlunu dindir" adlı ilk şeirlər toplusu 2004-cü ildə işıq üzü görüb. "Eşqəm" (2006), "Səhra gülləri" (2010), "Söz-söz açılan göy üzü" (2015) kitablarını nəşr etdirib.

2015-ci il dekabrın 20-də vəfat edib.

SƏHRA GÜLLƏRİ

Əsdi səmum yeli, qalxdı qumlar,
Yaradan açılmış sarıqdı qumlar...
Darıxdı dəvələr, darıxdı qumlar,
Bir nəğmə oxuyun, səhra gülləri.

İlğım arzulara çatmaq nağıldı,
Üyünür yollara qum yoxuşları.
Kölgə də salmayır qısır buludlar,
Yağır göy üzündən qum yağışları.

Sovrulub yellərə karvan yolları,
Sığallı şırımlar Leyla qolları.
Sevdalı Məcnundu ulğun kolları,
Bir nəğmə oxuyun, səhra gülləri.

Yanır dodağında suların səsi,
Köçür durnalarla meh arzuların.
İlğımda əriyir qönçə istəyin,
Qumlarda göyərir şeh arzuların.

Ümidlər bağlayır bizi göylərə,
Dualar aparır sözü göylərə,
Allahı çağırıb, üzü göylərə
Bir nəğmə oxuyun, səhra gülləri...

Qan verən dan yeri... Can verən qürub...
Köçən durnaların karvan kölgəsi...
Sonuncu ümidin son nəfəsidi,
Hardasa mələyən ahunun səsi...

Göy üzü Tanrıdı, yer üzü bəndə,
Göy üzü səndədir, yer üzü məndə.
Yer üzü, göy üzü düşübdü bəndə,
Bir nəğmə oxuyaq, səhra gülləri...


GECƏ YAĞIŞLARINA

Bu gecə yağışı küləklə gəldi,
Sular pəncərəmdə saçaq-saçaqdır.
“Yasəmən qoxulu yuxularımda”,
İydə çiçəkləri islanacaqdır.

Şimşək işığında qızıl ilan tək,
Şırımlar aşağı iməklər yağış,
Balalı quşların yuvalarında,
Göz yaşları kimi çiçəklər yağış.

Bu gecə yağışı küləklə gəldi,
Söndü ağacların çiçək şamları.
Gecə qaranlığı susuz yanırdı,
Bu yağış suvardı qaranlıqları.

Bu yağış suvardı qaranlıqları,
Yudu gözlərindən bu axşam kini.
Gecənin zülməti çiçəkləyibdi,
Parlayan damlalar yanır şam kimi.

Bu gecə yağışı yudu ətrini,
Çiçəkli iydələr yuxyua getməz.
Körpəcə quşların dimdiklərində
İslanan dualar Tanrıya yetməz.


YURDA AĞI

O yurd yerlərində söndü ocaqlar,
Kösöylər altında küllərim qalıb.
Anadil ağzında, kəklik səsində,
Qıfilbəndə düşən dillərim qalıb.

Küləyə sovruldu ağ kəpənəklər,
Saralıb soldular göy biçənəklər.
Yaşıl talalarda küskün çiçəklər,
Qarlı qüzeylərdə güllərim qalıb.

Çaxıb şimşəklərim, axıb sellərim,
O köç yollarında yatıb kəllərim.
Dağların üstündə qərib ellərim,
Daşların altında əllərim qalıb.


YAŞADIM

Ta Adəmdən özüməcən, dünyanın
Hər fəslini, hər anını yaşadım.
Can içində Məhəmmədin, İsanın,
İncilini, Quranını yaşadım.

Simurq verən lələkləri odladım,
O dünyadan bu dünyaya adladım.
Qarğı neydə fələkləri odladım,
Qara sazda “Ürfani”ni yaşadım.

Nəfəs aldım, bu dünyaya qarışdım,
Olumuyla, ölümüylə barışdım.
Söz üstündə kəlmə-kəlmə alışdım,
Füzulini, Qurbanini yaşadım.

Şair oldum bir ahımın eşqinə,
Könül verdim İlahimin eşqinə.
Xəlilullah İbrahimin eşqinə,
İsmayılın qurbanını yaşadım.

Səs olub üfürdüm İsrafil surun,
Səsimin sirrini xəlvətdən sorun.
Soyulan, doğranan Həllac Mənsurun,
Can evinin viranını yaşadım...

Nişan aldı, ovçu vurdu, ölmədim,
Zaman zülmət, içim nurdu, ölmədim.
Hər anımda ölüm durdu, ölmədim,
Dözə-dözə bu fanini yaşadım.


BAĞLA

Allah, sinəmdə bir söz,
Yara bağladı göz-göz.
Lalələr köz, yaram köz,
Yarama lalə bağla.

Məni unutdun, unut,
Mən səbirəm, sən umud.
Başıma bir ağ bulud,
Dilimə nalə bağla.

Düşdüm qərib axşama,
Əzizləyib oxşama.
Pərvanələr ağ şama
Yandığı hala bağla.


MİNACAT

Bir ömür nədi? - bir an,
Min alışanda bir yan.
Qaldı ümidlər üryan,
Bəzəndi pirlər, Allah.

Üzdükcə şər üzündə,
Batır bəşər özündə.
Filiydi, nər dizində,
Sındı səbirlər, Allan.

Daralır ilməyimiz,
Ağlayır gülməyimiz,
Dirilir ölməyimiz,
Dinir qəbirlər, Allah.

Andımıza inandın,
Yalanı çıxdı andın.
Sən ki sirr saxlayandın,
Açılır sirlər, Allah.


ƏLLƏRİMƏ QIMQIMI

Boşaldıqca doldu gözüm
Dolduqca boşdu əllərim.
Mələklə iblis arası,
Savabdı, suçdu əllərim.

Beşində sirdi beş fələk,
Beşindı pirdi beş mələk.
Hər qanadında beş lələk,
Sehirli quşdu əllərim.

Gəlib özümü haqladım,
Yanıb közümü haqladım,
Yumruqla bağlı saxladım,
Açıldı, uçdu əllərim.

# 104 dəfə oxunub

Oxşar xəbərlər

Hər kim yüz il yaşamasa... - Günün şeiri

Hər kim yüz il yaşamasa... - Günün şeiri

11:00 17 dekabr 2025
Allah haqqı düz deyirəm, elə xatirimdəsən... - Şəhriyar del Geraninin şeirləri

Allah haqqı düz deyirəm, elə xatirimdəsən... - Şəhriyar del Geraninin şeirləri

16:30 14 dekabr 2025
Çap olunmamış şeirindir mənim əllərim... - Sara Mohəmmədi Ərdəhalinin şeirləri

Çap olunmamış şeirindir mənim əllərim... - Sara Mohəmmədi Ərdəhalinin şeirləri

12:00 14 dekabr 2025
Cəlladım bir gün sən olacaqsan... - Ən çox tərcümə olunan alman şairdən şeirlər

Cəlladım bir gün sən olacaqsan... - Ən çox tərcümə olunan alman şairdən şeirlər

12:00 13 dekabr 2025
Səni gözləmişdim ömrüm boyu mən - Günün şeiri

Səni gözləmişdim ömrüm boyu mən - Günün şeiri

12:55 10 dekabr 2025
Yazın ki, o çox xoşbəxtdir: çünki... - Səlim Babullaoğlunun şeiri

Yazın ki, o çox xoşbəxtdir: çünki... - Səlim Babullaoğlunun şeiri

11:25 10 dekabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər