Bu gün tanınmış türkiyəli şair Ümit Yaşar Oğuzcanın doğum günüdür.
Kulis.az onun şeirini təqdim edir.
Mən sənin ən çox səsini sevdim
Çox vaxt buğlanan təzə bir çörək kimi
Əvvəl eşqə çağıran, sonra dincəldən
Mənə hər zaman dost, hər zaman sevgili...
Mən sənin ən çox əllərini sevdim
Bir bulaq sərinliyində, balaca və ağappaq
Çox gözəlliklər gördüm yer üzündə
Ən gözəli bir səhər əllərinlə oyanmaq...
Mən sənin ən çox gözlərini sevdim,
Kimi uşaqcasına mavi, gah inadına yaşıl
Aydınlıqlar, salamatlıqlar, xoşbəxtliklər
Heç biri gözlərin qədər mənalı deyil...
Mən sənin ən çox gülüşünü sevdim
Sevindirən, içimdə ümid çiçəkləri açdıran
Unutdurur mənə birdən acıları, çətinlikləri
Dünyam işıqlanır sən güləndə...
Mən sənin ən çox davranışlarını sevdim
Acizə mərhəmətini, zalıma müqavimətini,
Haqsızlıqlar, zorakılıqlar qarşısında -
Vəhşi və məğrur dişi qaplana dönməyini...
Mən sənin ən çox sevgi dolu ürəyini sevdim
Bütün uşaqlara qanad gərən analığını
Neçə sevgilərin pula satıldığı bir dünyada
Sənsən, hər şeydən üstün tutan sevgini...
Mən sənin ən çox mənə təsirini sevdim
Məndə yenidən var olmağını, mənimlə bütövləşməyini
Mərdliyini, yalansızlığını, dupduruluğunu sevdim
Mən səni sevdim, mən səni sevdim, mən səni...
Dilimizə uyğunlaşdırdı: Sevinc Mürvətqızı