Bu gün tanınmış şair Fəxri Müslümün doğum günüdür.
Kulis.az bu münasibətlə şairi təbrik edir və onun şeirlərini təqdim edir.
İl-il artıb, doldu yaşa, yeddi də.
Hələ də dağların ruhu var məndə,
Dağ ömrü yaşaram qoşa yeddidə.
Çiçəkli, çəmənli yaşıl yamacda,
Ömrümü cızardım daşa yeddidə.
Nə bilərdik necə keçir il-ildən,
Ayaq yığılmazdı bayırdan, çöldən,
Tutub buraxmazdı xəta da əldən,
Hərdən iş gələrdi başa yeddidə.
Dağ-aran yolunda yol uzanardı,
Gözlərdə zirvələr, yal uzanardı,
Yol-izdə qalmaqal, qal uzanardı,
Boran da çırpardı qaşa yeddidə.
Nə yaxşı, ömrün də yaylağı vardı,
Dodağı göynədən bulağı vardı,
Yaylıma daşıyan oylağı vardı,
Günümüz keçməzdi boşa yeddidə.
Can da baharıyla, yazıyla keçdi,
Alına yazılmış yazıyla keçdi,
Bir kövrək sim üstə sazıyla keçdi,
Hələ də göynədir,
Damcı-damcı gözüm yaşı, yeddi də.
Onda şairliyi Allah bilirdik,
Bir bənd fikirləşib tez də silirdik,
Hiss edib çiçək də, gül də gülürdü,
Gülürdü söz naşı, naşı yeddi də.
Sonra fikirləri sərhəd haqladı,
Ağrılı-acılı min dərd haqladı,
Enişli-yoxuşlu min sədd haqladı,
İl-il artıb doldu yaşa yeddi də.
Hələ də dağların ruhu var məndə,
Dağ ömrü yaşaram qoşa yeddidə.
Çiçəkli, çəmənli yaşıl yamac da,
Ömrümü cızardım daşa yeddidə.
31.03.25.
Bağdan-bağatdan yaz düşüncələri
Xalları gül üstə gülür yoncanın,
Oyanıb sinəmdə söz havalanır.
Boy verib vələmir dənə gəlibdi,
Könlümdə baharım, yaz, havalanır.
Almanın puçuru düymə-düymədi,
Vaxtsız düşər deyə əlim, dəymədi,
Nə yaxşı yan keçib dolu döyməyib,
Tutulub mehinə üz havalanır.
Açıb qanadını tut da göylərə,
Barla müjdə verir hətda, göylərə,
Yonulub çanaqtək düşüb öylərə,
Gümüşü sim üstə saz havalanır.
Zoğal bozqurd kimi bozarıb qalıb,
Zoğu xırda-xırda qızarıb qalıb,
Qulluqdan, ya sudan sozalıb qalıb,
Oddan-ocağından köz havalanır.
Akasiya sığınıb küncə-bucağa,
İynə-tikanından gəlməz qucağa,
Qazanda meyvəsin assan ocağa,
Keçibuynuzundan göz havalanır.
Şamlar qərib-qərib sıralanıbdı,
Ancaq buludlardan yararlanıbdı,
Boy verib yer-yurddan aralanıbdı,
Sanki mələksayaq naz havalanır.
Ara-sıra yemlik dəyir gözlərə,
Ha yedikcə taqət verir dizlərə,
Şipşirincə dadın qatır sözlərə,
Ömrümdən-günümdən iz havalanır.
Xalları gül üstə gülür yoncanın,
Oyanıb sinəmdə söz, havalanır.
Boy verib vələmir dənə gəlibdi,
Könlümdə baharım, yaz havalanır.
04.04.25
Gedir
Nə sabahı sabah, nə günü gündü,
Salıb mısmırığnı sürünüb gedir.
Yaxşı ki, abırını çən, duman örtür,
Gecəli, gündüzlü bürünüb, gedir.
Azar bizə qalıb, dərd bizə qalıb,
Yel tutan ayağa, ya dizə qalıb,
O taylı, bu taylı göz-gözə qalıb,
Araz baxa-baxa dirənib, gedir.
Nə bu sirr açılır, nə fal açılır,
Basıbdı basarat, nə yol açılır,
O tayda nə örtük, nə şal açılır,
Bir yadın nəfsindən çiyrənib, gedir.
Bu hansı səfehdi başlayır yenə?
Qədim torpağımda qışlayır yenə,
Özü bir ovucdu, quşlayır, yenə,
Qan başa vurduqca kürünüb gedir.
İndi yalanlar da saman çöpüdü,
Kəfgirlə alınan qazan köpüdü,
Bilən sifətinə elə tüpürüb,
Künə palanında görünüb gedir.
Hasan Səbbahların çulu düşübdü,
İtirib başını, beli düşübdü,
Təbrizə hüriyyət yolu düşübdü,
Üçrəngli bayraqla yürüyüb gedir.
Qapılar taybatay açılar bir gün,
Səhərlər umudla açılar, bir gün,
Haqqın da günəşi ucalar bir gün,
Ziyası könlümlə dərilib gedir.
Xalçamda ilmənin yerləri qalıb,
Xalında aypara gülləri qalıb,
Hələ də Turanın sirləri qalıb,
Elə nöqtə-nöqtə aranıb gedir.
Bu daşı, daş üstə hörüb gözlərəm,
Hürrün qapısından girib gözlərəm,
O günü ölmədən diri, gözlərəm,
Can kövrək sim üstə girlənib, gedir.
Nə sabahı, sabah, nə günü, gündü,
Salıb mısmırığnı sürünüb, gedir.
Yaxşı ki, abırnı çən, duman örtür,
Gecəli, gündüzlü bürünüb, gedir.
07.04.25.
Görkəmli rejissor Mərahim Fərzəlibəyova
(Zarafatyana)
Heç narahat olma, çox da əfəndim,
Vaxt gələr səksəni, yüzü, yazaram,
Açılar Ay kimi qaşın, qabağın,
Könlünə baharı, yazı, yazaram.
Hopar misralara əməlin, ruhun,
Çəkilər canından kədərin, ahın,
Rejissor işində sənintək şahın,
Sənətdə qoyduğu izi, yazaram.
Səhnə əsərlərin dil açar hər an,
Neçə ürəklərdə gül açar hər an,
Sinəndə bir kövrək tel açar hər an,
“Başsarıtel” üstə sazı, yazaram.
Dönərsən gəncliyə, özə, dönərsən,
Quzeyli, güneyli yaza dönərsən,
Dəli-dolu eşqdən közə dönərsən,
Bir Mələk ovqatda nazı, yazaram.
Onacan dünya da düzələr biraz,
Təzə əsər üstə söz ələr biraz,
Çəkilər sinirdən nizələr biraz,
Sıxıb yaddaşımı düzü, yazaram.
Çevrilər səhnəyə böyür də, baş da,
Oynayar yerindən qaya da, daş da,
Talenin yazdığı həmin o yaşda,
Canda ilmələnmiş sözü, yazaram.
Dost-tanış yaxşıdı yeri düşən də,
Adamı incidər biri, düşən də,
Ya qismət, sən çağır-, biz görüşəndə,
Banketdə əllini, yüzü, yazaram.
Heç narahat olma, çox da əfəndim,
Vaxt gələr səksəni, yüzü, yazaram,
Açılar Ay kimi qaşın, qabağın,
Könlünə baharı, yazı, yazaram.
20.03.25
Yaşadar
Salam, yaz yağışı, salam, göy üzü,
Bu ömrü, bu günü nurun, yaşadar.
Nə yaxşı, ümidlər torpağa bağlı,
Göyərən zəmilər, barın, yaşadar.
Adamı yazağzı bağ-bağat çəkər,
Adamı yazağzı tər ovqat çəkər,
Bu eşqin, istəyin hər qatı çəkər,
Gülü puçur-puçur narın, yaşadar.
Kəsilməz ayağı suyun, selin də,
Şellənər dənizin, çayın, gölün də,
Zirvənin başında, dağın belində,
Xarlamış, tar olmuş qarın, yaşadar.
Xalıtək yamacdan gözlər güllənər,
Meh əsib keçdikcə üzlər güllənər,
Gecə, böcəklərdən şərqi yönlənər,
Adamı bir kövrək xoru, yaşadar.
Bilirəm kölgələr dərədən keçər,
Könlün də, körpüsü bərədən keçər,
Çiçək də, ətirdən, şirədən keçər,
Adamı bal üstə arın, yaşadar.
Şenlənər yurd yeri, şenlənər ellər,
Canlanar canda da arzu, diləklər,
Ocaq çıtır-çıtır, alov, millənər,
Adamı, ya közü, qoru, yaşadar.
.
Salam, yaz yağışı, salam, göy üzü,
Narın yağışınla, çənlə döy, üzü,
Çaşdırma gözümdə gecə, gündüzü,
Bu canı, bu ömrü yarı, yaşadar.
Salam, yaz yağışı, salam, göy üzü,
Bu ömrü, bu günü nurun, yaşadar.
Nə yaxşı, ümidlər torpağa bağlı,
Göyərən zəmilər, barın, yaşadar.
21.03.25
Hava sapı qaçmış paltar kimidi
Hava sapı qaçmış paltar kimidi,
Küləyin ağzında cındırı çıxır.
Bu keçən qaraçı köçümü belə?
Nə yaxşı, şaxtadan can diri çıxır.
Göylərin üzündə buludlar kövrək,
Kipriyi yaş üstə bir himə bənddi.
Bu dəli küləyin, yelin əlindən,
Ağlamaq bir telə, bir simə bənddi.
Yazağzı sopsoyuq qılınc kimidi,
Döyüş meydanında savaş axtarır.
Cibi mədəsitək boş olanlar da,
Künə bir kafedə bozbaş axtarır.
Sükuta qərq olub şəhər də, kənd də,
Yazın da ilk günü şəhidlə bitdi,
Namərdlik elədi dağların qarı,
Qışı da mərdimlə, igidlə bitdi.
Tanrıda, hörmətə, izzətə bir bax,
Bu hava “ Pasxanı” gözləyə gərək.
Əl qoya əkinə, tarlaya biraz,
Onların nazını izləyə gərək.
Yazın qaranquşu gecikir yenə,
Dağılmış yuvanın çöpü yellənir,
Küləyin ağzında, yelin ağzında,
Çarpaz bağlaması, ipi yellənir.
Yer var ki, göylərdən od-atəş yağır,
Yer də var, nə haqqı, düzü bilən döy.
Dünya da tərsinə dönmədən belə,
Bu köpək can verən, nə də, ölən döy.
Hava sapı qaçmış paltar kimidi,
Küləyin ağzında cındırı çıxır.
Bu keçən qaraçı köçümü belə?
Nə yaxşı, şaxtadan can diri çıxır.
23.03.25.
Bu günün
Elə yaxşıdı ki, hava da, göy də,
Günəşi gözlərdə gülür, bu günün.
Bulud da çəkilib küncə-bucağa,
Kölgəsi, güneydə ölür, bu günün
Könül puçur-puçur qönçələnibdi,
Bahar-yaz üstündə cilvələnibdi,
Əllər salavatda, çömçələnibdi,
Göylərlə duasın bölür, bu günün.
Ağac çiçək-çiçək umud yeridi,
Tanrının dağından, daşdan bəridi.
İllərlə dolanan yadın şəridi,
Səsi, Urmiyadan gəlir, bu günün.
Meh ovqat oxşayır, canı oxşayır,
Açılan səhərlər, danı, oxşayır,
Nədənsə, hələ də, zaman axsayır,
Yaddaşda ağrısı qalır, bu günün.
Hələ də, hal-əhval nağıldan keçir,
Hər kəs uşaqlaşıb noğuldan keçir,
Elə çaqqallar var, ağıldan, keçir,
Üstünü qaramat alır, bu günün.
Günəş də, gah itir, gah üzə çıxır,
Dərd-azar gah belə, gah dizə çıxır,
Nə yaxşı, gecələr gündüzə çıxır,
Yazannı, pozannı bulur, bu günün.
Keçir ömrümüz də, ilmədən belə,
Bilərəkdən, ya da bilmədən, belə,
Keçəmmir kəlamdan, kəlmədən belə,
Çəkib gündəliynə salır, bu günün.
Elə yaxşıdı ki, hava da, göy də,
Günəşi gözlərdə gülür, bu günün.
Bulud da çəkilib küncə-bucağa,
Kölgəsi, güneydə ölür, bu günün
28.03.25.
Bakıya
Qovlamısan çəni dağlar,
Gəlib çıxıb düz, Bakıya.
Bəs etmirmi tüstü filan,
Neftin iyi, qaz, Bakıya?
Hələ şirin yuxudasan,
Aya-günə yaxındasan,
Qışın da son oxundasan,
Erkən gəlir yaz, Bakıya.
Hər gün bir boy, ərik qalxır,
Boydan uca hörük qalxır,
Villalardan can karıxır,
Batman gəlir söz, Bakıya.
Çaqqal da var, qudurubdu,
Yoxdan qanun uydurubdu,
Özgə mülkü sökdürüb də,
Hərdən edir naz, Bakıya.
Elə bağ var künə qalıb,
Darvazası günə qalıb,
Dərd qıfılbənd, simə, qalıb,
Aça bilmir saz, Bakıya.
Yenə tezdən çən duruxdu,
Hər tərəfim sədd, qoruxdu,
Yad, yarımçıq, yad, qırıxdı,
Çəkibdi dağ, köz, Bakıya.
Qovlamısan çəni dağlar
Gəlib çıxıb düz, Bakıya.
Bəs etmirmi tüstü filan,
Neftin iyi, qaz, Bakıya?
29.03.25.