Mənə zülm yaraşır - Günün şeiri

Mənə zülm yaraşır - Günün şeiri
16 avqust 2024
# 13:01

Bu gün Xalq şairi Bəxtiyar Vahabzadənin doğum günüdür.

Kulis.az "Günün şeiri" layihəsindən şairin “Bir salama dəymədi” şeirini təqdim edir.

Bu gün mən səni gördüm,
Salam vermək istədim,
Üzünü yana tutdun.
Söylə, illərdən bəri
Qəlbimizin bir duyub
bir vurduğu illəri,
Axı, nə tez unutdun?

Beş ildə gözümüzdən axan o qanlı sellər,
Bir salama dəymədi?
Həyəcanla, fərəhlə, qəmlə dolu o illər
Bir salama dəymədi?

Heç üzümə baxmadan yanımdan necə keçdin?
Sən eşqin salamını qorxuyamı dəyişdin?
Yoxsa sən öz əhdinə, ilqarına ağ oldun?
O qədər yaxın ikən, bu qədər uzaq oldun.
Şirin gülüşlərimiz, acı fəğanlarımız
Bir salama dəymədi?
Qayğılı anlarımız, qayğısız anlarımız
Bir salama dəymədi?

Sən neylədin, bir düşün!
Yalnız indi anladım: ah, sən daha mənimçün
Əlçatmaz bir çiçəksən,
Yaşanmış günlərim tək geri dönməyəcəksən!...

Qop, ey tufan, əs, ey yel! Xəzəl olum, tökülüm
Düz beş il ürəyimdə
Bəslədiyim məhəbbət, bir salama dəymədi.
Bir günlük həsrətimə dözə bilməyən, gülüm,
Bəs nə oldu?
Bu həsrət bir salama dəymədi?

Getdin, dalınca baxdım, can ayrıldı canımdan,
Sən necə etinasız ötə bildin yanımdan,
Ah çəkdim, başım üstə yarpaqlar əsdi, gülüm,
Sənin qəlbin əsmədi.
Geriyə də baxmadın!
Niyə sənin yolunu məhəbbətin kəsmədi?...

Qazancımız de, bumu?
Deyilməmiş o salam əlvidamız oldumu?
Sən mənə zülm eylədin, mənə zülm yaraşır.
Bir salama dəyməyən eşqə ölüm yaraşır.

Sentyabr 1961

# 2328 dəfə oxunub

Oxşar xəbərlər

"Yaşıl quşlar didir röyalarımı..." - Yunan Nobel mükafatçısının şeiri

"Yaşıl quşlar didir röyalarımı..." - Yunan Nobel mükafatçısının şeiri

14:30 2 noyabr 2026
"Bağımdakı kəpənəklər hələ avqustdan saralıb..." - Ezra Paund

"Bağımdakı kəpənəklər hələ avqustdan saralıb..." - Ezra Paund

11:00 1 noyabr 2026
"Və öldük mamırlar üzərində..." - Paul Valeridən sevgi şeiri

"Və öldük mamırlar üzərində..." - Paul Valeridən sevgi şeiri

14:30 30 oktyabr 2026
"Təlaşlı ürəyim heca-heca qan axıdır..." - Uelsli şairdən neoromantik şeir

"Təlaşlı ürəyim heca-heca qan axıdır..." - Uelsli şairdən neoromantik şeir

17:30 27 oktyabr 2026
"Beləsinə qələm verməsin Allah" - Gülxani Pənahın şeirləri

"Beləsinə qələm verməsin Allah" - Gülxani Pənahın şeirləri

15:30 27 oktyabr 2026
Kor qalıb verərdim gözümü sənə - Günün şeiri

Kor qalıb verərdim gözümü sənə - Günün şeiri

16:33 26 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər