Əsl ömür insanların yaddaşında qalan izlərlə ölçülür... - Məcid Rəşadətoğlu

Əsl ömür insanların yaddaşında qalan izlərlə ölçülür... - Məcid Rəşadətoğlu
2 noyabr 2026
# 14:00

Kulis.az Məcid Rəşadətoğlunun "Əsl ömür insanların yaddaşında qalan izlərlə ölçülür..." portret oçerkini təqdim edir.

Adını hər dəfə xatırlayanda gözlərim önündə nurani çöhrəsi, həlim baxışları, ləngərli yerişi və ən əsası, həmişə maraq doğuran söhbətləri ilə yaddaşımda yaşayan bir insan obrazı canlanır. Dostları, qələm yoldaşları arasında böyük hörmət və ehtiram qazanan bu peşəkar qələm sahibi ilə mən hələ tələbəlik illərindən tanışam. İllər keçsə də, onun səmimiyyəti, təmkinli davranışı və sözə olan sevgisi yaddaşımdan silinməyib.

Neçə ildir ki, qəzetdən ayrılmasına baxmayaraq, tez-tez onunla işlədiyim, xatirələrlə dolu illəri yada salır, bəzən də telefonu əlimə alıb nömrəsini yığıram. Uzun-uzadı keçmişdən, gələcəkdən danışırıq. Bəzən də görüşüb saatlarla mətbuat, ədəbiyyat haqqında söhbət edirik. Bir sözlə, onunla nə vaxt üz-üzə gəlsək, danışacaq sözümüz, müzakirə edəcəyimiz mövzumuz mütləq olur. Bu, “Şərq qapısı” qəzetində uzun illər çalışmış, qələmi və özünəməxsus yaradıcılıq üslubu ilə neçə-neçə gənc jurnalistə örnək olmuş qələm sahibi Muxtar Məmmədoğludur.

Ömrünün bir hissəsini qəzetə, qəzetçiliyə həsr edən, bir hissəsini isə müəllimlik kimi müqəddəs peşəyə ayıran mətbuatımızın ağsaqqalı Muxtar müəllim 30 ilə yaxın jurnalist kimi səmərəli fəaliyyət göstərib. Mətbuata başladığım ilk illərdə əlimdən tutan, mənə dəstək olan jurnalistlər arasında onun adını, imzasını görmək, hər şeydən əvvəl, mənim üçün böyük stimul olub.

İllər keçdikcə bu insanla doğmalaşdıq, dostlaşdıq. Hətta yazılarının ilk oxucularından biri oldum, kitabları haqqında resenziyalar yazdım. Onu da deyim ki, sözə böyük həssaslıqla yanaşan, hər yazını bəyənməyən Muxtar müəllimin yaradıcılığı haqqında yazmaq mənim üçün həmişə böyük məsuliyyət tələb edib. Təvazökarlıqdan uzaq olsa da, bu cəsarəti və məsuliyyəti mən zaman-zaman Muxtar müəllimin ustad söhbətlərində, qiymətli tövsiyələrində qazanmışam.Çünki o, hər zaman gənclərə məsləhət verəndə qələmdən, sözdən, yazıdan qorxmamağı, problemli mövzularda diqqətli və qərəzsiz olmağı, mütaliədən, kitabdan, bir sözlə, oxumaqdan uzaq düşməməyi tövsiyə edirdi. Qəzetdə çalışdığı illərdə dəfələrlə onun otağının qarşısından keçəndə mütaliə etdiyinin, gündəlik qəzetləri vərəqlədiyinin şahidi olurdum. O, yalnız sözləri ilə deyil, nümunəvi davranışı ilə də gənclərə yol göstərməyi bacarırdı.

Bir neçə il bundan əvvəl işıq üzü görən növbəti kitabında Muxtar müəllim üzünü 60 illik ömür yoluna tutaraq soruşurdu: “İllər, sizdə nəyim qaldı?” Söz sərrafı olan bu insanın kitabına nə üçün belə ad verdiyini tam anlaya bilməmişdim. Zaman keçdikcə, mən də illəri yavaş-yavaş geridə qoyduqca, bu sualın mahiyyətini dərk etməyə başladım. Sən demə, insan ötən günlərə boylandıqca ən çox ömründən süzülüb gedən illərin xiffətini çəkirmiş. Bəzən darıxır, bəzən kövrəlir, hətta yaşından asılı olmayaraq, uşaq kimi inciyib-küsdüyü anlar da olur. Çünki illər bir-birini əvəz etdikcə insanı bir ev, bir ocaq kimi kərpic-kərpic hörür, pillə-pillə ucaldır. Hər il ömrümüzə bir daş qoyur, amma həmin daşla birlikdə bizdən də nələrisə aparır. İndi bu sətirləri qələmə alarkən Muxtar müəllimi çox yaxşı başa düşürəm. Çünki o illərdə, hər şeydən əvvəl, qayğısız uşaqlığını, ata-analı çağlarını, gəncliyini, tələbəlik illərini, bir zamanlar başına sığal çəkdiyi şagirdləri ilə bağlı xoş xatirələrini axtarırdı...

Respublikanın Əməkdar jurnalist Mətanət Məmmədova Muxtar müəllimə həsr etdiyi “Sizi kimdən danışım” adlı məqaləsində haqlı olaraq illər qələmlə müqayisə edir. Bəli, qələm yazdıqca, pozduqca yonulur. Yonulduqca da yavaş-yavaş insan ömrünü yonur. İllər də qələm kimi ömrü yona-yona insanı gələcəyə aparır. Bəzən dünya elə başımızı qatır ki, bu səfərdən xəbərimiz belə olmur. Bir zaman dönüb geriyə baxanda isə görürük ki, əslində, ömrümüz illərdən ibarət imiş. Elə həmin anda içimizdə qəribə bir təəssüf hissi baş qaldırır və öz-özümüzə soruşuruq: “İllər, sizdə nəyim qaldı?”

İllərin Muxtar müəllimə nə qazandırdığını, ondan nə apardığını söyləmək, əlbəttə, asan deyil. Amma mətbuatımızın bu cəfakeşini yaxından tanıyan biri kimi əminliklə deyə bilərəm ki, mətbuata həsr etdiyi ömür yolunda Muxtar Məmmədoğlu çox şey qazandı. Ən başlıcası isə özünəməxsus imzasını...

Qəzetə, qəzetçiliyə həsr etdiyi otuz ilə yaxın zaman kəsiyində o, yalnız bir adla, bir imza ilə tanındı: Muxtar Məmmədoğlu. Operativliyi, qərəzsizliyi, gənclərə də bu keyfiyyətləri aşılamağa çalışan müəllim və jurnalist kimi.1959-cu ildə qədim Ordubad rayonunun Aza kəndində ziyalı ailəsində dünyaya gələn Muxtar müəllim ilk təhsilini doğma kənd məktəbində alıb. Atası Məmməd müəllim övladlarına təhsil verməyə, onları gələcəyin ziyalı şəxsiyyətləri kimi görməyə çalışırdı. Muxtar müəllim belə bir ailədə, halal zəhmətlə çörək qazanan bir kişinin ocağında dünyaya gəlmişdi. Elə həyatı boyu da atasından görüb-götürdüyü halal zəhmətə, təmənnasız əməyə sadiq qaldı. O, iyirmi altı il pedaqoji sahədə çalışdı, təhsil sistemində müxtəlif məsul vəzifələrdə fəaliyyət göstərdi.

Onun həyat yolunun ən maraqlı məqamlarından biri də budur ki, bir əlində təbaşir tutub müəllimlik edən bu şəxsiyyət elə həmin illərdə də mətbuatda çıxış edib. Hələ məktəbdə çalışdığı illərdən müxtəlif mətbuat orqanlarında maraqlı və yaddaqalan yazıları ilə oxucu auditoriyasının diqqətini çəkib, özünəməxsus imzasını formalaşdırıb.Muxtar müəllimin jurnalistikaya gəlişi də təsadüfi deyildi. Müəllimlik illərində qazandığı müşahidə qabiliyyəti, insanları yaxından tanımaq bacarığı, sözə və hadisələrə həssas münasibəti onun publisistikasına da öz möhürünü vurdu. O, yazılarında həyatın adi görünən məqamlarından belə maraqlı nəticələr çıxarmağı, insan taleyinə, sözün məsuliyyətinə və zamanın yaddaşına işıq salmağı bacardı. Bəlkə də elə buna görədir ki, illər keçsə də, Muxtar Məmmədoğlunun adı “Şərq qapısı”nın tarixi ilə yanaşı çəkiləndə yaddaşlarda yalnız bir jurnalist obrazı canlanmır. Qarşımızda sözə sədaqətlə xidmət etmiş, müəllimlikdən jurnalistikaya, jurnalistikadan isə mənəvi yaddaşa uzanan ömür yolu keçmiş bir ziyalı obrazı dayanır.

Dostu, Əməkdar jurnalist, yazıçı-publisist Hüseyn Əsgərov Muxtar müəllim haqqında danışanda və yazanda deyir ki, o, bu gün Naxçıvandakı redaktə məktəbinin sonuncu nümayəndəsidir. Hüseyn Əsgərovun bu müşahidəsindən yola çıxaraq bir nüansı qeyd etmək olar: Muxtar Məmmədoğlu hələ “Şərq qapısı” qəzetində çalışdığı illərdə redaktə istedadı və peşəkarlığı nəzərə alınaraq Əcəmi Nəşriyyat-Poliqrafiya Birliyində nəşriyyat şöbəsinin müdiri vəzifəsinə təyin edildi. O, burada çalışdığı müddətdə 50-yə yaxın kitaba redaktorluq edib.

Bu gün onunla söhbət edəndə yenə keçmişdən danışırıq. Köhnə qəzetlərdən, həmkarlardan, müəllimlik illərindən, nəşriyyatdakı fəaliyyətindən, ədəbiyyatdan, jurnalistikadan söz açırıq. Hər söhbətin sonunda isə insanın içində qəribə bir duyğu yaranır: sanki danışdığımız yalnız keçmiş deyil, həm də zamanın özüdür. O zamanın ki, içində hər şeydən çox insan ömrü var. O zamanın ki, orada hər şeydən doğma və əziz xatirələr yaşayır. O zamanın ki, orada həyat adlı bir nağıl var. Bu, insan ömrünün, insan həyatının nağılıdır.Bu ömrün sonunu biz yazmırıq. Onu zaman yazır, xatirələr yaradır. Ömürdən ötüb keçən illər həyatı sətir-sətir, səhifə-səhifə qələmə alır. Və elə bir zaman gəlir ki, biz üzümüzü həmin illərə tutub ərkyana soruşuruq: “İllər, sizdə nəyim qaldı?”

Mən düşünürəm ki, bu sualın cavabı elə Muxtar müəllimin öz ömründədir. Bu illər onun 67 illik ömründən nələrisə aparıb. Amma bir həqiqət də var: illərin içində yazdığı sözləri, yetişdirdiyi şagirdləri, qazandığı dostları, qoyduğu imzanı, ən əsası isə insanların yaddaşında yaratdığı xoş xatirələri zaman apara bilməyib.Çünki əsl ömür təqvimdə qalan illərlə deyil, insanların yaddaşında qalan izlərlə ölçülür. Muxtar müəllimin ömür yoluna nəzər salanda həmin izlərin buraxdığı xatirələri yüzlərlədir. Bu izlər qəzet səhifələrindədir, qələmə aldığı yazılardadır, yetişdirdiyi şagirdlərinin uğurlarındadır, həmkarlarının xatirələrində, dostlarının söhbətlərində, onu tanıyan insanların yaddaşındadır.

Doğma “Şərq qapısı” qəzetinin 105 illiyini qeyd etdiyimiz belə bir əlamətdar zamandayıq. Bu gün ömrünü mətbuata həsr etmiş, sözə və sənətə sədaqəti ilə seçilmiş, Naxçıvan mətbuatının ağsaqqal qələm sahiblərindən biri olan, Əməkdar jurnalist, “Tərəqqi” medallı söz adamı Muxtar Məmmədovu böyük hörmət və ehtiramla salamlayırıq. Xatırladırıq ki, uzun illər mətbuat sahəsində səmərəli fəaliyyət göstərən söz adamının əməyi qeyd etdiyim fəxri adla və medalla yekunlaşmayıb. O, dövlətimiz tərəfindən mənzillə təmin olunub, ötən il isə ölkə başçısının Sərəncamı ilə təsis olunmuş Milli Mətbuatımızın 150 illik yubileyi medalına layiq görülüb.

Zaman keçsə də, illər bir-birini əvəz etsə də, milli mətbuatımız yaşadıqca, ömrünü mətbuata həsr edən jurnalistlərimizin adı və imzası da yaşayacaq. Çünki bəzi insanlar ömürdən ötüb keçən illərlə deyil, illərin içində qoyduqları izlərlə xatırlanırlar. Muxtar müəllim də məhz belə bir ömür yaşayıb və yaşadığı ömürlə qürur duyur...

# 102 dəfə oxunub

Oxşar xəbərlər

Mikayıl Ruhandın "Qapı" kitabının imza günü olacaq

Mikayıl Ruhandın "Qapı" kitabının imza günü olacaq

13:30 2 noyabr 2026
Türkiyədə 4-cü İbero-Amerika Yazıçılar Görüşü  keçiriləcək

Türkiyədə 4-cü İbero-Amerika Yazıçılar Görüşü keçiriləcək

12:30 2 noyabr 2026
"İrəvan Qazılığının tarixi" kitabının təqdimat mərasimi keçirildi

"İrəvan Qazılığının tarixi" kitabının təqdimat mərasimi keçirildi

12:10 2 noyabr 2026
“Uzaq sahillərdə” filmində göstərilməyən həqiqətlər - Mehdi Hüseynzadə son gülləsini kimə saxlamışdı?

“Uzaq sahillərdə” filmində göstərilməyən həqiqətlər - Mehdi Hüseynzadə son gülləsini kimə saxlamışdı?

12:00 2 noyabr 2026
“PUBG” serialı çəkilir:  Donald Qlover həm oynayacaq, həm də rejissor olacaq

“PUBG” serialı çəkilir: Donald Qlover həm oynayacaq, həm də rejissor olacaq

12:00 2 noyabr 2026
100 yaşlı Devid Attenboro yenidən okeanların sirrini açır: “Blue Planet III” yayımlandı

100 yaşlı Devid Attenboro yenidən okeanların sirrini açır: “Blue Planet III” yayımlandı

11:40 2 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər