Avropa animasiyasının son dövr uğurları “Emile Awards 2026” mükafatlandırma mərasimində öz əksini tapıb.
Kulis.az xəbər verir ki, tammetrajlı filmlər arasında Kristina Dufkovanın “Living Large” ekran əsəri, qısametrajlı animasiyalar arasında isə Marta Reys Andradanın “Dog Alone” filmi əsas mükafata layiq görülüb.
Mükafatlar Avropa animasiya sənayesinin müxtəlif ölkələrdən olan yaradıcılarını bir araya gətirib.
Çexiya, Slovakiya və Fransa istehsalı olan “Living Large” tammetrajlı film kateqoriyasında “Best of the Best” seçilib. Portuqaliya və Fransa istehsalı “Dog Alone” isə qısametrajlı filmlər arasında eyni ada layiq görülüb. Uqo Bienvenyunun “Arco” filmi vizual dizayn və musiqi istiqamətlərində fərqlənib. “Little Amélie or the Character of Rain” isə ssenari mükafatını qazanıb.
Nəticələr Avropa animasiyasının yalnız kommersiya baxımından deyil, bədii və texniki cəhətdən də rəngarəng inkişaf etdiyini göstərir. Müxtəlif ölkələrdən olan müəlliflərin fərqli üslub və hekayələrlə təqdim olunması animasiyanın beynəlxalq kino məkanında mövqeyini daha da gücləndirir.