"Netflix" məşhur video oyununu canlı aktyorlarla ekranlaşdırmağa hazırlaşır.
Kulis.az xəbər verir ki, “Atlanta” serialı ilə tanınan Donald Qlover “PUBG” oyunu əsasında çəkiləcək serialın baş rol ifaçısı, ssenaristi və rejissoru olacaq.
O, layihənin icraçı prodüseri kimi də çıxış edəcək. Qardaşı Stiven Qlover isə ssenari müəllifi və icraçı prodüserlərdən biri olacaq.
2017-ci ildə yayımlanan “PUBG: Battlegrounds” oyunçuların bir-biri ilə mübarizə apardığı “battle royale” janrının dünyada populyarlaşmasında mühüm rol oynayıb. Oyunun əsas mexanizmi müxtəlif oyunçuların eyni xəritədə mübarizə apararaq sağ qalan son iştirakçı olmağa çalışması üzərində qurulub. Bu səbəbdən serialın yaradıcılarını maraqlı ssenari problemi gözləyir: oyunun ənənəvi film süjeti yoxdur və ekran versiyası üçün ayrıca hekayə qurulmalıdır.
Qloverin layihəyə cəlb edilməsi təsadüfi seçim sayılmır. O, “Atlanta” serialının yaradıcısı kimi televiziya dünyasında nüfuz qazanıb, aktyor, rejissor və musiqiçi kimi də tanınır. Hələlik serialın süjeti, digər aktyorları və çəkiliş tarixləri açıqlanmayıb.