Bu gün tanınmış amerikalı şair, tənqidçi Ezra Paundun anım günüdür.
Kulis.az onun "Gəmi tacirinə arvadından məktub" şeirini Həmid Piriyevin tərcüməsində təqdim edir.
Uşaq vaxtı, hələ saçım alnımın üstündən kəsilən vaxtlarda
Həyət qapısının qabağında oynayardım, çiçək yığardım.
Sən bambuk ağacından düzəltdiyin atın üstündə gələrdin,
Ətrafımda dolanardın, kal əriklərlə oynayardın.
Beləcə yaşayardıq Työ-kan kəndində -
Dərdsiz-sərsiz iki balaca uşaq.
On dörd yaşım olanda səninlə evləndim.
Amma heç gülmədim, çünki çox utancaq idim.
Başımı aşağı saldım.
Nə qədər səsləsən də, hay vermədim.
On beş yaşımda kədərlənməyi tərgitdim,
Səninlə sevinək istədim,
Həmişə, həmişə, həmişə səninlə.
Kədərlənməli nə vardı ki?
On altı yaşımda məndən ayrıldın.
Ku-to-en çayıyla şərqə üzməyə başladın.
Beş aydır uzaqdasan.
Bircə kədərli səslər çıxaran meymunlar qalıb burda.
Ayaqlarını sürüdə-sürüdə çıxdın qapıdan.
Keçdiyin yerlərdə ot bitib indi, cürbəcür otlar.
Dərinə kök salıblar artıq.
Payız da tez gəldi bu il, külək əsəndə yarpaqları qoparır,
Bağımdakı kəpənəklər hələ avqustdan saralıb.
İncidirlər məni. Yaşlanıram.
Yantzı çayıyla gələcəksənsə,
Mənə əvvəlcədən xəbər göndər.
Çıxıb gələrəm səni qarşılamağa
Työ-fu-Saya qədər.