Dodaqlarımı da apar özünlə - Tural Turanın yeni şeirləri

Dodaqlarımı da apar özünlə - Tural Turanın yeni şeirləri
13 dekabr 2022
# 17:00

Kulis.az Tural Turanın yeni şeirlərini təqdim edir.

***

Bu gecə yuxuda gördüm Tanrını;
Əlləri soyuqdu, üzü soyuqdu.
Əlindən salmışdı budaqlarını,
Yarpağı tökülən dizi soyuqdu...

Bu gecə yuxuda görmüşəm onu,
Yaman narazıydı öz yazısından...
Mənə də danışdı son yuxusunu:
- Özümü bu gecə asdım uzaqdan...

Bu gecə yuxuda gördüm duamı,
Tanrının önündə boynubükükdü.
Soyuq əlləri ilə döydü yaxamı,
Mənim tək üst-başı sökük-sökükdü...


Müharibə uşaqları

...Gülüşlər əl açıb dilənirdi,
ağaclar kölgəsini döyürdü bu cığırlarda.
Bütün yolların qan qrupu mənfi dörd;
əlini üzürdü gözləri yol çəkənlərdən...

Biz atalarımızı gözlədikcə,
yollar da qan itirdi,
pəncərə yanaqlarında...

Uşaqlarsa, qurban kəsdi təbəssümlərini
qapılarını gecə yarı döyən
Tanrı qonağı gilizlərə...

Günəş doğmamış körpə gülüşlərinin
"qara kağız"ını gətirdi
üzü yamşaqlı dan yeri.

...İllər keçdi beləcə,
yollar keçdi beləcə…

Yollar yetim qaldı ləpirsiz, izsiz;
Yollar da ayaqyalın qaldı...
Yollar da yetim qaldı müharibədən sonra,
qapıları çəkmə-çəkmə döyülmədi.

Sonralar anladım ki,
əslində
bütün addım səsləri
doğmalarıdı kimsəsizlərin.
Biz böyüdük, yollarsa böyümədi!


***


Getmə, uzaqlar da qayıdır,
getmə, yetim qoyma ayaq izini.
Getsən nəbzi dayanar göy üzünün,
getsən, özünlə apar alın yazımı...

Getmə, oktyabr ayıdı;
Getmə,
güllələmə payızın saralan yanaqlarını,
dar ağacına çəkmə cümə günlərini...

...Getsən, dodaqlarımı da apar özünlə,
Dola boynuna şərf kimi,
üşütməsin göz yaşımın soyuğu.

Heç olmasa, indi getmə,
cığırlar yuxuludu,
küçələr uyuyur.
Getmə, əynini dəyişir,
birdən utanar dan yeri.
Getmə,
bütün dualar gözümdən düşür.

***


Bir qatar səsinə qoşulub qaçır,
Qaçır göy üzünün boz ağrıları.
Sonuncu vaqona doluşub qaçır,
Kişi taleyinin qız ağrıları...

Qaçır ümidlərin sonuncu rəngi,
Qaçır payızın da körpə baxışı...
Bütün gülüşlərin yanağı gərgin,
Bütün yanaqlarda bulud naxışı...

Qaçdılar... boyunda bir ölüm ipi,
Vurulub qaçdılar səsin rənginə...
Görsəz salam deyin kilsə zənginə,
Azən səsinin də üzündən öpün...

# 5336 dəfə oxunub

Oxşar xəbərlər

"Həyat iki sevişmə arasındakı fasilədə siqaret yandırmaqdır..." -  Füruğ Fərruxzadın şeirləri

"Həyat iki sevişmə arasındakı fasilədə siqaret yandırmaqdır..." - Füruğ Fərruxzadın şeirləri

12:00 21 dekabr 2025
Bəlkə, düşüm gözündən, ölüm əllərin üstə... - Gülər Natiq İsaqın şeirləri

Bəlkə, düşüm gözündən, ölüm əllərin üstə... - Gülər Natiq İsaqın şeirləri

11:00 19 dekabr 2025
Sən ki sirr saxlayandın...   - “Səksənincilər" layihəsindən Məmməd Dəmirçioğlunun şeirləri

Sən ki sirr saxlayandın... - “Səksənincilər" layihəsindən Məmməd Dəmirçioğlunun şeirləri

10:00 19 dekabr 2025
Hər kim yüz il yaşamasa... - Günün şeiri

Hər kim yüz il yaşamasa... - Günün şeiri

11:00 17 dekabr 2025
Allah haqqı düz deyirəm, elə xatirimdəsən... - Şəhriyar del Geraninin şeirləri

Allah haqqı düz deyirəm, elə xatirimdəsən... - Şəhriyar del Geraninin şeirləri

16:30 14 dekabr 2025
Çap olunmamış şeirindir mənim əllərim... - Sara Mohəmmədi Ərdəhalinin şeirləri

Çap olunmamış şeirindir mənim əllərim... - Sara Mohəmmədi Ərdəhalinin şeirləri

12:00 14 dekabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər